CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Atasını tabutda təsvir edən altı yaşlı şəhid balası ilə ağrılı söhbət - VİDEO

© Sputnik / Zulfiyya GuluyevaMayor Murad Məmmədovun qızı Banunun əl işi
Mayor Murad Məmmədovun qızı Banunun əl işi - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Abunə olmaq
Şəhid pilot Murad Məmmədovun həyat yoldaşı deyir ki, Banunun çəkdiyi rəsmdə olduğu kimi balalarının əlini heç vaxt buraxmayacaq. Çünki onlar Muradın ona əmanətləridir.
BAKI, 3 dekabr — Sputnik. Noyabrın 30-da Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçularından biri – mayor pilotumuz Murad Məmmədovun qızı Banunun atası ilə vida mərasimindən sonra çəkdiyi ürək dağlayan rəsm sosial şəbəkələrdə hər kəs tərəfindən paylaşılır.
Banunun atasını üçrəngli Azərbaycan bayrağına bükülmüş tabutun içində təsvir etdiyi rəsm daş ürəkləri belə, kövrəldib. Körpə barmaqları ilə duyğularını rəsmə çevirən 6 yaşlı Banu atasına həsr etdiyi rəsm ilə bağlı Sputnik Azərbaycan-a danışıb.
© Sputnik / Zullfiye GuluyevaŞəhid mayor Murad Məmmədovun fotosu
Şəhid mayor Murad Məmmədovun fotosu - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Şəhid mayor Murad Məmmədovun fotosu
"Bircə atamın papağını çəkməyi unutdum"
"Atam şəhid olanda yadıma düşdü ki, belə bir şəkil çəkim. Orada (vida mərasimində - red.) gördüm ki, medallar var. Qutunun içində atam vardı. Qutunun üstündə Azərbaycan bayrağını, içində isə atamı çəkdim. Bircə atamın papağını çəkməyi unutdum", - deyir Banu.
Murad Məmmədov şəhid olduqdan sonra qızı Banunun yuxusuna da girib. B.Məmmədova deyir ki, atasını Şəhidlər xiyabanında görüb: "Atamla görüşdüm. Mənə dedi ki, Banu, gələn dəfə gələndə daha böyük bayraq gətir"...
© Sputnik / Zulfiyya GuluyevaMayor Murad Məmmədovun qızı Banu
Mayor Murad Məmmədovun qızı Banu - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Mayor Murad Məmmədovun qızı Banu
Atasını uçub gedən mələk obrazında canlandırıb
Şəhid mayor Murad Məmmədovun həyat yoldaşı Aysel Məmmədova Sputnik Azərbaycan-a bildirib ki, Banu atası şəhid olandan sonra iki rəsm çəkib. Birinci rəsmdə ancaq atasını bayrağa bükülmüş tabutun içində çəkən Banu, ikinci rəsmdə Muradın onlardan necə uzaqlaşdığını da təsvir edib:
"İkinci şəkildə Banu atasını həm tabutun içində, həmçinin də mələk qanadlarında bizim yanımızdan uçub gedərkən təsvir edib. Bu rəsmində ailədə üç nəfərin, mənim, bacısının və özünün adını qeyd etməklə sanki ailədə artıq üç nəfərin qaldığını anlatmağa çalışıb. Atasını isə uçub gedən mələk obrazında canlandırıb. Banunun çəkdiyi rəsmdə olduğu kimi balalarımın əlini heç vaxt buraxmayacağam. Onlar Muradın mənə əmanətləridir. Biz o şəkildə olduğu kimi əl-ələ tutub gül dəstəsi ilə tez-tez Muradı ziyarət edəcəyik".
© Sputnik / Zulfiyya GuluyevaŞəhid mayor Murad Məmmədovun həyat yoldaşı Aysel Məmmədova
Şəhid mayor Murad Məmmədovun həyat yoldaşı Aysel Məmmədova - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Şəhid mayor Murad Məmmədovun həyat yoldaşı Aysel Məmmədova
Məmmədova deyir ki, qızlarının hər ikisinin rəssamlıq qabiliyyəti var. Bu bacarıq isə onlara irsi olaraq atasından keçib. Sən demə, Murad 6 ilə qədər Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının Təsviri sənət qalereyasında rəssamlıq təhsili alıb. A.Məmmədovanın sözlərinə görə, Murad özü də Banunun rəssamlıq bacarığına heyran qalırmış: "Murad çox istedadlı idi. Amma Murad Banunun şəkil çəkməyinə heyran idi. Deyirdi ki, Banu sanki sadəcə şəkli yox, hekayəni çəkir. Banunun vida mərasimindən sonra atasının şəklini çəkməsi də onun güclü müşahidə qabiliyyətinin olmasından, bütün detallara diqqət yetirməsindən irəli gəlir. Murad da Banu kimi bütün varlığı ilə incəsənətə bağlı idi".
© Sputnik / Zullfiye GuluyevaŞəhid mayor Murad Məmmədovun hərbi forması
Şəhid mayor Murad Məmmədovun hərbi forması - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Şəhid mayor Murad Məmmədovun hərbi forması
A.Məmmədova deyir ki, Muradın əksər şəkillərində səma elementləri var. Çünki o, göyləri, uçmağı hələ uşaqlıqdan çox sevirmiş.
Həmsöhbətimiz Muradla tanışlığından da danışıb. Qəbələdə qohumların birinin xeyir işində tanış olan Muradla Aysel az keçmir ki, bir-birilərinə qəlbən də bağlanırlar. Bu izdivacdan iki qızları, Lalə və Banu dünyaya gəlir. Hazırda Lalə 3-cü, Banu isə 1-ci sinifdə oxuyur.
© Sputnik / Zulfiyya GuluyevaMayor Murad Məmmədovun qızı Lalə
Mayor Murad Məmmədovun qızı Lalə - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Mayor Murad Məmmədovun qızı Lalə
"Lalə ilə Banuya Muradın şəhid xəbərini üç sözlə anlatdım"
A.Məmmədova bildirir ki, Murad ailəsinə çox bağlı olub: "O, qızları üçün canını verəcək insan idi. Qızlarını o qədər sevirdi ki, az vaxt olsa da, onu qızlarına həsr edirdi".
Aysel Muradla son görüşünü belə xatırlayır: "İşə gedəndə mənə dedi ki, 5 gün təlimlərdə olacağam. Səhər 06:20-də evdən çıxdı. Təlimə gedəndə heç vaxt son dəfə görürmüş kimi sağollaşmırdı. Qapıdan çıxanda onun bir də geri qayıtmayacağını təsəvvür belə, etmirdik".
© Sputnik / Zulfiyya GuluyevaMayor Murad Məmmədovun qızı Banunun əl işi
Mayor Murad Məmmədovun qızı Banunun əl işi - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Mayor Murad Məmmədovun qızı Banunun əl işi
Ömür-gün yoldaşının qəzada həlak olması xəbərini Aysel televiziyadan eşidir. Amma bu acını həmin gün qızları ilə bölüşə, atasının şəhid olduğunu onlara söyləməyə özündə güc tapmır. Şəhidlərlə vida mərasiminə gedərkən yolda Aysel Lalə ilə Banuya Muradın şəhid xəbərini üç sözlə anladır:
"Qızlarım atasının şəhid olduğundan bir gün xəbərsiz qaldılar. Onlara Muradın şəhid olduğunu deməyə özümdə güc tapa bilmirdim. Ataları ilə vida mərasiminə aparanda dedim ki, təyyarə yerə düşüb. Artıq onlar başa düşdülər ki, ataları helikopter qəzası zamanı həlak olub".
© Sputnik / Zullfiye GuluyevaŞəhid mayor Murad Məmmədovun əl işləri
Şəhid mayor Murad Məmmədovun əl işləri - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Şəhid mayor Murad Məmmədovun əl işləri
"Orada oğlumun nəşini son dəfə bağrıma basdım"
Muradın atası Yaşar Məmmədovun isə oğul itkisi belini büksə də, başı ucadır. Deyir ki, Muradı təlimə gedən gün özü yola salıb:
"Murad ailəsi ilə iki gün idi bizdə idi. Mənə dedi ki, təlimimiz var. Səhər onu hərbi hissəyə gedən mikroavtobusla mən yola saldım. Günorta saatlarında keçmiş hərbçi iş yoldaşlarımdan biri mənə zəng edib Muradı soruşdu. Mən də salamatlıq olduğunu söylədim. Sonra gördüm iş yoldaşım internetdən nəyəsə baxır və rəngi dəyişdi. Ondan nə baş verdiyini soruşduqda bildirdi ki, helikopter zamanı iki nəfər həlak olub, 14 nəfər yaralanıb. Sonra mənə iş yoldaşları zəng edib qəza baş verdiyini bildirdilər. Mən artıq oğlumun başına nəsə gəldiyini anlamışdım. Onlara dedim ki, mənə həqiqəti söyləməkdən çəkinməsinlər. Beləcə, xəstəxanaya getdim. Orada oğlumun nəşini son dəfə bağrıma basdım".
Y.Məmmədov deyir ki, oğlu qəzadan sonra zədələr alsa da, oğlunu tanımaqda heç çətinlik çəkməyib: "Övladımı əlindən, ayağından, dişlərindən tanıdım. Onun yoxluğu belimi büksə də, başımı ucaltdı. Tək təsəllimiz odur ki, Murad vətənini sevdiyi üçün bu peşəni seçərək şəhid oldu".
© Sputnik / Zulfiyya GuluyevaŞəhid mayor Murad Məmmədovun fotosu
Şəhid mayor Murad Məmmədovun fotosu - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Şəhid mayor Murad Məmmədovun fotosu
O, uşaqlıqdan səmada uçan təyyarələri izləyirmiş
Y.Məmmədovla söhbət bizi Muradın uşaqlığına geri aparır. Yaşar Məmmədov deyir ki, pilot olmaq oğlunun uşaqlıq arzusu olub. O, səmada uçan təyyarələri həmişə sevə-sevə izləyib. Murad atası razı olmasa da, hərbçi peşəsini seçir:
"Mən özüm hərbçi olduğumdan, çətinliklərini gördüyümdən istəmirdim Murad da bu peşəni seçsin. Amma o, məndən buna görə küsdü, israrla bu sahəni seçdi. Yüksək balla ali məktəbə qəbul oldu. Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasını başa vuran Murad Göytəpə dəstəsində xidmətə başladı. İkinci Vətən Müharibəsi başlayandan sonadək müharibədə iştirak etdi. Ayağından yaralansa da, yenidən döyüşə geri atıldı. Müharibədə şəhid olmasa da, hərbi təlimlər zamanı bu zirvəyə yüksəldi".
© Sputnik / Zullfiye GuluyevaŞəhid mayor Murad Məmmədovun atası Yaşar Məmmədov
Şəhid mayor Murad Məmmədovun atası Yaşar Məmmədov - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Şəhid mayor Murad Məmmədovun atası Yaşar Məmmədov
Y.Məmmədovla söhbət zamanı öyrənirik ki, oğlu müharibədə pilot dostunu, iş yoldaşını itirib. Pilot Abbas Qasımov İkinci Vətən müharibəsində şəhadətə yüksəldikdən sonra, Murad Abbasın valideynlərini tək qoymayıb. O, həmişə Abbasın taleyini xatırladaraq, ailəsini baş verəcək hər itkiyə, hər acıya dözümlü olmağa hazırlayıb...
Amma bəlkə də bilmirdi ki, əcəl zənginin qəfil zənginə heç kəs, xüsusilə heç bir valideyn hazır deyil. Bu gün Muradın 3 mərasimi keçirilirdi. Ondan geriyə isə çəkdiyi rəsm tabloları, xidmət zamanı qazandığı medalları, bir də sərhədçi geyimi, mayor rütbəsi qalmışdı... Muradın anası Mürvət Həsənovanın nəmli gözləri isə bir nöqtəyə, oğlundan qalan xatirələrə dikilmişdi...
© Sputnik / Zulfiyya GuluyevaMurad Məmmədovun anası Mürvət Həsənova
Murad Məmmədovun anası Mürvət Həsənova - Sputnik Azərbaycan, 1920, 03.12.2021
Murad Məmmədovun anası Mürvət Həsənova
P.s. Qeyd edək ki, noyabrın 30-da Xızıdakı “Qaraheybət” aviasiya poliqonunda baş vermiş helikopter qəzasında Dövlət Sərhəd Xidmətinin 14 zabiti şəhid olub və 2-si yaralanıb. Helikopter qəzası ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 352.2 (uçuş və ya uçuşa hazırlıq qaydalarını pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) və digər maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Baş Prokuror tərəfindən xüsusi nəzarətə götürülüb.
Həmçinin oxuyun:
"Oğlumun yanmış nəşini ayaq barmaqlarından tanıdım" - Övladını təkbaşına böyütmüş ana
Xəbər lenti
0