CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının qədim xristian məbədinin dünəni və bu günü

© Sputnik / Murad OrudjevBakıdakı müqəddəs Mixail Arxangel kilsəsinin baş keşişi, protoierey Mefodi Əfəndiyev
Bakıdakı müqəddəs Mixail Arxangel kilsəsinin baş keşişi, protoierey Mefodi Əfəndiyev  - Sputnik Azərbaycan, 1920, 23.11.2021
Abunə olmaq
Bakı sakinləri, islam dininə etiqad edən insanlar yanğından zərər görmüş pravoslav kilsəsinə xeyriyyə yardımı göstərməyə başladılar. Və keşişlər heyrət içində onlardan soruşurdular: "Sizi buna nə vadar edir axı?"
BAKI, 23 noyabr — Sputnik. Bakıdakı müqəddəs Mixail Arxangel kilsəsinin baş keşişi, protoierey Mefodi Əfəndiyev Sputnik Azərbaycan-a eksklüziv müsahibəsində el arasında "Flotski kilsəsi" (Donanma kilsəsi) kimi tanınan bu dini məbədin tarixi və restavrasiya prosesi, pandemiya və 44 günlük müharibə dövründə yaşananlar barədə danışıb.
Kilsə üç tərəfdən məscidlərlə əhatə olunub. Sağında və solunda iki məscid yerləşir, Qafqaz Müsəlmanları İdarəsinin binası isə iki məhəllə yuxarıdadır. İki yəhudi sinaqoqu da bu ərazinin yaxınlığında qərarlaşıb. Beləliklə, bu kiçik ərazidə müxtəlif dinlərin nümayəndələri dinc şəkildə məskunlaşıblar.
Həmsöhbətimiz baş keşiş Mefodi özü də qarışıq ailədəndir: atası azərbaycanlı, anası rusdur, ata müsəlman, ana isə xristianlığın pravoslav qoluna mənsubdur. Və o, Mixail Arxangel kilsəsinin timsalında Azərbaycandakı dini tolerantlıqdan qürurla danışır.
– İndi bizim olduğumuz kilsə Azərbaycanın ən qədim pravoslav məbədlərindən biridir. Təəssüf ki, biz bu kilsənin dəqiq nə vaxt inşa olunduğunu bilmirik. Hətta ötən əsrin əvvəllərində nəşr olunmuş Bakı quberniyasının pravoslav kilsələrinin tarixinə dair əsərində protoierey Aleksandr Yunitski bu məbəd haqqında yazırdı ki, onun nə vaxt və kim tərəfindən tikildiyi dəqiq məlum deyil. Təxminən söhbət 1840-1845-ci illərdən gedir.
Kilsə müqəddəs ata Arxangel Mixailin şərəfinə adlandırılsa da, bakılılar ona el arasında "Flotski kilsəsi" deyirlər. Çünki kilsə əvvəllər Xəzər donanması idarəetməsində olub. XIX əsrin ikinci yarısında Bayılda Moskva mitropoliti Müqəddəs Aleksinin şərəfinə yeni hərbi dəniz kafedralı tikiləndə Mixail Arxangel kilsəsi 262-cı Salyan piyada alayının tabeliyinə verilib. Sonra bu alay üçün hazırkı kafedral tikilib və "Flotski kilsəsi" sadə provaslavların ibadətinə açılıb.
Sovet dövründə, 1936-cı ildə məbəd qapadılıb və onun binasında yataqxana fəaliyyət göstərməyə başlayıb.
Azərbaycandakı mövcud pravoslav kilsələrindən ən qədimi olan bu məbəd bir neçə dəfə restavrasiya olunub. İlk dəfə burada təmir-bərpa işləri 1891-1892-ci illərdə həyata keçirilib.
Bina 1946-cı ildə kilsəyə qaytarıldıqdan sonra burada yenidən restavrasiya işləri aparılıb və lazımi vəziyyətə gətirilib.

Heydər Əliyev Bakı Müqəddəs Mixail Arxangel kilsəsini necə xilas etdi?

Bakıdakı Mixail Arxangel kilsəsində sonuncu dəfə təmir işləri 1967-ci ildə aparılıb. Buna kifayət qədər faciəvi hadisələr səbəb olub və hətta dini məbədin mövcudluğu belə, təhlükə altına düşüb.
© Photo : Courtesy of Mefodiy EfendievBakıdakı müqəddəs Mixail Arxangel kilsəsi yanğından sonra
Храм Архангела Михаила в Баку после пожара - Sputnik Azərbaycan, 1920, 22.11.2021
Bakıdakı müqəddəs Mixail Arxangel kilsəsi yanğından sonra
Həmin il kilsədə yanğın baş verib. Nə kilsənin avadanlığını, nə ikonostası (pravoslav kilsələrində ikonaların asıldığı divar – red.), nə də inqilabaqədərki divar naxışlarını yanğından qurtarmaq olub. Yalnız protoierey İlya Voroninin fədakarlığı sayəsində mehrab, "İncil", xaçlar və başqa kilsə atributlarını yanğından çıxarmaq mümkün olub.
© Photo : Courtesy of Mefodiy EfendievBakıdakı müqəddəs Mixail Arxangel kilsəsi yanğından sonra
Храм Архангела Михаила в Баку после пожара - Sputnik Azərbaycan, 1920, 22.11.2021
Bakıdakı müqəddəs Mixail Arxangel kilsəsi yanğından sonra
Həmin dövrün yazılmamış qanunlarına görə, məbədi bağlanmaq təhlükəsi gözləyirdi. Ancaq həmin vaxt Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsində çalışan Heydər Əliyevin müdaxiləsi və böyük dəstəyi sayəsində Bakıdakı bu xristian məbədi xilas edilib və bərpa olunub.
Dindarlar və bütün pravoslav icması üçün ümummilli liderin çətin zamanda kilsənin həyatına belə həssas münasibəti örnək alınacaq hərəkət kimi qiymətləndirilə bilər.
Həmin dövrdə kilsənin keşişləri və başqa işçiləri indiki kimi Azərbaycan vətəndaşlarından, burada doğulan insanlardan təyin olunmur, Bakıya ucsuz-bucaqsız Sovet İttifaqının ən müxtəlif guşələrindən göndərilirdi.
Bakı sakinləri, islam dininə etiqad edən müsəlmanlar yanğından zərər görmüş kilsəyə xeyriyyə yardımı göstərməyə başladılar: kimi öz qiymətli əşyasını, sırğasını, üzüyünü bağışlayır, kimi də maddi yardım edirdi. Və keşişlər heyrət içində onlardan soruşurdular: "Sizi buna nə vadar edir? Axı siz müsəlmansınız? Niyə pravoslav məbədinin bərpasına yardım edirsiniz? Bu necə ola bilər? Bizim dini inancımız, dünyagörüşümüz tamamilə fərqlidir axı?"
Cavab isə çox dolğun və gözlənilməz olub: "Vay o şəhərin halına ki, orada Allahın evi yanıb külə dönsün".
Təmir-bərpa işləri başa çatandan sonra kilsənin qapıları dindarların üzünə açılıb. Ötən əsrin 90-cı illərində ölkədə ağır iqtisadi vəziyyət kilsə icmasının həyatına da öz təsirini göstərib. Dini məbədi saxlamaq, adi istilik, təmir problemlərini həll etmək belə, problemə çevrilib. Divar naxışları ovxalanıb tökülürdü, binanın damı və günbəzi bərbad vəziyyətə düşmüşdü.
90-cı illərin birinci yarısında kilsədə təmir işlərinin aparılmasına cəhd edilsə də, əldə olan vəsait yalnız bütün divarları boyamağa çatdı, divar naxışları isə artıq tamamilə sıradan çıxmışdı.
2010-cu illərdən etibarən məbədin həyatında müəyyən dəyişikliklər nəzərə çarpmağa başladı. 2013-cü ildə dördmərtəbəli yeni binanın tikintisinə start verildi. 2015-ci ildə Azərbaycan VTB Bankının İdarə Heyətinin sədri Yuri Yakovlevin (təəssüf ki, o, keçən il dünyasını dəyişdi) köməyi sayəsində kilsənin dam örtüyü tamamilə yeniləndi. Həmin vaxt kilsənin damı tamamilə sıradan çıxmışdı, yağış yağanda tavan damdığından məbəddə acınacaqlı mənzərə hökm sürürdü: hər tərəfdə döşəmənin üstünə vedrələr, ləyənlər düzülürdü. Onda Yakovlev bankın müsəlman müştərilərindən kilsəyə köməklik göstərmələrini xahiş edir.
Və müsəlmanların müqəddəs Ramazan ayı başlayanda şirkətin nümayəndələri kilsəyə gəlib deyirlər: "Dam örtüyünü təmir etmək istəyirik. Müqəddəs Ramazan ayı başlayıb və biz bu ay mümkün qədər çox xeyir iş görməliyik. Pravoslav kilsəsinin damını yeniləmək də belə işlərdən biridir".
2018-ci ildə xeyirxah insanların dəstəyi sayəsində kilsəyə yeni günbəz və qızıl xaç qurulur, bir ildən sonra isə təmir-tamamlama işləri başa çatdırılır.
Son illərdə kilsəyə yeni pəncərələr, dekorativ barmaqlıqlar quraşdırılıb, istilik sistemi çəkilib, köhnə kilsə binasının dam örtüyü dəyişdirilib, binanın küçə fasadı bərpa edilib. Eyni zamanda, kilsəyə təmənnasız yardım edən memar Sabir Məhərrəmovun layihəsi əsasında yeni darvazalar quraşdırılıb.
© Sputnik / Murad OrudjevBakıdakı müqəddəs Mixail Arxangel kilsəsinin baş keşişi, protoierey Mefodi Əfəndiyev
Протоиерей Мефодий Эфендиев
 - Sputnik Azərbaycan, 1920, 22.11.2021
Bakıdakı müqəddəs Mixail Arxangel kilsəsinin baş keşişi, protoierey Mefodi Əfəndiyev

Bakının qədim dini məbədinin yeni həyatı

2020-cı ildə kilsənin həyatında sevincli, eyni zamanda, çoxdan gözlənilən hadisə baş verir – dövlət dəstəyi əsasında burada təmir-bərpa işlərinə başlanılır. Və bütün bunlar koronavirus infeksiyasının yayıldığı çətin şəraitdə həyata keçirilir.
Hazırda Bakıdakı müqəddəs Mixail Arxangel kilsəsində dövlət dəstəyi ilə təmir işləri davam etdirilir. Bu iş yerli tikinti şirkətlərindən birinə həvalə olunub.
Bir ildən bir qədər artıq müddətdə çox böyük işlər görülüb. Hazırda məbəddə Rusiyanın məşhur ikona rəssamları çalışırlar. Təəssüf ki, əlimizdə məbədin inqilabaqədərki və müharibədən sonrakı interyeri ilə bağlı məlumatlar yoxdur. Yalnız daha sonrakı dövrə məxsus tavan rəsmləri qorunub saxlanılıb ki, onlar nəzərə alınaraq təmir-bərpa işləri həyata keçirilib.
Kilsə ərazisinə gəlincə, dövlət dəstəyi sayəsində yeni kilsə binasının dördüncü mərtəbəsinin içəri hissəsində təmir işlərini tamamilə başa çatdırmaq mümkün olub. Binanın daşla üzlənməsi də həyata keçirilib ki, kilsənin uzun illər bu işi yerinə yetirməyə vəsaiti çatmırdı.
Həmçinin, məbədin və köhnə kilsə binasının həyət tərəfdəki fasadı bərpa edilib, həyətinə yüksək keyfiyyətli daş döşənib, yeni zəng qülləsi tikilib, məbədin ərazisini hündürmərtəbəli binadan ayıran divar inşa olunub.
Görülən işlərin həcmi çox böyük olsa da, kilsənin istismara verilməsi üçün bir sıra bahalı restavrasiya və tikinti işləri də aparılmalıdır.
İlk növbədə, söhbət həm bakılıları, həm də şəhərimizin qonaqlarını valeh edən XIX əsrə aid unikal naxışlı taxta ikonastasın restavrasiyasından gedir. Eyni zamanda, kilsənin qapı-pəncərəsindəki və xorundakı divar rəsmlərinin bərpasına da ehtiyac var. Bundan başqa, məbədin ərazisində ən müasir texniki tələblərə cavab verən müqəddəs ibadətgahın və zəng qülləsi üzərində günbəzin tikintisi nəzərdə tutulur. Hazırda bütün bunlarla bağlı danışıqlar gedir və güman edilir ki, yaxın vaxtlarda həmin məsələlər öz həllini tapacaq, təmirdən sonra, gələn il kilsə öz qapılarını dindarların üzünə açacaq.

Pandemiya – kilsənin həyatında ən çətin dövr

– Keçən il hamımız yeni koronavirus infeksiyası ilə qarşı-qarşıya qaldıq. Bu virusun bütün dünyada geniş yayılması bəşəriyyətin gündəlik həyatında nəzərəçarpacaq dəyişikliklərə səbəb oldu, əvvəllər bizə sarsılmaz görünən, alışdığımız həyat tərzimizi pozdu və insan həyatının nə qədər kövrək olduğunu açıq şəkildə göstərdi.
© Sputnik / Murad OrudjevBakıdakı müqəddəs Mixail Arxangel kilsəsinin baş keşişi, protoierey Mefodi Əfəndiyev
Протоиерей Мефодий Эфендиев
 - Sputnik Azərbaycan, 1920, 22.11.2021
Bakıdakı müqəddəs Mixail Arxangel kilsəsinin baş keşişi, protoierey Mefodi Əfəndiyev
Hələ 2019-cu ilin axırlarında elə bilirdik ki, bu xəstəlik bizdən yan keçəcək, fikirləşirdik ki, virus, onun yayıldığı yer Azərbaycandan çox-çox uzaqdadır. Amma bir neçə aydan sonra ölkəmizdə pandemiyanın yayılmasının qarşısını almaq üçün sistemli şəkildə, bir-birinin ardınca məhdudlaşdırıcı tədbirlər tətbiq olunmağa başlanıldı: təhsil müəssisələrini bağladılar, qonşu ölkələrlə nəqliyyat əlaqələri dayandırıldı, kütləvi tədbirlərin keçirilməsinə qadağa qoyuldu.
Bütün bunlar insanlara dəhşətli yuxu kimi gəlirdi, çoxları azadlıqlarının bu şəkildə məhdudlaşdırılması, alışdıqları həyat ritminin dəyişməsi ilə barışmaq istəmirdilər. Onlara elə gəlirdi ki, bir-iki həftədən sonra həyat öz axarına düşəcək. Ancaq bir ildən çox ictimai həyatın bütün sahələrini əhatə edən məhdudiyyətlərə əməl etməli olduq. Həmin məhdudiyyətlər dini icmalardan da yan keçmədi.
Vəziyyətin nə qədər ciddi olduğunu başa düşərək, eləcə də, koronavirus pandemiyasının yayılmasının qarşısının alınmasında ölkə rəhbərliyini dəstəkləmək üçün Azərbaycanın ənənəvi dini icmalarının nümayəndələri və rəhbərləri 2020-ci il martın 17-də Operativ Qərargahla birlikdə geniş müşavirə keçirdilər. Həmin müşavirədə artıq tətbiq olunan məhdudiyyətlərlə yanaşı, dini obyektlərin, müqəddəs məkanların və ibadət yerlərinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olundu.
Bir ildən çoxdur ki, daha dəqiq desək, təxminən 15 aydır ki, Bakıdakı müqəddəs Mixail Arxangel kilsəsi digər dini obyektlər kimi dindarların kütləvi şəkildə ibadətinə bağlanıb. Bu dövr həm kilsənin, həm də ümumilikdə bütün dini icmanın həyatında ən mürəkkəb vaxtlardan biri sayıla bilər. Sərt karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq işçilərin təxminən 70 faizini uzunmüddətli məzuniyyətə göndərməli olduq: texniki əməkdaşları, kilsə xorunu, aşpazları və s. Ancaq bu şəraitdə belə gündəlik ibadət mərasimlərinin keçirilməsini təşkil edə bildik. Dini ayinlər bağlı qapı arxasında və dindarların iştirakı olmadan həyata keçirilirdi. Lakin bunun özü belə dindarlar üçün böyük təsəlli idi. Onlar əmin idilər ki, belə ağır dövrdə belə, keşiş kilsədə ölülərə və dirilərə dua oxuyur.
Fərdi qaydada məbədi ziyarət etmək və keşişlə ünsiyyət qurmaq üçün xüsusi sistem yaradıldı. Həmçinin, keşiş müxtəlif səbəblərdən evlərini tərk edə bilməyən, ancaq duaya və mənəvi dəstəyə ehtiyacı olan möminlərə də baş çəkirdi.
Bu çətin zamanda vəziyyətin ağırlığına baxmayaraq, baş keşişin xeyir-duası ilə sosial yardımla bağlı humanitar və xeyriyyə layihəsinə başlanıldı. Məqsəd ölkəmizdə sosial təcrid və xüsusi karantin rejiminin tətbiqindən sonra çıxılmaz vəziyyətə düşən, ehtiyacı olan yoxsul vətəndaşlara dəstək olmaq idi. Qayğıkeş insanların iştirakı və dəstəyi sayəsində dörd ayda 400-ə yaxın ailəyə ərzaq bağlaması şəklində yardım edildi.
© Sputnik / Murad OrudjevBakıdakı müqəddəs Mixail Arxangel kilsəsinin baş keşişi, protoierey Mefodi Əfəndiyev
Протоиерей Мефодий Эфендиев
 - Sputnik Azərbaycan, 1920, 22.11.2021
Bakıdakı müqəddəs Mixail Arxangel kilsəsinin baş keşişi, protoierey Mefodi Əfəndiyev
Xüsusi karantin rejimində kilsənin ödəmə qabiliyyətinin saxlanılmasına gəlincə, burada ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, çox hörmətli İlham Əliyevin sərəncamı ilə dini icmalara hər il verilən maddi yardımı qeyd etmək lazımdır. Mərhum arxiyepiskop Aleksandrın vaxtilə Bakı yeparxiyasının kilsələrinə payladığı məhz bu yardım sayəsində pandemiya zamanı müqəddəs Mixail Arxangel kilsəsinin kommunal və digər ödənişlərini həyata keçirmək mümkün oldu.

Qırx dörd günlük müharibədə Azərbaycan əsgərinə dəstək

- 2020-ci il Azərbaycan Respublikasının hər bir vətəndaşı üçün ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası, dünya birliyinin lap əvvəldən Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdığı torpaqlarımızın uzunmüddətli işğaldan azad edilməsi ilə yadda qaldı.
Otuz il ərzində bütün dünyaya səbir və sülh nümunəsi göstərən Azərbaycan xalqı öz torpaqlarını sülh yolu ilə azad etməyə, doğma yurd-yuvalarından didərgin düşmüş minlərlə ailənin geri qayıda bilməsinə çalışdı. Çoxsaylı belə cəhdlərdən sonra Azərbaycan xalqı Ali Baş Komandanının ətrafında sıx birləşərək bir daha gücün birlikdə olduğunu nümayiş etdirdi. Müxtəlif millətlərdən olan minlərlə ölkə vətəndaşı, ənənəvi dini icmaların nümayəndələri də vətən sevgisi ilə könüllü şəkildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin sıralarına yazıldılar. İşğal olunmuş torpaqların azad edilməsində nizami orduya könüllü kömək etmək istəyənlər arasında Müqəddəs Mixail Arxangel dini icmasının üzvləri, pravoslav xristianları da var idi.
Vətənin müdafiəçiləri canları bahasına ölkənin ərazi bütövlüyünü bərpa edərkən, arxa cəbhədə cəmiyyətimizin birliyinin möhkəmləndirilməsi istiqamətində çox böyük işlər görülürdü. Bu müharibəni Azərbaycan xalqının qurtuluş savaşı kimi deyil, müsəlmanlarla xristianlar arasında yaşanan münaqişə kimi təqdim etmək istəyirdilər. Ancaq Azərbaycan cəmiyyəti hətta müharibə dövründə də multikulturalizmin təməl prinsiplərindən uzaqlaşmadı.
Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi kimi pravoslav icmasının nümayəndələri də öz vətənlərində baş verən hadisələrdən kənarda qala bilməzdilər.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda döyüşlər başlayanda biz də ölkəyə və Vətənimizin müdafiəçilərinə dəstək olmaq üçün əlimizdən gələni etmək istəyirdik. Elə ilk günlərdən əsgərlərimizdə hər hansı bir yolla ruh yüksəkliyi yaratmaq ideyası yarandı. Təbii ki, din xadimləri cəbhəyə gedə bilməzdi, təhlükəsizlik baxımından ora heç kim buraxılmırdı. Bir sıra müzakirələrdən sonra Mixail Arxangel kilsəsi ilə "Azeri Home Chef" kulinariya qrupunun birgə layihəsi ortaya çıxdı.
© Sputnik / Murad OrudjevBakıdakı müqəddəs Mixail Arxangel kilsəsinin baş keşişi, protoierey Mefodi Əfəndiyev
Протоиерей Мефодий Эфендиев
 - Sputnik Azərbaycan, 1920, 22.11.2021
Bakıdakı müqəddəs Mixail Arxangel kilsəsinin baş keşişi, protoierey Mefodi Əfəndiyev
İgid əsgərlərimizə necə kömək edə biləcəyimizi uzun-uzadı götür-qoy edəndən sonra onlar üçün ev yeməklərinin və şirniyyatlarının hazırlanması qərarına gəldik. Əvvəlcə bu yeməklər Bakıda müalicə olunan yaralı hərbçilərə və onları müalicə edən həkimlərə paylandı. Sonra cəbhədəki hərbçilərə də ev yeməkləri göndərməyə başladıq. İstəyirdik bilsinlər ki, arxa cəbhədə onları sevən, gözləyən, narahat olan, ümid edən insanlar var...

Karantindən sonrakı həyat

Bəzi məhdudiyyətlər aradan qaldırılandan sonra həyat yavaş-yavaş normallaşmağa başladı. Növbədə bazar günü məktəbinin işini bərpa etmək var.
Bu il iyun ayının 10-da karantin rejimində, xüsusən də dini obyektlərlə bağlı qaydalarda bəzi yumşalmalar oldu. Dindarların iştirakı ilə ibadət mərasimlərinin keçirilməsinə icazə verildi, amma bir şərtlə ki, həmin mərasimlərə qatılanların sayı 50 nəfərdən çox olmasın. İbadət vaxtı sosial məsafə də saxlanılmalıdır.
Əlbəttə ki, bu, böyük ruh yüksəkliyi ilə qarşılandı. Prinsipcə, kilsənin həyatı da bizim həyatımız kimi iki dövrə bölündü: pandemiyadan əvvəl və pandemiyadan sonra. Pandemiyadan əvvəl, təbii ki, ibadət prosesində iştirak edən dindarların sayı daha çox idi, bunu bazar və bayram günlərində ibadət edənlərin sayına görə qiymətləndirmək olardı - 90-dan 130 nəfərə qədər.
Yalnız indi, müəyyən sərt tədbirlər başa çatandan sonra insanlar yavaş-yavaş kilsəyə gəlməyə, normal həyat ritminə düşməyə və kilsə də işini bərpa etməyə başlayıb. Ancaq adamların çoxunda qapalı məkan qorxusu hələ də qalır.
© Sputnik / Murad OrudjevBakıdakı müqəddəs Mixail Arxangel kilsəsinin baş keşişi, protoierey Mefodi Əfəndiyev
Протоиерей Мефодий Эфендиев
 - Sputnik Azərbaycan, 1920, 22.11.2021
Bakıdakı müqəddəs Mixail Arxangel kilsəsinin baş keşişi, protoierey Mefodi Əfəndiyev
Mixail Arxangel kilsəsinin möminləri arasında fərqli siyasi görüşə sahib, müxtəlif peşələrdən və millətlərdən olan insanlar var: ruslar, ukraynalılar, belaruslar, gürcülər, yunanlar, serblər, azərbaycanlıların müəyyən bir hissəsi və ya burada müqavilə əsasında işləyən xarici dövlətlərin ölkəmizdə nümayəndələri. Bizim hamımızı pravoslav inancı birləşdirir.
Mixail Arxangel kilsəsinin nəzdində uşaqlar üçün bazar günü məktəbi fəaliyyət göstərir. Məktəb yeni binada yerləşir. Əlverişli olsun deyə uşaqlar iki qrupa bölünür: böyük və kiçik yaşlılar.
Müxtəlif karantin tədbirləri çərçivəsində, eləcə də, təmir-bərpa işləri ilə əlaqədar olaraq hazırda uşaqlar üçün bazar günü məktəbinin fəaliyyəti dayandırılıb. İndi siniflərdən birindən ikonaları saxlamaq üçün istifadə olunur, zərər görməsin deyə onları havalı otaqda saxlamaq lazımdır.
Ümid edirik ki, artıq yeni ildən bazar günü məktəbi öz qapılarını yenidən uşaqların üzünə açacaq və balacalar pandemiyaya qədərki dövrdə olduğu kimi dini ibadətdən sonra həmin məktəbdə pravoslavlığın əsaslarını dərk edə, musiqi və rəsm sənətinin sirlərinə yiyələnə biləcəklər.

Azərbaycan dünya xəritəsində unikal nöqtədir

- Azərbaycanda uzun əsrlər boyu unikal multikulturalizm modeli formalaşıb. Bu, təkcə başqa millətin, dinin nümayəndəsi ilə qonşuluq deyil, həm də dinc, mehriban yanaşı yaşamaqdır. Burada müxtəlif dinlərin və millətlərin nümayəndələri nəinki yan-yana yaşayır, həm də ünsiyyət qurur, dostluq edirlər. Çoxlu qarışıq ailələrimiz var.
Bizdə müxtəlif ölkələrdə olduğu kimi ayrıca dini, milli məhəllələr yoxdur. Müxtəlif millətlərin, dini icmaların bütün nümayəndələri bir küçədə, bir evdə, eyni binada mehriban qonşu, qardaş-bacı kimi yaşayırlar.
Uzun illərdir ki, biz xristianlar müsəlmanları, yəhudi dini icmasının üzvlərini dini bayramları münasibətilə təbrik edirik. Onlar da bizi təbrik edirlər və bir-birimizi bayram şirniyyatlarına məsələn, Pasxada və Milad bayramında, qonaq edirik.
Biz dünyaya insanların sülh və harmoniya içində necə yaşaya biləcəyinin nümunəsini göstəririk. Hər birimizi Allah yaradıb və hər birimiz yaxınımızdakı insanları görməli, onlara biganə qalmamalıyıq.
Azərbaycanda nadir insan münasibətləri sistemi formalaşıb. Ona görə də dövlətimiz dinlərarası, millətlərarası münasibətlərin və konstruktiv dialoqun qurulması baxımından dünya ictimaiyyəti üçün kifayət qədər maraq doğurur.
Heç kimə sirr deyil ki, dini icmalarımızın təkcə rəhbərləri yox, həm də üzvləri zəmanəmizin müəyyən çağırışlarına, problemlərinə birgə reaksiya verir, istənilən məsələ ilə bağlı vahid cəbhə kimi çıxış edirlər.
Azərbaycan elə bir ölkədir ki, burada müxtəlif doktrinal mübahisələrə vaxt sərf edilmir, dini icmaların nümayəndələri müəyyən məsələləri birgə həll etməyə çalışırlar. Yəni, onlar xristian, müsəlman, yəhudi olaraq qalır, amma başa düşürlər ki, birlik olmasa, doğma yurdumuzun çiçəklənməsinə nail ola bilməyəcəyik. Biz bu ölkənin oğulları, qızları olaraq çalışmalı, onun inkişafına, möhkəmlənməsinə, çiçəklənməsinə öz töhfəmizi verməliyik.
© Sputnik / Murad OrudjevBakıdakı müqəddəs Mixail Arxangel kilsəsinin baş keşişi, protoierey Mefodi Əfəndiyev
Протоиерей Мефодий Эфендиев
 - Sputnik Azərbaycan, 1920, 22.11.2021
Bakıdakı müqəddəs Mixail Arxangel kilsəsinin baş keşişi, protoierey Mefodi Əfəndiyev
Azərbaycanın bu təcrübəsi çoxlarına maraqlı olacaq. Dini turizmə tələbat artacaq, çünki burada hamı üçün maraqlı, görülməyə dəyəcək məqamlar var. Bir baxın, Mixail Arxangel kilsəsi necə üç tərəfdən məscidlərlə əhatə olunub. Bizim solumuzda və sağımızda iki məscid, iki məhəllə yuxarıda isə Qafqaz Müsəlmanları İdarəsi, yəni müsəlmanların dini mərkəzi yerləşir. Bizdən bir az aşağıda Avropa yəhudilərinin sinaqoqudur, ondan bir qədər aralıda isə dağ yəhudilərinin sinaqoqu qərar tutub. Kifayət qədər kiçik ərazidə müxtəlif dini inancların nümayəndələri dinc yanaşı yaşayırlar.
Ölkəmizin ənənəvi dini icmaların nümayəndələrinin qarşılıqlı əlaqəsi və sülh şəraitində yaşaması ilə bağlı təcrübəsi kifayət qədərdir. Dini turizmin inkişafı zamanı qonaqlar bir sıra maraqlı faktlarla rastlaşa, məsələn, bəzi pravoslav kilsələrinin müsəlmanların vəsaiti hesabına tikildiyini öyrənə bilərlər.
Buradakı pravoslav kilsələrinin, sinaqoqların, məscidlərin tarixini öyrənmək çoxlarına maraqlı gələcək. Onlar əsrlər boyu qarşılıqlı anlaşmaya, mehriban birgə yaşayışa necə nail olunduğunu, azərbaycanlıların başqa dinlərin nümayəndələri ilə sülh və harmoniya şəraitində necə yaşadıqlarını öyrənmək istəyəcəklər. Bu qeyri-adi, bənzərsiz dünya ilə tanışlıq bir çox insanlar üçün maraq doğura bilər.
Xəbər lenti
0