Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Rejissor: Kino sənayesi olmayan ölkədə keyfiyyətli film tələbi haqsızlıqdır

Abunə olmaq
Rüfət Şahbazov: İllər öncə selektiv abortlar mövzusuna toxunmuşduq. Televiziyaya Gəncədən belə bir zəng gəlmişdi: Biz ailəliklə düşünürdük ki, səhər gedib uşağı tələf edək, amma sizin çəkdiyiniz seriala baxdıq və fikrimizdən daşındıq.
BAKI, 29 oktyabr - Sputnik. Oktyabrın əvvəlindən yerli telekanallar yeni televiziya mövsümünü açıblar. Bəzi tənqidçilərə görə, tamaşaçıların Azərbaycan seriallarına marağının artmasına rəğmən, bir sıra çəkilişlərin keyfiyyəti hələ də gözləntiləri doğrultmur. Bəs bunun səbəbi nədir? Azərbaycanda serial sektorunun inkişafı üçün hansı addımlar atılmalıdır? Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Azərbaycan teleseriallarının iki məşhur rejissoru Ramin HacıyevRüfət Şahbazovla bu mövzunu müzakirə etdik.
Ondan artıq film və serialların rejissoru Ramin Hacıyev bildirir ki, Azərbaycanda kino sənayesi yoxdur, bütün problemlər də buradan qaynaqlanır:

"Bizdən tələb edirlər ki, niyə serialı türklər kimi çəkmirsiniz? Mən həftədə iki seriya çəkirəm. Xarici ölkələrə gedəndə düşünürlər ki, mən yəqin öz şəxsi təyyarəmlə gəlmişəm. Kino, serial elə bir sənətdir ki, burada hər kəs bir-birindən asılıdır. Film, serial uğurlu və ya uğursuz alınırsa, burada hər kəsin payı var".

Komediya və dram janrında olan seriallara ekran həyatı verən rejissor Rüfət Şahbazov da həmkarının fikrinə şərik oldu. Rejissor bildirir ki, Azərbaycanda nə vaxtsa kino sənayesi yaradılarsa, seriallarımız və kinolarımız Türkiyə səviyyəsinə çatar:

"Baxın, ən böyük müharibələrin getdiyi ölkələrin müdafiə sənayesi var. Müdafiə sənayesi olan ölkələr həmişə üstün olurlar. Təsəvvür edin ki, Azərbaycanda kino sənayesi yoxdur. Kino sənayesi olmayan ölkədə keyfiyyətli film və serialların tələbi haqsızlıqdır. Kinorejissor Elçin Musaoğlunun dili ilə desək, Azərbaycanda serial və kino çəkən rejissorlar əsl döyüşçülərdir. Biz xaricdən silah alıb döyüşən "döyüşçülər"ik".

"Azərbaycan tamaşaçısı daha çox hansı mövzuda olan seriallara baxır?" sualına rejissorlarımızın cavabı belə oldu:
Rüfət Şahbazov bildirir ki, Rusiyada və Türkiyədə daha çox kriminal mövzular aktualdır. Azərbaycanda isə bu, o qədər də sevilmir. Azərbaycan tamaşaçı daha çox sosial mövzularla maraqlanır:

"Rejissoru olduğum "Ata ocağı" serialında bu, daha çox özünü göstərdi. Serial efirə getdikdən sonra təkcə televiziyada yox, sosial şəbəkələrdə də paylaşıldı. Sosial problemlər komediya janrında da çatdırılanda tamaşaçı tərəfindən sevilir. İllər öncə qız uşaqlarının sevilməməsi, selektiv abortla bağlı bir mövzuya toxunmuşduq. Çalışdığımız televiziyaya Gəncə şəhərindən zəng gəlmişdi ki, biz ailəliklə düşünürdük ki, səhər gedib uşağı tələf edək, amma sizin çəkdiyiniz seriala baxdıq və fikrimizdən daşındıq. 10 milyonluq əhalinin içində 1 nəfərə belə, təsir edibsə bu bizim uğurumuzdur. Bu gün dünyanın ən böyük problemlərindən biri də intihar mövzusudur. Biz bu problemi serialda işləmişik. Hələ efirə getməyib".

Ramin Hacıyev isə deyir ki, Azərbaycan tamaşaçısı hər serialda özünün, qonşusunun, qohumunun xarakterini görmək istəyir. Komediyada bu, özünü daha qabarıq göstərir:

"Tutaq ki, hansısa ölkədən mövzu götürə bilərik, amma həmin mövzunu öz mühitimizə uyğunlaşdırırıq, adaptasiya edirik. Məsələn, Türkiyə ilə qardaş ölkəyik, amma komediyaları ruhumuza yaxın deyil. Pandemiya mövzusuna uyğun bir ideya ağlımıza gəldi. Amma onu müəyyən səbəblərə görə reallaşdıra bilmədik. Həmin ideyanı Rusiyada reallaşdırdılar. Biz də sonradan həmin mövzunu özümüzə adaptasiya etdik. Ümumiyyətlə, serial mövzuları bütün dünyada belə olur. İdeya götürülür, öz millətinin xarakterinə uyğunlaşdırlır".

Rüfət Şahbazov aktyorlarımızın zəhmətkeş olduğunu vurğuladı. Rejissor təəssüf hissi ilə qeyd edir ki, aktyorların aldıqları qonorar cüzidir:

"Aktyorun sosial rifahı yüksək olmalıdır. Hərdən zarafatla deyirik ki, bizim aktyorlarımız səhər teatra məşqə gedirlər, ondan sonra gəlirlər serial çəkilişinə, oradan da çıxıb hansısa reklam çəkilişinə gedirlər. Axşam artıq özləri kimi olurlar. Təsəvvür edin, bir insan gün ərzində bir neçə obraza girir. Bu, dünyanın heç bir ölkəsində yoxdur".

Şahbazov əlavə edib ki, ölkəmizdə bir nöqsan da var:

"Əlimizdə olanın qədrini bilmirik. Misal üçün, Mahir Əmrəli bizdə oynayanda adi bir futbolçu kimi qiymət verirdilər. O xaricə gedən kimi bir anda bizimkilərin gözündə ulduz oldu. Çox qəribə psixologiyadır. Məsələn, "Ata ocağı" serialının bir səhnəsi böyük ajiotaja səbəb olub. Gürcülər, ruslar bu serialın dublyajını istəyir. Bizim texniki avadanlıqlarımızın zəif olmasına rəğmən xarici tamaşaçıları da cəlb edirsə, deməli, mövzu maraqlıdır, aktyor oyunu güclüdür. Qurban İsmayılovun potensialından istifadə olunsa o film dünyanın ən məşhur festivallarında uğur qazanar. Mən həmişə deyirəm ki, Qurban İsmayılov Haluk Bilginerdən daha güclü aktyordur. Həmidə Ömərova sevilən aktrisadır. O xarici ölkəyə çıxsa, bizimkilər onun dahiliyini görəcəklər. Bəzən türk seriallarına baxıram, düşünürəm ki, o obrazlarda bizim aktyorlar oynasaydılar, daha uğurlu olardı. Məsələn, Rasim Cəfər xarici filmə çəkilib. Hələ işıq üzü görməyib. Film çıxanda deyəcəklər halaldır, deməli bacarırmış... Əslində hamısında bacarıq var, sadəcə şərait yoxdur onları üzə çıxarmaq üçün".

“Bacanaqlar” serialında Məhəbbət obrazı ilə tanınan aktyor Ramin Hacıyev həmkarının sözünə qüvvət olaraq dedi ki, Türkiyə yayımlanan "Kalk gidelim" serialı Xəzər TV-də yayımlanan "Xalxın evi" serialının nüsxəsidir. Amma Azərbaycan mediası və tamaşaçısı bunu görmədi:

"2017-ci ildə türkiyəli həmkarlarımızla müzakirə aparırdıq. Onlar da öz ideyalarını dedilər, biz də. Sentyabrda "Xalxın evi" adı serialı efirdə yayımlandı. Bizdən 2 ay sonra onlarda "Kalk gidelim" adlı serial başladı. Hətta zəng edib dedim ki, mənə zəng edərdiniz, bəlkə nəsə köməklik edərdik. Bizim üçün, Azərbaycan kinosu üçün də yaxşı olardı ki, Azərbaycanın istehsal etdiyi serial Türkiyədə nümayiş olunur. Obrazlardan tutmuş, ideyaya qədər hər şey eyni idi. Amma biz bir söz götürən kimi hamı üstümüzə düşür ki, "türklərdən götürmüsünüz, plagiatdır". Amma bu məsələdə hamı susdu. Heç kəs dilinə gətirmədi ki, bizdən götürülüb. Razıyam, onlar çox yüksək səviyyədə təqdim etdilər. Çünki onlarda maddi-texniki baza çox yüksək səviyyədədir".

Hacıyev onlara dəstək olan korifey sənətkarlarımızı xatırladı:

"Rəhmətlik Ramiz Əzizbəyliyə deyəndə ki, biz serial çəkməyə hazırlaşırıq. Dedi "çəkin, heç nəyə fikir verməyin". Biz çəkdik. İldən ilə də keyfiyyət artır. Biz də öz üzərimizdə işləyirik. Bizə ilk dəstəyi verənlərdən biri də rəhmətlik Yaşar Nuri oldu. Özü də serialımızda çəkildi. O dedi ki, "mən cizgi filminə də çəkilmişəm, seriala da çəkilərəm". Adam kuklalarla filmə çəkilmişdi, amma bunu heç kəs bilmədi. Bir vaxt var idi aktyorlar arasında ayrıseçkilik var idi. Filankəs Xalq artistidir, filankəs teatrdan gəlib. İndi isə hamı bir-birinə qaynayıb-qarışıb. Amma bəzi aktyorlar var ki, onlar müəyyən adlar aldıqdan sonra cürət edib seriala gəlmirlər ki, birdən tərəf müqabili ondan daha bacarıqlı olar və onu kölgədə qoyar. Amma elə yaşlı nəslin aktyorları var ki, onlar gənc nəsilə kömək edir, dəstək olur".

Ramin Hacıyevin rejissoru olduğu və eyni zamanda aktyor kimi fəaliyyət göstərdiyi "Bacanaqlar" serialı Azərbaycanın ən uzun serialıdır. Ramin bəy həmin serialda 7 il fəaliyyət göstərib. Rejissor düşünür ki, serial 3 ildən artıq gedəndə köhnəlir:

"Serialdakı mövzular və personajlar ola bilsin ki, artıq köhnəlmişdi. Buna baxmayaq indi də həmin serialda səslənən sitatlar, obrazlar yada salınır. Ona görə də Elməddin Cəfərov həmin serialı dayandırdı. Baxanlar olsa da özün də yeni bir iş istəyirsən. 6-7 il idi ki, çəkirdik, amma yenə də əl çəkmirdik, aşiq idik".

"Dünyanı cənginə alan pandemiya mövzusuna toxundunuzmu?" sualına Rüfət Şahbazov bildirdi ki, həmin dövrdə insanları karantin kabusunu bir anlıq da olsa unutdurmaq üçün bu mövzuya toxunmayıblar:

"Pandemiya dövründə mən və ssenaristimiz Valeh Əhmədov çalışırdıq ki, bu mövzuya toxunmayaq. Yaşlı təbəqədən olan tamaşçılarımız deyirdilər ki, nə yaxşı ki, koronovirusun adı çəkilmədiyi seriala baxırıq. Bir növ onları stresdən uzaq saxlayırdıq. O vaxt ssenaristlərimiz çalışırdılar ki, ağır mövzulara toxunmasınlar. Pandemiya mövzusunda layihəmiz var idi, amma onu reallaşdırmaq üçün maliyyə lazım idi. Biz öz maddi hesabımıza sosial çarxdan başqa heç nə çəkə bilmədik".

Xəbər lenti
0