Şahbulaqdakı vəfalı çinarlar sahibinə qovuşdu
© Sputnik / Emin AlisahibƏdilov Rafael
© Sputnik / Emin Alisahib
Abunə olmaq
Beş yaşlı hafizəsiylə bizi Ağdama aparan müsahibimiz həmin ünvanda bir tək axtardığını tapmır. O da ki, Ağdamın şəhidlər xiyabanında dəfn olunan dayısının məzarını...
BAKI, 29 noyabr - Sputnik, Emin Əlisahib. Ermənilər Ağdamda daşı daş üstündə qoymayıb. Bütün evləri, obyektləri, hətta tarixi abidələri belə məhv etməyə çalışıb. Bir tək bu iki çinardan başqa. Ağaclara illərlə su verilməsə də, baxımsız qalsa da əzəmətini itirməyiblər. Bu gün isə Şahbulaq qalasının içərisində olan çinar ağaclarını əkən şəxsin kimliyi artıq bəlli olub. O, Ağdam rayon Şahbulaq kənd sakini Ədilov Rafael Ədil oğludur. Həmin şəxsin 33 il əvvəl burda çinar əkməsinin səbəblərinə gəlincə isə bu barədə Sputnik Azərbaycan-a onun oğlu Vasif Ədilov danışıb.
Tarix unudulmur. Yaddan çıxmır. O tarix ki, kökündə ata-babalarımızın varlığı var. Onlar tariximizin bir parçası olduğu kimi, yaratdıqları, qurduqları hər bir abidə, əkib-becərdikləri hər bir ağac Vətənin, yurdun onlara məxsus olduğunu bir daha sübuta yetirir. Elə ata yurdunda bu qoca çinarları əkən şəxs kimi... 5 il qulluq edə bilib, bu çinarlara. Ermənilərin yurddaşlarımızı torpaqlarından didərgin saldığı gün isə o körpə ağaclar baxımsız qalıb. Amma adı "çinar" olan bu canlılar düşmən əsarətində qalsa da ona baş əyməyiblər. Baxımsız və susuz qalan canlılar təbiətdən aldığı qayğı ilə bu günə qədər qurumayıb. Yağışların suyu ilə özünü doyduran çinarlar gözləyə bilib. Ta ki, onu əkib, becərən şəxsin bu ünvana gələcəyi günə kimi... İndi əsən yellər, o yarpaqları tərpətdikcə, bizimlə həmin ünvana üz tutan və bu ağacların həmyaşıdı olan Vasifin ürəyi cövlan edir.
© Sputnik / Emin AlisahibƏdilov Rafael
Ədilov Rafael
© Sputnik / Emin Alisahib
Qoşa çinarın tarixi...
Ağdam rayonundan olan müsahibimiz Vasif Ədilov deyir ki, bu ağacları onun atası Rafael kişi əkib. Özü də ki, bu canlılar sahibinə oğul sevinci yaşadıb. Belə ki, Vasif ailənin böyük övladıdır. Və vaxtı ilə 33 il əvvəl bu ünvanda işləyən atası Vasifin dünyaya gəlməsi xəbərini eşidir və elə burda iki çinar ağacı əkir. Deyir ki, qoy oğlumun ömrü bu çinar ağaçının ömrü qədər uzun olsun.
“Bu çinar ağaclarını mən doğulanda atam əkib. Atam burda işləyib. Bu çinar ağacları mənimlə yaşıddır. 33 yaşı var bu çinarların. Təəsüratlarımız böyükdür, gözəldir. 27 ildən sonra öz doğma vətənimizə gəldim. Öz doğma qalamıza gəldim. Çox böyük sevinc hissi keçirirəm. Allah hamıya nəsib eləsin belə hissləri”.
Vasif Şahbulaq qalasında göz yaşlarına boğulur. Onu bu ünvanda kövrəldən səbəb isə bura ilə bağlı xatirələridir. O deyir ki, axırıncı dəfə bu ünvanda 5 yaşında olarkən olub. Atası onu bu ağacın altına gətirərək, bu ağac səninlə yaşıddır. Çinarlar uzun ömürlü olur. Ona görə də sən dünyaya gələndə burda çinar əkdim ki, o ağac qədər əzəmətli və uzun ömürlü olasan. İndi həmyaşıdım olan bu çinara baxıb, atamın o illərdə dediyi sözləri xatırlayıram və düşünürəm ki, 5 aylıq oğlum var. Adını milli qəhrəmanımız Mübariz İbrahimovun şərəfinə Mübariz qoymuşam. Mübariz danışsın və mənim dediklərimi başa düşsün. Mən onu bu çinarın yanına gətirəcəm və bu qalanın ətrafında boş ərazilərdə oğlumla birgə çinarlar əkəcəm. Qoy oğlum bilsin ki, bu qala təkcə tarixi qala deyil, həm də bizə atalarımızın, babalarımızın yadigarıdır. Bizim ata-baba yurdumuzdur. Onu bundan sonra da qoruyub, gələcək nəsillərə ötürməliyik.
© Sputnik / Emin AlisahibƏdilov Rafael
Ədilov Rafael
© Sputnik / Emin Alisahib
“Bu torpaqda babamın nəfəsini duya bilirəm”
Vasifin Şahbulaq qalası ilə bağlı xatirələrini dinlədikcə onun baxışlarının bir nöqtəyə zilləndiyi də nəzərimizdən yayınmır. Çox keçmir ki, bunun da səbəbindən hali oluruq. Vasif deyir ki, uzaqdan onların evləri görünür. 5 yaşında bu ünvandan çıxan şəxsin hafizəsini sınamaq qərarına gəlirik. Elə Vasifin tərif etdiyi yollarla həmin ünvana yollanırıq. Evin həmin ərazidə olmasını necə xatırladığı haqda dınışır.
“Qaladan bütün ərazini seyr etdim. Baxan kimi birinci evimizi gördüm. Görən kimi o dəqiqə tanıdım. Elə bil evin o doğmalığı məni çəkdi. Tanıdım evimizi. Yolumuz, hamısı yadımda idi. 5 yaşım olsa da burda bütün gördüklərimi yaxşı xatırlayıram. Kənddə harda olmuşam, haranı gəzmişəm hamısı bir-bir yadımdadır. Qalamız, bulaq, evimiz, məhəlləmiz, ağaclarımız, qonşularımız, əmimgilin evi, bütün qohumlarımızın evlərinin yerini xatırlayıram. Kənddə hamısı qohum-əqraba idi. Ermənilər o evlərin hamısını dağıdıblar”.
Bu da Vasifin doğulduğu həmin ünvan. Şahbulaq kəndində ermənilərin dağıtdığı evlərdən biridir Vasifin göstərdiyi o ev. Vasif o uçuq və dağılmış evin xatirələri arasında məhv olduğunu deyir.
© Sputnik / Emin AlisahibƏdilov Rafael
Ədilov Rafael
© Sputnik / Emin Alisahib
“Mən emrənilərin vəhşi və barbar olduğuna əmin idim. Amma bu qədərini düşünmürdüm açığı. Onlar bizim təkcə könlümüzü yox, həm də əsrlərlə var olan ata-baba yurdlarımızı viran qoyub. Tariximizi silməyə çalışıb. Bax, bu ev mənim dünyaya gəldiyim və atamın sevincinə səbəb olan həmin ünvandır. Elə xoşbəxt həyat yaşayırdıq ki burda. Düşmən bir şeyi başa düşmür ki, bu və bu kimi vandallıq bizi öz ata–baba yurdumuzdan kənar sala, xatirələrimizi itirə bilməz. Bax bu ünvana gəldim. Mənim babam Ədil kişi rəhmətə gedib. Ancaq bu evdə babamın nəfəsini duymuş oldum sanki. Babamın əlindən tutub gəzdiyim yerlərdir buralar hamısı. Heyif ki babam görə bilmədi bu günləri. Erməni vandallığından öncə olan o gözəl illəri xatırladım. Doğrudan da çox ağır hissdir. Bilmirəm, xoşbəxtəmmi, yoxsa bədbəxt? Hər halda sevincim daha çoxdur. Axı mən öz doğma yurdumdayam. Baxmayaraq ki, ermənilər bu yurdu viran qoyub, amma yenə də deyirəm bu torpaqdan babamın nəfəsi duyulur. Ona görə çox ətirlidir".
Ən böyük ziyarətgahdır bura...
27 ildən sonra öz evinə, öz məhəlləsinə gələn Vasifin sevinci əhvalı da dəyişir. O deyir ki, sanki Məkkəni, Mədinəni ziyarət edibmiş kimi, özünü çox yüngül, rahat hiss edir.
© Sputnik / Emin AlisahibƏdilov Rafael
Ədilov Rafael
© Sputnik / Emin Alisahib
“Ən böyük ziyarətgahdır bura mənim üçün. O qədər yüngül, rahat hiss edirəm ki özümü. Uzaq yol gəlmişəm. Amma yorğun deyiləm, ac deyiləm. Sanki havası məni doydurub, ürəyimdə olan Vətən, yurd yanğısı sönüb. Torpaq susuzluğumu yatızdırıb. İlahi bundan da böyük xoşbəxtlik olar? Öz kəndimdəyəm. Doğulduğum yurddayam. Vətənimə gəldim. Evimə gəldim. Allah hamıya bu sevinci qismət eləsin”.
Müsahibimiz uşaqalıq xatirələrindən söz açır. 5 yaşına qədər burada yaşadıqlarını göz önünə gətirməyə çalışır və hər detalı yadından çıxarmadan bizimlə bölüşür.
“Evimizdən əsər-əlamət qalmayıb. Dağıdıblar, evi də, kəndi də. 5 yaşım olanda bu kənddən çıxmışıq. Burda bütün uşaqlıq xatirələrim var. Uşaqlıq xəyallarım, bu dağlarda gəzdiyimiz, quzu otardığımız, məhəlləmizdən meyvə yığmağımız. Hamısı bir-bir yadımdadır. Ağaclarımızın yerinə qədər yadımdadır. Evimiz yadımdadır. Kəndimizə gələn yol, kəndimiz, kəndimizdəki evlər, qohumumuz, hamısı bir-bir yadımdadır”.
Dünyanın ən gözəl evi budur
Evimiz 4 otaqlı idi, deyir Vasif. Amma Vasifin tərif etdiyi evdən əsər-əlamət qalmayıb. Dağıdıblar. Tanınmaz haldadır. Vasif isə dayanmadan şükür edir. O şükür edir ki, doğma yurdundadır.
© Sputnik / Emin AlisahibƏdilov Rafael
Ədilov Rafael
© Sputnik / Emin Alisahib
“Buna da şükür. Gəldik dağılmış olsa da evimizin özünü gördük. Bu dünyanın ən böyük sevincidir. Dünyanın ən gözəl evi budur, bu evdir. Bura mənim Cənnətimdir. İmkan versələr, getməzdim, burada qalardım. Səbirsizlikıə torpağımıza qayıdacağımız günü gözləyirik. Cənab Prezident nə vaxt icazə versə, bu vəziyyətdə olmasına baxmayaraq, biz əvvəlki kimi burda yaşamağa, qurub yaratmağa hazırıq. İnşəallah, tezliklə bura qayıtmaq, ümidi ilə, arzusu ilə yaşayırıq. Səbirsizliklə gözləyirik. Allahın izni ilə tezliklə öz torpağımıza qayıdarıq”.
Bütün yerləri, bütün ünvanları dəqiqliklə xatırlayan və bizi 5 yaşlı hafizəsiylə Ağdama aparan müsahibimiz həmin ünvanda bir tək axtardığını tapmır. O da ki, Ağdamın şəhidlər xiyabanında dəfn olunan dayısının məzarı. Həmin məzarın yerini tanısa da, ermənilər qəbiristanlığı tamamilə dağıtdığı üçün dayısının məzarını da tapa bilmir. Qeyd edək ki, Vasifin dayısı Əlövsət Tahirov I Qarabağ müharibəsində, Daşaltı döyüşlərində şəhid olub və Ağdamın şəhidlər xiyabanında dəfn edilib. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların yeri daim qəlbimizdədir.