CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qənirə Paşayeva: Şəhid ailələri və qazilərin işlə təmin olunması məsələsində problem var

© Sputnik / Murad OrujovMillət vəkili Qənirə Paşayeva, arxiv şəkli
Millət vəkili Qənirə Paşayeva, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 17.11.2021
Abunə olmaq
Deputatın sözlərinə görə, şəhid ailələrinin evlə təminatı məsələsində normativlərdən imtina etməliyik.
BAKI, 17 noyabr — Sputnik. Şəhid ailələri və qazilərin işlə təmin olunması məsələsində problem var. Bütün dövlət qurumlarına çağırış edirik ki, hamısı neçə nəfər şəhid ailəsi və qazini işlə təmin etməsi barədə hesabat versin.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında "Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı parlamentin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva deyib.
Deputat bildirib ki, bunu sadəcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin üzərinə atsaq, bu istiqamətdə daha sürətli addımlar gözləmək yersizdir:
"Bütün qurumlar bu məsələdə aktiv iştirak etməlidir. Şəhid ailələrinin evlə təminatı məsələsində normativlərdən imtina etməliyik. Bu ümumi yanaşmalar müsbət olmayan yanaşmaları ortaya çıxarır. Mayor Rüfət Əsgərovun ailəsini götürək, dövlətdən ev almasına az qalmış şəhid olub. Onun ailəsinə verilən ev çox kiçikdir. Rüfət Əsgərovun uşaqlarından birinin əlilliyi var. Digər şəhidlərimiz var ki, 19 il, 18 il vətənə xidmət edib, ev alacaqları vaxt şəhid olublar. Onların ailələrinin də evlə təminatı məsələsində problemlər var. Bu məsələlərə diqqət artırılmalıdır, individual olaraq yanaşma tətbiq edilməlidir".
Qeyd edək ki, Milli Məclisin payız sessiyasının bu gün keçirilən iclasında “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
2022-ci il üçün Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 307 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin gözlənilən icra göstəricisindən 253 milyon manat və ya 5% çoxdur. Fondun gəlirlərinin 78,2%-i məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar, 21,6%-i isə dövlət büdcəsindən balanslaşdırma məqsədilə ayrılan vəsait hesabına təmin ediləcək.
Xəbər lenti
0