Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Rusiyaya qarşı ekoterrorçular hazırlanır

© AFP 2024 / HENRIK MONTGOMERYPolislər Stokholmda ekoloji etiraz aksiyasının iştirakçılarını saxladı
Polislər Stokholmda ekoloji etiraz aksiyasının iştirakçılarını saxladı - Sputnik Azərbaycan, 1920, 19.10.2021
Abunə olmaq
İqlim sammitləri, protokollar, etiraz aksiyaları və hətta Qreta Tunberq – bütün bunlar işə yaramır. "Dünya od içindədir". Ona təcili şəkildə inqilabi zorakılıq tələb olunur.
BAKI, 19 oktyabr — Sputnik. Nüfuzlu Amerika KİV-ləri gözlənilmədən adı ilə çox mətləbdən xəbər verən "Qaz kəmərini necə partlatmalı" kitabını və onun müəllifi Andreas Malmı təbliğ etməyə başlayıb. O, çox maraqlı personajdır. Belə ki, anadan olduğu tarix məlum deyil. İndi haradasa 43-46 yaşlarındadır. Malm İsveç Sosialist Partiyasının (IV Beynəlmilələ daxil olan) veteranıdır. Eyni zamanda, Lunds Universitetinin dosenti, dünyanı inqilaba və "eko-leninizm 2.0" qurmağa səsləyən ekoloq-ekstremistdir.
Əlbəttə ki, Avropada hər şeyi partlatmaq, qəsb etmək və bölüşdürmək barədə kitablar yazan belə intelligent saqqallılar xirtdəyəcəndir. Və onlar adətən, miskin əyalət universitetlərində yetişirlər. Amma media Malmdan elə superulduz yaradır ki, elə bil, o, Benedikt Kamberbetçdir.
Malm ekologiya uğrunda mübarizəsinə dostları ilə bilikdə Stokholmun varlı məhəlləsində bahalı "cip"lərin şinlərini deşməklə başlayıb.
"New Yorker" intellektual jurnalına müsahibəsində o, təxribatın texnikasını geniş şəkildə təsvir edir. Sən demə, bu, bir o qədər də asan iş deyilmiş və öz incəlikləri var imiş.
2000-ci illərin əvvəllərində "ekoloqlar" İsveçdə bir neçə min maşın təkərini beləcə yararsız hala salıblar. Həmin vaxtdan bu, kütləvi dəb halını alıb. Təmiz hava uğrunda mübarizə aparan xuliqanlar Londondan tutmuş Los-Ancelesə kimi varlı məhəllələrdə bahalı maşınların şinlərini partladır, şüşələrini cızırlar.
Bu isveçli yoldaşların prinsipiallığını qiymətləndirmək lazımdır. Məsələn, Malm həmişə Lenindən sitat gətirsə də, mücərrəd "supervarlıları" söyüb biabır eləsə də, yaxtalara və ya real İsveç oliqarxlarının şəxsi təyyarələrinə hücuma keçməyi ağlına belə gətirmir. Bilir ki, onların həndəvərində görünsə, mühafizəçilər sümüklərini qırar, ya da hüquqşünaslar uzun müddətə həbsxanaya göndərərlər. Onda ekologiya-zad yada düşməz.
Yox, bu yoldaşlar məqsədyönlü şəkildə bütün diqqətlərini heç kimin mühafizə eləmədiyi İsveçin orta sinfinə məxsus insanların avtomobillərinə yönəldiblər. Varlı Avropa burjuası onsuz da gözüqıpıqdır və şəxsi rifahı ucbatından vicdan əzabı çəkir. Döyüşkən "ekoloqlar" onu başa salıblar ki, hər şeyin günahkarı özüdür: "ciplər" həddən artıq yanacaq işlədir və bu da təbiətə ziyan vurur.
Maraqlıdır ki, indiyə kimi Malma qarşı bir dəfə də olsun, cinayət işi qaldırılmayıb. Əvəzində isveçlilər bahalı "cip"lər almaqdan imtina etdilər. Bu maşınlar qəfildən dəbdən düşdü.
"Məhz bu məqamda Al Qor bizimlə maraqlanmağa başladı", – "ekoloq" deyir. Gəl bir maraqlanmasın. Bu əsl-nəcabətli siyasətçi və uğurlu sərmayəçi müxtəlif "yaşıl" təşəbbüslərdən yüz milyonlarla pul qazanıb. Malm İsveçdə xuliqanlıq etdiyi vaxt Nobel mükafatçısı və ekologiya uğrunda mübarizə aparan ən məşhur şəxslərdən biri olan Albert Qor dostu Henrix Fiskerin bahalı elektroavtomobil istehsal edən şirkəti üçün kredit axtarmaqla məşğul idi.
Və bu zaman hər şey təsadüfən üst-üstə düşdü: "cip"ə qarşı kampaniya və mətbuatda qaldırılan hay-küy. Sərmayə qoymağa yer axtaran varlı oxucular qeyri-ekoloji "cip"lərin yerinə, elektrikli avtomobillərlə maraqlanmağa başladılar. Kredit dərhal tapıldı, özü də nə az-nə çox, düz yarım milyard dollar! Düzdür, sonra elektrikli avtomobillərlə bağlı iş alınmadı, çünki Fisker müflisləşməyin astanasa gəlib çatmışdı. Ancaq usanmaq bilməyən Qor artıq yeni biznesə girişmişdi.
Həmin vaxtdan Malm elit oxucularla təmin olundu, kitabları müxtəlif dillərə tərcümə edildi və haqqında xoş niyyətli resenziyalar yazıldı. Və hətta açıq-aşkar cinayətkarlığa çağırış etməyə başlayanda belə, intellektual isteblişment onun fikirlərini geniş ictimaiyyətə çatdırmağa davam eləyirdi.
"Üsyanda gecikmə ölümə bərabərdir", – Malm Leninin bu məşhur sitatını tez-tez təkrarlayır. O belə hesab edir ki, koronavirus I Dünya müharibəsinə bərabərdir. Hazırda əsl ekologiya mübarizlərinin vəzifəsi – pandemiyanı siyasi böhrana çevirməkdir. Bircə nümayişlər və plakatlar çatışmır.
İqlim sammitləri, protokollar, etiraz aksiyaları və hətta Qreta Tunberq – bütün bunlar işə yaramır. "Dünya od içindədir". Ona təcili şəkildə inqilabi zorakılıq tələb olunur.
Malm belə zorakılıq tədbirlərindən biri kimi neft-qaz korporasiyalarının rəhbərlərini girov götürməyi təklif edir. İnsan itkisindən yayınaraq infrastrukturu məhv etmək. Və final nöqtəsi kimi də neft-qaz kəmərlərini partlatmaq.
Bütün bunlar ekoloq-anarxistin ifadəsində "intelligent təxribat" şəklində səslənir.
"Amma icazənizlə xatırladım ki, qaz kəmərində baş verən istənilən qəza təbii qaz, elektrik enerjisi qiymətlərinin dərhal bahalaşmasına gətirib çıxarır. Bu isə ilk növbədə kasıb camaata ziyan vurur..." – deyə "New Yorker"-in jurnalisti mülahizə yürüdür.
"Hə, əlbəttə, - Malm gözünü belə qırpmadan deyir. – Müəyyən təbəqə üçün risk var. İqtisadiyyat üçün də həmçinin. Ancaq əgər təxribat aktı iqlim dəyişiklikləri ilə eyni vaxta düşsə, onda insanlar bizi anlayarlar və xalqın dəstəyini qazanarıq".
Belə çıxır ki, müasir ekologiya mübarizləri bolşeviklərin siyasətini tamamilə təhrif ediblər. Leninə və onun varislərinə necə münasibət göstərilməsindən asılı olmayaraq, onların zamanında Rusiyada milyonlarla kasıb insanın həyatı doğrudan da yaxşılaşmışdı. Yoxsullar təhsil, tibbi xidmət, yaxşı əmək haqqı və həmin dövr üçün kifayət qədər mütərəqqi hesab oluna biləcək sosial paketlə təmin olunmuşdular.
Onların bugünkü davamçıları – anarxistlər, ekologiya mübarizləri və trotskiçilər – belə hesab edirlər ki, indi xalq kütlələri yağ içində böyrək kimi yaşayır. Odur ki, onları dərhal aclıq illərindəki kimi talon rejiminə keçirib hərbi kommunizmə məhkum etmək lazımdır.
Eyni zamanda zənginlər üçün həddindən artıq istehlak heç bir yerə getmir. Məsələn, şahzadə Çarlz Qlazqodakı iqlim konfransı ərəfəsində özünün Aston Martini-ni benzindən pendir və şəraba dəyişdi, onun milyonlarla vətəndaşı isə həmin vaxt toxluğun nə olduğunu bilmirdi). Onların xidmətçiləri rolunda olan ekodöyüşçülərə də pay düşəcək. Geniş xalq kütlələrinin soyulması isə qlobal istiləşmə ilə mübarizə şüarı altında aparılacaq.
Avropalıların nəvələrinin yaxşı yaşaması üçün onların özlərinə çox pis yaşamaq təklif olunur. İndi, təxirə salınmadan. Bunun necə baş verdiyi bugünkü enerji böhranı nümunəsində aydın görünür. Malm və yoldaşları baş verənləri çox bəyənirlər. O hesab edir ki, "pis" qaz məqsədli olaraq artır ki, ağılsız avropalılar onu almağa son versinlər və yalnız yaşıl enerjiyə keçsinlər.
Maraqlıdır ki, böhrandan faydalananlardan biri köhnə tanışımız Al Qor idi. İngiltərədə qaz qiymətlərinin onqat artması fonunda enerji tədarükçüsü olan şirkətlər kütləvi şəkildə iflas etməyə başladılar. Elə indilərdə Al belə bir şirkətin 13% payını yarım milyard dollara alıb. Bu, gözəl, alınmış maldır. İngilislər - elektrik istehlakçıları - yaşıl enerji cəngavərinə bir il əvvəl ödədiklərindən bir neçə dəfə çox pul ödəyəcəklər.
Yəni enerji böhranı Amerika şirkətlərinin İngiltərə bazarına girməsini və yerli şirkətlərin oradan sıxışdırılmasını mümkün edib. Bəslənmiş ekodöyüşçülərin yüksək səviyyəli aksiyaları və qalmaqallı açıqlamaları isə diqqəti ingilis pullarının Amerika şirkətlərinin hesablarına köçürülməsi kimi cansıxıcı əməliyyatlardan yayındırmaq manevri oldu.
Əlbəttə ki, bütün bunlar düzəldilə bilər. İngiltərəni artıq Amerika kapitalından xilas etmək mümkün deyil, ancaq kontinental Avropa çoxdan "Şimal axını – 2" vasitəsilə evində qaz plitələrini yandıra bilərdi. Bəlkə də ekotəxribatçıların döyüş qrupları elə bu cür vəziyyət üçün hazırlanır.
Yeri gəlmişkən, "ekoterrorçular" ümumiyyətlə qüsurlu mühafizəkarlar tərəfindən uydurulmuş söyüş deyil. Tərəfdaşlarına bu adı "Greenpeace" hərəkatının qurucularından biri olan Bob Hanter (əfsanəvi təşkilat 50 illik yubileyini yeni qeyd edib) verib. O, öz həmkarlarını həmçinin ekofaşist adlandırırdı. Görəsən, niyə?
Rusiya şirkətləri artıq ekodöyüşçülərin həyata keçirdikləri təhlükəli təxribatla üzləşməli olublar. Ən böyük hadisə "Greenpeace" şirkətinin əməkdaşlarının "Prirazlomnaya" qazma platformasını ələ keçirmək cəhdi idi. İndi gördüyümüz kimi, "planeti xilas etmək" üçün həm təbiətin, həm də insanların həyatını riskə atmağa hazır olan yeni bir döyüşçü nəsli yetişib.
FTB uzun müddətdir "Greenpeace"in, "PETA"nın bir çox nümayəndələrini, müxtəlif heyvan müdafiəçilərini və ekodöyüşçüləri təhlükəli terrorçular siyahısına daxil edib. Ştatlar ekotəxribatçıları fəal şəkildə bəsləyir, ancaq onların məhz xaricdə və təbii ki, Amerika maraqları naminə işlədiklərinə ciddi nəzarət edir.
Xəbər lenti
0