CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakı artıq yaşanılacaq yer deyil: Ekspertlər həyəcan təbili çalır

© AFP 2024 / ANTHONY WALLACEYeni tikili
Yeni tikili - Sputnik Azərbaycan, 1920, 06.11.2021
Abunə olmaq
Bakıda istismar müddəti 50 il olan elə binalar var ki, bu müddətin bitməsindən 30 il ötsə də, salamat qalıblar.
BAKI, 6 noyabr — Sputnik. Hündürmərtəbəli binaların Bakı üçün müxtəlif problemlər yaratdığı barədə dəfələrlə yazılıb. Yolların daralması, tıxaclar, nəqliyyat infrastrukturunun inkişafının qarşısının alınması, velosiped yollarının salınması üçün şəraitin olmaması və s. bu kimi problemlər əksər hallarda məhz hündürmərtəbəli binaların yaratdığı çətinliklərdən qaynaqlanır.
Bakının mərkəzində hündürmərtəbəli binaların sayının artması həmin ərazilərdə əhali sıxlığının da yaranmasına səbəb olur.
Metronun "28 May" stansiyasının dörd bir tərəfində binaların əksəriyyətində demək olar ki, avtoparkın olmaması əlavə sıxlıq və problem yaradır.
Nəinki "28 May" metrostansiyasının ətrafında, Dənizkənarı Milli Parka yaxın ərazildə "JW Marriott Absheron" hotelinin yanında da boy-boya düzülən hündürmərtəbəli binaları görmək mümkündür.
Bir çox ölkələrdə şəhərin mərkəzi gəzinti üçün ayrılır və bura hətta avtomobillərin daxil olması da qadağan olunur. Həmin ərazilərdə yaşıllıqların sayı artırılır, yeni parklar salınır. Bakıda isə mərkəzə doğru həm böyük tıxac, həm də hündürmərtəbəli binaların günü-gündən sayının artmasının şahidiyik.
Vəziyyətdən necə çıxış yolu tapmaq olar?
Tikinti üzrə ekspert Elnur Fərzəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirir ki, binaların sıx-sıx tikilməsi fövqəladə hallar zamanı da problemlərə səbəb olur. İstismar müddəti bitən və daha çox qəzalı şəkildə olan binalar mərhələli şəkildə sökülür. İstismar müddəti 50 il olan elə binalar var ki, istismar müddətinin bitməsindən 30 il ötsə də, salamat qalıb. Lakin bunun əksinə, tamamilə yararsız binalar da var ki, zirzəmiləri su ilə dolub.
"Binalarda artırmaların olması onun uzunömürlülüyünün qarşısını alır. Bu cür hallar binanı qəzalı vəziyyətə salır. Bəzi yerlərdə binalar o qədər sıx tikilib ki, avtomobillərin dayanması üçün belə yer olmur. Fövqəladə bir hal yarandıqda da böyük çətinliklər ortaya çıxır. Bu yaxınlarda Nərimanov metrosunun yaxınlığında yanğın hadisəsi baş verdi. FHN-in həmin əraziyə daxil olması çətinləşmişdi", - ekspert deyir.
Fərzəliyevin fikrincə, sıxlığın yaranma səbəblərindən biri də 5-9 mərtəbəli binaların yerində daha yüksək binaların ucaldılmasıdır:
"Sovet dövründə tikilən həmin binaların özlərinin bir həyəti vardı. Bu həyət də bina sakinlərinin adambaşına sayına görə nəzərdə tutulmuşdu. Həmin bina söküldükdə isə yerində ondan 4-5 dəfə böyük bir bina tikilir. Həyət isə həmin vəziyyətdə qalır. Əslində isə, plan öncədən hazırlanmalı, bütün tikililər baş plana uyğun həyata keçirilməli idi".
Ekspert bildirir ki, əhali sayı artsa da, məktəblərin sayı əhalinin sayına uyğun deyil, artmır. Ona görə də bir sinifdə 15-20 deyil, 30-40 şagird təhsil alır.
"Bu gün sökülməli olan yüzlərlə bina var. Maraqlıdır, bunlar söküləndən sonra bəs nə olacaq, şəhər daha da sıxlaşacaqmı və bu sıxlığın qarşısı necə alınacaq? Bu sualların qarşısında hamı aciz qalır. Əslində isə şəhərin sıxlaşmağa deyil, genişlənməyə ehtiyacı var. Bugünkü mənzərəyə əsasən isə demək olar ki, şəhərdə elə sıxlıq yaradılıb ki, Bakı ilə Sumqayıt bir-birinə bitişib", - mütəxəssis bildirir.
Onun sözlərinə görə, sıxlığın qarşısını almaq üçün söküntü işlərinin aparılması isə böyuük vəsait tələb edir. Ekspert belə ehtimal edir ki, bəlkə də bu işin görülməsi üçün milyardlar lazımdır:
"Çıxış yolu olaraq universitetlər, böyük idarələr, nazirliklərin bəziləri şəhərdən, ümumiyyətlə Bakıdan kənara çıxarsa, böyük bir kütlə həmin mərkəzlərin yerləşdiyi ünvanlara üz tutacaqlar, sıxlıq da müəyyən qədər azalacaq. Lakin təəssüflər olsun ki, bu gün bölgələrin əksəri axıb Bakıya gəlib. Bölgələr inkişaf etsə, Bakıda sıxlıq bu dərəcədə olmaz".
Bakının mərkəzində sıxlığın qarşısını almaq üçün ekspertin başqa bir təklifi də var: "Avropada paytaxt şəhərlərdə 16-17-ci əsrə aid binalar qorunaraq saxlanılır, lazımi vaxtda restavrasiya olunur. Həmin binalara xüsusi xidmət olunur ki, onlar baxımlı vəziyyətdə qalırlar. Restavrasiya işləri mütəmadi aparılsa, binaların hamısını sökməyə ehtiyac olmayacaq. Bakının mərkəzindəki arxitektura binaları Bakının tarixidir. O tarixi söksək, demək ki, Bakının tarixini sildik. Ümumiyyətlə, mərkəzdə hündürmərtəbəkli binaların tikintisinə icazə verilməməlidir".
Ekspert deyir ki, Mədəniyyət Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhəri İcra Hakimiyyəti də bu işdə töhfəsini verməlidir.
Yaşayış fondu getdikcə köhnəlir və qəzalı vəziyyət alır
Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün mərkəzi ərazilər var ki, vaxtı ilə həmin yerlərdəki tikililər sökülsə də, yerində hündürmərtəbəli binalar tikilmədi:
"Qış Parkı adlanan ərazi Heydər Əliyev adına Respublika Sarayının arxasından 5 mərtəbə - Füzuli meydanına kimi olan böyük bir ərazini əhatə edir. Həmin ərazinin sakinləri zamanla köçürülüb və orada yaşayan əhaliyə hər kvadratmetrinə görə 1 500 manat kompensasiya ödənilib. Oxşar praktika "Sovetski" adlanan ərazidə də tətbiq olundu. Digər praktika kimi isə qeyd edim ki, Ağ Şəhər adlanan ərazinin bir hissəsi dövlət hesabına vəsaitlə köçürüldü. Həmin ərazilərdə parklar salınıb".
Ekspertin sözlərinə görə, yaşayış fondu getdikcə köhnəlir və qəzalı vəziyyət alır: "Bu binaların dövlət tərəfindən yenilənməsi aparılarsa, bunun üçün böyük vəsait lazım olacaq. Lakin qeyd edim ki, tikinti şirkətlərinə yeni qoyulan normotivlərə görə həmin binaların söklməsi, bərpası maddi və iqtisadi baxımdan sərfəli deyil".
O deyir ki, hazırda şəhərin mərkəzində - əsas yolların üzərində yerləşən xeyli binalar var ki, onların köçürülməsi daha vacib və perspektivdir: "Kubinka" adlanan ərazini də buna misal göstərmək olar. Bakı Dövlət Sirkinin ətrafını da buna misal olaraq göstərmək olar. Qəzalı binaların sökülüb yenilənməsinə prioritet kimi baxılmalıldır. Arkitektura komitəsi ayrı-ayrı binaların tək olaraq deyil, kvartal şəklində tikilməsinə icazə verir".
Son nəticə olaraq bu qənaətə gəlmək olar ki, mərkəzdəki bir sıra idarələr, ali təhsil mərkəzlərinin binaları rayonlara köçürülməli və rayonlarda da iqtisadi fəallıq artırılmalıdır. Bununla yanaşı paytaxtın mərkəzində yerləşən köhnə binalara daha həssas yanaşmaq, onları qorumaq, vaxtında restavrasiya etmək lazımdır ki, həmin ərazilər qısa müddətdə yeni binalara ev sahibliyi etməsin.
Xəbər lenti
0