CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda film kimi cinayətlər: Polis onları görün necə saxladı

© Sputnik / Vladimir VyatkinGəlin, arxiv şəkli
Gəlin, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.12.2021
Abunə olmaq
Daxili İşlər Nazirliyi günün birinci yarısınadək olan kriminal xəbərlərin xronologiyasını təqdim edib.
BAKI, 15 dekabr — Sputnik. Daxili İşlər Nazirliyi bu günün birinci yarısında ölkədə baş verən cinayətlərlə bağlı məlumat yayıb. Azərbaycanla bağlı yarım günlük kriminal xronika filmlərdə izlədiyimiz cinayətlərin real həyatdakı təsdiqidir. Onlardan bəzilərini oxucularla bölüşürük:
Neftçala rayon sakinindən müvafiq sənədləri olmayan odlu silah aşkarlandı
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Sərdar Mirzəyevdən bir ədəd müvafiq sənədləri olmayan “TOZ-53” markalı ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı Neftçala RPŞ-də araşdırmalar aparılır.
Hacıqabul və Sabirabad rayonlarında yaşayış yerlərini tərk edən koronavirus xəstələri aşkarlanıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Hacıqabul rayon sakini Mütəllim Allahverdiyevə COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin olunub və ona tətbiq edilən qaydalara riayət etməsi, yaşayış yerini tərk etməməsi tapşırılıb.
Lakin Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana geri qaytarılıb.
Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi müvafiq yoxlamalar zamanı da yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb. Belə ki, rayon sakini Vüsal İsmayılzadə karantin qaydalarını pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və o, tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılıb.
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 47 cinayətin üstü “isti izlər”lə açılıb
Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 61 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 49 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 19 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 34 nəfər saxlanılıb.
Koronavirus xəstələri ictimai yerlərdə aşkar edilərək saxlanılıblar
Dekabrın 14-də polis əməkdaşları tərəfindən respublika ərazisində 13 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıblar. Polis əməkdaşları "COVID-19" virusuna yoluxaraq ev şəraitində müalicədə olmasına baxmayaraq yaşadığı evləri tərk etmiş həmin şəxslərlə izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evlərə qaytarıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.
Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir
Polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində dekabrın 13-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 18 ədəd ov tüfəngi götürülüb. Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 1 ov tüfəngi könüllü olaraq polisə təhvil verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.
Dekabrın 14-də Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 165 toy şənliyinin monitorinqini həyata keçirib.
Monitorinq 160 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
- 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
- 1 şadlıq sarayının sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb;
- 104 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanıb
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının Bakı-Quba və Hacıqabul-Horadiz yollarındakı postlarda keçirdikləri tədbirlərlə narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər müəyyən edilərək saxlanıblar.
Bakı-Quba yolunun Binəqədi rayonu ərazisində yerləşən Ekoloji Nəzarət Bölüyü postunda Bakı şəhər sakinləri Novruz Qasımovun idarə etdiyi “Hyundai” və Musa Tağıyevin idarə etdiyi “Chevrolet”, Hacıqabul-Horadiz yolunun Sabirabad rayonu ərazisində yerləşən postunda isə Bakı şəhər sakini Fərid Əliyevin idarə etdiyi “Hyundai” markalı avtomobillər nəzarət-yoxlama qaydasında saxlanılıblar.
Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri müəyyən edilib. M.Tağıyev polis əməkdaşlarına tabesizlik göstərdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı və 535.1-ci, F.Əliyev və N.Qasımov barəsində isə 327.1 və 333.1-ci maddələri ilə protokollar tərtib olunub.
Abşeron rayon məhkəməsinin qərarları ilə M.Tağıyev 25 gün müddətinə inzibati qaydada həbs, N.Qasımov 6 ay müddətinə, Sabirabad rayon məhkəməsinin qərarı ilə isə F.Əliyev 6 ay müddətinə sürücülük hüququndan məhrum ediliblər. Bu istiqamətdə tədbirlər davam etdirilir.
Avtomobil sürücüsünü döyən şəxs saxlanılıb
Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinə dekabrın 14-də Binə qəsəbəsi ərazisində “Mercedes” markalı bir avtomobilin sürücüsünün xuliqanlıq zəminində Buzovna qəsəbə sakini N.Hacıyevi döyməsi və idarə etdiyi “VAZ-2104” markalı avtomobilini təpiklə əzməsi barədə məlumat daxil olub.
Dərhal polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən qəsəbə sakini İ.İsmayılov müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində dekabrın 14-də Tovuz rayon Mərkəzi Xəstəxanasının tibb bacısı S.Ələkbərova gəlir əldə etmək məqsədi ilə vətəndaşlara saxta “CO-19” pasportu verdiyi üçün saxlanılıb. Araşdırma aparılır.
Əcnəbinin pul qabı oğurlanıb
Səbail RPİ-nin 9-cu Polis Bölməsinə dekabrın 14-də bir əcnəbi vətəndaşın içərisində 1200 manat pul, bankomat kartı və sənədlər olan pulqabısının oğurlanması barədə məlumat daxil olmuşdur.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağstafa rayon sakini R.Bukavadze, əmisi oğlu M.Bukavadze və Yevlax rayon sakini A.Bəkirov müəyyən edilərək saxlanılmışlar.
Ov tüfəngini təmizləyərkən ehtiyatsız davrandığından açılan atəş nəticəsində qonşusuna xəsarət yetirdi
Cəlilabad Rayon Polis Şöbəsinə dekabrın 14-də Günəşli kəndində yaşayan C.Allahverənovun evinin həyətində ov tüfəngini təmizləyərkən ehtiyatsız davrandığından açılan atəş nəticəsində qonşusu F.Məmmədovun ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilmiş və hadisə yerindən 1 ədəd qanunsuz saxlanılan “İJ-58” markalı ov tüfəngi götürülüb.
F.Məmmədova xəstəxanada ilkin tibbi yardım göstərilib. Araşdırma aparılır.
Keçmiş məhkumun üzərində narkotik aşkarlanıb
Nizami RPİ 23-cü Polis Bölməsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunan A.Babayev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin, beşbarmaq və 2 ədəd bıçaq aşkar olunaraq götürülüb.
Xəbər lenti
0