Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Böyrək köçürülməsi üçün növbədə olanlar donor tapa bilmirlər, qanunlar isə işləmir

© AFP 2024 / PIERRE-PHILIPPE MARCOUBöyrək köçürülməsi əməliyyatı, arxiv şəkli
Böyrək köçürülməsi əməliyyatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 18.11.2021
Abunə olmaq
Qanunda meyitdən orqan nəqli, donor bankının yaradılması, orqan bağışlanmasına hazırlıq prosesi, xüsusi transplantasiya klinikalarının açılması kimi məsələlər öz əksini tapıb.
BAKI, 18 noyabr — Sputnik. Böyrək köçürülməsi üçün növbəyə dayanan xəstələrin problemi ötən gün Milli Məclisin Komitə iclasında gündəmə gətirilib. Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov bildirib ki, bu gün əsasən qiyməti baha olan əməliyyatlarla bağlı ciddi problem var. Onun sözlərinə görə, belə halda xəstələr uzun növbələrə dayanmalı olurlar. Komitə sədri böyrək transplantasiyası üçün xeyli sayda xəstənin növbə gözlədiyini bildirib: "Misal üçün, böyrək transplantasiyası ilə bağlı insanlar uzun müddət gözləyir. Düzdür, bu məsələ maliyyə vəsaiti tələb edir, ancaq biz bu məsələni də aradan qaldırmalıyıq".
Sputnik Azərbaycan böyrək transplantasiyası üçün növbənin yaranma səbəbini, çıxış yollarını araşdırıb.
Böyrək xəstələri növbəyə dayanır
M.Cavadzadə adına Respublika Kliniki Uroloji Xəstəxanasından tibb elmləri doktoru İlham Həmidov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bütün dünyada orqan transplantasiyası üçün insanlar növbə gözləyir. İ.Həmidov bildirib ki, hətta könüllü donorluq institutunun olduğu, meyitdən orqan götürülən ölkələrdə də böyrək transplantasiyasında növbələr var. Onun sözlərinə görə, Azərbaycanda da donorları olan xəstələr qeydiyyatdan keçərək növbə gözləyir. Həmsöhbətimiz bildirir ki, növbəlilik prinsipi ilə dövlət xətt ilə bu xəstələrə böyrək köçürülür.
Ya öz səhhətləri böyrək köçürməyə imkan vermir, ya da seçdiyi donorun sağlamlığı
İ.Həmidov bildirib ki, böyrək transplantasiyası ölkəmizdə yerli həkimlər tərəfindən icra edilir. Onun sözlərinə görə, hazırda böyrək köçürülməsi üçün növbədə olanların çoxu 30-45 yaş arası xəstələrdir. İ.Həmidovun sözlərinə görə, hazırda 45-50 arası böyrək transplantasiyası üçün xəstə var. Amma həmsöhbətimiz deyir ki, bu heç də həmin şəxslərin hamısına böyrək köçürüləcəyi anlamına gəlmir:
"Onların hamısı böyrək transplantasiyası üçün qeydiyyatdan keçsə də, əməliyyata yaxın özləri və donorları müayinədən keçirilir. Bu zaman məlum olur ki, ya özləri böyrək transplantasiyası üçün yararlı deyil, yaxud da gətirdikləri donor. Onlar qan köçürdükləri üçün infeksiyaları olur. Müayinə zamanı müxtəlif yanaşı xəstəliklər üzə çıxır. Çoxu öz valideynini donor kimi təqdim edir. 60-65 yaşlı valideynlərdə isə müxtəlif yanaşı xəstəliklər aşkarlanır. Onlar belə halda donor ola bilməzlər. Əgər 20 nəfər böyrək transplantasiyası üçün müraciət edibsə, onlardan ikisi ancaq əməliyyata uyğun gəlir".
Donor çatışmazlığı problemi
Həmsöhbətimiz deyir ki, böyrək çatışmazlığından əziyyət çəkənlərin çoxu orqan transplantasiya etdirmək istəyir. Bəzi xəstələr isə yaxınlarda uyğun donor tapa bilmirlər: "Hazırda Azərbaycanda ancaq yaxın qohumlardan orqan donorluq qəbul edilir".
İ.Həmidov bildirib ki, bu il pandemiya və müharibə səbəbindən böyrək köçürülən xəstələrin sayı azalıb. Onun sözlərinə görə, böyrək köçürülməsi üçün göstəriş fərdidir: "Burada kompleks müayinə aparılır. Bu gün həm dializdən asılı, həmçinin də dializdən asılı olmayanlara böyrək köçürülür".
"Böyrək köçürülməsi üçün növbədəyəm, amma hələ donor tapa bilməmişəm"
Neftçala rayon sakini, 33 yaşlı Ramil Nəcəfov da dializ xəstəsidir. Həmçinin böyrək transplantasiyası üçün növbə gözləyir. R.Nəcəfov deyir ki, artıq dializdən asılı həyat keçirmək onu təngə gətirib. Amma böyrək köçürmək üçün özünə uyğun donor tapa bilmir:
"Mənə deyirlər yaxın qohumlardan uyğun gələn donor olmalıdır. Belə donor da yaxın qohumda, ailə üzvlərimdə yoxdur. 1997-ci ildə böyrəyimin birini götürüblər. 2005-ci ildən dializdən asılıyam. Düzdür, dializ dövlət hesabına köçürülsə də, hər ay müəyyən qədər dərmanlara pulum çıxır. Özüm isə 280 manat pensiya alıram. Dializ ürəyə və qaraciyərə zərər vurmasın deyə Kokar, Kardan, Riboksin, Essensial, Kludat, Dat-600-6 kimi dərmanları öz vəsaitimlə alıram. Həftədə üç dəfə mənə dializ köçürülür. Müalicənin effekt verməsi üçün ən azı gərək ayda iki dəfə özəl klinikada dializ alım. Ona görə böyrək transplantasiyası mənim son ümid yerimdir. Bunun üçün də böyrək tapa bilmirəm".
Kimlər böyrək donoru ola bilər?
Qeyd edək ki, Azərbaycanda 2020-ci ildə "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Qanun qəbul olunub. Qanunun 3-cü fəslində canlı donordan donor orqanın götürülməsi şərtləri yer alıb. Qanuna görə, canlı donordan transplantasiya məqsədilə donor orqanların götürülməsi zamanı canlı donor resipiyentin yaxın qohumu olduğu halda, qohumluq əlaqəsi müvafiq sənədlərlə təsdiq olunmalıdır.
Yaxın qohum olmayan canlı donordan orqanın götürülməsi qanunun 29.2-ci maddəsində müəyyən edilmiş qaydada həyata keçirilir. Canlı donor orqanların götürülməsinə kənar təsir olmadan, könüllü qərar verdiyinə dair yazılı şəkildə məlumatlandırılmış razılığını bildirməlidir. Qanunla hər hansı şəxsi orqanlarının götürülməsinə məcbur etmək qadağandır.
Meyitdən də donor götürülə bilər, amma...
Qanunvericiliyin 4-cü fəslində isə meyitdən donor orqanların götürülməsi məsələsi öz əksini tapıb. Belə ki, şəxs sağlığında donor orqanların transplantasiyasına, tədris və elmi məqsədlərlə istifadə edilməsinə bu qanunun 22.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yazılı razılığını bildirərsə, ölümündən sonra onun donor orqanları transplantasiya, tədris və elmi məqsədlərlə istifadə oluna bilər.
Şəxs sağlığında orqan donorluğu ilə bağlı bu qanunun müvafiq maddəsində nəzərdə tutulmuş qaydada yazılı razılığını bildirmədikdə, ölümündən sonra arvadının (ərinin), onlar olmadıqda yetkinlik yaşına çatmış övladlarının və ya valideynlərinin, onlar olmadıqda isə qardaşının (bacısının) yazılı razılığı ilə onun orqanlarının transplantasiya, tədris və elmi məqsədlə götürülməsinə yol verilir. Şəxs sağlığında donorluqdan yazılı şəkildə imtina etdikdə, ölümündən sonra onun meyitindən transplantasiya məqsədilə orqanların götürülməsinə yol verilmir.
Qəza və təbii fəlakət nəticəsində beyin ölümü baş verdikdə sağlığında donorluqdan yazılı şəkildə imtina etməyən və razılıq vermək üçün bu Qanunun 21.2-ci maddəsində göstərilən qohumu olmayan şəxslərin meyitindən transplantasiya məqsədilə orqanların götürülməsinə yol verilir. "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanununa uyğun olaraq meyitin məhkəmə-tibbi ekspertizasına zərurət olduqda donor orqanların götürülməsi transplantasiya üzrə koordinatorun dəvət etdiyi məhkəmə-tibb ekspertinin iştirakı ilə həyata keçirilir.
Amma yetkinlik yaşına çatmış tam fəaliyyət qabiliyyətli şəxsin sağlığında ölümdən sonra transplantasiya məqsədilə orqanlarının götürülməsinə razılığı və ya orqanlarının götürülməsindən imtinası forması bu Qanunun 22.6-cı maddəsinə uyğun olaraq təsdiq edilən ərizə ilə rəsmiləşdirilir. Qanunda o da qeyd olunub ki, şəxsin donorluqla bağlı iradə ifadəsini dəyişdirməsi hüququ var. Şəxs ölümdən sonra orqanlarının transplantasiya məqsədilə götürülməsinə razılıq və ya orqanlarının götürülməsindən imtina barədə iradə ifadəsini istənilən vaxt dəyişdirə bilər.
Meyitdən götürülən orqan 15 il saxlanıla bilər
Meyitdən transplantasiya məqsədi ilə orqanların götürülməsi yalnız "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunu ilə müəyyən edilmiş tələblər nəzərə alınmaqla bioloji ölümün və ya beyin ölümünün baş verməsi barədə həkim konsiliumunun qərarı və tibb müəssisəsinin rəhbərinin razılığı ilə həyata keçirilir. "Məhkəmə ekspertizası fəaliyyəti haqqında" Qanununa uyğun olaraq meyitin məhkəmə-tibb ekspertizasının aparılması tələb olunduqda ekspertiza məhkəmə-tibb eksperti tərəfindən donor orqanlar götürülərkən və ya orqanlar götürüldükdən sonra həyata keçirilir.
Bioloji ölüm və beyin ölümü faktının müəyyən edilməsi barədə qərar donor orqanın götürüldüyü tibb müəssisəsində on beş il saxlanmalıdır. Donorun ölüm anının təsdiqində həkim-transplantoloqun və transplantasiya üzrə koordinatorun iştirakı qadağandır. Meyit donordan götürülmüş donor orqanlar əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə bu şərtlə transplantasiya oluna bilər ki, bu Qanunun 28.1-ci maddəsi ilə müəyyən edilmiş donor-resipiyent cütlüyünə uyğun Azərbaycan Respublikası vətəndaşı olan resipiyent olmasın.
Qanun var, icra mexanizmi yox
O ki qaldı bu qanunun tətbiqinə, Milli Məclisin Səhiyyə Komitəsindən bildirdilər ki, son illər ölkəmizdə də orqan transplantasiyası sahəsində mühüm addımlar atılır. O cümlədən qanunda meyitdən orqan nəqli, donor bankının yaradılması, orqan bağışlanmasına hazırlıq prosesi, xüsusi transplantasiya klinikalarının açılması kimi məsələlər öz əksini tapıb. Hazırda bu qanunun həyata keçirilməsi üçün icra mexanizmlərinin hazırlanması, təbliğat işlərinin aparılması istiqamətində işlər davam etdirilir.
Yanvarın 1-dən qanun işləməyə başlayacaq
Səhiyyə Nazirliyi Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirib ki, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiq edilməsi 2022-ci il 1 yanvar tarixindən etibarən tənzimlənəcək.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, dünyada həyata keçirilən böyrək transplantasiyalarının yalnız 36,2 faizi, qaraciyər transplantasiyalarının isə 19,2 faizi canlı insandan digər insana əməliyyatlar vasitəsilə icra olunur.
Xəbər lenti
0