Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Armudu stəkanda "xoruzpipiyi" çay - ən yaxşısını necə seçməli?

CC0 / Guigui575 / Tea in a Turkish glassArmudu stəkanda çay, arxiv şəkli
Armudu stəkanda çay, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.12.2021
Abunə olmaq
Gündəlik istifadə etdiyimiz çayın necə hazırlandığı, hansı çayın daha keyfiyyətli olduğu, eləcə də çayla bağlı digər maraqlı məqamları mütəxəssisdən öyrəndik.
BAKI, 15 dekabr — Sputnik. Çay gündəlik qida rasionumuza daxil etdiyimiz məhsullardandır. Yorğunluğumuzun çıxması, əhval-ruhiyyəmizin yaxşılaşması üçün əksəriyyətimiz gündə bir neçə stəkan çay içirik. Bu gün isə Beynəlxalq Çay Günüdür. Dünyada hər il dekabrın 15-də çay istehsal edən ölkələr bu günü qeyd edirlər. Bu, hökumət və vətəndaşların diqqətini çayın satışı problemlərinə cəlb etmək, çay istehsalçıları ilə istehlakçıları arasında qarşılıqlı əlaqələr yaratmaq və çayın içki kimi geniş yayılması məqsədi daşıyır.
Gündəlik istifadə etdiyimiz çayın necə hazırlandığı, hansı çayın daha keyfiyyətli olduğu, eləcə də çayla bağlı digər məqamlar, yəqin ki, çoxunuzu maraqlandırır. Odur ki, Sputnik Azərbaycan bu mövzuda "Sun Tea" Çay Fabrikinin direktoru, çay üzrə mütəxəssis Nuriyyə Rəhmanova ilə söhbətləşib.

Çay harada və nə məqsədlə yarandı?

N.Rəhmanova ilə söhbətimizə çayın tarixindən körpü salırıq. Mütəxəssis bildirir ki, dünyada çayın tarixi Çindən başlayır. Çay təbabətdə, infeksion xəstəliklərin qarşısının alınmasında, göz, dil, diş xəstəliklərinin müalicəsində istifadə olunub. Azərbaycanda isə çay 1890-cı illərin sonundan araşdırılmağa başlanılıb. Azərbaycanın cənub bölgəsində subtropik məhsullar yetişdirildiyindən, Lənkəranda kiçik bağlarda çayın sınaq əkinlərinə başlanılıb. Bitkinin məhsuldarlığa düşdüyü təsdiqləndikdən sonra isə 1930-cu ildə ilk dəfə Lənkəran bölgəsində çay sahələri salınmağa başlayıb. 1937-ci ildə ilk dəfə ölkəmizdə Lənkəran 1 nömrəli Emal Fabriki yaradılıb. Bu çay fabriki "Azərsun" Holdinq tərəfindən bu gün də istifadə edilir. Sonrakı illərdə isə məhsuldarlığın artması üçün Astara, Masallı, Zaqatalada çay sahələri salınıb.

Hansı çay daha yaxşı hesab olunur?

Həmsöhbətimiz deyir ki, çay əkildikdən 5 il sonra məhsul verir. Onun sözlərinə görə, çayı bölgə ilə çox da bağlamaq düzgün deyil. Hansı çaya aqrotexniki qulluq göstərilirsə, onda məhsuldarlıq və keyfiyyət yüksək olur:
"Dünyada Hindistan çayı daha yaxşı çay hesab olunur. Bu gün ölkəmizdə istehsal olunan çaylar Hindistan-Çin hibridindən alınıb. Çünki bu məhsul şaxtaya dözümsüzdür, Günəş və suyu daha çox sevir. Son dönəmlər mənfi 5 dərəcəyə qədər dözən çay kolları əkilib. Çayın keyfiyyətli olması sırf aqrotexniki qulluq qaydalarına əməl edilməsi ilə bağlıdır. Yaxşı qulluq etdikdə ildə dörd dəfə məhsul götürmək mümkündür. Ən yaxşı çay "buket" növ hesab olunur. Daha sonra əla, ondan sonra birinci növ çay gəlir".
N.Rəhmanova bildirib ki, hazırda ölkəmizdə çay yetişdirilməsi stimullaşdırılır: "Azərbaycanda 1996-cı ildən Lənkəran, Astara və Masallıda olan çay fermerlərinə avanslar verilir ki, may ayınadək insanlar çaya aqrotexniki qulluq etsinlər".
Çaya uzaqdan baxanda onun keyfiyyətli məhsul olub-olmadığını bilmək olmaz. Dequstator deyir ki, çayı istifadə etdikdən, dəmlədikdən sonra onun keyfiyyətinə qiymət vermək mümkündür. Bununla belə, çay alan zaman onun üzərində istehsal tarixinə, çeşidi, növü və sair məqamlara diqqət etməliyik: "Qablaşdırılması normal olan məhsula üstünlük verilməlidir. Dəmlədikdən sonra çayın ətrindən onun keyfiyyətini bilmək olar. Çayın üzərinə qaynar su tökdükdə çaya xas olan ətir qalxır. Bu ətir bir qədər portağal, bir qədər də alma ətrinə bənzəyir. Amma bu, bənzətmədir".

Çayın faydaları...

Mütəxəssisin sözlərinə görə, çayın tərkibində kofein olduğundan, dəmləyib istifadə etdikdən sonra yorğunluğu aradan qaldırır: "Çayın tərkibindəki antioksidant qocalmanı ləngidir. Bizim vərdişə çevirdiyimiz çay bütün infeksion xəstəliklərdə orqanizmə kömək edir. Həmçinin yeni hüceyrələrin yaranmasında kömək edir. Çay bədəni tərk edənə qədər bütün orqanlarımıza faydası toxunur. Çay bədəndə qan damarlarına, əzələlərin bərpasına müsbət təsir göstərir".
Dequstator deyir ki, köhnə çayı istifadə etmək olar. Amma bu tövsiyə edilmir:
"Nəzərə almaq lazımdır ki, biz çayı yorğunluğumuzun çıxması üçün içirik ki, bədənimiz gümrahlaşsın. Eyni zamanda susuzluğumuzu yatırsın. Biz köhnə çay içdikdə artıq orqanizmimizə çayın bir faydası olmur. Ona görə də çayı dəmlədikdən sonra 20-30 dəqiqə ərzində istifadə etmək məsləhətdir".
Dequstator bildirir ki, iriyarpaqlı çaylar daha gec dəm alır. Orta iri yarpaqlı çaylar nisbətən tez dəmlənir. Birdəfəlik çaylar isə ən tez dəmlənən çaylardır.

Çaya boya vurulurmu?

N.Rəhmanova bildirir ki, çay istehsal zamanı böyük emal prosesindən keçir. Yaşıl çay yarpaqları sahədən yığılıb emala gətirildikdə özü dəm verən bitkiyə çevrilir: "Yəni çay yarpaqları emala daxil olduqda öncə soldurmaya məruz qalır. Sonra durulma, şəkilləndirmə prosesindən keçir. Bundan sonra çayın oksidləşmə mərhələsi aparılır. Burulmuş çay taxta yeşiklər içində sərilir. 45 dəqiqədən 24 saatadək gözlənilir ki, 90-92 dərəcə temperaturlu otaqda məhsul hava ilə reaksiyaya girərək yaşıl alma iyini xatırladanadək oksidləşsin. Bu fermentləşmiş çay adlanır. Çayın oksidləşmə mərhələsindən sonra qurudulmasına başlanılır. 100 dərəcə temperaturda məhsul 45 dəqiqədən 1 saatadək qurudulur. Burada təbii şəkildə emal texnologiyasından keçir. Onu da qeyd edim ki, çayın soldurulması təbii və buxarlı halda aparıla bilər".
N.Rəhmanova bildirir ki, çaya heç bir halda boya vurulmur. Texnologiya düzgün aparıldıqda, çay vaxtında yığıldıqda çay dəm verən qida maddəsinə çevrilir.

Yaşıl çayın qara çaydan fərqləri

Yaşıl çay emalında isə proses fərqli aparılır. Mütəxəssis bildirir ki, bəziləri elə hesab edirlər ki, yaşıl çayla qara çay fərqli kollardan yığılır. Sən demə, yaşıl çay da qara çayla eyni koldan yığılır: "Yaşıl çay üçün fabrikə verilən yarpaqlar soldurmaya məruz qalır. Burulmadan sonra sobalara yerləşdirilir. Yaşıl çayda fermentasiya prosesi baş vermədiyindən çay ona görə yaşıl qalır".
Onun sözlərinə görə, yaşıl çayda vitaminlər çox qalır. Qara çayda isə kofein olur. Bir sözlə, hər birinin öz faydası var. Ən faydalı çay isə yaşıl çay hesab olunur.

Ətirli çaylar ziyandırmı?

Qeyd edək ki, son vaxtlar bazarda ətirli çay çeşidlərinə daha çox rast gəlinir. Çay mütəxəssisi deyir ki, buna ətirləndiricilərdən istifadə etməklə nail olunur: "Ətirləndiricilərdən istifadə müxtəlif zövqləri oxşamaq məqsədi daşıyır. Çayı ətirləndirmək üçün təbii qida məhsullarında istifadə olunan efir yağlarından istifadə edilir. Ətirləndiricilər arasında ən populyar olanı isə berqamotdur. Ətirli çaylar bazarda bəyənilir. Ziyanı yoxdur".
N.Rəhmanova paket çayları ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirdi. O deyir ki, filtr kağızlar bitkidən alınan xüsusi kağızlar olduğundan paket çayların təhlükəsi yoxdur.

Çayımız 40 ölkədə satılır

Çay fabrikinin direktoru bildirir ki, Azərbaycanın istehsal etdiyi çay bu gün 40-dan çox ölkəyə ixrac olunur. Azərbaycan çaylarına ən böyük tələbat isə ərəb ölkələrində, Rusiya, Ukrayna, Amerikadadır. Onun sözlərinə görə, Azərbaycan çayı Yaponiya bazarına da çıxardılıb.

Gündə neçə stəkan çay içmək məsləhətdir?

Azərbaycanda adına mahnılar yazılan "armudu stəkanda çay" deyimi isə sən demə, elə-belə yaranmayıb. Armudu stəkanda çayın daha dadlı olduğunu dequstator da təsdiqləyir. Onun sözlərinə görə, armudu stəkanın quruluşuna görə soyuma tədricən getdiyindən çay isti və ləzzətli olur. O deyir ki, bir insan gün ərzində 8-12 armudu stəkan çay qəbul edə bilər.

"Xoruzpipiyi çay" necə hazırlanır?

Dequstator "xoruzpipiyi çay"ı əldə etmək üçün sirləri də oxucularla bölüşdü. Onun sözlərinə görə, çayın tünd-qırmızı olması üçün çay yaxşı dəmlənməlidir:
"Çay iri yarpaqlıdırsa, iki çay qaşığı, xırda yarpaqlıdırsa, bir çay qaşığı çayın üzərinə 200 ml isti su əlavə edib, dəmləməyə qoyulur. Çaynikin çini və saxsı olması daha yaxşı olar. Çünki çay öz istisi ilə dəmlənməlidir. Daha sonra çayı bükmək lazımdır ki, çay yaxşı dəm alsın. Yaxşı olar ki, çay təzə qaynar su ilə dəmlənsin. Axşamdan qaynadılmış sudan çay dəmləmək tövsiyə olunmur".
Dequstator bildirir ki, yaxşı dəmlənmiş çay yaxşı əhval-ruhiyyədir. Əhval-ruhiyyənizin daim yaxşı olması arzusu ilə çay bayramınız mübarək!
Qeyd edək ki, Beynəlxalq Çay Gününün qeyd olunması 2004-cü ildə Hindistanın Mumbay və 2005-ci ildə Braziliyanın Allegre liman şəhərlərində keçirilən Ümumdünya İctimai Forumunda dəfələrlə aparılan müzakirələrdən sonra qərara alınıb. Yeri gəlmişkən, həmin gün çay sənayesinin işçilərinin hüquqları barədə Dünya Bəyannaməsi elan edilib. Həmin gün əsasən iqtisadiyyatında çay istehsalı əsas yer tutan Hindistan, Şri-Lanka, Kot-d`İvuar, Banqladeş, Nepal, Çin, Vyetnam, İndoneziya, Keniya, Malayziya, Uqanda və Tanzaniya kimi ölkələrdə qeyd edilir.
Xəbər lenti
0