CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İki təkər üstündə səyahət, yaxud gömrük rüsumları niyə belə yüksəkdir?!

© AFP 2024 / NATALIA KOLESNIKOVAVelosipedçi
Velosipedçi - Sputnik Azərbaycan, 1920, 10.11.2021
Abunə olmaq
Velosipedçi istəyir ki, velosipedlər gömrük rüsumundan azad olunsun və biz özümüz də onu xaricdən, mağazalardan ala bilək. Lakin hazırda bir velosipedin gömrük rüsumu 350-500 manat arasında dəyişir.
BAKI, 10 noyabr — Sputnik. Velosiped Azərbaycanda bir nəqliyyat növü hesab olunsa da, təəssüf ki, yol hərəkəti iştirakçıları velosipedçilərin hüquqlarını pozur, onlar üçün yollarda müxtəlif maneələr yaradırlar.
Sputnik Azərbaycan-ın budəfəki həmsöhbəti peşəkar velosipedçi Hüseyn Qurbanovdur. O, 2013-cü ildən etibarən velosiped idman növü ilə məşğuldur, professional velosipedçidir. 2000-ci ildə valideynlərini yol qəzasında itirən, 2019-cu ildə velosipedlə ağır yol qəzası keçirən və bir müddət səhhətində problemlər yaranan Hüseyn həyatda ayaq üstdə durmağı, mübarizə aparmağı bacarır, davamlı olaraq öz üzərində işləyir. Gənc həmsöhbətimizlə həm şəxsi inkişaf yolundan, həm də velosiped yolları ilə bağlı problemlərdən danışdıq.
Hüseyn Qurbanov deyir ki, 2014-cü ildə Bakıya köçdükdən sonra peşəkarcasına velosiped sürməyə, yol qaydalarını öyrənməyə başlayır: "Qoşulduğum müxtəlif "Facebook" qruplarında isə velosipedin sirlərini öyrənməyə başladım. Bir müddətdən sonra büdcəmi yeniləyərək özümə brend velosiped almağı qərarlaşdırdım".
Beləcə velosipedi bir idman növü olaraq öyrənib, biliklərini təkmilləşdirməklə yanaşı o, həm də bu nəqliyyat vasitəsindən pul qazanmağa başlayıb və hazırda da bu işi davam etdirir:

"Velosiped mənim ilk çörək ağacım olub. Uşaq vaxtı adi bir velosipedim vardı, sonradan ucuzvari velosipedlərlə müəyyən işlər görməyə müvəffəq oldum, velosipedlə işə gedib-gəlməyə başladım. Beləcə özüm üçün müəyyən bir büdcə də yığa bildim. Bir müddətdən sonra isə özümə daha professional velosiped aldım".

Hazırda iki velosipedi olan Hüseyn bu gün yaşıdlarına, valideynsiz böyüyənlərə də bir örnək olmağı bacarıb.
3 yaşında valideynlərini itirsə də, Hüseynin yolu tin-bucaqdan deyil, gərgin əməkdən, alın təri ilə işləməkdən, oxuyub təhsil almaqdan keçib. İngilis dilini "Youtube" hesabına öyrənən həmsöhbətimiz 25 yaşı olsa da, oxumağın gec olmadığını deyir:

"Valideynsiz böyüsəm də, heç zaman həyata təslim olmamışam. Oxumaq gec deyil. Artıq bu il dən biznesin idarə edilməsi və təşkili üzrə ödənişsiz bakalavr təhsili alacağam. Hədəflərim böyükdür, püxtələşib, mütəxəssis kimi yetişməyi qarşıma məqsəd qoymuşam".

Onun həyat şüarı, motivasiya devizi isə belədir: "Bir uğur qazanmaq üçün uduzmağı bacarmalısan. Uduzmağın nə olduğunu bilməsən, udmağın da nə olduğunu anlaya bilməzsən. İrəliyə getmək üçün, daha da əzmlə çalışmaq üçün motivasiya videolarını çox izləyirəm. Bu səbəbdən "VeloLogia" adlı bir səhifə də təsis etmişəm. Səhifəmdə mütəmadi olaraq maarifləndirici materiallar paylaşmağı planlaşdırıram. Bundan başqa "Velokuryer" xidmətin də göstərirəm".
Hazırda marketinq meneceri olaraq çalışan Hüseyn gündəlik olaraq işə velosipedlə formada gedib-gəlir və gündəlik olaraq işdə formasını dəyişir.
O bu vaxtadək çox yarışlara qatılıb. Lakin 2019-cu ildə keçirtdiyi qəza ilə əlaqədar 3 ay gəzə bilməyib, 8 ay əsa ilə gəzib. Buna baxmayaraq velosipeddən imtina etməyib: "Evdəkilər deyirdi ki, sağlamlığını, həyatını riskə atmamaq üçün ondan imtina etməlisən. Təbii ki, özümü velosipedsiz təsvir edə bilmədiyim üçün yenidən velosipedimə sarıldım".
O velosipedçi dostlarına səslənərək onları bir neçə nüansda xüsusən diqqətli olmağa səsləyir: "Yolun əks hərəkət istiqamətində hərəkət etmək olmaz. Bir velosipedçi olaraq daim bu nəqliyyat növünə aid üzərinizdə bütün aksessuarlar olmalıdır. Çünki yol boyu istənilən hadisə baş verə bilər. Qismən velosiped geyimindən istifadə etməsəniz də olar, amma dəbilqədən istifadə mütləqdir. Bundan başqa, ön və arxa işıqların olması çox həyati əhəmiyyətlidir. Qarşımızda və arxamızda olan hərəkət iştirakçısına hər hansı maneə yaranmasın deyə bu nüanslara diqqət etmək vacibdir".
Hüseyn deyir ki, velosiped geyimi alınarsa, üzərində qarşıdan gələn işığı əks etdirən xüsusi geyimə üstünlük vermək lazımdır:

"Yol hərəkəti haqqında qanunun 46-cı maddəsində deyilir ki, velosiped nəqliyyat vasitəsidir. Velosiped yolu olmadıqda velosipedçi və moped sürücüsü yolun sağı ilə hərəkət etməlidir. Yolun sağı ilə hərəkət edən zaman isə sürücülər bizə həddindən artıq maneə yaradırlar. Bir də görürsən ki, qəfildən hər hansı taksi sürücüsü avtomobilini sənin qarşında saxlayaraq park edir, müştəri mindirir, yaxud da müştəri düşürdür.

Bu kimi hallar həqiqətən də bizim üçün böyük təhlükə yaradır. Çünki hərəkətin olduğu yolda bizim də sürətimiz olur. İstəyərdim ki, sürücülər, bir sözlə 4 təkərli nəqliyyat vasitələrinin sahibləri bizimlə kobud rəftar etməsin. Onlar həqiqətən də yollarda bizə böyük əzab verirlər. Pəncərəni açaraq deyirlər ki, öz yolunla get. Başa salmağa çalışırıq ki, Bakıda velosipedin yolu yoxdur, amma nəqliyyat vasitəsidir".
Gənc velosipedçinin təklifləri də var: "Bildiyiniz kimi, ötən ildən avtobus zolağına daxil olan sürücülər cərimə olunurlar. İstərdik ki, Azərbaycanda eyni qaydada velosiped zolaqları çəkilsin və bu zolaqlara daxil olan taksi sürücüləri cərimələnsin. Çünki indiki zamanda yalnız avtomobil sürücülərinin hüquqları qorunur, velosipedçilərin hüquqları qorunmur".
Hüseyn Qurbanov digər problemə də toxunub:
"Yeraltı və yerüstü nəqliyyat vasitələri yenilənib, qarmoşkalı nəqliyyat vasitələri gətirilib. Velosipedin çəkisi yüngül olduğu üçün bəzən ekstremal hava şəraitində velosipedlə hərəkət edə bilmirik. İstərdim ki, nəqliyyatda velosiped üçün xüsusi yer ayrılsın, digər ölkələrdə olduğu kimi. Market və ticarət mərkəzlərinin qarşısında "veloparking"in yaradılmasını istəyərdik. Çünki iri ticarət mərkəzlərində işləyənlərin 5-6 faizi velosipeddən istifadə edir. Alıcılar arasında da belələri var".
Hüseyn deyir ki, Milli Parkda velosiped yolu olsa da, orada velosiped sürə bilmirlər. Bu zaman sukuter sürənlər onlara maneə yaradırlar:
"Skuterlər velosiped yoluna çıxır ki, bu da qəza vəziyyəti yaradır. Bundan başqa, orada işarələr var, həmin yolun velosiped üçün ayrıldığı qeyd olunsa da, insanlar orada sıx hərəkət edirlər. Biz bu insanları başa salmağa çalışırıq ki, bura yalnız velosiped üçün nəzərdə tutulub. Nəzarət düzgün şəkildə həyata keçirilmədiyindən, bu problemlə qarşılaşmışıq. İnsanların sıx hərəkət etdiyi yerdə velosiped sürsək, bizi cərimələyəcəklər".

"Nə üçün bizim hərəkət etdiyimiz yerdə insanlar gəzməlidir? Çünki velosiped yolunda digər yollarla müqayisədə istər-istəməz sürət həddi artır. İnsanların orada hərəkəti isə bizə əzab verir. İstəyirik ki, infrastruktur dəyişiklikləri zamanı bizim də vəziyyətimiz nəzərə alınsın, velosipedçiyə kənar bir şəxs kimi baxılmasın, bizə də hörmət edilsin".

Həmsöhbətimiz digər əsas problemə də diqqət çəkib, o gömrük rüsumları ilə bağlı vəziyyətdən şikayətlənir və təklif edir ki, velosipedlər gömrük rüsumlarından azad olunmalıdır ki, ekoloji sağlam hesab edilən bu nəqliyyat növü hər kəs üçün əlçatan olsun:
"Bizim velosipedlərin qiyməti müxtəlif cürdür. Azərbaycanda 1-2 mağaza var ki, brend velosiped satır. Biz də istəyirik ki, sürəcəyimiz velosiped brend olsun. Lakin biz onları ala bilmirik. Çünki mağazada bu velosipedlər baha satılır, bunun da səbəbi gömrük rüsumları ilə bağlıdır. İstərdik ki, velosipedlər gömrük rüsumundan azad olunsun və biz özümüz də onu xaricdən, mağazalardan ala bilək, yaxud da elə detallarını alaraq burada yığdıraq. Bir velosipedin gömrük rüsumu 350-500 manat arasında da dəyişə bilər.
Deyir ki, yol hərəkəti qaydalarını pozmadan tıxacda zaman itirmir: "Qarşımda tıxac var, bu o demək deyil ki, mən qaydaları pozmalıyam. Biz velosipedi bir nəqliyyat vasitəsi hesab ediriksə, qaydalara əməl etməliyik".
Xəbər lenti
0