CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Vikipediya"da yanlış məlumatlara görə kim məsuliyyət daşıyır?

CC BY-SA 3.0 / JayWalsh / WikipediaƏlində Vikipediyanın modelini tutmuş adam
Əlində Vikipediyanın modelini tutmuş adam - Sputnik Azərbaycan, 1920, 23.10.2021
Abunə olmaq
Bloger: "Vikipediya"dakı yanlışlığa görə heç bir cəza tətbiq oluna bilməz. Amma sosial media hesablarına edilən müdaxilə isə cinayət hesab olunur.
BAKI, 23 oktyabr — Sputnik. Bir çox məşhurların "Vikipedia" hesabları özlərindən xəbərsiz dəyişdirilir. Belə bir hadisə ilə bu yaxınlarda xalq artisti Faiq Ağayev də qarşılaşıb. Belə ki, bir müddət əvvəl xalq artistinin səhifəsində onun ölümü ilə bağlı məlumat əlavə edilmişdi. Bu necə baş verə bilər? Bunun qarşısını necə almaq olar? Sputnik Azərbaycan mövzunun aktuallığını nəzərə alaraq məsələni araşdırıb.
Məsələ ilə bağlı Xalq artisti ilə əlaqə saxladıq. Müğənni bildirib ki, artıq lazımi düzəlişlər edilib:

"Çalışdığım şirkət həll etdi. Amma Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, ölkədə ictimai təhlükəsizliyi pozmaq cəhdini göstərən bu şəxs ilə bağlı araşdırma aparmağınızı sizdən rica edirəm".

"Vikipediya" üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürkün Sputnik Azərbaycan-a verdiyi açıqlamasında bildirib ki, "Vikipediya" açıq platforma olduğu üçün istənilən şəxs qeydiyyatdan keçərək məqalələri redaktə edə bilər:

"Qeydiyyatdan keçmədən də məqalə üzərində redaktə etmək olur. Təəssüf ki, bəzən mənfi hallarla da rastlaşırıq. Xüsusilə, hansısa tanınmış şəxsin məqaləsinə xoşagəlməz sözlər yazılır. Buna "vikipediya"da vandalizm, barbarlıq əlaməti deyilir. "Vikipediya"nın üstünlüklərindən biri odur ki, məqaləni əvvəlki vəziyyətə qaytarmaq olur. Əgər, çoxsaylı müdaxilələr olarsa, məqalə idarəçilər tərəfindən mühafizə olunur və vandalizm addımlarının qarşısı alınır".

Bu kimi hallar tarixi şəxsiyyətlər haqqında olan məlumatlarda da rast gəlinir. Bilərəkdən, ya da bilməyərəkdən "vikipediya"da məlumatlar səhv verilir. Bu da insanlar arasında çaşqınlıq yaradır. Məsələn Azərbaycanın milli qəhrəmanı Albert Aqarunov haqqında olan məlumatlarda yanlışlığa yol verilib. Tankçı Veteranlar İctimai Birliyinin sədri Hacı Əzimovun sözlərinə görə, "vikipediya"da Milli qəhrəman haqqında olan bir çox informasiyalar səhv yazılıb:

""Vikipediya"da yazılıb ki, "Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada Elçin Məmmədovun başçılıq etdiyi 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb". Bu, yanlış məlumatdır. Əslində isə Albert Aqarunov Şuşada "Səbail tank taboru"nun xüsusi təyinatlı batalyonunda döyüşub. "Vikipediya"da kiminsə yazdığı səhv məlumatı bütün KİV-lər dəqiqləşdirmədən verirlər. Təbii ki, burada KİV-lərin günahı yoxdur, amma bu məsələyə nəzarət olunmalıdır. Hər mövzuda yanılmaq olar, amma tarixi məsələlərdə və tarixi şəxsiyyətlər haqqında olan məlumatlarda son dərcə diqqətli olmaq lazımdır".

Bəs buna görə, hər hansısa bir cəza tətbiq oluna bilərmi?
Tanınmış texnoblogger Fərid Pərdəşunasın sözlərinə görə, buna görə heç bir cinayət cəzası tətbiq olunmur:

"Bunu hər kəs edə bilər. "Vikipediya"dakı yanlışlığa görə heç bir cəza tətbiq oluna bilməz. Amma sosial media hesablarına edilən müdaxilə isə cinayət hesab olunur. Buna görə, cəza tətbiq olunur. Sadəcə "Vikipediya"da moderatorlar olur, onlar nəzarət etməlidirlər ki, səhv məlumat getməsin. "Vikipediya"ya məlumat daxil edəndə mütləq mənbəyini daxil etmək lazımdır. Əks halda o məlumat silinir".

Xəbər lenti
0