Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

"İki istiqamətdən zərbə" – Pentaqon Rusiya sərhədində nə törədir

© AFP 2023 / FREDERIC WALLOISPentaqon
Pentaqon  - Sputnik Azərbaycan, 1920, 25.11.2021
Abunə olmaq
Qərb hərbi hazırlıqla yanaşı, Rusiyaya qarşı fəal informasiya kampaniyası da aparır. Əslində bu, 2014-cü ildən bəri davam edir, amma ABŞ müdafiə naziri Lloyd Ostinin Ukraynaya səfərindən sonra əməlli-başlı isterikaya çevrilib.
BAKI, 25 noyabr — Sputnik, Andrey Kots. Vaşinqton Moskva ilə qarşıdurmada stavkanı qaldırır. Bu günlərdə Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-ın strateji aviasiyasının fəallığının kəskin şəkildə artdığına diqqət çəkib. Bəyanat getdikcə daha da kəskinləşən anti-Rusiya mülahizələri fonunda səsləndirilib.
Niyə okeanın o tərəfindən vəziyyəti qızışdırmağa çalışırlar? Sualın cavabı RİA Novosti-nin növbəti materialında.
"Nüvə" məşqi
Amerikanın B-1B və B-52 "strateqləri" bizim sərhədlərə elə-belə baş çəkmirlər: Şoyqunun sözlərinə görə, təyyarəçilər qanadlı raketlərdən istifadəni məşq edir və Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vurmağı öyrənirlər. Özü də kifayət qədər intensiv şəkildə: bu ay ərzində 30 dəfəyə yaxın belə uçuş baş tutub ki, bu da ötən ilin noyabr ayı ilə müqayisədə 2,5 dəfə çoxdur.
Bu yalnız bir şeydən xəbər verir: Pentaqon mümkün qədər daha çox strateji bombardmançı heyəti Moskva ilə potensial silahlı münaqişəyə hazırlamağa çalışır.
Bu yaxınlarda baş tutan "Global Thunder" təlimləri də elə bu məsələyə həsr olunmuşdu. Şoyqu məlumat verib ki, on təyyarə Rusiyaya eyni anda qərbdən və şərqdən nüvə zərbəsi endirməyi məşq ediblər. Onlar Rusiya sərhədindən cəmi 20 kilometr aralıda manevr ediblər. Hər bir halda, real müharibə şəraitində onları çətin ki, bu qədər yaxına buraxsınlar.
"Bizim hava hücumundan müdafiə vasitələrimiz Amerikanın strateji bombardmançılarını vaxtında aşkarlayaraq fasiləsiz nəzarət mexanizmi qurub və insidentlərin qarşısını almaq üçün tədbirlər görüblər", – deyə nazir vurğulayıb.
Həssas zərbə
Amerikalılar təyyarələrinin kimə qarşı hərəkət etdiyini gizlətmək fikrində deyillər. Oktyabrın sonlarında B-1B "cütlüyü"nün Krım sahillərində uçuşundan dərhal sonra "Forbes" nəşri yazdı: "strateqlər" yeni tapşırığı – Baltik və Qara dəniz donanmalarının LRASM gəmi əleyhinə raketləri ilə məhvini – məşq edirlər.
Noyabrda isə "Popular Mechanics" jurnalı yazdı ki, F-35 beşinci nəsil qırıcılarını Rusiya Strateji Raket Qüvvələrinin komanda məntəqələrinə zərbə endirmək üçün B61-12 termonüvə bombaları ilə silahlandıracaqlar.
"Dünyada mövcud olan mürəkkəb hərbi-siyasi vəziyyət və NATO ölkələrinin Rusiya sərhədində artan fəallığı silahlı qüvvələrin bundan sonrakı keyfiyyətli inkişafını diktə edir. Əsas prioritetlər –döyüş qabiliyyətinin yüksəldilməsi, nüvə qüvvələrinin döyüş hazırlığının dəstəklənməsi və qeyri-nüvə qüvvələrinin potensialının gücləndirilməsidir", – deyə Sergey Şoyqu vurğulayıb.
Noyabrın ortalarında Rusiya peyk əleyhinə silahı sınaqdan keçirdi. Müdafiə Nazirliyi 1982-ci ildən orbitdə olan "Selina-D" kosmik gəmisinin adı açıqlanmayan raketlə uğurla məhv edilməsi barədə məlumat verdi. Amerikalılar əsəbləşdilər. Rəsmi şəxslər Moskvanı kosmosun hərbiləşdirilməsində və Beynəlxalq Kosmik Stansiya üçün təhlükə yaratmaqda ittiham etdilər.
Belə əsəbi reaksiyanın səbəbi o idi ki, Vaşinqtonda strateji aviasiya da daxil olmaqla, bütün NATO qoşunlarının bağlı olduğu peyk qrupuna görə narahatdırlar.
İnformasiya təzyiqi
Qərb hərbi hazırlıqla yanaşı, Rusiyaya qarşı fəal informasiya kampaniyası da aparır. Əslində bu, 2014-cü ildən bəri davam edir, amma ABŞ müdafiə naziri Lloyd Ostinin Ukraynaya səfərindən sonra əməlli-başlı isterikaya çevrilib. Qərb mətbuatı və siyasətçiləri hər gün Rusiyanı Ukrayna ilə münaqişəyə hazırlıq görməkdə ittiham edirlər.
Bu "təzyiq" oktyabr ayında "Politico" nəşrinin açıq hücumundan sonra başladı. Nəşr yazırdı ki, guya Kreml qoşunları genişmiqyaslı hücuma hazırlayır. Jurnalistlər döyüş texnikasının və şəxsi heyətin Smolensk vilayətinin Yelnya şəhərində cəmləşdiyini bildirirdilər. Düzdür, oradan Ukraynaya kimi 250 kilometrdən çox məsafə olduğunu dəqiqləşdirmək üçün zəhmət çəkməmişdilər.
Ukrayna Silahlı Qüvvələrinin komandanlığı bu informasiyanı təkzib etdi və əminliklə bildirdi ki, kəşfiyyat Rusiya qoşunlarının cəmləşməsini qeydə almayıb. Amma belə görünür ki, bir qədər sonra Kiyev Vaşinqtondan yeni əmrlər almağa başladı və Ukrayna mətbuatı Qərb kuratorlarının Rusiyanın gözlənilən hücumu barədə dediklərini təkrarlamağa başladı. Hətta tarix də verdi: Katoliklərin Milad bayramı və ya yanvarın sonları, fevralın əvvəllərində.
"Son vaxtlar ABŞ və NATO ölkələrində Rusiya və Çinə qarşı yönəlmiş fikirlərin həddi-hüdudu yoxdur. Bunun da bir sıra səbəbləri var. Birincisi, koronavirus pandemiyası ucbatından iqtisadi modellər dəyişir: COVID-19 ABŞ-a çox ağır zərbə vurub. İkincisi, 20 illik müharibədən sonra amerikalıların Əfqanıstandan qaçışı Vaşinqtonun heç də hər şeyə qadir olmadığını bütün dünyaya göstərdi. Ağ Evin dünya arenasında əsasən qorxu və siyasi təzyiqə əsaslanan hökmranlığını qoruyub saxlaması getdikcə çətinləşir. ABŞ-ın nüfuzu artıq iki il əvvəlki kimi yüksək deyil. Odur ki, hakimiyyət dairələri və xüsusi xidmət orqanları bütün diqqəti guya dünyada sülhü təhdid edən xarici düşmən obrazının yaradılmasına cəmləşdiriblər", - deyə politoloq, amerikaşünas Sergey Sudakov bildirir.
Ekspertin sözlərinə görə, amerikalılar son hərəkətləri və fikirləri ilə müttəfiqlərinə nəhəng dünya dövlətləri ilə münaqişəyə hazır olduqlarını göstərmək və dünya lideri rolunu möhkəmləndirmək istəyirlər. Ancaq Sudakov əmindir ki, bütün bunlar silah cingildətməkdən başqa bir şey deyil.
"Ağ Ev Rusiya ilə irimiqyaslı müharibəyə hazır deyil. Bizim onlara yetərincə cavab vermək imkanımız var", – deyə o vurğulayır. Bununla belə, Rusiya sərhədində hərbi təxribatlar mümkündür.
Vaşinqton üçün şahmat lövhəsində əsas fiqur Ukraynadır. Kiyevi inadla Donbas probleminin güc yolu ilə həllinə itələyirlər. Bircə məqsəd var: Rusiyanı müharibəyə çəkmək və sonra da Kremli təcavüzkarlıqda ittiham edərək yeni sanksiyalara məruz qoymaq.
Bu geosiyasi "şahmat partiya"nın son gedişi, çox güman ki, yaxın aylarda oynanılacaq.
Xəbər lenti
0