DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov arasında görüş olub

© Official website of President of Azerbaijan RepublicЦеремония официальной встречи в Баку президента Туркменистана
Церемония официальной встречи в Баку президента Туркменистана - Sputnik Azərbaycan, 1920, 28.11.2021
Abunə olmaq
Türkmənistan lideri: Aşqabadda bu qətnamənin qəbul edilməsi parlaq tarixi hadisədir. Hər halda biz yeganə neytral ölkəyik, qətnamə neytral ölkədə qəbul edilib.
BAKI, 28 noyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.
Sputnik Azərbaycan Report-a istinadən xəbər verir ki, Azərbaycan Prezidentini salamlayan Prezident Qurbanqulu Berdiməhəmmədov deyib:
-Hörmətli İlham Heydər oğlu, qardaş Türkmənistanda Sizi salamlamağa və təşəkkürümüzü bildirməyə şadıq ki, bizə hörmət edib dəvətimizi qəbul etmisiniz. İqtisadi Əməkdaşlıq Təşkilatının XV Sammitində birgə iştirak edəcəyik. Bəri başdan əlamətdar, yaxşı tarixləri qeyd etmək istəyirəm. Əvvələn, noyabrın 28-si bizim Təşkilatın günüdür. İkincisi, demək istərdim ki, bizim sədrliyimiz dövründə bu Təşkilatın nüfuzunu artıran Qətnamə qəbul edilib. Buna görə düşünürəm ki, xüsusən pandemiya dövründə əsasən iqtisadi məsələlərimizi bir daha müzakirə etmək üçün yaxşı imkanımız olacaq. Mən kooperasiya, inteqrasiya məsələlərini nəzərdə tuturam.
Sonra, səmimi desəm, bu gün mənim üçün çox heyrətləndirici bir xəbər aldım. Adətən biz nadir hallarda heyrətlənirik, lakin bu xəbər təəccüblü oldu. Bu gün mənə Xarici İşlər Nazirləri Şurasının qətnamə təqdim etdilər. Bu sənəd Aşqabadda konsensus yolu ilə qəbul edilib. Bilirsinizmi, orada yaxşı bəndlər, cümlələr var ki, Azərbaycan həqiqətən inandırıcı qələbə qazanıb. Ola bilsin, mən bir qədər qeyri-dəqiq şəkildə təkrar edirəm və ya fikrimi düzgün ifadə etmirəm, lakin məna budur ki, Azərbaycan ölkənin suverenliyinin və ərazi bütövlüyünün bərpasında həqiqətən müzəffər olub. Mən sadəcə demək istəyirəm ki, bu qətnamənin konsensus yolu ilə qəbul edilməsi bizim münasibətlərimizdə parlaq səhifədir. Bu münasibətlə Sizi ürəkdən təbrik edirəm.
Bizim gündəlikdə bir neçə məsələ var. Birinci – növbəti sammitin gündəliyinin təsdiq edilməsi, ikincisi - baş katibin seçilməsi, üçüncüsü – növbəti sammiti kim keçirəcək və Aşqabad sammitinin yekun kommunikesinin qəbul edilməsi. Mən Sizi Qələbə münasibətilə, bu tarixi hadisə münasibətilə əvvəlcədən təbrik edirəm. Həmişəki kimi, Aşqabada xoş gəlmisiniz.
Prezident İlham Əliyev deyib:
-Sağ olun, hörmətli Qurbanqulu Məlikquluyeviç. İlk növbədə, bir daha qardaş Türkmənistana səfərə dəvətə görə təşəkkürümü bildirmək istəyirəm. Bu sammitdə bizim iştirak etməyimiz təşkilatımızın prinsiplərinə sadiq olduğumuzu təsdiq edir.
Bakıdan buraya uçanda gözəl panoram, əkilmiş tarlalar, abad məhəllələr, qəsəbələr gördüm. Əlbəttə, Aşqabad burada olanları ilk dəqiqələrdən öz gözəlliyi və möhtəşəmliyi ilə heyran edir. Bildiyiniz kimi, mən dəfələrlə Sizin ölkənizdə olmuşam və Sizin rəhbərliyinizlə həm ölkənizin sosial-iqtisadi inkişafı, həm də abadlıq, şəhər infrastrukturunun yaradılması işində qazanılmış nailiyyətlərə heyran olduğumu həmişə bildirmişəm. Yadımdadır, ötən görüşümüzdə Sizin idman şəhərciyinizlə, bəlkə də idman şəhəri ilə tanış oldum. O vaxt Siz Asiadanı uğurla keçirdiniz. Bu, onu göstərir ki, dövlət öz gücünə, ənənələrinə, türkmən xalqının istedadına əsaslanaraq inamla irəliləyir. Bu, bizi ürəkdən sevindirir.
Əlbəttə, Sizə, İqtisadi Əməkdaşlıq Təşkilatında sədrlik edən ölkə kimi bu qətnamənin qəbul edilməsində fəal rol oynadığınıza görə təşəkkürümü bildirmək istərdim. Biz bunu çox yüksək qiymətləndiririk. Həmin qətnamədə qeyd edilib ki, üzv ölkələr Azərbaycanı ərazi bütövlüyünün bərpa edilməsi münasibətilə təbrik edirlər. Bilirsiniz, bu, Azərbaycan xalqı üçün tarixi hadisədir və əlbəttə, bütün Azərbaycan xalqı bu qətnamədə sədr ölkənin və bütün digər üzvlərin qardaşcasına münasibətini görəcək. Ona görə də bu, həqiqətən çox mühüm hadisədir. Çox sevindirici haldır ki, bu tədbir azərbaycanlılar üçün qardaş Türkmənistan torpağında keçirilir. Əlbəttə, bu gün biz ikitərəfli gündəlik barədə də söhbət edəcəyik, burada da yaxşı nəticələrimiz var və bundan sonra da qardaşlar kimi çiyin-çiyinə irəliləyəcəyik. Bir daha sağ olun.
Prezident Qurbanqulu Berdiməhəmmədov: Bilirsiniz, mən bir məqamı da vurğulamaq istəyirəm. Hər halda Aşqabadda bu qətnamənin qəbul edilməsi parlaq tarixi hadisədir. Hər halda biz yeganə neytral ölkəyik, qətnamə neytral ölkədə qəbul edilib. Biz qardaş ölkələrik, qonşularıq, lakin daha vacibi odur ki, qətnamə beynəlxalq səviyyədə qəbul edilib. Bu siyasi hadisəni inkişaf etdirmək lazımdır. Necə deyərlər, dəmiri isti-isti döyərlər. Sağ olun.
***
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının Aşqabadda keçirilən XV Zirvə toplantısında çıxıç edib. Bu barədə Sputnik Azərbaycan Azərtac-aistinadən xəbər verir.
Dövlət başçısı Türkmənistan Prezidenti Qurbanqulu Məlikquliyeviç Berdiməhəmmədova göstərilən qonaqpərvərliyə görə təşəkkürümü bildirib və Türkmənistanı İqtisadi Əməkdaşlıq Təşkilatında (İƏT) uğurlu sədrlik münasibətilə təbrik edib.
Daha sonra İlham liyev qardaş Özbəkistanı İƏT-də sədrliyi öz üzərinə götürməsi münasibətilə təbrik edib və Təşkilata rəhbərlik işində uğurlar arzulayıb.
Daha sonra Prezident İlham Əliyev çıxışında deyib:
"Azərbaycan İƏT-in fəal üzvüdür. İƏT-ə üzv dövlətlərlə münasibətlərimiz dostluq və qarşılıqlı hörmətə əsaslanır. Biz, həmçinin beynəlxalq platformalarda, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində İƏT-ə üzv dövlətlərlə səmərəli əməkdaşlıq edirik.
İqtisadi Əməkdaşlıq Təşkilatının mart ayında keçirilmiş XIV Zirvə Toplantısında İƏT-in Tədqiqat Mərkəzinin Nizamnaməsi imzalanmışdır. Mən Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünün üzv dövlətlər tərəfindən dəstəklənməsinə görə təşəkkürümü bildirirəm. Azərbaycan ölkəmizdə yerləşəcək Mərkəzin səmərəli fəaliyyətinin təmin edilməsi üçün səylərini əsirgəməyəcək. Mən digər üzv dövlətləri bu mühüm təşəbbüsə qoşulmağa dəvət edirəm.
Son 18 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf etmiş, ümumi daxili məhsul üç dəfədən çox artmışdır.
Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycanda münbit sərmayə iqlimi yaradılmışdır. Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan 190 ölkə arasında 28-ci yerdə qərarlaşıb. Azərbaycan iqtisadiyyatına 280 milyard ABŞ dolları həcmində sərmayə yatırılıb ki, bunun da yarısı xarici sərmayədir.
Bizim strateji valyuta ehtiyatlarımız xarici dövlət borcumuzdan 6 dəfə çoxdur.
Azərbaycanın xarici borcu ölkənin ümumi daxili məhsulunun, sadəcə, 17,3 faizini təşkil edir. Biz 2030-cu ilin sonuna qədər bu rəqəmi 10 faizə endirməyi planlaşdırırıq.
Ötən 18 il ərzində Azərbaycanda yoxsulluq səviyyəsi 49 faizdən 6 faizə enib. Ölkədə işsizlik təqribən 6 faiz səviyyəsindədir.
Azərbaycanın nailiyyətləri beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir. Davos Dünya İqtisadi Forumunun hesabatına əsasən, Azərbaycan hökumətin uzunmüddətli strategiyası üzrə dünyada 10-cu yerdə, ölkə rəhbərliyinin islahatlara sadiqliyi sahəsində isə 5-ci yerdə qərarlaşıb. Yenə də Davos hesabatına əsasən, Azərbaycan əhalinin elektrik enerjisinə əlçatanlıq əmsalına görə dünyada 2-ci, dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci, hava nəqliyyatı xidmətlərinin səmərəliliyinə görə 12-ci, dəniz limanları xidmətlərinin səmərəliliyinə görə 25-ci və yol infrastrukturunun keyfiyyəti baxımından 27-ci yerdədir.
Bu ilin aprel ayında Azərbaycan Dünya İqtisadi Forumu ilə Dünya İqtisadi Forumunun Dördüncü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin Azərbaycan Mərkəzinin yaradılmasına dair razılaşma imzalayıb. Ümid edirik ki, Mərkəz İƏT çərçivəsində əməkdaşlığa töhfə verəcəkdir.
COVID-19-a gəlincə, Azərbaycan cari ilin yanvar ayının ortalarından peyvəndlənmə kampaniyasına başlamışdır. Ölkədə yetkin əhalinin 60 faizdən çoxuna iki doza peyvənd vurulmuşdur.
Bu günə qədər ölkədə COVID-dən əziyyət çəkmiş insanlara və biznes subyektlərinə təqribən 3 milyard ABŞ dolları həcmində sosial-iqtisadi dəstək paketi təqdim edilmişdir. 2022-ci ildə həmin məqsədlərə dövlət büdcəsindən 1,6 milyard ABŞ dolları həcmində maliyyə dəstəyi paketi ayrılacaqdır.
Azərbaycan pandemiya ilə mübarizə sahəsində qlobal səylərin səfərbər edilməsi üçün mühüm addımlar atır. Biz “peyvənd millətçiliyi”nin qəti şəkildə əleyhinə olduğumuzu daim vurğulayırıq.
Bu il Qoşulmama Hərəkatının sədri qismində Azərbaycanın təşəbbüsü ilə BMT-nin İnsan Hüquqları Şurası və BMT Baş Assambleyasında bütün ölkələr üçün peyvəndlərdən istifadə məqsədilə bərabər imkanların təmin olunmasına dair qətnamələr qəbul edilib.
Bundan əlavə, Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə 80-ə yaxın ölkəyə birbaşa və Ümumdünya Səhiyyə Təşkilatının xətti ilə maliyyə və humanitar yardımı etmişdir.
Hörmətli həmkarlar, 2020-ci ildə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına son qoydu. 44 günlük Vətən müharibəsi Ermənistanın məğlubiyyəti və 2020-ci il noyabrın 10-da kapitulyasiya aktını imzalamasına məcbur edilməsi ilə nəticələndi. Azərbaycan özü öz ərazi bütövlüyünü bərpa etdi. Azərbaycan özü BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamənin icrasını təmin etdi.
İşğal dövründə həmin ərazilərdə bütün şəhər və kəndlər, o cümlədən mədəni və dini irs abidələri Ermənistan tərəfindən yerlə-yeksan edilib. Bütün müsəlmanlara qarşı təhqir və nifrət zəminində Ermənistan bizim məscidləri dağıtmış və təhqir etmiş, o cümlədən onlardan donuz və inək tövləsi kimi istifadə etmişdir. İşğal dövründə həmin ərazilərdə 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər iki məscidə isə ciddi zərər dəymişdir. Qəbiristanlıqlar da vandalizmə məruz qalmışdır.
Ərazilərin azad olunmasından dərhal sonra biz genişmiqyaslı yenidənqurma işlərinə başlamışıq ki, artıq onların ilkin nəticələri var. Azərbaycan yalnız özünün maliyyə resurslarına arxalanaraq, sıfırdan yeni şəhər və kəndlər salır. Bu il bu məqsədlərə dövlət büdcəsindən 1,3 milyard ABŞ dolları ayrılmışdır. 2022-ci ildə də bu işlərə ən azı eyni həcmdə vəsait ayrılacaqdır.
Mən azad olunmuş Qarabağı və Şərqi Zəngəzuru yaşıl enerji zonası elan etmişəm. Azad olunmuş ərazilərin təsdiqlənmiş potensialı 7200 meqavat günəş və 2000 meqavat külək enerjisi təşkil edir.
İqtisadi Əməkdaşlıq Təşkilatının sonuncu Zirvə Toplantısında mən həmkarlarıma Zəngəzur dəhlizi haqqında məlumat vermişdim. Bu gün deyə bilərəm ki, Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. Əminəm ki, İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər".
***
Noyabrın 28-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə toplantısı öz işinə başlayıb. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edir.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevi qarşılayıb.
Dövlət başçıları xatirə şəkli çəkdiriblər.
Sonra Prezident Qurbanqulu Berdiməhəmmədov İqtisadi Əməkdaşlıq Təşkilatının XV Zirvə toplantısında iştirak etmək üçün Türkmənistana gələn digər qonaqları qarşılayıb.
Dövlət və hökumət başçıları birgə foto çəkdiriblər.
Xəbər lenti
0