CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Deputat: əməkhaqlarında 20-40% artımın olması proqnozlaşdırılır

© Sputnik / Murad OrujovAzərbaycan manatı, arxiv şəkli
Azərbaycan manatı, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 25.10.2021
Abunə olmaq
Natiq Cəfərli: Hər həftə qiymət artımının şahidi oluruq. Rəsmi inflyasiya 5 faiz göstərilsə də, ərzağın inflyasiyası daha yüksəkdir.
BAKI, 25 oktyabr — Sputnik. Azərbaycanda elektrik enerjisinin və mavi yanacağın qiymət artımından sonra sosial paket hazırlanır. Bu barədə oktyabrın 20-də Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov "Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu" adlı konfransda çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycan Prezidenti tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qarşısına yeni tələblər qoyulub və nazirlik tərəfindən bununla əlaqədar olaraq yeni sosial paket hazırlanır:

"Ümid edirəm ki, həmin sosial paket hazırlanan zaman qadınlar da nəzərə alınacaq".

Bəs, görəsən bu sosial paketdə nələr öz əksini tapacaq? Nazirlik hələ ki, sirr saxlayır...
Sputnik Azərbaycan-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirdilər ki, sosial paketə daxil ediləcək bəndlərin indidən ictimaiyyətə açıqlanması mümkün deyil. Çünki sənəd hazırlıq mərhələsindədir.
Qeyd edək ki, oktyabrın 20-də Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov bildirib ki, Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında" Sərəncamdan irəli gələrək sosial artımlarla bağlı növbəti iki ay ərzində təkliflər hazırlanmalıdır. Bu artımlar əsasən əməkhaqqı, əmək pensiyaları və sosial müavinətləri, eləcə də təqaüdləri və digər sosial ödənişləri əhatə edir. Onun sözlərinə görə, artımlar genişmiqyaslı olacaq:

"Təxminən, 1 milyon 800 min nəfərədək vətəndaşımız bu artımdan yararlanacaq. Hazırda növbəti ilin dövlət büdcəsinin müzakirəsi gedir. Düşünürük ki, proseslər paralel aparılacaq. Gələn ildən yeni artımların şahidi olacağıq".

Nazir müavini xatırladıb ki, sosial artımlar 2019 və 2020-ci illərdə də olub:

"Bu artımlar həmin sosial islahatların məntiqi davamı olacaq".

İdxal olunan məhsulların qiymətlərində də artımlar var...
Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a müsahibəsində bildirib ki, 2022-ci ildən pensiyaların artırılması prioritetdir. Deputat qeyd edib ki, 2022-ci ilin dövlət büdcəsi layihəsində, eləcə də Maliyyə Nazirliyi tərəfindən təqdim olunan ilkin göstəricilərdə də gələn il həm orta aylıq əməkhaqqının, həm də digər sosial ödənişlərin artırılması nəzərdə tutulub:

"Cənab prezident tərəfindən sosial təminat sisteminin gücləndirilməsi ilə bağlı xüsusi sənəd imzalanıb. Bu isə ondan xəbər verir ki, 2022-ci il yeni və genişləndirilmiş sosial paketin təqdimatı ili kimi yadda qalacaq. Ümumiyyətlə sosial təminatın gücləndirilməsi Azərbaycan üçün prioritetdir. Pandemiya səbəbindən dünya bazarında qiymətlərin artması müşahidə olunur. Bu da Azərbaycanda inflyasiyaya təsir göstərir. İdxal olunan məhsulların qiymətlərində də artımlar var. Azərbaycan istehlak etdiyi ərzaq məhsullarının bir hissəsini, hətta deyərdim ki, bazara təsir edəcək qədər əhəmiyyətli hissəsini idxal etdiyi üçün nəticədə ərzaq məhsulları bahalaşır. Ona görə də yeni sosial paket qiymət artımının təsirlərini azaltmaq və vətəndaşların sosial rifahını yaxşılaşdırmaq məqsədi daşıyacaq".

Artım nə qədər olacaq?
V.Bayramov bildirir ki, sosial paketdə hansı faiz artımların olacağı yaxın vaxtlarda aydın olacaq. Çünki prezidentin göstərişi ilə bu istiqamətdə işlər aparılır:

"Bütün hallarda qeyd etmək lazımdır ki, kifayət qədər əməkhaqqı artımlarının olacağını hiss edəcəyik".

Konkret sosial paketdə nələrin öz əksini tapacağına gəlincə, V.Bayramov bildirdi ki, dövlət büdcəsindən maliyyələşənlərin orta aylıq əməkhaqqının artırılması da gözlənilir. Eləcə də pensiya və təqaüdlərdə də artımların olması nəzərdə tutulub:

"Təxminən 20-40 faiz intervalında artımların olması proqnozlaşdırılır. 2022-ci ildə biz bütün sektorları əhatə edən sosial paketin həyata keçirildiyini müşahidə etmiş olacağıq".

İki yol var...
İqtisadçı Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Azərbaycanda əhalinin gəlir səviyyəsi aşağı olduğundan, hökumət xalqın gəlirlərinin artması barədə düşünməlidir. Ekspertin fikrincə vəziyyətdən çıxmaq üçün iki yol var:

"Bir yol - sosial müavinət, təqaüd və maaşların artımıdır. Amma bu artım vacib olsa da, iqtisadiyyatda olan problemlər də həll olunmalıdır. Əks halda, dövlətin sosial müdafiə vasitəsilə artırdığı əməkhaqqı, sosial müavinət və təqaüd artımları sosial inflyasiyanın qurbanına çevriləcək. Digər yol isə ondan ibarətdir ki, paralel olaraq həm sosial müdafiə gücləndirilir, həmçinin də iqtisadiyyatda olan problemlər öz həllini tapır, rəqabətli mühit gücləndirilir, iş yerlərinin yaradılması üçün kiçik-orta sahibkarlara dəstək həyata keçirilir. İqtisadi artım formalaşdıqda qiymətlərin tənzimlənməsi prosesi baş verir. Çünki bazar iştirakçılarının sayı artmış olur, rəqabət gücləndikcə inflyasiyanın artmasının qarşısını almaq üçün iqtisadi alətlərdən istifadə olunur".

İnflyasiyanın qarşısı alınmalıdır, yoxsa ...
N.Cəfərlinin sözlərinə görə, ölkəmizdə uzun illərdir ki, sosial müdafiə ilə bağlı addımlar atılır, minimum əməkhaqqı və sosial müavinətlər artırılır. Amma elə həmin vaxtdan Azərbaycanda inflyasiya sürətlə artmağa başlayıb:

"Bu ilin əvvəlindən isə qiymətlər fantastik dərəcədə yüksəlib. İndi biz hər həftə qiymət artımının şahidi oluruq. Rəsmi inflyasiya 5 faiz göstərilsə də, ərzağın inflyasiyası daha yüksəkdir. Təkcə rəsmi rəqəmlərə görə, ərzaq məhsullarında 9 faiz bahalaşma var. Reallıq isə bundan qat-qat çoxdur. Hökumət əhalinin sosial müdafiəsi ilə bağlı qərar verməlidir. Bu hökumətin sosial məsuliyyətidir. Çox yaxşı olardı ki, bu artımlarla yanaşı, uşaq pulları da verilsin. Amma paralel olaraq inflyasiyanın qarşısını almaq üçün iqtisadiyyatda atılan addımlar normallaşmalıdır ki, qiymət artımı daha da sürətlənməsin. Əks halda, pul dəyərini itirəcək. Ona görə də hökumət sosial paketləri açıqlayarkən yoxsul təbəqəyə daha çox fikir verməli, paralel olaraq iqtisadiyyatda olan problemlərin həlli istiqamətində addımlar atmalıdır ki, maaş artımları insanların dolanışığına, gəlirlərinin artmasına səbəb olsun".

1 milyon 800 min, yoxsa 2,5 milyon?
İqtisadçı bildirir ki, artımların dövlət büdcəsindən maliyyələşənləri əhatə edəcəyi bildirilsə də, hökumət rəsmilərinin artımların 1 milyon 800 min insana şamil ediləcəyini söyləməsi bir qədər ziddiyyət doğurur:

"Rəsmi rəqəmlərə görə, Azərbaycanda 908 min büdcədən maliyyələşən insan, 1 milyon 300 min isə təqaüdçü var. Təqribən yarım milyon isə sosial müavinət alan insan var. Bunların hamısını əhatə etdikdə, maaş, sosial müavinət və təqaüd artımı 2,5 milyon insanı əhatə etməlidir. Bu zaman hər ailədən bir nəfərə artımdan pay düşə bilər. Necə olur ki, belə halda artımlar 1 milyon 800 min insanı əhatə edir? Bu, sual doğurur. Buna hökumət orqanları aydınlıq gətirməlidir".

Özəl sektorda çalışanları da unutmaq olmaz ...
N.Cəfərlinin sözlərinə görə, bu gün özəl sektorda çalışanların sayı 700 mindir. Kənd təsərrüfatında işləyənlərin sayı 1,5 yarımdan çoxdur. 700-800 minə yaxın fərdi sahibkarlar var ki, onların indiki formada kompensasiya alması mümkün deyil. Ekspert deyir ki, onlara da vergi güzəştləri şamil olunması, kreditlərinin faizinin dövlət tərəfindən ödənilməsinin həyata keçirilməsi mümkündür. Çünki özəl sektorda çalışanlarda əməkhaqqı artımı baş vermir.
Xəbər lenti
0