Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

NATO-nun problemi var: Belarus təslim olmur

© Sputnik Viktor Tolochko / Mediabanka keçidMinsk şəhərinə mənzərə, arxiv şəkli
Minsk şəhərinə mənzərə, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 22.10.2021
Abunə olmaq
Minsk və Moskva heç kimi təhdid etmir, sadəcə kollektiv Qərbin siyasi, iqtisadi və hərbi təzyiqinə cavab verirlər. İttifaq dövlətinin təhlükəsizliyinin təmin olunması məqsədilə məsələn, Şimali İrlandiyada və ya Meksikada hərbi təlimlər keçirməyi planlaşdırmır.
BAKI, 22 oktyabr — Sputnik. Belarus Rusiya ilə ittifaqı möhkəmləndirir, yeni planlar və birgə manevrlər, hərbi və hərbi-texniki əlaqələrin aktivləşdirilməsi, qoşun hazırlığının və idarəetmə orqanlarının miqyasının genişləndirilməsi bunu bir daha təsdiqləyir.
Belarus Respublikası ilə Rusiya Federasiyasının müdafiə nazirlərinin oktyabrın 20-də keçirilən kollegiya iclasında 2022-ci il üçün əməkdaşlıq planı təsdiqləndi – 139 birgə tədbirin keçirilməsi nəzərdə tutulur.
Prioritetlər – hərbi təyinatlı birgə sistemlərin, Rusiya və Belarusun regional qoşun qruplaşmalarının inkişaf etdirilməsi, eləcə də, radioaktiv, kimyəvi, bioloji müdafiə və digər sahələrdə əməkdaşlıqdan ibarətdir.
Minsklə Moskva 2023-cü ildə "İttifaq qalxanı" adlı birgə strateji təlimin keçirilməsi barədə razılığa gəliblər. Bundan başqa, RF-nin hərbi obyektlərinin (Baranoviçi şəhərində raket hücumundan xəbərdarlıq sistemi qovşağı və Vileykadakı Hərbi Dəniz Qüvvələrinin radiostansiyası) Belarus ərazisində yerləşdirilməsi barədə razılaşmanın müddəti uzadılıb.
Ölkələr İttifaq dövlətinin müdafiə sahəsinə və praktiki problemlərin həllinə vahid yanaşmasını təsdiqlədilər. Təhlükəsizlik təhdidləri, Qərb ölkələrinin siyasi və iqtisadi təzyiqi Rusiya və Belarusu yaxın gələcəkdə İttifaq dövlətinin yeni Hərbi Doktrinasının qəbuluna sövq edir.
Belarus-Polşa və Belarus-Litva sərhədlərində təhlükəli gərginlik hələ də qalır. Bir qədər əvvəl Varşava Polşa əsgərlərinin Belarus sərhədçiləri tərəfindən atəşə tutulduğunu bəyan etmişdi. Düzdür, həmin vaxt heç kim xəsarət almamışdı. Belarusun "itaətsizliyi", Minsklə Moskvanın hərbi əməkdaşlığı, "hibrid miqrantlar" məsələsi kollektiv Qərbi bir xeyli qıcıqlandırır.
Leksinqton İnstitutunun (ABŞ dövlət siyasəti analitik mərkəzi) baş analitiki Sara Uaytın yazdığına görə, Rusiyanın Belarusun siyasi sisteminin, iqtisadiyyatının və silahlı qüvvələrinin bütün səviyyələrində iştirakı NATO-nun Şərq cəbhəsinin güclü şəkildə qərbə tərəf itələyir. (https://www.19fortyfive.com/2021/10/nato-has-a-problem-belarus-is-slowly-being-reabsorbed-into-russia/). Bundan başqa, əgər Rusiya və Belarus vahid siyasi təşkilatda birləşsə, NATO-nun cəbhəyanı dövlətləri üçün risk böyük olacaq.
Bu riskin nədən ibarət olduğu məlum deyil, amma Şərqi Avropa ölkələrinin NATO üzvlüyü alyansın özünün 1991-ci ildən sonrakı mövcudluğu kimi rasional təməldən məhrum olub.
Kim kimdir
RF müdafiə naziri Sergey Şoyqu oktyabrın 20-də bəyan etdi ki, Rusiya-Belarus hərbi kollegiyasında qəbul olunan qərarlar 2024-cü ilə kimi İttifaq dövlətinin təhlükəsizliyinin möhkəmlənməsinə gətirib çıxaracaq. Və söhbət "cəbhənin formalaşdırılmasından" (bu sözdən NATO-da çox tez-tez və ehtiyatsızlıqla istifadə olunur) deyil, məhz təhlükəsizlikdən gedir.
Belarusla Rusiya heç kimi təhdid etmir, sadəcə kollektiv Qərbin siyasi, iqtisadi və hərbi təzyiqinə cavab verirlər. Minsk və Moskva İttifaq dövlətinin təhlükəsizliyinin təmin olunması məqsədilə məsələn, Şimali İrlandiyada və ya Meksikada hərbi təlimlər keçirməyi planlaşdırmır, taktiki nüvə silahlarını və tanklarını Kanadaya toplamır, Baltik dövlətləri və Polşaya qarşı ərazi iddiası ilə çıxış etmirlər. Və hələlik yalnız Qərb "tərəfdaşlarına" NATO-nun Şərqə doğru həddən artıq genişlənməsi, Ukrayna ilə bağlı qırmızı xəttin keçilməməsi barədə xəbərdarlıq edirlər.
Belarus və Rusiyanın narahatlığını nəzərə almaq, Amerikanın "Abrams" tanklarını və "Bradley" PDM-lərini Litvadan öz tarixi vətəninə geri qaytarmaq üçün hələ gec deyil. Eləcə də, Belçika, Almaniya, İtaliya, Hollandiya və Türkiyədəki B-61-12 termonüvə bombalarını Amerikaya geri göndərmək üçün hələ vaxt var.
Vaşinqtonla Brüssel Kiyev və Tbilisini NATO-ya girməyə şirnikləndirməməlidir, çünki nizamnamənin 5-ci maddəsi alyans ölkələrinə istədikləri kimi təxribat yaratmaq izni vermir.
Ukrayna və Gürcüstana bu quruma üzvlük istisnasız olaraq böyük alyans üzvlərinin himayəsi altında Rusiyaya qarşı hərbi revanş üçün lazımdır, bunun başqa bir açıqlaması yoxdur.
Pentaqon və NATO RF-nin təcavüzkarlardan (Brüsseldən Vaşinqtona qədər olan ərazi) asimmetrik qisas alınmasını təmin edən Hərbi Doktrinasını əzbər bilməlidirlər.
Amerika Birləşmiş Ştatlarının hərbi-siyasi iradəsindən tamamilə asılı vəziyyətə olan NATO-ya üzv 28 Avropa ölkəsinin liderləri bu mexanizmin mövcudluğuna inansalar da, inanmasalar da, hərbi rəhbərlərə bu sistemin effektivliyini və cavab (nüvə) zərbəsinin keyfiyyətini praktikada sınaqdan keçirmək məsləhət deyil.
İyirmi illik Əfqanıstan missiyasının biabırçı sonluğu Pentaqon və onun müttəfiqlərinin qoşunlarının zəif silahlanmış taliblər qarşısındakı real döyüş qabiliyyətini açıq-aşkar ortaya qoydu. Şərqi Avropada analoji hərbi avantüranın planlaşdırılması Fransa Prezidenti Emmanuel Makronun artıq iki dəfə xatırlatdığı kimi, NATO-nun "beyin ölümündən" xəbər verir.
Miqrasiya – əsas bəla deyil
Baltikyanı ölkələr və Polşanın qoşun bölmələrinin uzun illər boyunca əlisilahlı, NATO kontingentinin tərkibində İraq və Əfqanıstan xalqlarının əmin-amanlığının və ənənəvi həyat tərzinin pozulmasında iştirak etmələri yaxşı yadımızdadır. Bu gün rifahdan məhrum bölgələrdən gələn miqrasiya axını Baltikyanı dövlətlərə gəlib çatıb. Məftilli hasarlar və sərhədçilər onların qarşısını almağa qadir deyil. Varşava və Brüssel baş verənlərin mahiyyətinə varmadıqlarını göstərməyə çalışır, Minsk və Moskvanı "hibrid təcavüzkarlıqda" ittiham edirlər.
Belə ki, Polşanın hakimiyyətdə olan "Hüquq və ədalət" partiyasının rəhbəri Yaroslav Kaçinski oktyabrın 19-da Rusiyanı bu ölkəyə qarşı "çoxmərhələli hibrid müharibə" aparmaqda ittiham etdi. Özü də eyni vaxtda iki cəbhədə: Belarus sərhədi yaxınlığında və müxalifətin miqrantların müdafiəsinə qalxdığı Varşavada.
Vaşinqtonun çarəsiz əlaltıları Cənubi Asiya və Yaxın Şərq xalqlarının böyük köç axının istiqamətini Avropaya tərəf dəyişməyə (bununla da milyonlarla insanın doğma torpağında dinc gələcəyini əlindən almağa) çalışırlar.
Berlin, Paris və London artıq vəziyyətə adaptasiya olmağa başlayıblar – Asiya və Afrikadan olan qaçqınlara ev tikir, təhsil və iş yerləri verir və heç kimi də öz siyasi səhvlərinə görə ittiham etmirlər.
Varşava və Vilnüs Avropa İttifaqı və NATO-dan bonus istəyirdilər? Buyurun, bu da sizə bonus!
Ötən ilin sonlarında Polşada strateji komanda-qərargah təlimləri baş tutmuşdu. NATO strateqləri Amerikanın "Abrams" tanklarının dəstəyi, HIMARS yaylım atəşi sistemi, "Patriot" Zenit Raket Kompleksi və hətta Polşanın 2026-cı ildən tez əldə edə bilməyəcəyi F-35-lərin dəstəyi ilə "Şərqdəki düşmənlə" müharibəni modelləşdirdilər. Nəticədə Varşava beş gün sonra "təslim oldu", qoşunun öndə gedən hissəsi şəxsi heyətinin 80%-dən "məhrum oldu", limanlar düşmənin "əlinə keçdi" və NATO dəstəyi "oyunun" nəticəsinə əhəmiyyətli təsir göstərmədi.
Bununla belə, qısa müddət ərzində NATO-nun Belarus və Rusiya sərhədindəki operativ reaksiya qruplaşmalarının sayı iki dəfə artırılaraq 40 min hərbçiyə çatdırıldı. Alyans Qərb istiqamətində hərbi-siyasi vəziyyətin pisləşməsi hesabına hərbi infrastrukturunu möhkəmləndirməyə davam edir.
NATO ölkələri müdafiə nazirləri oktyabrın 21-də "İki dəniz arasında" (Baltik və Qara dəniz) Rusiya əleyhinə yeni strategiyanı razılaşdırmaq niyyətində idilər. Rusiya ilə alyansın münasibətləri Brüsselin təşəbbüsü ilə pozuldu. Pentaqon rəhbərliyi şəxsən özü Tbilisi, Kiyev və Buxarestdəki əlaltılarının döyüş ruhunu qaldırmaqla məşğuldur. Qərb analitikləri bu hadisələr zəncirində "müharibəyə hazırlıq" sezirlər. Bu halda ABŞ və RF-nin qarşılıqlı atəş zərbələrindən hamıdan çox Şərqi Avropa ölkələri ziyan çəkəcək.
Genişmiqyaslı silahlı qarşıdurmanın hipotetik vəziyyətində ilkin olaraq NATO-nun qərarvermə mərkəzləri məhv ediləcək.
Amerikalı ekspertlər təsdiqləyirlər ki, yüksəktexnologiyalı silahlanma sahəsində Birləşmiş Ştatlar Rusiyadan xeyli geridə qalır və Üçüncü Dünya müharibəsini uduzacaq. Vaşinqtonda fəaliyyət göstərən "Heritage Foundation" Analitik Mərkəzi ABŞ-ın Hərbi Hava və Kosmik qüvvələrinin potensialını və döyüş imkanlarını bütün istiqamətlər üzrə "marginal" və "zəif" olaraq qiymətləndirib.
Belarus və Rusiyaya qarşı hərbi münaqişəyə can atan ABŞ-ın Avropadakı yeni müttəfiqləri yalnız möcüzəyə bel bağlaya bilərlər.
Belarus və Rusiyanın hərbi nazirliklərinin Moskvada keçirilən birgə kollegiya iclasında İttifaq dövlətinin müdafiə potensialının möhkəmləndirilməsi kursu götürərək Pentaqon və NATO-nun qonşu Baltikyanı ölkələr, Polşa və Ukrayna ərazisindən təhdidlərinə Minsk və Moskvanın asimmetrik və sərt cavab verəcəyini təsdiqlədilər.
Xəbər lenti
0