CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

DİN kiberşantaja məruz qalmamaq üçün xəbərdarlığını etdi: internetdə bunları etməyin

© Sputnik / Kirill Kallinikov / Mediabanka keçidTelefonun ekranında Telegram tətbiqinin loqosu
Telefonun ekranında Telegram tətbiqinin loqosu - Sputnik Azərbaycan, 1920, 10.12.2021
Abunə olmaq
Vətəndaşlar bütün hallarda tanımadıqları, bilmədikləri, şəxsiyyətlərinə bələd olmadıqları şəxslərə şəxsi foto və video görüntülərini göndərməsinlər. Həmçinin yaxın münasibətdə olduğu şəxslərə şəxsi foto və videolarını ötürməsinlər.
BAKI, 10 dekabr — Sputnik. Artıq bir neçə gündür ki, Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkə istifadəçilərinə müraciət edib. Müraciətdə vətəndaşları, o cümlədən sosial şəbəkə istifadəçilərini diqqətli olmağa, şəxsi fotoları və məlumatları mümkün qədər sosial şəbəkələrdə paylaşmamaq, tanımadıqları şəxslərə göndərməmək tövsiyə edilir.
DİN-in ötən gün ərzində yayılan daha bir məlumatına görə, artıq bu yolla pul qazanan şəxslərin bir qismi saxlanılıb. DİN-in məlumatında qeyd olunur: "Neçə vaxtdır açıq çağırışlar edirik ki, etməyin, eləməyin - tutulacaqsınız. Bunu eşidə-eşidə, bu əməlləri davam etdirən şəxslərin növbəti dəstəsi Daxili İşlər Nazirliyinin xüsusi əməliyyat-texniki tədbirlərlə ifşa olunub. Hardansa eşidiblər ki, “Telegram” etibarlıdır. Bu kanal vasitəsilə bəzi şəxslərin foto və videoları ilə şantaj etməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa cəlb edilib".
"Vətəndaşları, o cümlədən sosial şəbəkə istifadəçilərini diqqətli olmağa şəxsi fotolarını və məlumatlarını mümkün qədər sosial şəbəkələrdə paylaşmamağı və tanımadıqları şəxslərə göndərməməyi tövsiyyə edirik", - deyə DİN-in məlumatında bildirilib.
DİN-dən növbəti xəbərdarlıq
Daxili işlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb, bildirib ki, bu işlə məşğul olan qrup və şəxslər müəyyən olunaraq istintaqa cəlb edilməsi istiqamətində tədbirlər davam etdirilir: "Ümumilikdə ayrı-ayrılıqda hədə-qorxu ilə pul tələb etmək, şəxslərin şantaj olunması ilə bağlı Daxili İşlər Nazirliyinin sosial şəbəkəsi üzərindən 50-dək müraciət daxil olub və onların əksəriyyəti təsdiqini tapmayıb. Digər müraciətlərdə cinayət tərkibi olmadığına görə araşdırma aparılmadığından cinayət işi rədd edilib. Lakin daxil olan elə müraciətlər var ki, onlarda insan həyatı və şəxsi həyatın toxunulmazlığı ilə bağlı kifayət qədər sübutlar, əsaslı neqativ halları olduğu üçün müvafiq araşdırmalar aparılıb, həmin şəxslərin dairəsi müəyyən olunub, tutularaq istintaqa cəlb ediliblər".
E.Hacıyevin sözlərinə görə, məhkəmə qərarı ilə onların barələrində həbs-qətimkan qərarı seçilib, bu şəxslərin arasında yetkinlik yaşına çatmayanlar da var.
O bildirib ki, şantaja səbəb olan foto və videolar şəxslərin həm sosial şəbəkədəki profil paylaşımlarından götürülüb. Həm də ayrı-ayrı şəxslərlə şəxsi yazışmalarda inam və etibarı qazandıqdan sonra əldə olunan foto və videolar da var: "Yəni, burada konkret olaraq şəxsin profilindən paylaşılan foto və videolardan deyil, həmçinin şəxsin özü tərəfindən göndərilən foto və videolardan da söhbət gedir".
DİN rəsmisi bildirib ki, aşkarlanan faktlara əsasən demək olar ki, uşaqlar həmin şəxslərin hədəfində olmayıblar. Şantaja görə tələb olunan məbləğə gəldikdə isə, o qeyd edir ki, sosial şəbəkə, elektron resurslar üzərindən ayrı-ayrı şəxsləri şantaj etməyə görə dünyada bu rəqəm 500 dollardan - 5 min dollaradəkdir: "Bir dəfə vəsait ödənildikdən sonra növbəti günlərdə ayrı-ayrı miqdarda da vəsaitlərin ödənilməsi tələb olunur".
"Vətəndaşlar bütün hallarda tanımadıqları, bilmədikləri, şəxsiyyətlərinə bələd olmadıqları şəxslərə şəxsi foto və video görüntülərini göndərməsinlər. Həmçinin yaxın münasibətdə olduğu şəxslərə şəxsi foto və videolarını ötürməsinlər. Bundan başqa, vətəndaş telefonunu itirə bilər, telefon hansısa bir şəxsin əlinə keçə bilər, kiminləsə arasındakı münasibət pozula bilər. Şəkillər həmin şəxsdə olduğu halda onlardan istifadə edə bilər. Bütün hallarda vətəndaşlar ehiyatsızlıq etməməlidir. Xüsusi olaraq çəkilən və gələcəkdə onun şantajına səbəb ola biləcək foto və video görüntüləri paylaşmamalıdır", - deyə E.Hacıyev vətəndaşlara müraciət edib.
O qeyd edib ki, sosial şəbəkələr və elektron informasiya resursları ilə daxil olan bütün müraciətlər Daxili İşlər Nazirliyinin müvafiq idarəsi tərəfindən yoxlanılmaqla əməliyyat-texniki tələbləri həyata keçirilir: "Qeyd edim ki, sosial şəbəkə üzərindən daha çox dələduzluq halları ilə bağlı cinayətlər qeydə alınır ki, bu zaman insanların inamından, etibarından sui-istifadə edilir, onların bank kartları əldə edilir. Hansısa bir əşyanın alqı-satqısı zamanı da yenə də insanların inam və etibarından beh adı altında vəsaitlərin köçürülməsi üçün istifadələrin edildiyi və bu halın daha çoxluq təşkil etdiyini deyə bilərəm. Qeyd edim ki, cari ildə bu halla bağlı rəqəmlər 500-ə yaxın olub".
Şantajçı adminlərin işi
Daxili İşlər Nazirliyi (DİN) tərəfindən aparılan araşdırma zamanı şantaj video və fotolarının "telegram" kanallarının adminləri tərəfindən müxtəlif yollarla ələ keçirildiyi məlum olub.
Bu barədə Sputnik Azərbaycan-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirləri nəticəsində teleqram sosial şəbəkəsində qeyd edilən kanalların adminləri paytaxt sakinləri - Pərviz Qurbanov, Faiq Səfərəliyev və yetkinlik yaşına çatmayan daha bir nəfər saxlanılıb.
Onlar ifadələrində idarə etdikləri teleqram kanallarında paylaşdıqları şəkillərlə insanları şantaj etdiklərini və pul müqabilində həmin məlumatları sildiklərini etiraf ediblər.
Bu şəxslər barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Faiq Səfərəliyev barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Digər iki nəfər barəsində isə araşdırmalar davam etdirilir.
Göstərilən faktların hərtərəfli araşdırılması, həmçinin teleqram sosial şəbəkəsində Azərbaycan seqmentində şəxsi həyatla bağlı foto və videolarla insanları şantaj edən digər kanalların adminlərinin müəyyən edilməsi istiqamətində əməliyyat-texniki tədbirləri davam etdirilir.
"Bütün bunları nəzərə alaraq Daxili İşlər Nazirliyi ümumən vətəndaşları, o cümlədən sosial şəbəkə istifadəçilərini diqqətli olmağa şəxsi fotolarını və məlumatlarını mümkün qədər sosial şəbəkələrdə paylaşmamağı və tanımadıqları şəxslərə göndərməməyi tövsiyə edir", - Mətbuat Xidmətindən bildirilib.
Xəbər lenti
0