Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Dəlisov Dostoyevski: bildiyimiz və bilmədiyimiz cəhətləri

© Sputnik / Павел Бедняков / Mediabanka keçidMoskvada kitab festivalı, arxiv şəkli
Moskvada kitab festivalı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.11.2021
Abunə olmaq
Bu ilin noyabrında dünyanın ən çox oxunulan yazıçılarından biri Fyodor Dostoyevskinin anadan olmasının 200 ili tamam olur.
BAKI, 9 noyabr — Sputnik. Gəlin Fyodor Dostoyevskini həyatından maraqlı faktları yada salaq, eyni zamanda yazıçının ədəbi irsi və bioqrafiyası ilə bağlı biliklərimizi yoxlayaq.
1 dan 6
Dostoyevskini ələ salan epiqramı Turgenev kiminlə birgə yazmışdı?

Fyodor Dostoyevskinin həyatından maraqlı faktlar

Onun həyatı macəra romanlarına bənzəyir, yaradıcılığı isə insan təbiəti haqda biliklər kitabıdır sanki - biz kimik, niyə doğulur, niyə ölürük... Dostoyevski eyni zamanda həm qəribə, həm də dahi insan idi.
Yazıçının atası Polşa şlyaxtalarından idi, nəslin kökləri 1506-cı ilə gedib çıxır. Nəslin əsasını qoyan Daniil Rtişevə Pinsk knyazı Belarusun Polesye vilayətində (hazırkı Brest vilayəti) Dostoyevo kəndini bağışlamışdı, yazıçı da soyadını elə həmin kəndin adından götürüb. Yeri gəlmişkən, yazıçı həmişə deyirdi ki, soyadındakı vurğu sözdəki ikinci hecaya düşməlidir - yəni DostoyEvski yox, DostOyevskidir.
Fyodor Moskvanın kasıblar üçün olan Mariinsk xəstəxanasının həkiminin altı uşağından ikincisi idi. Onun anası isə tacir qızı idi. Təxminən altmış il ömür sürən Dostoyevski sürgündə olmağa, Avropanı gəzməyə, qardaşı ilə jurnal dərc etməyə, pyeslər, romanlar yazmağa, inqilabçılarla söhbətləşməyə imkan tapıb.
Yazıçı, mütəfəkkir, rus ədəbiyyatının tanınmış klassiki, ölməz əsərlərin müəllifi... Eyni zamanda da qalmaqallı, bədxərc adam, qumarbaz, psixopat, dövrünün "Markiz de Sad"ı...

Turgenevlə mübahisə

Dostoyevski hələ gənc yaşında özünə ad eləyə bildiyi üçün, müasirlərinin təbirincə, şəxsini dahi sanmağa başladı. Onun təkəbbürünə hətta lağ edirdilər. Xüsusi "bizləmə" istedadı ilə seçilənlərdən biri də İvan Sergeyeviç Turgenev idi, demək olar ki, hər dəfə Dostoyevskini özündən çıxarırdı.
1846-cı ildə Turgenev digər bir məşhur yazıçı ilə birlikdə tikanlı epiqram yazmışdı: "Kədərli cəngavərin heykəlisən, Dostoyevski, yaraşıqlı cavansan, ədəbiyyatın burnunda sızanaq kimi parlarsan". Bu hadisə iki yazıçı arasında heç zaman bitməyən müharibənin əsasını qoydu.

Qumar ehtirası

Qumarbazlıq Dostoyevskinin pis vərdişlərindən biri idi. 1860-cı illərdə Avropaya səyahəti zamanı qurşandığı bu bəla onu on il boyunca rahat buraxmadı.
O, daha çox ruletka həvəskarı idi. Hər zaman qalib gələ biləcəyi ideal bir sistem icad etməyə çalışsa da, bu onda alınmadı.
Hərdən bəxti gətirirdi, böyük məbləğdə pul udurdu, bunları borclarını ödəməyə sərf etmək əvəzinə yenidən oyuna qoyub dərhal da uduzurdu. Visbaden kazinosunda bir dəfə necə uduzdusa bütün dostlarını və qohumlarını yardım xahişləri ilə dolu məktublarla bezdirdi.
Arvadı və sevgilisi öz bəzəklərini girov qoyaraq pulunu yazıçıya göndərirdilər ki, bir şəhərdən digərinə getmək üçün yolpulu eləsin.
Yazıçının bu bəd əməli sonralar dəfələrlə ekranlaşdırılan "Oyunçu" əsərinə mövzu oldu.

Arvadları, sevgilisi və uşaqları

Dostoyevskinin yaradıcılığna baxsaq, belə qənaətə gələ bilərik ki, ya sakit, mənəvi cəhətdən zəngin qızlardan, ya da parlaq gözəlçələrdən xoşlanırmış. Özü haqqında isə Dostoyevski belə yazırdı: "O qədər gəzəyənəm ki, artıq normal yaşaya bilmirəm, yatalaq və ya titrətmə tutacağımdan qorxuram, əsəblərim də yerində deyil... Bu günlərdə Turgenevlə Belinski qaydasız həyatıma görə məni məhv edərcəsinə danladılar".
Yazıçı tez-tez aşiq olur, fahişəxanalara baş çəkirdi. Onun iki arvadı vardı.
Birinci arvadı Mariya Dmitriyevna İsayeva ilə özünü heç də yaxşı aparmadı. Toydan əvvəl qıza ürəkgetməsi olduğu barədə xəbərdarlıq etmədi. Tez-tez dalaşdı. Sonra isə özünə bir sevgili tapıb, arvadını çaxotka ilə əlləşməkdə qoyaraq, xaricə gəzməyə getdi.
İkinci evliliyini bir qədər uğurlu saymaq olar. Qızlıq soyadı Snitkina olan Anna yazıçıdan 25 yaş cavan idi. Onların evliliyində yalan və aldatma olmadı.
Mariya İsayeva ilə nikahdan Dostoyevskinin uşağı yox idi. İkinci nikahında isə dörd uşağı doğulsa da ikisi elə uşaq yaşında öldü. Qızı Lyubov Dostoyevskaya (1869-1926) yazıçı oldu, İtaliyanın şimalında dünyadan köçdü. Oğlu Fyodor Dostoyevski (1871-1921) atçılıq üzrə tanınmış mütəxəssis idi, ömrünün son illərində isə anasının vəsiyyəti ilə Dostoyevskinin arxivini toplayırdı.
İkinci arvadı ilə Fyodor Dostoyevski "Oyunçu" romanını yazdığı ərəfədə tanış olmuşdu. Anna Snitkinanın 20, Dostoyevskinin 45 yaşı vardı. Roman çox qısa müddət ərzində işıq üzü gördü.

Borc məngənəsində

Yazıçı məbləği elə də az olmayan qonorarla dolanırdı. 1870-ci illərin ortasınadək Dostoyevski bir çap vərəqinə görə 150 rubl alırdı.
Düzdür, həmin vaxt ədəbiyyatın digər əjdahası - qraf Lev Tolstoya bir çap vərəqinə görə 500 rubl ödəyirdilər. Ancaq eyni zamanda Dostoyevski də yazıçılığı ilə az qazanmırdı. İllik 9-10 min rubl gəlir ona tam təmin olunmuş, nüfuzlu adam kimi həyat sürməyə imkan verirdi.
Ancaq yazıçı bədxərc idi. Onun yoldaşlarından biri xatırlayırdı ki, hələ tələbə vaxtı Dostoyevskiyə evdən min rubl göndərmişdilər, başqa tələbəyə həmin pul bir il bəs edərdi, Fyodor isə sabahı gün başqasından borc almağa məcbur qaldı.
Borc içində üzüb borclu olduqlarından gizlənmək Dostoyevski üçün normal həyat tərzi olmuşdu. Ömrünün son günlərinədək ehtiyac içində yaşamağı bütün xasiyyətinə, hətta sağlamlığına da təsir etmişdi.
Yalnız 1870-ci illərdə Fyodorun ikinci arvadı Anna maliyyə işlərini boynuna götürərək ərinin borc xəndəyini bir az doldura bildi.

Güllələnməyə gedənlərin siyahısında altıncı

Dostoyevskinin həyatında bir şoka salan epizod da olub - yazıçı ölümün bir addımlığından dönüb. İş burasındadır ki, onu "petraşevçilərin" dərnəyində iştirak etdiyinə görə ölüm cəzasına məhkum etmişdilər.
Bu birliyin rəhbəri Mixail Butaşeviç-Petraşevski "dövlət quruluşunun yıxılmasına cəhddə" ittiham olunurdu. Dostoyevski "petraşevçilərin" yığıncaqlarında iştirak edir, Belinskinin kilsəni, çarı, qanunları tənqid etdiyi Qoqola məktublarının çap olunduğu vərəqələrini paylayırdı.
Dərnəyin bütün üzvlərinə ölüm hökmü kəsdilər. Məhkumları güllələnəcəkləri meydana gətirdilər. Ancaq imperator dərnəkçiləri əfv edərək qətli katorqa ilə əvəz etməyə qərar verdi.
"Petraşevçilər"ə bu barədə son anadək heç nə demədilər. Yalnız prosedura görə, onları üç-üç dirəyin yanına gətirəndə əfv olunduqlarını bildirdilər. Dostoyevski sonralar xatırlayırdı ki, siyahıda altıncı idi, qətli kənardan izləyir və düşünürdi ki, növbəti odur. Birinci üçlükdə olan Nikolay Qriqoryev isə başında kisə güllələnəcəyini gözlədiyi vaxt ağlını itirib dəli oldu.
Dostoyevskinin romanlarındakı qəhrəmanlar çox zaman dəlilik həddində olur, müxtəlif xəstəliklərdən, o cümlədən ürəkgetmədən əziyyət çəkirlər. Fyodor Dostoyevski özü isə vərəm nəticəsində boğazından qanaxmadan ölüb.

Dostoyevskinin sitatları

Dostoyevskinin irsi elə də böyük deyil. Onlarla povest, iyirmiyədək hekayə, oçerklər və on şeir.
Ancaq səkkiz romanı əsas sayılır: "Kasıb adamlar", "Alçaldılmış və təhqir olunmuşlar", "Cinayət və cəza", "Oyunçu", "İdiot", "Şeytanlar", "Yeniyetmə" və ölümündən əvvəl yazdığı "Karamazov qardaşları".
Buna rəğmən əsərlərindən sitatlar dil-dil dolaşır. Məsələn, "Günəş olun, o zaman sizi hər kəs görəcək", "Hakimiyyət o adama qismət olur ki, əyilib götürməyə cəsarəti çatsın". "Hamını, bütün insanları, bütün əzizlərini sevmək olarmı? Əlbəttə, yox! Ümumi insanlıq sevgisinin içində həmişə demək olar ki, yalnız özünü sevirsən".
Günümüzdə ən aktual sayılan sitatı isə mürəkkəb fəlsəfi, faciəvi "Şeytanlar" əsərindəndir: "Nə vaxt ki yaşayıb-yaşamamaq fərq etməyəcək, bax o zaman tam azad olacaqsan".
Sputnikin testindən keçməklə Nobel mükafatı almış ədəbiyyatçılar haqda biliklərinizi də yoxlayın.
Xəbər lenti
0