CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yer altındakı düşmənlərimiz...

© Sputnik / Emin AlisahibANAMA-nın əməkdaşı Bəhruz Nəsirov
ANAMA-nın əməkdaşı Bəhruz Nəsirov - Sputnik Azərbaycan, 1920, 26.11.2021
Abunə olmaq
Partlayıcı qurğuların axtarışı və zərərsizləşdirilməsi yolunda ANAMA-nın minaaxtaranları hər gün həyatlarını təhlükəyə atırlar. Bəzən də düşmənin mina "sürpriz"inin qurbanı olurlar. Sputnik Azərbaycan-ın növbəti müsahibi Bəhruz Nəsirov da belələrindəndir.
BAKI, 26 noyabr — Sputnik. "Minaaxtaran kimi işləmək üçün mütəmadi olaraq təlimlərə cəlb olunur, imtahanlar veririk, yeni qurğular haqda məlumatlar əldə edir, bu sahədə biliklərimizi təkmilləşdiririk. Eyni zamanda icra etdiyimiz əməliyyatlara sahə rəhbərlərimiz və monitorinq işçilərimiz tərəfindən nəzarət olunur".
Bunu ANAMA-nın əməkdaşı Bəhruz Nəsirov deyir. O bildirir ki, iyirmi ilə yaxındır ki, minatəmizləmə əməliyyatı ilə məşğuldur. Amma bu qədər peşəkar olmasına baxmayaraq, o da ermənilərin basdırdığı minadan zərər çəkib.
“Füzuli rayonunun Horadiz kəndində yaşayıram. Burada doğulmuşam. İyirmi ildir minaaxtaranam. Özüm də mina qurbanı olmuşam. Bizim üzərimizdə qoruyucu geyim, xüsusi baş geyimi olur. Bunların sayəsində sağ qalmışam.
© Sputnik / Emin AlisahibANAMA-nın əməkdaşı Bəhruz Nəsirov oğlu Tapdıq Nəsirovla birgə
Bəhruz Nəsirov  - Sputnik Azərbaycan, 1920, 25.11.2021
ANAMA-nın əməkdaşı Bəhruz Nəsirov oğlu Tapdıq Nəsirovla birgə
Standart əməliyyat prosedurlarımız var ki, biz onlara uyğun işləyirik. Amma bəzən görürsən ki, kənar şəxslər, yerlilər işğaldan azad edilən torpaqlara getmək üçün can atırlar. Sağ olsun Ali Baş Komandanımız, cənab İlham Əliyev, rəşadətli Ordumuz, onların sayəsində torpaqlarımız işğaldan azad olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Ordumuza güc-qüvvət versin. Bundan sonra güc bizə düşür - gözə görünməyən düşmənlərlə müharibə aparırıq. Bu daha da çətindir. Yer altındadırlar. Yeraltı düşmənlərdir onlar..." - Nəsirov deyir.

Ağla gəlməyən sürprizlər

Müsahibimiz bildirir ki, düşmən minaları həddən artıq çox, özü də üst-üstə basdırıb, sanki "sendviç" düzəldib.
"Ərazilər çox təhlükəlidir. Partlayış qəlpəli minanın üstünə digər minanı qoyublar. Tank əleyhinə minaların üstünə piyada əleyhinə minalar düzüblər. Biri var, partlayanda hansısa hissən amputasiya oluna, biri var, xəsarət yetirə, biri də var, adamı məhv eləyə. Bax bu üst-üstə minalar adamı məhv etmək gücünə malikdir.
© Sputnik / Emin AlisahibANAMA-nın əməkdaşı Bəhruz Nəsirovun sertifikatı
Bəhruz Nəsirov  - Sputnik Azərbaycan, 1920, 25.11.2021
ANAMA-nın əməkdaşı Bəhruz Nəsirovun sertifikatı
Buna görə bir daha fürsətdən istifadə edib, xahiş edirik ki, vətəndaşlarımız qadağan olunmuş ərazilərə girməsinlər. Çünki ağla gəlməyən yerlərdə mina basdırıla bilər. İyirmi ilin minaaxtaranlarıyıq. Heç biz özümüz cığırdan kənara keçmirik. Bir işarə qoyuruq və hər kəsə də tapşırırıq ki, həmin ərazidən kənara çıxmayın. Bunu anlayışla qəbul edənlərə təşəkkür edirik. Səbirli olsunlar, sadəcə ərazilər minalardan təmizləndikdə dövlətimiz özü şərait yaradacaq, hər kəs gedib öz evini ziyarət edə biləcək".

Müharibə hələ davam edir

Bəhruzun azyaşlı oğlu da var. Tapdıq Nəsirov deyir ki, o da atasından bütün bu təlimatları alıb, sinif yoldaşları arasında təbliğ edir.
© Sputnik / Emin AlisahibANAMA-nın əməkdaşı Bəhruz Nəsirov iş yoldaşı ilə
Bəhruz Nəsirov  - Sputnik Azərbaycan, 1920, 25.11.2021
ANAMA-nın əməkdaşı Bəhruz Nəsirov iş yoldaşı ilə
"2008-ci ildə Horadiz kəndində anadan olmuşam. Hazırda orta məktəbdə təhsil alıram. Mən fəxr edirəm ki, atam kimi bir kişinin oğluyam. Çünki o, minaaxtarandır və hər minanı aşkarladıqca bir insanın həyatını xilas edir. İnsanlara tövsiyə edirəm ki, minalardan təmizlənməyən ərazilərə getməsinlər. Müharibəmiz 44 günə bitdi, amma gözlə görünməyən minalar hələ bitməyib.
Mənim atam minadan xəsarət aldı. Çox şükür ki, amputasiyası olmadı. Lakin ayağına, üzünə çoxsaylı qəlpələr girdi, döş qəfəsinin sıxılması oldu. İndi başında şiddətli ağrılar olur", - Tapdıq deyir.

Torpaq altında qaldıqca mina həssaslaşır

Bəhruz Nəsirov deyir ki, övladına bu kimi məlumatları ötürməkdə məqsədi uşaqlar arasında da təhlükəsizliyin təbliğini gücləndirməkdir.
“Qoy həmin şagirdlər də evlərində bu barədə danışsınlar. Deyə bilərsiniz ki, onların valideynləri uşaqlarının sözünü dinləməzlər. Dinləyəcəklər, əlbəttə ki... O uşaqlar valideynlərinə "istəmirəm atam şikəst qalsın" dedikdə istər-istəməz böyüklər onların sözünün fərqinə varacaqlar. Bu yolla bir neçə nəfəri təlimatlandırmış oluruqsa, onun özü də böyük işdir".
Bəhruz Nəsirov həmçinin bildirir ki, beynəlxalq minatəmizləmə standartlarına əsasən, minatəmizləmə əməliyyatı aparılarkən yaxınlıqda mülki şəxs olarsa, o zaman bütün əməliyyatlar dayandırılmalı, bütün təhlükəsizlik qaydalarına riayət olunmalıdır. Bəzi insanlar yanlış olaraq düşünürlər ki, mina üzərinə ayaq basdılarsa, üzərində dayanıblarsa, o partlamayacaq, ayağını çəkərsə, partlayış olacaq.
© Sputnik / Emin AlisahibANAMA-nın əməkdaşı Bəhruz Nəsirov həmkarları ilə birgə
Bəhruz Nəsirov - Sputnik Azərbaycan, 1920, 25.11.2021
ANAMA-nın əməkdaşı Bəhruz Nəsirov həmkarları ilə birgə
"Minanın üzərinə ayaq basdınızsa, o artıq işə düşür. 0,3 saniyə ərzində mina partlayacaq. Yəni insan heç ayağını çəkməyə və ya hər hansı üsulla özünü qorumağa macal tapmayacaq. Bəziləri isə xəbərdarlıqlara məhəl qoymadan minalanmış əraziyə daxil olur, həyat üçün təhlükəli əşyaya toxunurlar. Təhlükəli ərazilərdə rastlaşdığınız hər bir naməlum əşya partlayıcı qurğu ola bilər, bu səbəbdən şübhəli əşyalara toxunmaq olmaz.
İnsanlar anlamalıdırlar ki, vaxt keçdikcə minalar daha təhlükəli olur. Nə qədər çox torpaq altında qalsa, bir o qədər həssaslaşır. Cüzi toxunuş ölümlə nəticələnməsə də, şikəst etmək ethimalı yüksəkdir. Sahədə bir ədəd mina tapılanda, o deməkdir ki, burada onlarla, yüzlərlə mina ola bilər. Bunlar hamısı "müharibə qalıqlarıdır", vətəndaşımızın həyatı və sağlamlığı üçün təhlükədir. Minalardan sığortalanmaq mümkün deyil, hadisə baş versə, düşünün ki, ömürlük əlil qala bilərsiniz", - mütəxəssis söyləyir.
Xəbər lenti
0