Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Baş nazir qiymət artımına münasibət bildirdi: nəzarət gücləndiriləcək

© Photo : REPORTƏli Əsədov, arxiv şəkli
Əli Əsədov, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Abunə olmaq
BMT-nin və digər beynəlxalq təşkilatların hesablamalarına görə, qiymətlərdə bahalaşma son 30 ilin ən yüksək səviyyəsinə çatıb.
BAKI, 3 dekabr — Sputnik. "Gələn ilin dövlət büdcəsi müstəqil Azərbaycanın ən böyük büdcəsidir". Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında büdcə zərfinin qəbulu ilə bağlı çıxışında Baş nazir Əli Əsədov bildirib.

Strategiya layihəsi hazırlanıb və təsdiq üçün Prezidentə təqdim edilib

Əli Əsədov deyib ki, millət vəkillərinin sualları hökumət üzvləri tərəfindən cavablandırılıb: "Hamımız fəxr hissi keçiririk ki, işğal altındakı torpaqlarımız Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuz tərəfindən azad edilib. İşğaldan azad edilmiş torpaqlarla bağlı məsələlər büdcədə prioritet istiqamət kimi nəzərə alınıb.
Tarixi çağırışlar nəzərə alınaraq, Prezident tərəfindən 2030-cu illə bağlı prioritetlər barədə sərəncam imzalayıb, hökumətə sosial-iqtisadi inkişaf strategiyasının hazırlanması ilə bağlı tapşırıq verilib. Strategiya layihəsi hazırlanıb və təsdiq üçün Prezidentə təqdim edilib. Gələn ildə əhalinin sosial müdafiəsinin gücləndirilməsi nəzərdə tutulub. Əməkhaqqının və pensiyanın artırılması ilə bağlı maliyyə təminatı yaradılıb. Vətən Müharibəsi Qəhrəmanlarının, şəhidlərin ailə üzvlərinin, qazilərin sosial müdafiəsinin gücləndirilməsi diqqət mərkəzindədir".

Nəqliyyat dəhlizlərinin açılması Azərbaycanın maraqlarına cavab verir

Baş nazir bildirib ki, Vətən Müharibəsində qazanılan zəfərdən sonra ölkəmiz gələcəyə baxır: "Ordu quruculuğunun daha da gücləndirilməsi Ali Baş Komandan tərəfindən qarşımıza qoyulan ən vacib məsələlərdən biridir. Hərbçilərin sosial, məişət, xidmət sahələri ilə bağlı şəraitin yaxşılaşdırılması hökumətin diqqət mərkəzindədir. Eyni zamanda, Zəngəzur dəhlizinin açılması çox önəmli məsələlərdən biridir. Regionda nəqliyyat dəhlizlərinin açılması Azərbaycanın maraqlarına cavab verir".

Ərzaq təhlükəsizliyinə xüsusi diqqət veriləcək

Əli Əsədov ölkədəki qiymət artımına da münasibət bildirib. O deyib ki, subsidiyaların verilməsi mexanizminə nəzarət ciddi şəkildə gücləndiriləcək: "Sosial şəbəkələrdə qiymət artımı ilə bağlı əsaslı narazılıqlara rast gəlinir. BMT-nin və digər beynəlxalq təşkilatların hesablamalarına görə, qiymətlərdə bahalaşma son 30 ilin ən yüksək səviyyəsinə çatıb. Ərzaq təhlükəsizliyinə xüsusi diqqət veriləcək. Qiymət artımı ilə bağlı hökumət lazım olan tədbirləri görür və görəcək".

Zəngəzur dəhlizi iki qütb üçün də optimal marşrutdur

"Ölkə Prezidentinin təşəbbüsü və 7 iyul 2021-ci il tarixli Fərmanı ilə yaradılmış Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının dirçəldilməsi prosesləri intensiv fazaya keçib. Böyük həcmdə infrastruktur şəbəkəsi yaradılır, yaşayış massivləri salınır və “ağıllı” texnologiyalar əsaslı layihələr reallaşdırlır. Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsi isə regionun ən iri nəqliyyat layihəsi kimi strateji əhəmiyyət kəsb edir. Hazırda bir çox istiqamətlərdə müxtəlif nəqliyyat layihələri, sənaye infrastrukturunun yaradılması və azad iqtisadi zonanın təşkili üzrə işlər sürətlənməkdədir. Amma bütün bunlarla yanaşı, dünyanın diqqəti Zəngəzur dəhlizinə yönəlib və bunun ciddi əsasları var".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında iqtisad elmləri doktoru, iqtisadçı-ekspert Şəfa Əliyev deyib.
İqtisadçı qeyd edib ki, Zəngəzur dəhlizinin açılması Rusiya və Azərbaycanın srtateji maraqları ilə yanaşı, digər region ölkələri və türk coğrafiyasına daxil olan türkdilli dövlətlər üçün mühüm əhəmiyyət daşıyır: “Zəngəzur dəhlizi vasitəsilə dövriyyə edəcək yüklərin ümumi dəyərinin xeyli yüksək olacağı gözlənilir və regionda həyata keçiriləcək yükdaşımaların, idxal-ixrac əməliyyatlarının dəfələrlə artması baş verəcək.
Zəngəzur dəhlizindən məhsuldar istifadədə ciddi maraq nümayiş etdirən böyük həcmli Çin bazarı amilini də nəzərə alsaq, bu dəhlizin geoiqtisadi əhəmiyyəti kifayət qədər yüksəlmiş olur. Nəzərə alsaq ki, bu gün Avropa İttifaqı və Çin arasında ticarət dövriyyəsinin illik həcmi təqribən 560 milyard dollara bərabərdir və Zəngəzur dəhlizi bu iki qütb üçün də optimal marşrutdur, onda dəhlizin əhəmiyyəti bir qədər də aydınlaşır. Eyni zamanda, Zəngəzur dəhlizindən bəhrələnməklə, 1,2 trln. dollarlıq ümumi bazara malik olan Türkiyə başda olmaqla türkdilli dövlətlər - Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan arasında inteqrasiyanın qısa bir zamanda genişlənəcəyini və xarici ticarət dövriyyəsinin əhəmiyyətli səviyyədə artacağını proqnozlaşdırmaq mümkündür".
"Zəngəzur dəhlizi Qərblə Şərq, Şimalla Cənub arasındakı yükdaşımaların intensivliyinin artırılması, beynəlxalq ticarət əməliyyatlarının strukturunun diversifikasiyalaşdırılması və xərclərin optimallaşdırılması baxımından da müsbət nəticələr əldə etməyə imkan verəcəkdir", - professor əlavə edib.
Eləcə də oxuyun:
* Millət vəkilləri son dəfə büdcəyə nəzər yetirəcəklər
* Nazir müavini: Qiymət artımının səbəbi idxal məhsullarıdır
* Dünyada qıtlıq yaranacaq: "Yaxın 5 ildə yerli məhsulların istehsalını artırmaq lazımdır"
Xəbər lenti
0