CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azerenerji: özlərini Qarabağ qazisi adlandıran şəxslər qanunsuz tikinti işləri aparıblar

© Sputnik/ Мурад ОруджевAzerenerji ASC yazısı olan lövhə
Azerenerji ASC yazısı olan lövhə - Sputnik Azərbaycan, 1920, 26.10.2021
Abunə olmaq
Bildirilir ki, ərazi ötən illərdə bir sıra aidiyyəti qurumların laqeydliyi nəticəsində heç bir hüquqverici sənəd olmadan, qanunsuz olaraq müəyyən şəxslər tərəfindən zəbt edilib.
BAKI, 26 oktyabr — Sputnik. Bu gün bir qrup şəxs Ziya Bünyadov prospektində yolu bağlayaraq “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən onlara məxsus torpaq sahəsindən çıxarılacaqları ilə bağlı təzyiqlər olduğunu iddia ediblər.

“Azərenerji” ASC-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, ərazi qurumun Bakı Elektrik Şəbəkəsinin balansında olan 110 kV-luq yüksək gərginlikli hava xəttinin mühafizə zonasıdır: "Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 saylı, 10.06.2005-ci il tarixli qərarına əsasən yüksək gərginlikli hava xəttinin mühafizə zonalarının vətəndaşlar tərəfindən zəbt edilməsi qanunaziddir və belə pozuntular cinayət məsuliyyətidir. Qeyd edilən ərazidə müxtəlif vaxtlarda bir sıra səbəblərdən dəfələrlə yanğınlar olub, xətlərdə açılmalar baş verib, minlərlə abonent işıqsız qalıb".

Bildirilib ki, ərazi ötən illərdə bir sıra aidiyyəti qurumların laqeydliyi nəticəsində heç bir hüquqverici sənəd olmadan, qanunsuz olaraq müəyyən şəxslər tərəfindən zəbt edilib və bu səbəbdən xətlərdə baş verən qəzaların aradan qaldırılmasında ciddi çətinliklər yaranıb:

"Cari ilin sentyabr ayının əvvəllərində xətlərə təxirəsalınmaz texniki xidmətlərin göstərilməsi üçün ərazi qanunsuz ticarət obyektlərindən boşaldılıb. Lakin bir neçə gün əvvəl özlərini Qarabağ qazisi kimi təqdim edən, əvvəllər tanımadığımız bir neçə şəxs qapalı ərazinin darvazasını sındırıb, əraziyə daxil olaraq boş ərazidə qanunsuz tikinti işlərinə başlayıblar. Qanunsuz hərəkətlərin dayandırılması ilə əlaqədar əməkdaşlarımızın dəfələrlə edilən xahişlərinə məhəl qoyulmayıb, işlər davam etdirilib".

Qeyd olunub ki, “Azərenerji” ASC-də işləyən və torpaqlarımızın işğaldan azad olunmasında xidməti olan bütün Qarabağ müharibəsi iştirakçıları, qazi və şəhid ailələri heç vaxt diqqətdən kənarda qalmayıb:

"Biz bu igid övladlarımızın da istəklərinə hömətlə yanaşırıq. Lakin vətən uğrunda sağlamlıqlarını itirən bu gəncləri yenidən bilərəkdən öldürücü elektrik xətlərinin altında təhlükə qarşısında qoymağımızın heç bir izahatı ola bilməz. Tam məsuliyyətlə bildiririk ki, bu şəxslərdən heç birinin həmin əraziyə aidiyyəti, mənsubiyyət sənədi və ya sahibkarlıq fəaliyyətilə məşğul olması üçün icazəsi yoxdur və yüksək gərginlikli hava xətlərinin mühafizə zonalarına bu kimi sənədlərin verilməsi qanunaziddir. Bir daha fəxrimiz olan əziz dəyərli qazilərimizi təmkinli olmağa çağırırıq və imkanlarımız çərçivəsində hər zaman onlara problemlərinin həllində yardımçı olmağa hazır olduğumuzu bildiririk".

Xəbər lenti
0