Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

XX əsrin əsas geosiyasi fəlakətinin mənşəyi və anlamı

© AP Photo / Alexander ZemlianichenkoBelovejskaya Puşçada MDB-nin yaradılması haqqında Sazişin imzalanması üçün görüş zamanı
Belovejskaya Puşçada MDB-nin yaradılması haqqında Sazişin imzalanması üçün görüş zamanı - Sputnik Azərbaycan, 1920, 08.12.2021
Abunə olmaq
Orta səviyyəli bürokratiyadakı dəstəyini itirən Kreml hakimiyyəti birdən-birə özünü boşluqda hiss etdi və çökdü. Mixail Qorbaçovun Belovejskaya sui-qəsdini güc yolu ilə yatırmağa cəsarət etməməsinin əsas səbəbi də elə budur...
BAKI, 8 dekabr — Sputnik, beynəlxalq icmalçı Rostislav İşenko – Sputnik üçün. Bu gün SSRİ-nin faktiki olaraq dağılmasının 30 ili tamam olur – 1991-ci il dekabrın 8-də Belarus Respublikası, Rusiya Federasiyası (RSFSR) və Ukrayna "Müstəqil Dövlətlər Birliyinin yaradılması haqqında" (qeyri-rəsmi adı – "Belovejsk razılaşması") sazişi imzaladılar.
Sovet İttifaqını saxlamaq olardımı? Bu məsələ Rusiyada kifayət qədər tez-tez və kəskin şəkildə mübahisələrə səbəb olur və həmin mübahisələr yəqin ki, SSRİ-də yaşamaq fürsəti olmuş nəsil gedənə qədər də davam edəcək. Bununla belə, mübahisə edənlərin çoxu iqtisadi determinizm mövqeyindən çıxış edirlər.
Doğrudanmı iqtisadiyyat tənəzzülə uğramışdı?
Bəziləri deyir ki, sovet iqtisadiyyatı artıq dayanıqlı vəziyyətdə deyildi, ona görə də ittifaqı saxlamaq qeyri-mümkün idi. Digərləri isə iddia edir ki, əksinə iqtisadiyyat həyat qabiliyyətini itirməmişdi və əgər Qorbaçov, Yeltsin, Kravçuk, Şuşkeviç və başqalarının satqınlığı olmasaydı (hər kəsin SSRİ-ni dağıtmaqda günahlandırdığı öz satqın siyahısı və baş satqını var), ittifaqı qoruyub saxlamaq olardı.
Birincilərlə o baxımdan razılaşıram ki, ittifaqın süqutu ərəfəsində sovet iqtisadiyyatı dayanıqlı vəziyyətdə deyildi. 1990-cı ildə ölkədə siqaret yoxa çıxanda buna bir daha əmin oldum. Papiros, siqar və başqa tütün məhsulları da yoxa çıxdı. Bu problem bir-iki günə həllini tapmadı və yalnız ay yarım, iki aydan sonra qıtlıq bir qədər azaldı, amma xarici məhsulların hesabına.
İqtisadiyyatı "Qosplan" tərəfindən idarə olunan bu nəhəng ölkədə onlarla tütün fabriki fəaliyyət göstərirdi və tütün məmulatlarının qəfildən yoxa çıxması yalnız siqaret çəkənlərin problemi deyildi, çünki onların çox bu qıtlığın öhdəsindən birtəhər gələ bilmişdi. Amma həmin məhsulların mağazalarda olmaması fabriklərin dayanmasından, on minlərlə insanın müvəqqəti, iki-üç aylıq da olsa işsiz qalmasından xəbər verirdi.
Başqa sözlə, "Qosplan" xaricdən kifayət qədər xammal almağı düşünə bilməmişdi, yerli istehsal isə SSRİ-nin siqaretə olan tələbatını ödəmək qabiliyyətində deyildi.
Bu ölkənin əsas problemini nümayiş etdirirdi: artıq sovet iqtisadiyyatı bir sistem kimi mövcud deyildi. Deməli, SSRİ-nin iqtisadi problemləri müvəqqəti deyil, sistemli xarakter daşıyırdı, sistemli problemlər isə onlar doğuran sistemin çərçivəsində həll oluna bilməzdi.
Sovet İttifaqı mövcudluğunu davam etdirə bilərdi. Bəs nə baş verdi?
Ancaq bu heç də o demək deyil ki, SSRİ mütləq dağılmalı idi. Bəli, ittifaq iqtisadi baxımdan qeyri-effektiv idi. Amma o iqtisadiyyatın tamamilə tənəzzül etməsindən sonra belə formal şəkildə mövcud ola bilərdi. Somali, Əfqanıstan, Ukrayna kimi. İndi bu ölkələr SSRİ-nin 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində olduğundan daha pis vəziyyətdədir.
Somalidə inzibati və siyasi vertikallar tamamilə məhv edilib, Ukraynada formal olaraq mövcud olsa da, konstitusional öhdəliklərini yerinə yetirmir və öz aralarında qarşılıqlı təsir mexanizmi mövcud deyil.
Əfqanıstanda Taliban* əlli illik vətəndaş müharibəsi dövründə məhv edilmiş dövlətçiliyi dirçəltməyə çalışsa da, hələlik bir o qədər də uğur qazana bilmir.
İttifaqda iqtisadiyyatın tənəzzülü idarəetmə strukturlarına sirayət etməmişdi. Onlar SSRİ-nin süqutundan sonra belə öz funksiyalarını yerinə yetirirdilər. Məsələn, marşal Şapoşnikovun komandanlıq etdiyi MDB Hərbi Qüvvələr Birləşməsi 1993-cü ilin sentyabr ayında kimi mövcud olub.
Amma İttifaqı ayrı-ayrı məmurların satqınlığı da dağıtmadı. Əgər dövlət aparatı işləyirsə, o hətta dövlət başçısı səviyyəsində belə satqınlıq cəhdini lokallaşdırmaq və boğmaq iqtidarındadır. Onu yüksək çinli məmurlar dəstəkləsələr də. Vaxtilə I Nikolay da etiraf etmişdi ki, ölkəni masa başında oturan məmurlar, başqa sözlə, istənilən ölkədə həyatın bütün sahələrinin idarəetmə mexanizmini real şəkildə öz əlində saxlayan orta bürokratik həlqə idarə edir.
Süqutun əsl səbəbi
SSRİ-dən məhz bürokratiya (təbii ki, bir sinif kimi bürokratiyadan söhbət gedir, çünki ayrı-ayrı bürokratlar son nəfəsini verən dövlətə sədaqətini qoruyub saxlayırdılar) imtina etmişdi. Konstitusiyanın 6-cı maddəsinin ləğvi barədə qərar həmin bürokratlar üçün sistemin tənəzzül etməsinin siqnalı rolunu oynadı. Nəticədə partiya hakimiyyəti sovetlər hakimiyyəti ilə əvəz olundu, amma partiya hakimiyyəti təhvil versə də, sovetlər onu qəbul etmək iqtidarında deyildi. Beləliklə, ölkədə siyasi xaos artmağa başladı.
SSRİ-nin ləğvi bir çox səbəblərdən qaynaqlanırdı. Bunu qısaca belə ifadə etmək olar: artan iqtisadi çətinliklərlə üzləşən hakim partiya idarəetmə modelini dəyişməyə çalışdı. Güman edilirdi ki, hakimiyyətin və cavabdehliyin bir əldə cəmləşməsi (əvvəllər bölüşdürülürdü: hakimiyyət partiyada, cavabdehlik sovetlərdə idi ) idarəetmənin səmərəliliyinin kəskin şəkildə artmasına gətirib çıxaracaq. Əslində, Sovet İttifaqı Kommunist Partiyası Tarixi kafedralarının, marksizm-leninizm universitetlərinin və ali partiya məktəblərinin məzunları nəinki islahat aparmaq istədikləri sovet iqtisadiyyatını, həm də keçid etmək istədikləri bazar iqtisadiyyatını son dərəcə zəif və doqmatik təsəvvür edirdilər. Onlar islahatların məqsəd və vəzifələrini formalaşdırmaq iqtidarında deyildilər və partiyanın təhvil verdiyi, sovetlərin isə ələ keçirə bilmədiyi hakimiyyətin necə dağıldığını görüb vahiməyə düşdülər.
Hamı vahimə içində
Respublikanın partiya elitası Kremlin islahatlarının xaotik və fəlakətli dərəcədə dağıdıcı xarakterindən şoka düşmüşdü. Kreml regional elitaların əks-islahat əhval-ruhiyyəsində olmalarından şübhələnirdi və çox vaxt da bunda haqlı idi. Yuxarı və orta idarəetmə həlqəsi arasında inamsızlıq uçurumu mövcud idi. Kreml yerli kadrları rotasiya etməyə çalışdı, ancaq köhnə, etibarlı və hərəkətlərini proqnozlaşdırmağın mümkün olduğu tərəfdaşları naməlum və məsuliyyətsiz populistlərlə əvəz edərək öz mövqeyini daha da pisləşdirdi. Məhz siyasi xaos bürokratik mühitdə "bacaran xilas olsun!" əhval-ruhiyyəsi doğurdu.
Orta səviyyəli bürokratiyadakı dəstəyini itirən Kreml hakimiyyəti birdən-birə özünü boşluqda hiss etdi və çökdü. SSRİ-nin prezidenti Mixail Qorbaçovun Belovejsk sui-qəsdini güc yolu ilə yatırmağa cəsarət etməməsinin əsas səbəbi də budur. Güman edirəm ki, onun qorxaqlığı da bu işdə öz rolunu oynadı. Bəli, o qorxurdu, çünki təhlükəsizlik qüvvələrinin sui-qəsdçilərin tutulması əmrini yerinə yetirəcəyinə və onun özünü həbs etməyəcəklərinə əmin deyildi.
Mərkəzin gücsüzlüyünü görən regional elitalar, nəhayət, belə qənaətə gəldilər ki, talelərini öz əllərinə alsınlar.
İttifaq ona görə dağıldı ki, tarixin ən kritik məqamında bir neçə yüksək rütbəli, lakin nüfuzdan düşmüş və xalqın, yüksək bürokratiya nümayəndələrinin dəstəyindən yararlana bilməyən şəxslərdən başqa onu qorumaqda maraqlı olan heç bir siyasi qüvvə mövcud deyildi.
Eyni zamanda, qeyri-adekvat mərkəzi hökumətin müdaxiləsi olmadan öz müqəddəratlarını təyin etməyin daha asan olacağı ümidi ilə İttifaqı buraxan insanlar da əvvəlcə nəyə can atdıqlarını, hansı yekun siyasi məqsədə çatmaq istədiklərini anlamadılar. Onlar, həmçinin postsovet məkanında hansı yekun siyasi konfiqurasiyanı qurmaq istədiklərini və bunu necə həyata keçirəcəklərini də bilmirdilər.
Sovet İttifaqının bütün ərazisində xaos hökm sürürdü
Ona görə də 1991-ci ilin ilk qərarları ölkənin taleyini müəyyənləşdirə bilmədi. Çoxlarına elə gəlirdi ki, bu son deyil, sadəcə olaraq mərkəzi hakimiyyətin adı və formasını dəyişəcək. Əvvəlcə Suveren Dövlətlər İttifaqının yaradılmasından söhbət gedirdi. 1991-ci ilin 8 dekabrında Belovejsk meşəsində SSRİ-nin buraxılması haqqında qərarları imzalayandan sonra üç dövlətdən ibarət (Rusiya, Ukrayna, Belarus) Slavyan Dövlətləri İttifaqının yaradılması qərara alındı.
Nəzərinizə çatdırım ki, o vaxta qədər Baltikyanı ölkələr, Moldova, Gürcüstan, Ermənistan, Azərbaycan, Belarus və Ukrayna artıq öz müstəqilliklərini elan etmişdilər.
Üstəlik, Minsk və Kiyevdəki prosesləri siyasi üsullarla geri döndərmək mümkün idisə, Baltikyanı ölkələri ancaq silah gücü ilə ittifaqda saxlamaq olardı. Moldovada bir neçə il idi ki davam edən Dnestryanı münaqişə alovlanaraq müharibəyə çevrildi. Eynilə bu şəkildə Ermənistanla Azərbaycan arasındakı Dağlıq Qarabağ münaqişəsi də I Qarabağ müharibəsinə çevrildi. Gürcüstan isə, yeri gəlmişkən, gələcək Cənubi Osetiya, Abxaziya və Acarıstan münaqişələrinin alovlanmasında rol oynamış ilk prezidenti Zviad Qamsaxurdiyanı (2 yanvar 1992-ci il) devirmək ərəfəsində idi. Tacikistan vətəndaş müharibəsinin astanasına gəlib çatmışdı.
Beləliklə, Belovejsk sazişlərini imzalayanlar, çox güman ki, əvvəlcə həqiqətən kvazi-birləşmənin slavyan dövlətləri ilə məhdudlaşacağını düşünürdülər. Lakin həmin gün onlar fikirlərini dəyişərək yeni birliyə daha kompromis ad verdilər - Müstəqil Dövlətlər Birliyi (MDB) və onun qapılarını bütün arzulayanların üzünə açdılar.
Başlanğıcda bütün Orta Asiya MDB-yə daxil olmağa maraq göstərdi (Türkmənistan zamanla assosiativ üzv oldu), Cənubi Qafqaz və Moldovanı da cəlb etmək mümkün oldu, yalnız Baltikyanı dövlətlər MDB-dən kənarda qaldı.
Funksiyaları əvvəlcə hətta yaradıcılarına belə anlaşılmaz olan strukturun adının dəyişdirilməsi və formalaşdırılması uğrunda xaotik proses başladı. MDB-nin tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi haqqında qərar yalnız 1993-cü ildə qəbul edildi və elə həmin vaxt həyata keçirildi. Eyni zamanda, Ukrayna MDB-nin nizamnaməsini imzalamadı və özünü MDB-nin üzvü deyil, iştirakçısı hesab etdiyini bildirdi.
MDB – eyni anda sivil ayrılma və inteqrasiya forması kimi
Artıq ilk günlərdən etibarən MDB üzvləri birliyin perspektivlərini diametral olaraq tərsinə qiymətləndirirdilər. Onu həm inteqrasiya mexanizmi, həm də sivil ayrılma mexanizmi adlandırırdılar. Üstəlik, eyni ölkələrin siyasətçiləri də tez-tez bir-birinə zidd qiymətləndirmələr aparırdılar.
Bütün bunlar onu göstərirdi ki, SSRİ-nin dağıldığı dövrdə bürokratik mühitdəki çaxnaşma və artan inzibati xaos aradan qaldırılmamışdı. Bu durum 1993-1994-cü illərə qədər əksər postsovet ölkələrinin siyasətini xarakterizə edirdi. Bu dövrdə həm yeni inteqrasiya, həm də sonradan parçalanma nəzəri cəhətdən mümkün idi.
Ancaq 1992-ci ildən 1993-cü ilə keçən vaxt problemlər azalmağa başladı, yeni dövlətlər siyasi inteqrasiya layihələrini tarixə gömərək nəhayət, ayrı-ayrı inzibati strukturlarda formalaşmağa başladılar. İqtisadi inteqrasiya isə postsovet təsərrüfatı üçün ən mühüm iqtisadi əlaqələri qorumaq cəhdi ilə məhdudlaşdı.
1992-ci ilin mayında MDB-yə Kollektiv Təhlükəsizlik Müqaviləsi (KTM, 1994-cü ilin aprelində ratifikasiya olunub) əlavə edildi və bu, hərbi sahədə sovet xaosunun aradan qaldırılması üçün platformaya çevrildi.
Doxsanıncı illərin ortalarında MDB-nin öz əsas vəzifəsini yerinə yetirdiyi məlum oldu (həmin vəzifənin nədən ibarət olduğu da elə o vaxt aydınlaşdı). Bütün sahələrdə postsovet xaosuna qalib gələn dövlətlər nəhayət, suveren respublikaya çevrildi, onların elitaları isə milliləşdirildi.
Doxsanıncı illərin ikinci yarısından etibarən əksər postsovet ölkələrinin iqtisadiyyatı əvvəl yavaş, sonra isə sürətlənən iqtisadi artım nümayiş etdirdi. Ancaq bu, 90-cı illərin sonu 2000-ci illərin ortalarında böhranla nəticələndi.
Yeni inteqrasiya formaları
SSRİ-nin başqa ad altında və yumşaq konfederasiya şəklində dirçəlməsi üçün əvvəllər azacıq açılan fürsət pəncərəsi tamamilə qapandı. Həmin andan postsovet məkanına inteqrasiya yalnız tamamilə fərqli prinsiplərlə - vahid iqtisadi, hüquqi, hərbi və yalnız bundan sonra siyasi məkanın yaradılması ilə həyata keçirilə bilərdi. Vahid struktur kimi deyil, müxtəlif strukturların əlaqəli və qarşılıqlı təsir formaları kimi.
MDB və KTM formatları artıq aktual tapşırıqlara uyğun gəlmirdi. Odur ki, MDB praktiki olaraq yüksək rəhbərlərin klubuna çevrildi. Bu klub çərçivəsində prezidentlər, baş nazirlər və əsas nazirlər birlik üçün aktual olan məsələləri ilkin olaraq müzakirə edə, həll yolları üçün formatlar axtara bilərdilər.
KTM-ni KTMT-yə çevirdilər. Sürətli inteqrasiya konsepsiyası elan edildi və yeni strukturlar (Gömrük İttifaqı, EAEU, ŞƏT) yaradılmağa başladı. Nəhayət, MDB postsovet məkanında Britaniya Birliyinin rus variantı - yumşaq təsir dairəsi kimi qəbul edilməyə başlandı. Ona görə də Rusiya ilə münasibətləri pisləşən ölkələr MDB-dən çıxır və ya öz statusunu aşağı salır, münasibətlər düzələndə isə yenidən tam hüquqlu nümayəndəyə çevrilirdilər.
SSRİ-nin mövcud olmadığı yeni və anlaşılmaz dünyada özlərinə dayaq nöqtəsi tapmaq məqsədilə keçmiş sovet elitası tərəfindən yaradılan MDB bütövlükdə üzərinə düşən vəzifəni yerinə yetirdi.
Əlbəttə, o, daha səmərəli işləyə və daha çox iş görə bilərdi, ancaq məsələ burasındadır ki, milli elitalar Rusiyanın MDB-dən postsovet məkanında öz mövqelərini möhkəmləndirmək, keçmiş sovet zonasında dominantlığı təmin etmək və siyasi-iqtisadi üsullarla vahid dövləti bərpa etmək məqsədilə yararlanmaq istədiyindən həmişə şübhələniblər. Buna görə də Moskvanın bir çox təşəbbüsləri formal olaraq qəbul edildə də, əslində tərəfdaşlar tərəfindən sabotaj edilib və MDB-də ilkin olaraq qoyulmuş ümumi məkan ideyası heç bir nəticə verməyib. Və indi bu ideya başqa inteqrasiya layihələri vasitəsilə irəli sürülür ki, həmin Rusiyanın tərəfdaşları üçün əvvəlki qədər faydalı deyil.
Artıq zəiflik və qeyri-müəyyənlik dövrü arxada qalıb və Rusiyanın gücünün hakim olduğu dövr başlayıb.
Müəllifin fikirləri redaksiyanın mövqeyi ilə üst-üstə düşməyə bilər.
* Taliban - 1994-cü ildə yaranan və 1996–2004-cü illər arasında Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. 2003-сü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatı kimi tanınıb.

Həmçinin oxuyun:

Hüquqi baxımdan məcburi ukraynalaşdırma
Xəbər lenti
0