Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycanda devalvasiya gözlənilir? Neftin ağ, manatın qara günləri

© Sputnik / Murad OrujovManat və dollar
Manat və dollar - Sputnik Azərbaycan, 1920, 26.10.2021
Abunə olmaq
Türkiyə lirəsinin ardıcıllıqla dəyərdən düşməsi və daxili bazarda da müşahidə edilən dəyişikliklər manatın ucuzlaşma risklərini gündəmə gətirib.
BAKI, 26 oktyabr — Sputnik. Son günlər manatın yenidən ucuzlaşacağı, yanvardan 1 dolların 2 manat olacağı iddiaları ortaya atılıb. Medianın yazdığına görə, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Türkiyənin milli valyutasının ardıcıllıqla ucuzlaşması və daxili bazarda da müşahidə edilən dəyişikliklər manatın ucuzlaşma risklərini gündəmə gətirib.
Məsələ ilə bağlı Sputnik Azərbaycan iqtisadçı Xalid Kərimlinin fikirlərini öyrənib.
İqtisadçı diqqətə çatdırıb ki, manatın ucuzlaşacağına dair məlumatların ciddi əsası yoxdur:

"Birincisi, manatın məzənnəsi üzən məzənnə rejimində deyil. Milli valyutanın məzənnəsini Mərkəzi Bank hökumətlə birgə təyin və təmin edir. Ona görə də manatın məzənnəsi Mərkəzi Bankın qərarından asılı olan məsələdir. İkincisi, hazırda Azərbaycanın əsas ixrac resursu olan neftin və qazın qiymətləri pik həddədir və neftin bir barelinin qiymətinin bu il üçün nəzərdə tutulan 40 dollar həcmindən çox yuxarıdadır. Ona görə də tədiyyə balansında ciddi risk ehtimalı yoxdur".

Mütəxəssisin fikrincə, hazırda büdcə artıqlığı var, tədiyyə balansında vəziyyət çox yaxşıdır.

"Bu da ona əsas vermir ki, manat ucuzlaşdırılsın. Həm də nəzərə alaq ki, onsuz da manatın alıcılıq qabiliyyəti bir qədər düşüb. Xüsusən də dünyada olan inflyasiya ölkəmizə də ciddi şəkildə təsir etməkdədir", - deyə o qeyd edib.

Dollar dəyər qazanacaq
Gələn il dünyada dollar güclənəcək, yoxsa ucuzlaşacaq? Sualı iqtisadçı belə cavablandırıb:

"Dolların vəziyyəti ABŞ Mərkəzi Bankının siyasətindən və bazara verdiyi məlumatlardan asılı olacaq. ABŞ Mərkəzi Bankı bir il yarımdır ki, ucuz pul siyasəti həyata keçirir və bazara çoxlu dollar buraxır. İnflyasiyanın da sürətlənməsinin səbəblərindən biri budur ki, pul kütləsi çoxdur, mal azdır və qiymətlər qalxır. Dolların növbəti ildə dönərli valyutalara görə dəyər qazana biləcəyini proqnozlaşdırmaq olar. Çünki inflyasiyanın sürətlə artması ABŞ Mərkəzi Bankının dolları tədricən bahalaşdıracağına dair hərəkətə keçəcəyi ilə bağlı gözləntilər formalaşdırıb. Yəni gələn ildən dollar digər valyutalara görə bahalaşa bilər. Ancaq manat dollara fiksə edildiyinə görə dollar ucuzlaşanda manat da dünya valyutalarına görə ucuzlaşır, dollar bahalaşanda isə manat da digər valyutalara qarşı bahalaşır".

Xatırladaq ki, Maliyyə Nazirliyinin açıqladığı 2022-2025-ci illər üzrə makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə əsasən 2022-ci ildə dolların məzənnəsinin son 3 ildə olduğu kimi 1,7 manat həddində qalacağı gözlənilir.

"Makroiqtisadi sabitliyin qorunması məqsədilə fiskal və monetar siyasətlərin əlaqələndirilməsinin gücləndirilməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcək. Bu əsasda, 2022-ci il üzrə manatın ABŞ dollarına qarşı məzənnəsi 1,7 səviyyəsində götürülmüşdür", - deyə hesabatda bildirilir.

Hesabatda bildirilir ki, büdcə və iqtisadi inkişafla bağlı proqnozlar verilərkən ehtimal və fərziyyələrin əsasında neftin qiyməti ilə yanaşı, ortamüddətli dövr üçün manatın məzənnəsinin ABŞ dollarına nisbətdə sabit qalması (1,7 manat), neft yataqlarının işlənməsi və hasilatın pay bölgüsünə dair sazişlərin müddəti, hasilat həcmləri ilə bağlı beynəlxalq razılaşmalar, habelə ÜDM-in artım tempi ilə bağlı İqtisadiyyat Nazirliyinin proqnoz və hədəfləri, eləcə də vergi-gömrük siyasətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər dayanır.
Azərbaycan son 1 ildə valyuta ehtiyatlarını 3% artırıb
Azərbaycanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 51 260,2 milyon ABŞ dolları təşkil edib. Bunun 86,3%-i və yaxud 44 226,4 milyon dolları Dövlət Neft Fondunun (ARDNF), 13,7%-i və yaxud 7 033,8 milyon dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb. Bu ilin III rübündə ölkənin valyuta ehtiyatları 700 milyon dollar və yaxud 1,4% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 0,3%, AMB-nin valyuta ehtiyatlarında isə 9% artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 1 480,2 milyon dollar və yaxud 3% artıb.
Onu da bildirək ki, 26 oktyabr 2021-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib. Hərracda tələb 74,8 milyon ABŞ dolları təşkil edib və tam təmin edilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
21 oktyabr 2021-ci il tarixində keçirilmiş valyuta hərracında tələb 50,6 milyon ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdi.
Xəbər lenti
0