Кабинет химии в школе, фото из архива - Sputnik Azərbaycan, 1920
TƏHSİL
Təhsilə dair xəbərlər və məqalələr

Peşə məktəblərində təqaüd təhsil nəticələrinə əsasən veriləcək

© AR Ministry of EducationPeşə təmayüllü məkan, arxiv şəkli
Peşə təmayüllü məkan, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 16.11.2021
Abunə olmaq
Peşə təhsilində təhsil nəticələrinə əsaslanan diferensiallaşmış təqaüd sistemi dövlət sifarişi ilə təhsil alan tələbələrlə yanaşı, ödənişli əsaslarla təhsil alan tələbələrə də şamil ediləcək.
BAKI, 16 noyabr — Sputnik. 2021/2022-ci tədris ilindən başlayaraq peşə təhsili pilləsində təqaüdlər təhsil nəticələrinə əsasən veriləcək.
Sputnik Azərbaycan Peşə Təhsili üzrə Dövlət Agentliyinə istinadən xəbər verir ki, bununla bağlı "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 14 fevral tarixli 961 nömrəli Sərəncamında və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş "Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsinin tələbələrinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası"nda müvafiq dəyişikliklər edilib.
Qanunvericilik aktlarına edilmiş dəyişikliklər peşə təhsili müəssisələrində təhsilin keyfiyyətinin yüksəlməsinə, tədris prosesində tələbələrin fəallığının artmasına və onların təhsilə marağının stimullaşdırılmasına müsbət təsir etməklə yanaşı, tələbələrə dövlət qayğısının artırılmasına və onların sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət edir. Peşə təhsilində təhsil nəticələrinə əsaslanan diferensiallaşmış təqaüd sistemi dövlət sifarişi ilə təhsil alan tələbələrlə yanaşı, ödənişli əsaslarla təhsil alan tələbələrə də şamil ediləcək. Bundan sonra təqaüdün verilməsində yeganə göstərici təhsil nəticələri olacaq. Bu yanaşmanın tətbiqi peşə təhsilinə akademik göstəriciləri daha yaxşı olan abituriyentlərin marağının artmasına şərait yaradacaq.
Qeyd edək ki, ötən dövrdə peşə təhsil müəssisələrində dövlət hesabına təhsil alan tələbələrə təhsil müddətində vahid məbləğdə, yəni aylıq olaraq 50 manat məbləğində təqaüd ödənilirdi. Son dəyişikliklərə əsasən təqaüdün aylıq məbləği təhsil nəticələrindən asılı olaraq aşağıdakı kimi fərqləndirilib. Belə ki, peşə təhsili pilləsində akademik göstəriciləri "5" (yüksək texniki peşə təhsili səviyyəsində 91 – 100 bal) olan tələbələrə – 75 manat, akademik göstəriciləri "4" və "5" (yüksək texniki peşə təhsili səviyyəsində 71 – 100 bal) olan tələbələrə – 60 manat və akademik göstəriciləri "3" – "5" (yüksək texniki peşə təhsili səviyyəsində 51 – 100 bal) olan tələbələrə – 50 manat aylıq təqaüd ödəniləcək.
Qeyd edək ki, peşə təhsil sistemində 23 mindən çox tələbə təhsil alır ki, onların da 80 faizinə təqaüd verilir.
Xəbər lenti
0