Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Laçın sakini: Biz ora qayıtmalıyıq. Qayıtmalıyıq ki, düşmənə sipər çəkək

© Photo : courtesy of Fadai AsadovFədai Əsədov
Fədai Əsədov - Sputnik Azərbaycan, 1920, 01.12.2021
Abunə olmaq
Bir dəfə mən geri qayıdanda atamı tapa bilmədim. Sən demə, atam Laçın polis şöbəsində avtomatın darağına patron doldururmuş. Yaşlı olsa da o da vuruşmağa hazır idi.
BAKI, 1 dekabr — Sputnik. Fədai Əsədov uzun illər Laçın avtobazasında avtobus sürücüsü işləyib. Laçında şəhərarası marşrut xətti üzrə sərnişin avtobusunun sürücüsü olub. Qarabağ müharibəsi başlayanda özünün "çörək ağacı" ilə əhaliyə yardım edib. Qəhrəmanımız o günlərlə bağlı xatirələrini Sputnik Azərbaycan-la bölüşüb.
"1992-ci ilin may ayının 8-i Şuşa işğal olundu. Oranın sakinləri Laçına köç etdilər. Mən də həmin vaxt Laçın polis idarəsində postda idim. Harada atışma olsa, polisləri oraya aparırdım. Ailəmi paytaxtda – bacımgildə yerləşdirdim. Mən də qoşuldum, dedim ki, bir laçınlı olaraq haraya lazımdırsa, oraya getməyə hazıram", - deyə müsahibimiz bildirib.
© Photo : courtesy of Fadai AsadovFədai dayının "çörək ağacı" hesab olunan avtobusu yerbəyerdən güllələnsə də o işini davam etdirir
Fədai Əsədov - Sputnik Azərbaycan, 1920, 01.12.2021
Fədai dayının "çörək ağacı" hesab olunan avtobusu yerbəyerdən güllələnsə də o işini davam etdirir
Fədai dayının "çörək ağacı" hesab olunan avtobusu gülləyə tutulsa da o, işini davam etdirir:
"Mən gəmidə mexanik işləyən dostumla birləşib müharibəyə yararlı insanları yığıb hərbi forma geyindirdik, Kəlbəcər istiqamətinə gətirdik. İlyarım N saylı hərbi hissədə xidmət etdim. Mənə "şəhərarası Fədai" deyirdilər. Həmin avtobusla uzun illər Laçın camaatına xidmət etmişəm. Müharibə vaxtı da öz hesabıma yanacaq doldururdum. Heç vaxt, heç kəsdən bir qəpik də olsun almırdım. Baxmayaraq ki, dörd övladım var idi, yaşlı ata-anam da mənim himayəmdə idi. Həmin avtobus gülləyə tutulımuşdu, dəlmə-deşik idi".
Qarabağın hər qarışını beş barmağı kimi tanıyan Fədai dayı deyir ki, avtobusu gülləyə tutulsa da onunla xeyli insanın həyatını xilas edə bilib:
© Photo : courtesy of Fadai AsadovLaçına dönmək Fədai dayının arzularının ən böyük zirvəsidir
Fədai Əsədov - Sputnik Azərbaycan, 1920, 01.12.2021
Laçına dönmək Fədai dayının arzularının ən böyük zirvəsidir
"Mən ailəmi, qohum-qonşumu, həmyerlilərimi avtobusla elə yerlərdən keçirdim ki, onları güllədən qoruya bilim. Çünki hər tərəfdən atəş açırdılar. Qadınları, uşaqları, qocaları Bakıya gətirəndən sonra qayıdırdım Laçına. Atam yaşlı idi, İkinci Dünya müharibəsinin veteranı idi. Deyirdi, "mən heç yerə getmirəm, erməni kimdir ki, mənim torpağıma gələ". Bir dəfə mən geri qayıdanda atamı tapa bilmədim. Sən demə, atam Laçın polis şöbəsində avtomatın darağına patron doldururmuş. Yaşlı olsa da o da vuruşmağa hazır idi. Nəinki atam, bizim qadınlarımız da hazır idilər vuruşmağa".
Neçə-neçə insanı ölümün pəncəsindən xilas edən müsahibimizin 4 övladı olduğuna görə ordudan tərxis olunur:
"O vaxt rəhmətlik Əbülfəz Elçibəy fərman imzaladı ki, dörddən artıq övladı olan insanlar ordudan tərxis olunsunlar. Tərxis olunduqdan sonra Bakıya - ailəmin yanına gəldim. Oradan gələndə sonuncu övladımın 2 yaşı var idi. Onu erməni gülləsindən qorusam da sonradan dənizdə boğuldu. 26 yaşı var idi, idmançı idi, kik-boksla məşğul olub. Heç vaxt dənizi sevmirdi. Deyirdi, it-pişiyin girdiyi dənizə mən girmərəm. Amma Allahın qisməti, bir gün dostları onu çağırıblar dəniz kənarına. Dostları dənizə giriblər. Görüb ki, üç nəfər boğulur. Onları xilas edib, üçüncüsünü çıxaranda nəfəsi kəsilib, qalıb. Bir gün axtardıq, ikinci gün meyiti sahilə gəldi. Nişanlı idi. Bir axund var. O, oğlumu "şəhid" adlandırır. Amma mən deyirəm ki, mənim oğlum şəhidlərdən artıq deyil. O hadisədən sonra anamın ürəyi partladı, rəhmətə getdi".
© Photo : courtesy of Fadai AsadovQarabağın hər qarışını beş barmağı kimi tanıyan Fədai dayı deyir ki, avtobusu güllələnsə də onunla xeyli insanın həyatını xilas edə bilib
Fədai Əsədov - Sputnik Azərbaycan, 1920, 01.12.2021
Qarabağın hər qarışını beş barmağı kimi tanıyan Fədai dayı deyir ki, avtobusu güllələnsə də onunla xeyli insanın həyatını xilas edə bilib
Fədai dayının atası, anası və 26 yaşlı oğlunun məzarı Bakıdadır. Deyir, onların məzarını burada qoyub getmək nə qədər acı olsa da, Laçına dönmək onun arzularının ən böyük zirvəsidir:
"Gedib o torpaqlarda çadır qurub yaşayarıq, yetər ki, öz torpağımızda olaq. Düzdür, burada övladlarıma şərait yaratmışam. Amma biz oraya qayıtmalıyıq. Qayıtmalıyıq ki, düşmənə sipər çəkək. Qoy erməni görsün ki, Azərbaycan xalqı necə qüdrətli xalqdır. Allah bir də o günləri xalqımıza göstərməsin. Atam rəhmətlik həmişə inanırdı ki, biz qayıdacağıq. Atam heç cür dözə bilmirdi. Niyə? O gözəl yerlər – Şuşa, Kəlbəcər, Laçın və digər cənnət kimi torpaqlarımız erməninin əlində çox qala bilməzdi".
Xəbər lenti
0