Məscidin sütununu qucaqlayıb ağlayan rus rəssam: Azərbaycana gəlmək istəyirəm
© Photo : Courtesy of Yelena SukhorukovaYelena Suxorukova
© Photo : Courtesy of Yelena Sukhorukova
Abunə olmaq
Krasnodarda yaşayan Yelena Suxorukova Azərbaycan mədəniyyəti və adət-ənənələrinə bələddir.
BAKI, 28 oktyabr — Sputnik. Azərbaycana aşiq olan rusiyalı rəssam Yelena Suxorukova koronavirusdan vəfat etmiş azərbaycanlı həkimlərin portretlərini çəkib. Rəsmlər onun hazırda Rusiyanın müxtəlif şəhərlərinə səyahət edən "Hippokratın döyüşçüləri" adlı sərgisinə daxil edilib. Yelena Sputnik Azərbaycan-a verdiyi müsahibəsində öz layihəsi haqqında, eləcə də Odlar Yurduna səfər etmək və azərbaycanlı ilə ailə qurmaq arzusundan ətraflı danışıb.
Azərbaycana sevgisi necə yaranıb
Təhsili filoloq olan rəssam Krasnodarda yaşayır. Uşaqlıqdan Azərbaycana və Türkiyəyə aşiq olduğu üçün özünə qeyri-adi "Qırmızı nar" təxəllüsünü seçib. Yelenanın sözlərinə görə, Azərbaycanla əlaqələndirdiyi qırmızı rəngi və narı olduqca çox sevir. O, həmçinin Azərbaycan və türk dillərini də öyrənib. Bir çox Azərbaycan şairlərinin, yazıçılarının əsərləri, ölkənin adət-ənənələri ilə də tanışdır.
"Bir gün Moskvada anamla birlikdə Poklonnaya dağındakı Memorial Məscidinin yanından keçdiyimizi heç vaxt unutmaram. Sütunlardan birini qucaqladım və gözlərimdən yaşlar axmağa başladı. Molla mənim rus olduğumu görəndə təəccübləndi. Vəziyyətimi izah edə bilmədim, sonra mənə dedi ki, ola bilsin ki, bu keçmiş həyatda Qafqaz xalqları ilə əlaqəli genetik bağlılıqdır. Əslində anamın nənəsinin Qafqaz kökləri var. Bəlkə də buna görə Azərbaycanla bağlı hər şeyi sevirəm", - deyə Suxorukova bildirib.
Rəssam həmçinin bir neçə dəfə azərbaycanlı oğlanlara aşiq olub. Onun sözlərinə görə, Azərbaycandan olan satıcılar Krasnodardakı bazarda işləyirlər. Hətta onlardan biri ona evlilik təklifi etsə də, o, imtina edib. Yelena o zamanlar tələbə idi və onunla bir yerdə yaşaya bilməyəcəyindən qorxurdu, hər nə olmasa da fərqli mədəniyyət və adət-ənənədir. İndi isə rəssam azərbaycanlı ilə evlənməyə etiraz etmir.
© Photo : Courtesy of Yelena SukhorukovaKoronavirusdan dünyasını dəyişən azərbaycanlı həkimin portreti - Hüseynli Tərlan
Koronavirusdan dünyasını dəyişən azərbaycanlı həkimin portreti - Hüseynli Tərlan
© Photo : Courtesy of Yelena Sukhorukova
Onun yaradıcılığında azərbaycanlıların da böyük rolu olub. Yelena uşaqlıqdan rəsm çəkir, ancaq o, heç vaxt bunu peşəkar səviyyədə etməyib. Ancaq bir mistik hekayə onun həyatını dəyişib.
"Bəlkə də çoxları inanmayacaq, ancaq bütün bunlar həqiqətdir. Bir neçə gün ərzində gündə iki dəfə bir gənc oğlan gözümə görünürdü. Əvvəlcə qorxurdum, ancaq sonra ona öyrəşdim. Bir dəfə isə yoxa çıxdı və mən təsadüfən sosial şəbəkələrdə həmin şəxsin şəklini gördüm. Onun türkiyəli müğənni Barış Akarsunun pərəstişkarı olan azərbaycanlı olduğu ortaya çıxdı. O, məndən kumirinin portretini çəkməyimi istədi. Əvvəl imtina etdim, ancaq sonra razılaşdım. Bu, məni peşəkar səviyyədə rəsm çəkməyə həvəsləndirdi", – deyə rəssam etiraf edib.
Yelenanın yaradıcılığı
Bundan sonra Yelena ABŞ, Almaniya, İsveç, Pakistan, Əfqanıstan, Hindistan, Türkiyə, Keniya və digər ölkələrin bir çox məşhur şəxsiyyətlərinin portretlərini çəkməyə başlayıb. O, Pakistanın ən məhşur rəssamlarının toplusuna rəhbərlik edir. Onun yaratdığı portretlər 2017-ci ildən etibarən Pakistan və Əfqanıstanın Haqiqi Fashion, Arean Khan aparıcı model agentliklərinin reklam banner və afişalarında istifadə olunur, həmçinin müğənni Əhməd Cavadın (Almaniya), "Bollivud" teleserialların prodüseri Rəşad Ülfətin (Hindistan) səsyazma studiyasının girişini bəzəyir. Keniyada müğənnilər Kevin Va İmani və Xose Katumbidin Yelena tərəfindən çəkilmiş portretləri olan köynəklər məşhurdur.
Pandemiyanın başlanması ilə o, "Hippokratın döyüşçüləri" ümumi adı altında birləşdirdiyi koronavirusdan vəfat edən həkimlərin portretlərini çəkməyə başlayıb. Bu yaxınlarda onun əsərləri Krasnodarda nümayiş olunub, indi isə onlar Rusiyanın müxtəlif şəhərlərinə səyahət edəcək.
© Photo : Courtesy of Yelena SukhorukovaKoronavirusdan dünyasını dəyişən azərbaycanlı həkimin portreti - Peykar Vəlia
Koronavirusdan dünyasını dəyişən azərbaycanlı həkimin portreti - Peykar Vəlia
© Photo : Courtesy of Yelena Sukhorukova
Ekspozisiyaya Rusiya və MDB ölkələrinin hər yerindən (Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkmənistan, Azərbaycan, Estoniya, Ermənistan, Latviya və Litva) pandemiya ilə mübarizədə xidməti vəzifələrini yerinə yetirərkən vəfat edən 150-dən çox tibb işçisinin portretləri daxildir. Azərbaycanlı həkimlərin fotolarını isə rəssam internetdən tapıb.
"Həkimlərin hamısı çox gözəl və yaraşıqlı idilər. Təəssüf ki, koronavirus onların həyatlarını kəsdi. Bir çox həkimlərinizi tapdım, ancaq sərginin açılışında onlardan yalnız üç nəfərin - cərrah-ginekoloq Valiyə Peykərin, ortoped-travmatoloq Əlipənah Qarayevin və stomatoloq Tərlan Hüseynlinin rəsmlərini yarada bildim. Həkimləri çəkməyə davam edəcəyəm. Mən onların pozitiv, gülümsəyən şəkildə çəkdim ki, həmkarları, yaxınları və dostları onları belə xatırlasınlar.
Həkimlər özlərini qoruya bilməsələr də, pandemiya üzərində qələbəyə inamları minlərlə başqa insanın həyatını xilas etməyə kömək etdilər. Onlar koronavirusun yolunu kəsdilər və əbədiyyətə addım atdılar", - deyə Yelena qeyd edib.
© Photo : Courtesy of Yelena SukhorukovaKoronavirusdan dünyasını dəyişən azərbaycanlı həkim - Elipyanah Qarayevin portreti
Koronavirusdan dünyasını dəyişən azərbaycanlı həkim - Elipyanah Qarayevin portreti
© Photo : Courtesy of Yelena Sukhorukova
Rəssam digər azərbaycanlı həkimlərin və tanınmış şəxsiyyətlərin portretlərini çəkmək niyyətindədir. Yelena rəsm əsərləri ilə yanaşı, Azərbaycana da bir çox şeirlər həsr edib. İndi rəssam Odlar yurduna səfər etmək arzusundadır. Onun sözlərinə görə, əvvəllər Rostovdan Bakıya qatarlar işləyirdi, ancaq koronavirus pandemiyası səbəbindən hələlik heç bir xəbər yoxdur.
"Təyyarə ilə uçmağa qorxuram. Bəlkə, qatarla gələrəm, ancaq məndə ürək xəstəliyi olduğu üçün uzaq məsafə qət etməkdən qorxuram. Azərbaycana gəlmək mənim arzumdur. Bəlkə, özümdə güc toplayaram və Rostov-Bakı qatarları yenidən bərpa olunarsa, mən gələrəm", - deyə Yelena əlavə edib.