Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Minimum əməkhaqqı 300 manata qaldırılır, sahibkarların isə "evi yıxılacaq"

© Sputnik / Aleksandr Kryazhev / Mediabanka keçidMəmur
Məmur - Sputnik Azərbaycan, 1920, 13.11.2021
Abunə olmaq
Ekspertin fikrincə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqları ilə minimum əməkhaqqı arasındakı əlaqəni aradan qaldırmaq lazımdır.
BAKI, 13 noyabr — Sputnik. Gələn il üçün ölkəmizdə minimum aylıq əməkhaqqı 250 manatdan 300 manata qaldırılır. Minimum əməkhaqqının artması ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqları da qalxacaq. "Sosial sığorta haqqında" qanuna görə sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödənilir.
Hazırda Bakı şəhərində tikinti sahəsində fəaliyyət göstərən fərdi sahibkar aylıq 125 manat, digər sahələrdə fəaliyyət göstərən fərdi sahibkar isə aylıq 62 manat 50 qəpik məcburi dövlət sosial sığorta haqqı ödəyir. 2022-ci ilin yanvar ayından ödənişlər tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün 150 manata, digər sahələrdə çalışan fiziki şəxslər üçün isə 75 manata qaldırılacaq. Başqa sözlə, gələn ilin yanvar ayından tikinti sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqı 25 manat (20 faiz), digər sahələrdə çalışan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqı isə 12 manat 50 qəpik (20 faiz) artacaq.
İqtisadçı Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin məcburi sosial sığorta ödənişləri minimum əməkhaqqı ilə nisbətdə müəyyən edilir: "Ümumiyyətlə, sahibkarlıq fəaliyyəti üçün tətbiq edilən bu ödəniş mexanizmi uğurlu deyil. Yəni burada 100 min manat qazanan da 62 manat 50 qəpik ödəyir, 500 manat qazanan da 62 manat 50 qəpik ödəniş edir. Sosial sığorta haqqının artması az gəlir əldə edən fiziki şəxslərə mənfi təsiri olacaq. Amma əmək müqaviləsi ilə işləyən şəxs 500 manat alırsa, onun sosial sığorta ödənişi 125 manatdır və bununla müqayisədə xidməti müqavilə üzrə sosial ödəniş o qədər də yüksək deyil".
Vergi sahəsi üzrə mütəxəssis Radil Fətullayev isə Sputnik Azərbaycan-a deyib ki, fiziki şəxslərin ödədiyi sosial sığorta haqları ilə minimum əməkhaqqı arasındakı əlaqəni aradan qaldırmaq lazımdır: "Məsələn, əldə edilən gəlirə görə müəyyən faiz ödəmək və yaxud da diferensial etmək olar. Misal olaraq, əldə etdiyi gəlirin 5 faizini ödəsə, 1000 manat gəlir əldə edən fiziki şəxs 50 manat sosial sığorta haqqı ödəyər. Bu artım tikinti sahəsində xidməti müqavilə ilə işləyən fəhlə üçün sərfəli deyil, amma bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs üçün böyük məbləğ deyil, o qədər də problem yaratmır".
Qeyd edək ki, "Sosial sığorta haqqında" qanuna görə muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir:
Sahibkarlıq fəaliyyəti üzrə – minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının: Bakı şəhərində 100 faizi; Sumqayıt və Gəncə şəhərlərində 90 faizi; digər şəhərlərdə 80 faizi; rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi; kənd yerlərində 50 faizi miqdarında.
Xatırladaq ki, vaxtilə millət vəkili Tahir Mirkişili məsələ ilə bağlı demişdi ki, fərdi sahibkarların icbari sosial sığorta ödənişlərinin minimum əməkhaqqına bağlanması əslində sahibkarlar üçün daha az sosial ödənişlər etməyə imkan verir: "Minimum əməkhaqqının artırılması ölkədə iqtisadi aktivliyi artırır, fərdi sahibkarların da gəlirləri artır. Həmçinin, sosial ödənişlərin daha çox olması fərdi sahibkarların da gələcəkdə daha yaxşı pensiya təminatı ilə təmin olunmasına imkan yaradır".
Xəbər lenti
0