Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Qızıl Fonda düşən aktyor: "Vulqarcasına danışıb yenilik gətirdiklərini düşünürlər"

© Sputnik / Shahperi AbbasovaKukla teatırında tamaşa
Kukla teatırında tamaşa - Sputnik Azərbaycan, 1920, 07.11.2021
Abunə olmaq
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar mədəniyyət işçisi Aslan Fətullayev öz həyatı və yaradıcılığı ilə bağlı Sputnik Azərbaycan-ın əməkdaşı ilə həmsöhbət olub.
BAKI, 7 noyabr — Sputnik. Sənət dostları ona zarafatla "şir ürəkli Aslan" deyirlər. Oynadığı obrazlarla böyükdən kiçiyə hər kəsin sevgi və rəğbətini qazanıb. Söhbət Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru, Əməkdar mədəniyyət işçisi Aslan Fətullayevdən gedir.
Sevimli aktyorumuz sənətə gəlişindən, bu sahədə olan problemlərdən Sputnik Azərbaycan-a söhbət açıb. Sumqayıt şəhər "Dostluq" mədəniyyət evinin direktoru olan aktyor deyir ki, teatrda direktor olduğunu unudur:
"Orada direktoram, amma Kukla teatrında adi bir aktyoram və rejissordan asılıyam. Artıq direktor olduğumu unuduram. Rejissor nə qədər zəif də olsa, aktyor ondan asılıdır. Rejissor məni epizodik obraza uyğun görübsə, mənim rol davalamağıma nə hacət? Bəzən baş rolu mənə həvalə ediblər, o tamaşa festivala gedəndə mən imtina etmişəm. Çünki, rejissor qala-qala tərəf müqabili mənə əmr verib ki, filan hissəni filan cür oyna. Tək olanda tövsiyyə edə bilərsən, amma məşq zamanı, rejissorun yanında edə bilməzdən. Bu, rejissora və mənə hörmətsizlikdir. Rejissor zəif də olsa tamaşanın və ya filmin yiyəsi odur, o nə desə, onu etməlisən".
Həmsöhbətimizin sözlərinə görə, çox az aktyor var ki, rejissor ona tamaşada improvizələr etməyə icazə verir. Bu baxımdan, özünü şanslı hesab edən Aslan müəllim bildirir ki, sərbəstlik verilsə də, tamaşaya xələl gətirməyib. Dediyinə görə, rejissorun qoyduğu mizanı bir dəfə pozub, o da uğurlu alınıb:

"Mədəni Maarif texnikumunda oxuyanda Yusif müəllim çağırdı ki, dövlət imtahan tamaşası var – Haqverdiyevin "Sağsağan" əsəri. Orada rol alan aktyoru əsgər aparıblar. 1 ay sonra mən tamaşanı təhvil verməliyəm. Dedi oynaya bilərsən? Dedim "bəli". Dedi "sən onu oynaya bilsən, texnikumu bitirənə qədər sənə "5" verəcəyəm".

Həmin tamaşa gənc aktyorun həyatını dəyişir: "Yeniyetmə obrazı idi. Ona görə də dərsdən çıxıb gedirdim, o yaşda olan uşaqları müşahidə edirdim ki, onlar nə edir. Tamaşaya mərhum Mədəniyyət nazir Zakir Bağırov da gəlmişdi. Mən zaldakı uşaqlara əvvəlcədən dedim ki, "uşaqlar, mən səhnəyə çıxanda iki tərəfdən qoşa fit çalın, biriniz də topu elə atın ki, pəncərə sınsın. Həmin tamaşadan sonra mədəniyyət naziri ilə ömrümün sonuna qədər dost olduq. İlk dəfə orada rejissorun verdiyi mizanları eləmədim. Yusif müəllim qucaqladı məni ki, sənin ağlına haradan gəldi? Dedim mən 1 ay o yaşda olan uşaqları izləmişəm".
© Sputnik / Shahperi AbbasovaKukla teatırında tamaşa
Kukla teatırında - Sputnik Azərbaycan, 1920, 07.11.2021
Kukla teatırında tamaşa
Aslan müəllim heç vaxt ötən günlər üçün darıxmadığını deyir:
"Əslində darıxmağa vaxtım da olmur. Boş vaxtım olanda açıram köhnə tamaşalarımıza baxıram. Mən aktyorluqdan başqa. Rəqlə də məşğul olmuşam. Bundan başqa rəsmlər də çəkirəm. Bir sözlə, incəsənətin bütün sahələrini özümdə cəmləşdirmişəm. Ona görə də nə darıxmağa, nə də ötən illərin həsrətini çəkməyə vaxtım olur. Şablon bir sual verirlər adətən: "İkinci dəfə dünyaya gəlsəydiniz, aktyor olardınız?" – Bəli, olardım. Bəzən çay içməyə belə, vaxtım olmur. Amma mən bundan həzz alıram. Çünki, sevdiyim işlə məşğulam".
Sənətkar bir zamanların ən böyük sənət mərkəzi olan Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının bugünki vəziyyəti üçün narahat olduğunu dilə gətirir:

"Kinostudiyaya girmək üçün hər birimizin vəsiqəmiz olurdu, gözətçilər olurdu. Ora daxil olanda insan özünü sənət ocağında hiss edirdi. Filmlər çəkilərdi. Oranın indiki vəziyyətini görəndə ürəyim ağrayır. Bu yaxınlarda ora getdim, ağlamaq tutdu məni. Mən də köhnə vəsiqəmi saxlamışdım. Mühafizəçilər məni tanıdı, dedi "Aslam müəllim, lazım deyil"".

Aslan Fətullayev ötən illərin xiffətini çəkməsə də Mədəniyyət və İncəsənət Universitetində dərs deyən müəllimləri xatırlayır. Deyir ki, o vaxt həmin təhsil ocağında dərs deyən müəllimlərə çox böyük hörmət var idi. Müəllimlər də özlərini çox sanballı aparırdı. Müəllim tələbənin yanında heç vaxt siqaret çəkməzdi:
"İndi baxırsan dərs gedir, müəllim siqaret çəkir, tələbə də müəllimlə əda ilə danışır. Mən və həmyaşıdlarım bununla barışa bilmir. Direktoru olduğum mədəniyyət evində olan gənclərlə mütəmadi olaraq söhbətlər aparıram. Bəlkə haradasa səhv edirəm, onlardan nəyi isə öyrənə bilərəm. Amma indiki gənclər buna meyilli deyillər".
Müsahibimiz əlavə edir ki, bəzən gənc ssenaristlər ona ssenarilərini təqdim edirlər. Ssenari zəif olduğundan aktyor onların təklifini qəbul etmir:
"Ssenarini bir neçə dəfə oxuyuram, heç nə anlaya bilmirəm. Deyirəm, "bağışlayın, mən bu filmə çəkilə bilmərəm". Hər aktyorun öz tamaşaçısı var. Tamaşaçı sevdiyi aktyoru uyğunsuz bir obrazda görəndə, gözündən düşür. İllərlə çəkdiyi əziyyət bir filmlə bata bilər. Dəfələrlə tənqid olunmağına baxmayaraq, bu gün ssenarilərdə bayağılıqdan qaçmırlar. Vulqar sözlərdən istifadə edirlər, yenilik gətirdiklərini düşünürlər. Tövsiyyə verəndə də deyirlər "bizə öyrətməyin". Yaxşı, öyrənməyin, müvəqqəti gülüşlə tamaşaçını aldadın".
© Sputnik / Shahperi AbbasovaKukla teatırında tamaşa
Kukla teatırında - Sputnik Azərbaycan, 1920, 07.11.2021
Kukla teatırında tamaşa
Gənc yaşında Qızıl Fonda düşən aktyorumuza xarici ölkələrdən də təkliflər gəlib. Amma aktyor burada qalıb. Bəzən buna görə peşman olduğu vaxtlar da olub:
""Mosfilm"dən təklif gəlib, qəbul etmədim. Çoxlarına qəribə gələcək, mənə Hollivuddan da təklif gəlib. Kölndən də gəlib. "Yox" deməyimin səbəbi anam olub. Anam deyirdi "getmə gözümdən, gedərəm özümdən"".
Aktyor qazanacağı uğurları anasına qurban edib, desək yanılmarıq:
"Nə gizlədim, bəzən o təklifləri dəyərləndirmədiyimə görə peşman oluram. Hətta bir dəfə ölkədən küsüb getdim, 7-8 il Türkiyədə yaşadım. 20 dövlətə açıq vizam var idi. Mənim "saqqızımı oğurladılar". 1998-ci ilin sonları idi. Dedilər "anan xəstədir". Həmin gün Bakıya gəldim, gördüm ki, anam sappasağlamdır. Orada öz işimi qurmuşdum, dövlət işində də işləyirdim. Anam təkidlə "getmə" deyəndə, dedim "yaxşı, qurbandı sənə hər şey". Bir az gözləsəydim, türk vətəndaşlığı, 1 il gözləsəydim alman vətəndaşlığı da alacaqdım. 3 ölkənin vətəndaşı olurdum".
Aslan müəllim cərrah olmaq istəyib. Bu sənətə hobbi kimi baxıb. Səhhətində yaranan problemlərə görə, həkim olmaq sevdasından əl çəkib:
"9-cu sinifi bitirəndə beynim "dondu". O qədər güclü yaddaşım var idi ki, bir dəfə oxuyurdum, yadımda qalırdı. Rayonda müalicə edə bilmədilər. Beynim həddindən artıq yükləndiyinə görə 3 ay yarım Bakıda Respublika xəstəxanasında yatdım. 3 aydan sonra heç nə eşitmədim. İnsanlar danışırdı, artikulyasiya ilə başa düşürdüm və cavab verirdim. Ondan sonra 1 il mən heç nə oxumadım".
Sevimli aktyorumuz Hacıbaba Bağırov, Yaşar Nuri, Siyavuş Aslanla bir səhnəni bölüşdüyünə görə, özünü xoşbəxt sayır. Hər kəslə dostluq etməyi bacaran həmsöhbətimizin doğulduğu kənddə də yeri başqa olub:

"Kofiyelərimiz mənə "Asi" deyirdilər, çox yaxın dost olmuşuq. Kənddə də hər məclisdə, bayramda mənim yerim başda idi. Valideynlər deyirdilər ki, "Aslan yenə bir hoqqa verib uşaqlarımızı əyləndirəcək". Bəzən qonşumuzun qızlarının paltarlarını geyinib öz evimizə papaq atırdım. Kəndin meydanında, klubunda tamaşalar qururdum. Bu vaxta qədər nə arzulamışamsa, ona çatmışam. Heç vaxt deməmişəm ki, mən filan aktyordan daha yaxşı oynayardım".

Güclü yumor hissinə malik olması onu bəzi məqamlarda vəziyyətdən çıxara bilib:
"Univeritietdə oxuyanda Güllü Əbilova dövlət imtahan komitəsinin sədri idi. O qədər zəhmli qadın idi ki, qətiyyən gülmürdü. "Elmi Komunizm" imtahanı idi. Mən də əlaçı idim. Soltan müəllim də dedi ki, "gəl bilet çək". Biletə baxdım, heç bir sualın cavabını bilmirdim. Mən də elmi iş yazmışdım, 3 imtahandan "5" alsam, Moskvaya aspiranturaya gedə bilərdim. Soltan müəllim üzümə baxdı, mən də bileti əlimdə yelləyə-yelləyə dodağımın altında dedim ki, "bilmirəm". Müəllim də elə başa düşüb ki, mən sualların cavabını bilirəm. Müəllimim dedi "şir ürəkli Aslan, gəl görüm. Mən də dedim "Eh Soltan müəllim, Soltan müəllim, bu dövlət imtahanı elə zaddır ki, şirləri də pişiyə döndərir". Heç vaxt gülməyən Güllü xanım necə şaqqanaq çəkib güldüsə, hamı təəccübləndi. Durdu məni qucaqladı ki, "əsl aktyorsan, "5". İmtahandan sonra Soltan müəllimə dedim ki, mən heç nə bilmirdim. O da elə başa düşüb ki, mənim vecimə deyil".
Rəhmətlik Tariyel Vəliyev onlara "Estetika" dərsi keçirmiş, Aslan Aslanov isə rektor imiş. Bir gün gəlib Tariyel müəllimdən onun əvəzindən dərs keçmək üçün icazə istəyib. Tariyel müəllim də icazə verib. Hadisə qış vaxtı baş verib. İki metr boyu olan Aslan müəllim həmsöhbətimizə plaşını tutmağı tapşırıb:
"Mənə zəhmlə dedi ki, "ədə, dur plaşımı tut, geyinim". Dedim baş üstə, Aslan müəllim. Stulu stolun üstünə qoyub çıxdım. Şaqqanaq çəkib güldü, məni qucaqladı. Uşaqlara dedi "nə gözləyirdiniz, əsl aktyor belə olmalıdır. Daha demədi e, rektordur, olmaz".
Xəbər lenti
0