Şuşa alınan gün onu torpağa tapşırdılar: Heç belə fəlakət olmamışdı
© Sputnik / Emin AlisahibŞahmalı Rəhimovun portreti
© Sputnik / Emin Alisahib
Abunə olmaq
Raket rayonun ən ucqar yaşayış məntəqəsi olan Nəcəfqulubəyli kəndinə düşərək 16 yaşlı yeniyetmənin həyatına son qoydu. Dünən onun anım günü idi, bu gün isə torpağa tapşırıldığı gündən bir il ötür.
BAKI, 8 noyabr — Sputnik. Laçın rayonundan məcburi köçkün olan Şahmalı Rəhimov 2004 – cü ildə Bərdə rayonunda anadan olmuşdu. Otlaq sahəsində qoyun otaran zaman düşmən qəlpəsinə tuş gəldi. 16 yaşlı Şahmalı Rəhimov 2020-ci ilin 7 noyabrında başından aldığı qəlpə yarasından şəhid oldu.
Şahmalının dayısı Vüqar Əliyev deyir ki, mərminin qəlpəsi 90 metr aralıda olan Şahmalının çənə nahiyəsindən dəyib:
“Ermənilər qəsdən mülki əhalini hədəfə alırdılar ki, insanlar qorxub, qaçsın. Amma onların bu istəyi baş tutmadı. Hamımız kənddə idik. Öz işimizlə, təsərrüfatımızla məşğul olurduq. Şahmalı da sahədə qoyun otarırdı. Ötən ilin 7 noyabr günü sahədə heyvan otararkən ermənilərin atdığı raket nəticəsində rəhmətə getdi. Mərminin qəlpəsi 90 metr aralıda olan Şahmalının çənə nahiyəsini aparmışdı. Uşaq elə oradaca rəhmətə getmişdi”.
© Sputnik / Emin AlisahibŞahmalı Rəhimovun fotosu
Şahmalı Rəhimovun fotosu
© Sputnik / Emin Alisahib
Hadisədən bir neçə dəqiqə əvvəl qardaşı da Şahmalının yanında olub. Həmin dəhşətli günü qardaşı İslam Rəhimov belə xatırlayır:
“Qardaşımla sahədə heyvan otarırdıq. Ona dedim ki, gəl gedək evə. Elə bil ürəyimə dammışdı ki, nəsə olacaq. Amma Şahmalı etiraz etdi. Dedi sən get, mən gələcəm. Məni göndərməsə, mən də indi onunla bərabər şəhid olmuş olacaqdım. Əgər bilsəydim belə olacaq, Şahmalını tək qoymazdım. Elə bir az aralaşdım, möhkəm səs gəldi. Şahmalının yanına raket düşdü. Qardaşım rəhmətə getdi. Mən o dəhşətli anların şahidi oldum. Dünyada bundan böyük ağrı ola bilməz ki, bunu bizə erməni yaşadıb. Erməni terrorçudur. Erməni vandaldır. Əgər belə olmasaydı, mülki əhalini hədəfə almazdı. Mən qardaşıma tərəf qaçdım. Şahmalı qan içində yerdə yatırdı. O səhnəni, ermənilərin bu vəhşiliyini ömrümün sonuna kimi unutmayacağam”.
Rəhimovlar ailəsinin ağbirçəyi Səkinə nənə deyir ki, həmin gün bu ailədə dəhşətli anlar yaşanıb. O, bu yaşına qədər belə bir fəlakət nə görüb, nə də yaşayıb. Səkinə Əliyeva olanları belə nəql edir:
© Sputnik / Emin AlisahibŞahmalı Rəhimovun ailəsi
Şahmalı Rəhimovun ailəsi
© Sputnik / Emin Alisahib
“Evdəydim. Oğlum məni həkimdən gətirmişdi. Gəldim, gəlindən soruşdum, hanı Şahmalı? Dedi gedib heyvanın yanına. Gəlin yemək bişirirdi. Dedim, "bəs Şahmalı çörək yeməyib?" Dedi "yox, Şahmalı deyib ki, nənəmlə dayım gələndə gəlib, yeyəcəm". Biz onun özünün yolunu gözləyirdik. Qara xəbəri gəldi. Elə gəlin yeməyi stolun üstünə gətirmişdi, onda gördük ev az qala başımıza uçdu. Elə bu vaxt balaca nəvəm qaça-qaça içəri girib, dedi ki, Şahmalı yaralanıb. Sürünə-sürünə çölə çıxdım. Gördüm qonşular qaçır. Sonra balaca qız mənə xəbər gətirdi ki, nənə Şahmalı yaralanmayıb, deyirlər ölüb. Məni qoymadlar gedəm meyidə sarı. Bala, bu müsibətdir. Erməni dinc sakini qanına qəltan etdi. Erməni terrorçu deyil, bəs nədir?"
İndi ailənin tək təskinliyi doğma yurd-yuvaları olan Laçının işğaldan azad edilməsidir. Səkinə nənə yalnız bununla təskinlik tapdıqlarını bildirir:
© Sputnik / Emin AlisahibŞahmalı Rəhimovun qardaşı İslam Rəhimov
Şahmalı Rəhimovun qardaşı İslam Rəhimov
© Sputnik / Emin Alisahib
“Şükür Allaha ki, işğalda olan torpaqlarımız azad edildi. Şuşa alınan günü Şahmalı torpağa tapşırıldı. Həmişə Şahmalı deyərd ki, nənə qələbə bizim olacaq. Ayın 8-də qələbə günü oldu. Amma yazıq balam o günü görə bilmədi”.
Qeyd edək ki, Bərdə döyüş meydanından 70 km qədər uzaqda yerləşsə də, erməni hərbiçiləri 44 gün müddətində şəhər mərkəzini və kəndləri 5 dəfə raket atəşinə məruz qoyub. Erməni terroru nəticəsində 28 nəfər mülki şəxs şəhid oldu, 100 nəfərdən çox insan yaralandı.
Bərdə İkinci Qarabağ müharibəsində ən çox mülki şəhidi olan rayon oldu. Düşmən ordusu həmin vaxtı insanlarda ruh düşkünlüyü yaratmaq istəsə də, buna nail ola bilmədi. Bərdəlilər bütün azərbaycanlılar kimi "dəmir yumruq" ətrafında sıx birləşdi.