SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Rəsmi Bakı: "Cümhuriyyət bayramın mübarək, can Türkiyə!"

© Sputnik / Murad OrujovAzərbaycan Türkiyə bayrağı
Azərbaycan Türkiyə bayrağı - Sputnik Azərbaycan, 1920, 29.10.2021
Abunə olmaq
Azərbaycan Xarici İşlər Nazirliyi rəsmi "Twitter" səhifəsində Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü münasibətilə paylaşım edib.
BAKI, 29 oktyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə Cümhuriyyətinin yaranmasının 98-ci ildönümü münasibəti ilə paylaşım edib. Sputnik Azərbaycan xəbər verir ki, nazirliyin rəsmi "Twitter" səhifəsində yerləşdirilən məlumatda bildirilir.
"Respublika Günü münasibəti ilə qardaş Türkiyə hökumətini və Türkiyə xalqını ən xoş arzularımızla təbrik edirik.
Cümhuriyyət bayramın mübarək, can Türkiyə!", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, ötən gün Azərbaycan Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib.
Məktubda bildirilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.
Siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli və sabit Türkiyə Respublikası bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir. Sizin rəhbərliyiniz altında icra olunan irimiqyaslı proqramlar, layihələr qardaş ölkənizin hərtərəfli tərəqqisinə və yüksəlişinə xidmət edir. Şübhəsiz, xalqın Sizə olan böyük inam və etimadı həyata keçirdiyiniz strateji inkişaf xəttinin uğurunu təmin edən ən mühüm amildir.
Xalqlarımızın ortaq tarixi və milli-mənəvi dəyərləri kimi möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri birliyimizin və həmrəyliyimizin bariz ifadəsidir. Hazırda bu əlaqələrin tarixi dövrünə şahidlik edirik. Şuşa Bəyannaməsində müəyyənləşdirdiyimiz hədəflərə və istiqamətlərə uyğun olaraq müttəfiqlik münasibətlərimiz gündən-günə genişlənməkdə və yeni məzmunla zənginləşməkdədir.
Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi böyük rol oynamışdır. Azərbaycan-Türkiyə həmrəyliyini bir daha bütün dünyaya nümayiş etdirmiş bu dəstəyi xalqımız heç zaman unutmayacaq.
Əminəm ki, "Bir millət iki dövlət" şüarına uyğun olaraq birliyimizin, bütün sahələrdə səmərəli və fəal əməkdaşlığımızın daha da möhkəmləndirilməsi və inkişafı üçün birgə səylərimizi davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
Xəbər lenti
0