CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Amputasiya olunmuş şəxslər təkrar müayinəyə çağırıla bilməz!

© AP Photo / Hatem MoussaƏlil insanlar, arxiv şəkli
Əlil insanlar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.11.2021
Abunə olmaq
"Əlillik" altsistemində son aylarda 20-dən çox təkmilləşdirmə işi aparılıb, "Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə" adlı yeni altsistem də tətbiq edilib.
BAKI, 19 noyabr — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov amputasiya olunmuş şəxslərin təkrar müayinə edildiyi barədə yayılan məlumatlara münasibət bildirib.
Sputnik Azərbaycan-ın məlumatına görə, əlilliyin qiymətləndirilməsi və reabilitasiya sahəsində görülmüş işlərə dair mətbuat konfransında çıxışı zamanı A.Bayramov bildirib ki, bu barədə bəzən əsassız fikirlər səslənir: "Amputasiya olunan, məsələn, əli, ayağı və ya hər hansı bədən əzası olmayan şəxslərə əlillik müddətsiz (ömürlük) təyin olunur və heç zaman da müayinəyə çağırılmırlar".
Sədr bildirib ki, əlilliyin qiymətləndirilməsinin rəqəmsal infrastrukturunun funksional imkanları, inteqrasiya dairəsi xeyli genişləndirilib: ""Əlillik" altsistemində son aylarda 20-dən çox təkmilləşdirmə işi aparılıb, "Hərbi-həkim ekspertizası və tibbi şəhadətləndirilmə" adlı yeni altsistem də tətbiq edilib. Bu yeniliklər də tibbi-sosial ekspertizanın operativliyi və daha şəffaf həyata keçirilməsi, müraciətlərə obyektiv, çevik baxılması imkanlarını artırıb".
O, həmçinin qeyd edib ki, Vətən müharibəsində yaralanmış, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 160 hərbçi 168 son nəsil protezlə təmin edilib.
A.Bayramov bildirib ki, 2021-ci ilin 10 ayı ərzində Agentlik tərəfindən 7615 nəfər əlilliyi olan şəxsə 38670 protez-ortopedik və digər reabilitasiya vasitələri, o cümlədən 908 mühərrikli təkərli oturacaq verilib: "Son iki ildə nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi əsaslı təmir və yenidənqurmadan sonra müasir avadanlıqlarla təchiz edilmiş şəkildə istifadəyə verilib.
Həmin reabilitasiya müəssisələrində bu ilin 10 ayında əlilliyi olan şəxslərdən, habelə müharibə əlillərindən ibarət 6450 nəfərə reabilitasiya xidmətləri, həmçinin Vətən müharibəsinin 1040 nəfər qazisinə sosial-psixoloji dəstək xidmətləri göstərilib. Müharibə əlillərinin yüksək texnologiyalı, elektron protezlərlə təminatı işləri aparılır və Vətən müharibəsində yaralanmış, aşağı və yuxarı ətrafları amputasiya edilmiş 160 hərbçi 168 son nəsil protezlə təmin edilib".
Xəbər lenti
0