Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

ÜST-dən qızılca xəbərdarlığı - Azərbaycanda uşaqlar arasında təhlükə varmı?

© Depositphotos.com / MilkosQızılca
Qızılca - Sputnik Azərbaycan, 1920, 13.11.2021
Abunə olmaq
Səpgili xəstələrdən qan nümunələri götürülərək Respublika Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində müayinə olunur.
BAKI, 13 noyabr — Sputnik. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qızılca ilə bağlı həyəcan təbili çalıb. Məlumatda bildirilir ki, dünyada qızılcaya yoluxma riski artmaqda davam edir. Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) birgə dərc etdiyi yeni hesabatda bildirilir ki, 2020-ci ildə 22 milyondan çox körpə COVID-19 pandemiyası səbəbindən qızılcaya qarşı peyvənd olunmayıb, bu da 2019-cu illə müqayisədə 3 milyon nəfər çoxdur. Bu, son iyirmi ildə ən böyük artımdır və xəstəliyin yeni ocaqları üçün təhlükəli mühit yaradır.
Eyni zamanda, əvvəlki illə müqayisədə 2020-ci ildə qızılcaya yoluxma hallarının sayı 80%-dən çox azalıb. Hesabata əsasən, son bir ildə qızılcaya nəzarət pisləşib və bu infeksiya ilə bağlı epidemiya 26 ölkədə baş verib. ÜST-ün İmmunizasiya departamentinin rəhbəri Keyt O'Brayn son bir ildə xəstəliklə bağlı daha az məlumat olduğunu deyərək epidemiya riskinin qlobal miqyasda artmaqda davam etdiyini və hazırda fırtınadan əvvəlki sakitliyin müşahidə olunduğu barədə xəbərdarlıq edib.
"Planlı peyvəndlər qorunmalı və gücləndirilməlidir. Əks halda, biz bir ölümcül xəstəliyi digəri ilə əvəzləmə riski ilə üzləşirik”, - deyə O'Brayn əlavə edib.
Qeyd edək ki, 2019-cu ilin fevral-mart aylarında Azərbaycanda qızılca xəstəliyində alovlanma qeydə alınıb. Ondan sonra ölkəmizdə qızılcaya qarşı aparılan təmizləyici immunlaşdırma tədbirlərinin keçirilməsi sayəsində xəstəliyin alovlanmasının qarşısı alınıb. Bəs görəsən, hazırda Azərbaycanda qızılca ilə bağlı vəziyyət necədir? ÜST-ün qızılca ilə bağlı xəbərdarlığından narahat olmağa əsas varmı?
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdə son bir il ərzində nə qızılca, nə də ki, məxmərəyə yoluxma qeydə alınmayıb. Onun sözlərinə görə, ölkəmizdə epidemioloji nəzarət aparılır:

"Səpgili xəstələrdən qan nümunələri götürülərək Respublika Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzində müayinə olunur. Bu günə qızılca və məxmərəklə bağlı vəziyyət tam sabitdir. Qızılca və məxmərək təsdiq olunmayıb".

A.Əliyeva deyir ki, pandemiya ilə əlaqədar vaksinasiya səviyyəsi aşağı olub: "İnsanlar 2020-ci ildə təcrid olunduğundan və virusun yayılması ilə bağlı tibb müəssisələrinə getməkdən çəkinirdilər. Amma bu ildən artıq insanlar vaksinasiyadan keçirlər".
Direktor müavini deyir ki, ölkəmizdə peyvəndlərlə əhatə faizi də bu ildən yüksəlib: "Proqnozlaşdırırıq ki, bu ilin sonuna qızılca və məxmərəyə qarşı peyvəndləmə 95 faizə çatacaq".
Onun sözlərinə görə, pandemiyadan əvvəl qızılca və məxmərəyə qarşı peyvəndlənmə faizi daha yüksək, 97-98 faiz olub: "Bizim əhalidə bu xəstəliklərə qarşı immunitet yüksəkdir. Keçən ildən bu ilə hələ ki, qızılca və məxmərəyə yoluxma qeydə alınmayıb".
A.Əliyeva bildirib ki, Avropa regionu ölkələrində də vəziyyət sabitdir. Bu isə qızılcanın gətirilmə riskini aşağı salır.
A.Əliyeva deyib ki, ölkəmizdə qızılcaya yoluxma 2013 və 2019-cu ildə daha çox qeydə alınıb: "Biz də istəyirik ki, pandemiya dövründə digər infeksiyanın yayılma riski olmasın. Ona görə də tibb müəssisələrində qızılca və məxmərəyə qarşı vaksin 12 aylıq və 6 yaşlı uşaqlara aparılır. Bununla yanaşı 2006-cı ildə Azərbaycanda əhali arasında da qızılca və məxmərək əleyhinə peyvənd kampaniyası keçirilib. 7-35 yaş arası əhali qızılca və məxmərəyə qarşı vaksin olunub. Ondan sonra əhali arasında bu infeksiyaya qarşı immunitet səviyyəsi yüksəlib".
RGEM səlahiyyətlisi qızılca ilə bağlı ÜST-ün yaydığı hesabatdan narahat olmağa əsas olmadığını bildirib.
Qeyd edək ki, qızılca - ən yoluxucu viral xəstəliklərdən biridir. Bu, uşaq xəstəliyi hesab olunsa da, böyüklər də ona qarşı həssasdırlar. Hava-damcı yolu ilə ötürülən infeksiya otit, meningit və ensefalit kimi fəsadlarına görə ölümcül təhlükəlidir. Mütəxəssislərin fikrincə, son 20 ildə dünyada peyvənd vasitəsilə qızılcadan 30 milyondan çox ölümün qarşısı alınıb.
Xəbər lenti
0