Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pensiyaların artımı, ehtiyac meyarının ləğvi, qiymət artımının səbəbləri - Həftəlik icmal

© AFP 2023 / OZAN KOSEDollar
Dollar - Sputnik Azərbaycan, 1920, 28.11.2021
Abunə olmaq
Neftin ucuzlaşması, Azərbaycanda qiymət artımının səbəbi, lirənin ucuzlaşmasının ölkəmizə təsiri, pensiyaların artırılması, gələn ilki büdcə Sputnik Azərbaycan-ın materialında.
BAKI, 26 noyabr — Sputnik. Yola saldığımız həftə Azərbaycanda maraqlı iqtisadi hadisələrlə yadda qalıb. Milli Məclisdə 2022-ci ilin büdcəsinin və büdcə zərfinə daxil olan sənədlərin ikinci oxunuşda qəbul edilməsi həftənin mühüm hadisələrindəndir. İclasda gələn ilin dövlət büdcəsi, habelə dövlət sosial müdafiə fondunun, işsizlikdən sığorta fondunun büdcələri, yaşayış minimumu və ehtiyac meyarının həddi ikinci oxunuşda qəbul edilib.
Büdcənin gəlir və xərcləri artırılır
Qeyd edək ki, 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 26816,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 1389,0 milyon manat və yaxud 5,5 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə 2134,3 milyon manat və yaxud 8,6 faiz çox, 2021-ci ilin gözlənilən icra göstəricisi ilə müqayisədə isə 170,0 milyon manat və yaxud 0,6 faiz azdır.
Dövlət büdcəsinin xərcləri 29879,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2021-ci ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1336,0 milyon manat və ya 4,7 faiz, 2020-ci ilin icra göstəricisi ilə müqayisədə isə 3462,7 milyon manat və yaxud 13,1 faiz çoxdur.
Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri qaldırılır
2022-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 307 milyon manat proqnozlaşdırılır. Bu da cari ilin gözlənilən icra göstəricisindən 253 milyon manat və ya 5% çoxdur. Fondun gəlirlərinin 78,2%-i məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 21,6%-i isə dövlət büdcəsindən balanslaşdırma məqsədilə ayrılan vəsait hesabına təmin ediləcək. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 58,8%-i qeyri-büdcə sektorunun, 39,4%-i isə büdcədən maliyyələşən təşkilatların hesabına formalaşacaq. Büdcədən maliyyələşən təşkilatlar üzrə gəlirlərin artım tempi 27,1%, qeyri-büdcə sektorunda isə 13,1% təşkil edəcək.
Pensiyalar artırılır
Orta aylıq əmək haqqının cari ilin sonuna 742 manat təşkil edəcəyi, növbəti ildə isə 65 manat artaraq 807 manat olacağı proqnozlaşdırılır.
Əmək pensiyalarının orta aylıq məbləği 2019-cu ildə 264 manat, 2020-ci ildə 301 manat, 2021-ci ildə 328 manat təşkil edib, 2022-ci ildə isə 343 manat təşkil edəcəyi proqnozlaşdırılır, yaşa görə pensiya isə 372 manat təşkil edəcək. Əmək pensiyasının minimum məbləği 2017-ci ildə 110 manat, 2018-ci ildə 116 manat, 2019-cu ildə 200 manat müəyyən edilib, 2022-ci ildə isə bu rəqəmin 240 manata çatdırılması nəzərdə tutulur. Növbəti ildə yaşa görə pensiyanın cari ildəki 331 manatdan 372 manata, əlilliyə görə pensiyanın 261 manatdan 299 manata, ailə başçısını itirməyə görə pensiyanın 263 manatdan 298 manata çatdırılması gözlənilir. Əlilliyə görə pensiyaçıların sayının dinamikasındakı azalma son illərdə bu sahədə aparılan islahatlar, şəffaflığın və nəzarət tədbirlərinin güclənməsi ilə əlaqədardır.
İşsizlikdən sığorta fondunun büdcəsi keçənilki büdcəsindən 14% çox olmaqla fondun 2022-ci il büdcəsinin gəlirləri və xərcləri bərabər şəkildə - 180 milyon 375 min manat məbləğində müəyyənləşdirilib. Fondun büdcəsinin 75,7%-nin, yəni 136,4 milyon manatının işsizlikdən sığorta haqları üzrə, 24,3%-i və ya 43,9 milyon manatının isə cari ilin qalıq vəsaiti hesabına formalaşdırılması proqnozlaşdırılıb.
Yaşayış minimumu və ehtiyac meyarının həddi təyin olunub
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə 196 manatdan 210 manata, əmək qabiliyyətli əhali üçün 207 manatdan 220 manata, pensiyaçılar üçün 162 manatdan 176 manata, uşaqlar üçün 175 manatdan 193 manata qaldırılmasının təklif edildiyini bildirib.
"Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihəsi barədə məlumat verən komitə sədri Musa Quliyev bildirib ki, gələn il üçün ünvanlı dövlət sosial yardımının təyini üçün ehtiyac meyarının həddinin 200 manat məbləğində müəyyən edilməsi nəzərdə tutulub. Bu cari ildəki 170 manat həddindən 17,6% və ya 30 manat çoxdur. Beləliklə, ehtiyac meyarı ilə yaşayış minimumu arasındakı fərq azalaraq 10 manata düşür ki, nəticədə, gələcəkdə ehtiyac meyarına ehtiyac aradan qalxmaqla ünvanlı dövlət sosial yardımının təyinatı da qanunvericiliyə uyğun olaraq yaşayış minimumu üzrə aparılacaq.
Ehtiyac meyarı ləğv oluna bilər
Maliyyə naziri Samir Şərifov parlamentdə deyib ki, ehtiyac meyarı kimi göstəriciyə ehtiyac qalmaya bilər. Qarşıda duran məqsəd ehtiyac meyarı ilə yaşayış minimumunun bərabərləşdirilməsidir və bu istiqamətdə zəruri addımlar atılır: "Bu rəqəmlər bərabərləşdikdən sonra ehtiyac meyarı kimi bir göstəriciyə ehtiyac olmayacaq".
Deputat: Hibrid avtomobillərin ƏDV-dən azad edilməsi onlara tələbi artıracaq
Deputat Vüqar Bayramov deyib ki, Vergi Məcəlləsinə ediləcək dəyişikliklərdən biri də istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışının növbəti üç ildə Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilməsidir. Son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə tələbin artmasına gətirib çıxaracaq.
O qeyd edib ki, dəyişikliklərə əsasən, yalnız elektrik mühərriki ilə işləyən avtomobillərin idxalı və satışı da ƏDV-dən azad ediləcək: "Eyni zamanda, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da 3 il müddətinə sözügedən vergidən azad olunur. Gözlənilir ki, bu dəyişikliklərdən sonra istehsal ili köhnə olmayan hibrid avtomobillərin qiymətində azalmalar olsun. Belə ki, ƏDV-dən azadolma onların xərcinin orta hesabla 18 faiz azalmasına gətirib çıxaracaq. Hazırda Yaponiya istehsalı olan hibrid avtomobillərdən daha çox istifadə olunduğunu nəzərə alsaq, həmin maşınların qiymətlərində azalmaların olacağı qaçılmazdır. Söhbət son 3 ildə istehsal olunan avtomobillərdən gedir. Digər tərəfdən, son dəyişikliklərin qəbul olunması hibrid avtomobillərə tələbin artmasına gətirib çıxaracaq".
"Elektrik mühərrikli avtomobillərin vergidən azad olunması da müsbət haldır. Bu, ölkəmizdə həmin avtomobillərdən istifadəyə marağı artıra bilər", - deyə o əlavə edib.
Azərbaycanda qiymət artımının səbəbi idxal məhsullarıdır
Milli Məclisdə büdcə müzakirələri zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, qiymət artımının səbəbi idxal məhsullarıdır. İstehsalda idxal xammalına əsaslanan mallarda qiymət artımı müşahidə edilir. Eyni zamanda daşınma və enerji xərclərinin artması da qiymət artımına təsir edən amillərdir.
O bildirib ki, bazarda rəqabət prinsiplərinin qorunması vacib məsələlərdəndir: "Bir sıra malların qiymətləri dövlət tərəfindən tənzimlənir. Dövlət büdcəsinin imkanları nəzərə alınmaqla bu qiymətlərin daha məqbul saxlanmasına çalışılır. Dövlət tərəfindən tənzimlənməyən malların qiymətlərinin süni artmasının qarşısını almaq məqsədilə Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidməti tərəfindən bazarda mütəmadi monitorinqlər aparılır. Əhali üçün ən çox zəruri olan 86 adda ərzaq məhsulları, 51 adda tikinti materiallarının qiymətləri ilə bağlı monitorinqlər və təhlillər aparılır".
Nazir müavini deyib ki, BMT-in Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqlamasına görə dünyada qiymət səviyyəsi son 30 ildə ən yüksək səviyyəyə çatıb: "Bunun nəticəsində də ölkəyə idxal olunan məhsulların qiymətində artım müşahidə olunmalıdır. Bu da bizim inflyasiya səviyyəsinə ən çox təsir edən amildir. Hazırda idxal indeksi 23%-i keçib. Hətta hazır qida məhsulları idxal qiymətləri indeksi 25%-i ötüb. Beynəlxalq Valyuta Fondu da öz proqnozlarında cari il üçün yüksək qiymət indekslərini proqnoz edirlər. FAO-nun proqnozları isə daha ümidvericidir. Növbəti ildə inflyasiyanın daha da səngiməsi gözlənilir. Cari ildə inflyasiyanın yüksək səviyyədə olması nəzərə alınaraq İqtisadiyyat Nazirliyi tərəfindən növbəti ildə qiymətlərin cari ildə olduğu kimi yüksək artımı proqnozlaşdırılmır. İnflyasiyanın aşağı səviyyədə saxlanılması üçün əsas amillərdən biri makroiqtisadi sabitliyin təmin olunmasıdır".
Bəzi mallar üzrə ödənişlər yalnız nağdsız şəkildə həyata keçiriləcək
Pərakəndə satış qaydasında (mebellərin və məişət texnikasının satışı istisna olmaqla) təqdim edilən malların satışı üzrə bir əməliyyat çərçivəsində iki min manatdan artıq olan ödənişlər yalnız nağdsız şəkildə həyata keçiriləcək. Bu, "Nağdsız hesablaşmalar haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsinə mebellərin və məişət texnikasının satışı üzrə bir əməliyyat çərçivəsində on min manatdan artıq olan ödənişlər; tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlər də daxil ediləcək.
Həmçinin buraya "Lotereyalar haqqında" və "Bədən tərbiyəsi və idman haqqında" qanunlar ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği üç min manatdan artıq olan uduşlar (mükafatlar) və oyunlarda iştirakla bağlı pul ödənişləri (pul qoyuluşları) də aid ediləcək.
Türkiyə lirəsinin ucuzlaşmasının Azərbaycana təsirləri
Lirənin kəskin ucuzlaşmasının Azərbaycana təsirlərindən danışan deputat Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, lirənin ucuzlaşması gözlənilən idi. Türkiyənin Mərkəzi Bankı uçot dərəcəsinin dəyişdirilməsi ilə bağlı mütəmadi qərarlar qəbul etdi. Amma bu addım lirənin ucuzlaşmasının qarşısını almağa imkan yaratmadı.
Vüqar Bayramov bildirib ki, lirənin ucuzlaşması qonşu ölkələr, o cümlədən Azərbaycan üçün psixoloji təsirlər baxımından arzuolunan deyil. Çünki qonşu ölkələrdə azalmalar müşahidə olunursa, avtomatik olaraq bu, valyuta bazarlarına psixoloji olaraq mənfi təsir göstərir. Azərbaycan investisiyası Türkiyədə enerji sektorundadır və o qiymətlər tənzimlənir. Xammal olaraq birbaşa milli valyuta ilə bağlı olmayan qiymətlərdir. Ona görə də bu, Azərbaycanın Türkiyədəki investisiyasına ciddi təsir göstərməyəcək.
"Eyni zamanda qeyri-neft ixracatımızda da Türkiyəyə ixrac etdiyimiz məhsullar strateji məhsullardır. Lirənin ucuzlaşması Azərbaycan məhsullarının Türkiyə bazarında bahalaşmasına gətirib çıxardır. Amma bütövlükdə qeyri-neft ixracatımızda ciddi dəyişikliyin olacağı gözlənilmir. Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsinin əhəmiyyətli hissəsini enerji, xüsusən də mavi qaz nəqli təşkil edir. Mavi qazın da qiyməti dünya bazarında müəyyən edildiyi üçün lirənin məzənnəsində dəyişiklik enerji əməkdaşlığımıza xüsusi təsir göstərmir", - deyə deputat qeyd edib.
Onun sözlərinə görə, iqtisadi əlaqələr baxımından lirənin ucuzlaşmasının xüsusi təsirləri olmayacaq, amma lirə dəyər itirdikcə bu, Azərbaycanın valyuta bazarına mənfi psixoloji təsir göstərir: "Lirənin ucuzlaşması Türkiyə mallarının ucuzlaşmasına gətirib çıxarda bilər. Amma lirənin ucuzlaşması ilə yanaşı, Türkiyədə inflyasiya, qiymət artımları da müşahidə olunur. Ona görə də gözlənilir ki, bir sıra türk mallarının qiymətlərində və ya xərclərində müəyyən dəyişikliklər olsun. Amma bütövlükdə Türkiyənin özündə xüsusən son aylar inflyasiya yüksək olduğuna görə lirənin dəyərdən düşməsi türk mallarının ucuzlaşmasına ciddi təsir göstərməyəcək. O baxımdan hələlik Türkiyə mallarının Azərbaycan bazarında ucuzlaşması gözlənilmir".
Fermerlərə xəbərdarlıq - Bu şəxslər subsidiya ala bilməyəcək!
Azərbaycanda dövlət dəstəyi ilə güzəştli aqrar sığorta mexanizmini həyata keçirən Aqrar Sığorta Fondu 10 hektar və daha artıq əkin sahəsi olan fermerlərə müraciət edib. Fond fermerlərə xatırladır ki, Azərbaycan Prezidenti İlham Əliyevin 1 sentyabr 2021-ci il tarixli fərmanı ilə "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası"nda dəyişiklik edilib.
Fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək.
Aqrar Subsidiya Şurası tərəfindən müəyyən edilən siyahıya əsasən aqrar sığorta tələbi 7 bitkiyə şamil edilib, bunlar: buğda, arpa, çəltik, çay, limon, fındıq və qarğıdalıdır. Yenilik ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, təsərrüfatların təbiət hadisələri və digər risklərdən sığortalanması, fermerlərin məhsullarının və gəlirlərinin qorunması məqsədi daşıyır. Dövlət tərəfindən fermerlərə verilən çoxsaylı dəstək mexanizmləri aqrar sığortada da nəzərdə tutulub – aqrar sığorta haqqının 50%-i dövlət tərəfindən ödənilir.
Ölkə üzrə orta rəqəmləri nəzərə alanda, 1 hektar taxıl sahəsinin sığorta haqqının fermerlər tərəfindən ödənilən hissəsi regionlar üzrə əsasən 6-12 manat arasında dəyişir ki, bu da fermerlərə dövlət tərəfindən verilən əkin subsidiyasının cüzi hissəsini təşkil edir.
Aqrar Sığorta Fondu bildirir ki, fermerlərin subsidiyadan kənarda qalmaması üçün bütün addımlar atılır – əkin bəyanları edən fermerlərlə əlaqə saxlanılır və onlara aqrar sığorta tələbi xatırladılır, sığorta şərtləri və digər zəruri məlumatlar verilir. Əkinlərin sığortalanması proseduru elə sadələşdirilib ki, internet vərdişləri olmayan fermerlər də rahat şəkildə sığorta müqaviləsi bağlaya bilirlər.
Qeyd edək ki, dekabrın 30-da əkin bəyanları başa çatdıqdan sonra həmin vaxtadək sığorta olunmayan fermerlər və təsərrüfatların əkin subsidiyası alması mümkün olmayacaq.
Valyuta hərracında satış 100 milyon dolları da keçib
25 Noyabr 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 105,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Xatırladaq ki, 23 noyabr 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 96,5 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
16 noyabr 2021-ci il tarixində keçirilmiş növbəti valyuta hərracında tələb 90,1 milyon ABŞ dolları, 18 noyabr 2021-ci il tarixində keçirilmiş hərracda isə 97,6 milyon ABŞ dolları təşkil etmişdi.
Dünyada neft ucuzlaşır
Koronavirusun (COVID-19) yeni ştammının aşkarlanması xəbərindən sonra dünya bazarlarında neft ucuzlaşmağa başlayıb.
Noyabrın 26-da Londonun ICE ("InterContinental Exchange Futures") birjasında "Brent" markalı neftin bir barelinin qiyməti 2,07 dollar azalaraq 80,15 dollar, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange") birjasında "Light" markalı neftin bir barelinin qiyməti isə 2,48 dollar ucuzlaşaraq 75,91 dollar olub. "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,95 dollar azalaraq 82,82 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti oktyabrın 25-də (88,19) qeydə alınmışdı.
Treyderlər koronavirusun yeni ştammının peyda olması ilə daha çox ölkənin karantin qaydalarını sərtləşdirəcəyindən və bunun neftə olan tələbi azaldacağından ehtiyat edirlər. Bir sıra ölkələrin öz strateji ehtiyatlarında olan neftin hissəsini bazara çıxarması da qiymətlərə təsirsiz ötüşməyib.
CAR-ın "eNCA" telekanalının məlumatına görə, Cənubi Afrikada, Botsvana və Honkonqda "delta" da daxil olmaqla, COVID-19-un bütün digər variantlarından daha təhlükəli olmaq potensialına malik B.1.1.529 koronavirus ştammı aşkar edilib.
London Universitet Kollecinin genetiki Fransua Ballu qeyd edib ki, yeni ştamm, çox güman ki, anticisimlərdən "Delta"dan da yaxşı yayınacaq. Mutasiyanın belə "partlayışı" onun zəif immunitetli, məsələn, HİV, yaxud QİÇS xəstəliyi olan insanda yarandığını ehtimal etməyə əsas verir.
Həmçinin oxuyun:
* Sabir Rüstəmxanlı: "Maşını saxlayıb gedirsən, axşam 60 manat cərimə gəlir"
* Mərkəzi Bank bilirdi ki, heç kim əməl etməyəcək: indi sahibkar borcludur, bank isə yox
Xəbər lenti
0