CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ticarət obyektləri necə sığortalanmalıdır? - Ekspert rəyi

© Sputnik / Rahim MuradovGömrük-keçid məntəqəsində sığorta xidməti
Gömrük-keçid məntəqəsində sığorta xidməti - Sputnik Azərbaycan, 1920, 19.10.2021
Abunə olmaq
Sahibkar yanğın zamanı sığorta ala bilmək üçün sənədləşmə işlərini leqal aparmalıdır.
BAKI, 19 oktyabr — Sputnik. Bir neçə gün öncə Bakının Nərimanov rayonunda yerləşən "Metro-City" ticarət mərkəzinin ətrafında yerləşən ticarət obyektlərində baş verən yanğın ticarət obyektlərinin sığorta problemini yenidən aktuallaşdırıb. Yanğın baş verən gün sahibkarların odun-alovun içindən mallarını çıxartdıqlarını əks etdirən kadrlar da, ticarət obyektlərində sığorta sisteminin işləmədiyindən xəbər verirdi.
Bəs, görəsən ticarət obyektləri niyə sığortalanmır?
Azərbaycan Sığortaçılar Assosiasiyasının nümayəndəsi Turanə Axundova Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yanan ticarət obyektlərinin əksəriyyətində mallar sığortalanmır. O bildirib ki, xüsusilə kiçik ticarət obyektlərində sığorta hallarına rast gəlinmir, belə obyektlərdə sığorta müqaviləsinin olması üçün sənədləri qaydasında olmalıdır:

"Burada söhbət həm daşınar, həm də daşınmaz əmlakdan gedir. Daşınmaz əmlakın kimə məxsus olduğunu təsdiqləyən hüquqi sənəd olmalıdır. Daşınar əmlakın sığortalanması üçün məhsulların qaimə sənədi olmalıdır. O sənəddə malların haradan hansı qiymətə alındığı göstərilməlidir. Sığortalanarkən bu sənəd sığorta şirkətinə təqdim olunmalıdır".

T.Axundova deyir ki, mağazada yanğın zamanı içəridə mallara ziyan dəydikdə sahibkar sığortaladığı dövrdə malların dəyəri ilə yanaşı, yanğın baş verməzdən öncə mağazada dəyəri nə qədər malın qaldığını təsdiqləyən sənədi sığorta şirkətinə təqdim etməlidir.
Həmsöhbətimiz onu da bildirir ki, sahibkar yanğın zamanı sığorta ala bilmək üçün sənədləşmə işlərini leqal aparılmalıdır.
Qeyd edək ki, 2011-ci ildə Azərbaycanda icbari sığortalar ilə bağlı qanun qəbul olunub. Bu qanuna görə, həm hüquqi şəxslər, həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vətəndaşların mənzilləri, tikililəri, obyektləri sığortaya cəlb olunmalıdır. Qanunvericilikdə iri obyektlər ilə bağlı 2 icbari sığorta növü tətbiq olunur. Birincisi, istismar qaydalarının pozulması ilə bağlı daşınmaz əmlakın icbari sığortasıdır. İkincisi isə daşınmaz əmlakın icbari sığortasıdır. İri obyekti icarəyə verən şəxs istismar qaydalarının pozulması ilə bağlı daşınmaz əmlakın icbari sığortasını həyata keçirməlidir. İri obyektlərin içərisində fəaliyyət göstərən fərdi sahibkarlar isə daşınmaz əmlakın icbari sığortasını həyata keçirməlidirlər.
İnzibati Xətalar Məcəlləsinə görə, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat cərimə edilir. Şəxs icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır.
Xəbər lenti
0