Narkotikə son deyən Kənan Hacıyev öz hekayəsini danışır
© Sputnik / Nigar IskanderovaMərdəkanda yerləşən "Həyat Naminə" reabilitasiya mərkəzinin pasiyenti
© Sputnik / Nigar Iskanderova
Abunə olmaq
Ümidsizliyə qapılmayın, narkotikdən azad olmaq, onsuz həyat yaşamaq mümkündür.
Narkotik ona həyatının ən böyük acılarını yaşadıb: "Bu gün valideynimin canının sağlam olmamasının günahkarı mənəm. Anamda panik atak var. Hər dəfə evə girəndə ürək dərmanının iyi gəlirdi. Valideynlərimə böyük dərd, ağrı-acı vermişdim. Valideynlərim mənə görə utandıqlarını deyirdilər. Amma bu gün onlar artıq mənə görə utanmırlar, arxamdadırlar və məni dəstəkləyirlər".
"2008-2016-cı illərdə narkotik istifadəçisi olmuşam. Narkotikə aludə olmağıma səbəb maraq hissi idi. Eşidirdim ki, axşam saatlarında hansısa tin-bucaqda yaşıdlarım yüngül narkotik qəbul edəcəklər. Düşündüm ki, mən də yoxlayım, bir dadına baxım".
Mərdəkanda yerləşən "Həyat Naminə" reabilitasiya mərkəzinin direktoru, doqquz il ağır narkotik aludəçisi olan Kənan Hacıyev artıq bir neçə ildir ki, narkotik asılılığından xilas olub. Sputnik Azərbaycan-ın 33 yaşlı həmsöhbəti geridə buraxdığı həyatına boylananda səbəb-nəticə əlaqəsini daha aydın dərk etdiyini söyləyir.
K.Hacıyev deyir ki, özündə uşaqlıqdan müxtəlif asılılıqların olduğunu görüb: "Kompleksli biri idim. Lakin narkotiki ilk dəfə qəbul edəndə komplekslərdən azad oldum, özümü daha güvənli hiss elədim.
Uşaqla münasibətdə ortaq bir nöqtə tapılmalıdır. Nə onu sıxmaq olar, nə də nəzarətsiz buraxmaq. Həyatımda sevgisizlik, nəzarətsizlik deyil, valideynlərim tərəfindən sıxma-boğma halları çox olub. Həyətə düşəndə icazə alardım, axşam doqquzda evdə olmalı idim. Məktəbdə bir səhvim olardısa, valideynlərim cəzalandırırdılar. Bir sözlə, özümü təsdiqlədə bilmirdim".
© Sputnik / Nigar IskanderovaMərdəkanda yerləşən "Həyat Naminə" reabilitasiya mərkəzində
Mərdəkanda yerləşən "Həyat Naminə" reabilitasiya mərkəzində
© Sputnik / Nigar Iskanderova
Beləcə, o ailədə hər kəsdən gizlin narkotik qəbul etməyə başlayır, zamanla onun aludəçisinə də çevrilir. Bir müddətdən sonra vəziyyət evdəkilərə də agah olur: "Dörd ay idi, yüngül narkotik istifadəçisi idim. Mənimlə birgə narkotik qəbul edən çevrədəki "dostlar"dan biri bunu gedib qardaşıma dedi. Ailəmin reaksiyası çox sərt oldu. Dərhal heç nə deməsələr də, artıq əməlləri ilə bildiklərini göstərirdilər. Mənə maşın almışdılar, onu satdılar. Beləcə, onlara yalan danışmağa başladım. Narkotik qəbul etdiyim ilk aylar olduğundan bu zərərli vərdiş mənim üçün problem yaratmırdı. Bu səbəbdən valideynlərimin bundan xəbər tutmasına baxmayaraq narkotikdən əl çəkmək istəmirdim".
O da çarəsiz qalaraq narkotik üçün əşyalarını satıb: "Narkotik üçün əşyalarımı, özümə aid olan qızılı satmışam. Evdəki qızılı aparıb lombarda qoymuşam. Bir sözlə, ailəmə həddindən artıq problem yaşatmışam. Külli miqdarda borcum olub, gedib onu bağlayıblar. Narkotikin təsirində olub qəza da törətmişəm, atam gedib problemimi həll edib. Universitetə də getmirdim, dərslərdən yayınırdım. Narkotikin ən böyük fəsadlarından biri sol gözümün heç görməməsidir. Doza aşırı dərəcədə olanda insan komaya düşür. Vaxtında müdaxilə olmadıqda isə dünyasını dəyişir. Dəfələrlə komaya düşdüyüm vaxtlar var idi. Özümə xəsarət yetirdiyim vaxtlar da olub".
© Sputnik / Nigar IskanderovaKənan Hacıyev
Kənan Hacıyev
© Sputnik / Nigar Iskanderova
O illərdə ailəsi Kənanı çıxılmaz vəziyyətdə gördüyündən gündəlik olaraq özləri də narkotik almaq üçün çox kiçik məbləğdə pul verirmişlər: "Mənə evdən pul verirdilər ki, telefonu, ya nəyisə satmayım. Gündəlik az miqdarda pul verərdilər ki, narkotik qəbul edim, heç olmasa, az miqdarda da olsa, ağrı-acım azalsın. Səhər yuxudan durub mənim üçün qoyulan həmin o az miqdarda pulu götürüb xərcləyrdim. Onu qəbul edəndən sonra evə gəlib özümə qapanırdım, heç hara getmirdim. Dostlarım da məndən uzaqlaşmışdılar".
© Sputnik / Nigar IskanderovaMərdəkanda yerləşən "Həyat Naminə" reabilitasiya mərkəzində
Mərdəkanda yerləşən "Həyat Naminə" reabilitasiya mərkəzində
© Sputnik / Nigar Iskanderova
O, 9 il narkotikdən azad olmaq üçün müxtəlif müalicə kurslarından keçsə də, heç biri faydalı olmayıb. Bundan sonra onu müalicə üçün Belarusa göndəriblər. Elə Kənan Hacıyev üçün həyat Belarusdan başlayıb və o, ikinci dəfə yaşamaq eşqinin nə olduğunu başa düşür:
"Artıq həyat məni boğaza yığmışdı. Ətrafda, hər yerdə problemlər yaşayırdım. Narkotikdən azad olmaq istəyirdim. Bakıda aldığım müalicələr nəticə vermirdi. Narkotik aludəçisi olan şəxsin müalicəsi təkcə detoksdan ibarət olmamalıdır. Elə bilirdim ki, məni fiziki asılılıqdan azad edəcəklər və həyatım normala çevriləcək. Beləcə, ümidlərim get-gedə daha da azaldı. 2016-cı ildə həkimim mənə Belarusda müalicə almaq üçün reabilitasiya təklif etdi. Yadımdadır, Belarusa getməmişdən öncəki gecə qardaşım mənimlə yanaşı oturub uşaqlıq şəkillərimizə baxaraq ağlayırdı".
Belarusa gedənədək isə onun heç bir arzusu, xəyalı olmur, nə üçün yaşadığını da bilmirdi. Amma orada Gənclərin Sağlamlıq Mərkəzi təşkilatının rəhbər üzvləri onu qarşılayarkən özlərinin də 10-15 ildən artıq bir müddətdə narkotikdən azad olduğunu deyəndə Kənan Hacıyev üçün hədəflər yaranır. Düşdüyü mühit ona motivasiya və böyük ruh yüksəkliyi verir, zamanla quşların səsini eşitməyə, rəngləri yenidən seçməyə, əsl həyatdan zövq almağa başlayır: "Reabilitasiya mərkəzinin özündə uzun illərdir narkotik bəlasından azad olanlar vardı, onlar bizlə sıx ünsiyyət qururdular. Qarşıma məqsəd qoydum ki, bu 6 aylıq kursu 2 ilə bitirim".
"Hər zaman düşünürdüm ki, görəsən, insanlar necə xəyal qururlar. Yaxud da insanlar necə bir işi sevib onunla məşğul ola bilərlər. Mənim üçün "sevdiyim iş" anlamı yox idi. Lakin reabilitasiya mərhələsində olduğum müddətdə başa düşdüm ki, mənim sevdiyim iş elə bu bəlaya düçar olan şəxsləri xilas etməkdir. Beləcə, Belarusdakı təcrübəni Azərbaycana gətirdim, insanlara müalicə almaları üçün yardımçı oldum", - deyə o əlavə edib.
© Sputnik / Nigar IskanderovaMərdəkanda yerləşən "Həyat Naminə" reabilitasiya mərkəzində
Mərdəkanda yerləşən "Həyat Naminə" reabilitasiya mərkəzində
© Sputnik / Nigar Iskanderova
Bakıya qayıtdıqdan sonra isə Kənan Hacıyev "Narkotiksiz həyat naminə" şüarı ilə fəaliyyətə başlayır, belə şəxslərin xaricə, o cümlədən də Belarusa gedərək reabilitasiyadan keçməsinə yardımçı olur: "Belə şəxslərə səslənərək demək istəyirəm ki, ümidsizliyə qapılmasınlar, narkotikdən azad olmaq, onsuz həyat yaşamaq mümkündür. Mən də artıq bir neçə ildir ki, sağlam həyat tərzi yaşayıram, yuxudan sağlam, ağrı-acı olmadan dururam. Bugünkü həyatımdan razıyam. Vaxt var idi, insanların yanında etibarım yox idi, amma indi bu inamı, etibarı qazanmışam".
"Bəzən övladının narkotik istifadəçisi olduğunu biləndə valideyn həddindən artıq qayğıkeş olur, düşünür, övladını evləndirsə, ya maşın alıb versə, düzələcək. Xeyr, bu belə olmur. Valideynlər var ki, vaxtı ikən hansısa arzuları həyata keçməyib, məsələn, polis, həkim olmaq arzuları kimi. Onlar çalışırlar ki, özləri buna nail ola bilməsələr də, övladları bu istiqamətdə yetişsinlər. Hər kəsin öz arzuları var, aruzlara qarşı çıxmaq, nəyəsə vadar etmək düzgün deyil".
Keçmişdə narkotik istifadəçisi olması bu gün ailə həyatı qurmağı üçün ona maneə yaradır. Ancaq sonu olmayan bir yol kimi görünən narkomaniyadan canını qurtaran insan, güman ki, bunun da öhdəsindən gələcək.