CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bələdiyyələrdən bəzi vergi səlahiyyətlərinin alınması nəyi dəyişəcək?

Manat - Sputnik Azərbaycan, 1920, 05.11.2021
Abunə olmaq
Bir çox hallarda mənzil istismar sahələri ilə bələdiyyələrin topladığı vergilərin mahiyyəti qarışıq salınır.
BAKI, 5 noyabr — Sputnik. Azərbaycanda bələdiyyələrin bəzi vergiləri toplamaq səlahiyyəti alınır. Bununla bağlı Milli Məclisin Regional məsələlər komitəsinin onlayn formatda keçirilmiş iclasında "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı müzakirə aparılıb.
Bələdiyyələrin yerli vergiləri toplamaqda qarşılaşdıqları problemlərdən danışan komitə üzvləri xüsusən yerli əhəmiyyətli tikinti materialları üzrə (kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı) bələdiyyə büdcəsinə ödənilən mədən vergisi üzrə onların yığımlarının çox cüzi olmasına diqqət çəkiblər, bu vergi növü üzrə yığımların vergi orqanlarına tapşırılması təqdir edilib.
Sputnik Azərbaycan qanunda edilməsi nəzərdə tutulan dəyişikliyin hansı zərurətdən yaranmasını araşdırıb.
Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Cavid Osmanov deyib ki, bu vergi növü üzrə yığımlarla bağlı bələdiyyələr işlərini yaxşı qurmayıblar. O bildirib ki, burada müəyyən obyektiv və subyektiv səbəblər mövcuddur:

"Xəritələrin tam hazır olmamasını, bələdiyyələrin bu istiqamətdə işlərini düzgün qurmamasını bu baxımdan qeyd edə bilərik. Vergilərin ödənilməməsinə görə bələdiyyələr məhkəmə qaydasında baxılması üçün iddia qaldıra bilmirdi. Bu məhsullara görə vergilərin Vergilər Xidməti tərəfindən yığılması zərurətdən irəli gələn məsələdir. Bildiyimiz kimi, Azərbaycan dağ-mədən ehtiyatları ilə zəngin bir ölkədir. Həmin sahələrdən vergilərin tam şəkildə yığılması dövlət büdcəsinə böyük fayda gətirəcək".

"Ötən il bələdiyyələr tərəfindən bu sahədə yığılan vergilərin həcminə baxdıqda görürük ki, burada yığım həddi 500 min manatı keçmir. Bu, potensialdan dəfələrlə aşağı bir rəqəmdir. Onu da qeyd etmək lazımdır ki, bəzi hallarda bir sıra bələdiyyələrlə şirkətlər arasında sövdələşmələr olubdur və bu da ümumi vergi yığımına təsir edən səbəblər sırasındadır. Vergi yığımı konkret vergi xidməti tərəfindən həyata keçirildikdən sonra qarşıdakı dövrdə bu istiqamətdə real potensialı görəcəyik", – deyə millət vəkili bildirib.
Bələdiyyələr və ümumiyyətlə hansısa qurumlar üçün ödənişlərin konkret banklar vasitəsilə edilməsi vacibdir deyən millət vəkili qeyd edib ki, burada da müəyyən nöqsanların olmasını inkar etmək olmaz: "Amma bununla belə, bir sıra bələdiyyələr vergilərin yığımı prosesini düzgün təşkil edə biliblər. Bu yığımlar əsasında da bələdiyyələrin ərazisində müəyyən işlərin həyata keçirilməsi mümkün olur".
Mövzu ilə bağlı fikirlərini bölüşən Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Kamran Bayramov da bildirib ki, məhz illərlə bələdiyyələr bu vergi növü üzrə yığımların həyata keçirilməsi ilə bağlı problemlərlə üzləşiblər:
"Bələdiyyələrin ərazisindəki müəssisələrdə hasilatın həcminin öyrənilməsi ilə bağlı problemlər var. Bələdiyyələr də buna görə müvafiq vergilərin hesablanması və yığılması ilə bağlı çətinliklərlə qarşılaşıb. Bu növ vergilərin yığılması üçün xüsusi təsir mexanizmləri lazım olsa da, bu bələdiyyələrdə mövcud deyil. Bununla da kifayət qədər vəsait bələdiyyə büdcəsindən kənarda qalır. Qeyd etməliyik ki, bu istiqamətdə vergi yığımı az idi və ildən-ilə də azalırdı. Dövlət büdcəsinə yığımların artırılması baxımından vergi səlahiyyətlərinin alınması, düşünürəm ki, faydalı olacaq. Ən əsası isə bu istiqamət üzrə vergi yığımı qaydaya düşəcək".
Kamran Bayramovun sözlərinə görə, bu vergi yığımı səlahiyyətləri bələdiyyələrdən alınsa da, əslində bütün bələdiyyələr bu səlahiyyətdən yararlanmırdı: "Yəni bir çox bələdiyyələrin ərazisində belə materialların hasil olunduğu yer yoxdur. Amma mən düşünürəm ki, müvafiq bələdiyyələrdən belə bir vergi yığımı səlahiyyəti alınırsa, bunun əvəzində kompensasiya olaraq yeni növ vergi səlahiyyətlərinin bələdiyyələrə verilməsi məsələsinə baxıla bilər. Eyni zamanda, bələdiyyələrin səlahiyyətində olan digər vergi yığımları ilə bağlı da təkmilləşmələrin aparılmasına ehtiyac var".
Millət vəkili vurğulayıb ki, bələdiyyələrin üzərində ümumi nəzarət onları seçmiş seçicilərə aiddir: "Bələdiyyələr büdcələrini kortəbii şəkildə istifadə edə bilməzlər. Bələdiyyələr ildə iki dəfə seçicilərinə görülən işlərlə bağlı hesabat təqdim etməlidir. Bu bələdiyyələrin statusu haqqında qanunda açıq-aydın göstərilib. Amma onu da nəzərə almalıyıq ki, bələdiyyələrin topladığı vergilər öz əraziləri daxilində kifayət qədər iş görməyə yetərli deyil. Vətəndaşlar bələdiyyələrə müvafiq vergiləri ödəməlidirlər ki, həmin vergilər onlara xidmət formasında geri qayıtmış olsun".
"Bu gün bələdiyyələrə tam fərqli yanaşma lazımdır. Bir çox hallarda mənzil istismar sahələri ilə bələdiyyələrin topladığı vergilərin mahiyyəti qarışıq salınır. Bələdiyyələrin vətəndaşlardan topladığı fiziki şəxslərin əmlak vergisidir. MİS-lər isə yalnız xidmətə görə vergilər toplayır. Bu məqamlar ona görə bir-birindən fərqləndirilməlidir", – deyə K.Bayramov bildirib.
Xəbər lenti
0