ELM

Elmimizin gülümsərovları: Deputatın köhnə sədrlə təzə sədrə sualı var

© AP Photo / Alberto PezzaliMəmur
Məmur - Sputnik Azərbaycan, 1920, 18.10.2021
Abunə olmaq
Deputat iddia edir ki, plagiat dissertasiyaları aşkarlamaq üçün bu gün AAK-da peşəkarlar azdır.
BAKI, 18 oktyabr — Sputnik. Azərbaycanda alim adı alanların arasında dissertasiyaları saxta olanların olduğu barədə indiyədək iddialar səslənsə də, artıq bu fakt rəsmi şəkildə öz təsdiqini tapıb. Prezident yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri Famil Mustafayev mətbuata müsahibəsində bildirib ki, fəlsəfə doktoru elmi dərəcəsi alan alimin dissertasiyası plagiat olduğundan məhrumetmə barədə qərar qəbul edilib.
Onun sözlərinə görə, Azərbaycanda Ali Attestasiya Komissiyasının tarixində ilk dəfə olaraq 2021-ci ildə elmi dərəcədən məhrumetmə halı baş verib: "Xarici ölkədən bizə daxil olan müraciətə əsasən, azərbaycanlı alimin işini araşdırdıq. Dissertasiya işinin plagiat olduğu təsdiq edildi. Fəlsəfə doktoru elmi dərəcəsindən plagiat səbəbindən məhrumetmə barədə qərar qəbul edildi. Elmi dərəcədən məhrum edilmiş şəxs 2017-ci ildə müdafiə edərək həmin ildə təsdiq almışdı".
Lakin F.Mustafayev plagiat dissertasiya yazan və elmi dərəcəsi ləğv olunan alimin adını açıqlamayıb. AAK sədri onu da qeyd edib ki, komissiya elmi dərəcədən və ya elmi addan məhrum edilmiş şəxsin elmi dərəcəsini və ya elmi adını qanuni əsaslar olduğu halda bərpa edir və elmi dərəcədən və ya addan məhrumetmə məsələlərinə diplom və ya attestatın verildiyi tarixdən on il keçdikdən sonra baxmır.
Sputnik Azərbaycan plagiat "alim"lərin üzə çıxarılmasının yollarını araşdırıb.
Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, AAK-ın Azərbaycanda elmi dərəcələrin təsdiqi ilə bağlı funksiyası böyükdür. Onun sözlərinə görə, bu mötəbər qurum elmdə saflığı təmin etməlidir. İ.Orucov deyir ki, ölkəmizdə alim adına bir düşkünlük var:

"Çox təəssüf ki, hər kəs istəyir ki, adının qarşısında elmi dərəcə yazılsın. Bu meyli biz məmur təbəqəsi arasında da görürük. Elmi adlar sanki bir prestij məsələsinə çevrilib. Ona görə də bunun qarşısını almaq AAK-ın üzərinə düşür. Biz dəfələrlə tənqidi çıxışlar etmişik ki, təsadüfi adamlar qısa müddətə müdafiə edib elmi adlar alırlar. Amma son illər bu cür arzuolunmaz halların qarşısının alınması yönündə xeyli irəliləyişlər var".

İ.Orucov deyir ki, mövcud vəziyyəti düzəltmək üçün elmi adların universitetlər tərəfindən verilməsi təmin edilməlidir: "Azərbaycanda nümunəvi universitetlər var. Məsələn, bu gün ADA Universiteti elmi adların verilməsi səlahiyyətində olsaydı, mən inanmıram ki, belə reytinqli təhsil müəssisəsi hər hansı nöqsana yol verərdi. Eləcə də bu siyahına UNEC-i, Bakı Ali Neft Məktəbini də əlavə etmək olar. Xarici ölkələrdə bizdəki kimi AAK yoxdur. Bu fəaliyyəti universitetlər özləri həyata keçirir. Bu gün bütün universitetlər buna hazır olmasa da, elmi ad verməyə layiq olanlar da var".
Ekspert deyir ki, plagiat elmi işlər AAK-ın əvvəlki rəhbərliyi dövründə kütləvi hal alıb: "Hətta AAK barədə ictimaiyyətdə çox mənfi rəy formalaşmışdı. Ona görə də bugünkü rəhbərlik bu hallara qarşı ciddi mübarizə aparıb, barışmaz mövqe nümayiş etdirməlidir. Elmi adların verilməsində dost-tanış məsələsi birdəfəlik kənara qoyulmalıdır. Çox sevindirici haldır ki, AAK plagiat yolla elmi ad alanlarla bağlı ləğvetmə qərarı verib. Bu halların qarşısı ciddi formada alınmalıdır".
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, deputat Etibar Əliyev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son bir neçə ildə plagiatlığa göz yummaq, tapşırıqla elmi dissertasiyaları təsdiqləmək halları çoxalıb. Onun sözlərinə görə, müəyyən qaydalara görə, müxtəlif sahədən olan, dövlət qulluğunda çalışan şəxslər dissertasiya müdafiə edə bilməzlər:

"Burada ikili yanaşmalar var. Hansısa şəxs zəhmət çəkir, dissertasiya yazır, AAK-a müraciət edəndə ona bildirilir ki, elmi iş müdafiə etmək həmin şəxsə olmazmış. Bu cür halların da qarşısı alınmalıdır. Çünki dissertasiya yazmaq asan iş deyil. Hansı statusda olan şəxslərə qadağa varsa, bunu əvvəldən demək lazımdır. Bəzən ayrı-seçkilik edib eyni statusda olan bir adama dissertasiya etməyə icazə verirlər, digərinə yox".

Deputat bildirir ki, elmi dərəcədən məhrum edilmiş şəxslərin adları ictimaiyyətdən gizli saxlanılmamalıdır: "AAK ictimaiyyətə açıq qurum olmalıdır. Belə bir məlumatı yayıb saxta alimin adını gizli saxlamaq digərlərinə də şübhə yaradır. AAK bunun səbəbini izah etməlidir. Bundan başqa, bir ilə ancaq bir alimin dissertasiyasında plagiatlığın aşkarlanması da bir qədər şübhə doğurur. AAK-ın keçmiş rəhbərinin vaxtında ildə 30-dək alimin işinin saxta olduğu üzə çıxırdı. İndi sual yaranır ki, nə oldu, alimlər daha yaxşı işlər yazırlar?"
E.Əliyev deyir ki, müdafiə dissertasiyalarının monitorinqi aparılmalıdır: "Bu gün müxtəlif sahələr üzrə müdafiələr arasında təsdiqlənənlər də var, təsdiqlənməyənlər də. Təsdiqlənmirsə, bunun səbəbi açıqlanmalıdır. Alimlər arasında bu məsələ nifaq salıb. Hansısa alimin elmi rəhbərlik etdiyi dissertasiya təsdiqlənir, başqasının yox. Bunların izahatı verilməlidir".
Deputat iddia edir ki, plagiat dissertasiyaları aşkarlamaq üçün bu gün AAK-da peşəkarlar azdır.
Məlumat üçün bildirək ki, AAK-da Ekspert Şuraları fəaliyyət göstərir. Bu şuralar elmi dərəcə verilməsinə dair dissertasiya və attestasiya sənədlərinin, elmi ad verilməsinə dair attestasiya sənədlərinin ekspertizasının aparılması və Komissiyaya müvafiq tövsiyələrin hazırlanması işini icra edirlər. Bu şuralar elmi dərəcələrdən və elmi adlardan məhrumetmə (bərpaetmə) məsələləri üzrə Komissiyanın Rəyasət Heyətinə müvafiq tövsiyələrin hazırlanmasını da həyata keçirir.
Qeyd edək ki, Ali Attestasiya Komissiyası şəxslərin elmi dərəcədən və ya elmi addan məhrum edilməsi (elmi dərəcənin və ya elmi adın bərpası) məsələsinə əsaslı faktlar, arqumentlər göstərilməklə, elmi müəssisə və təşkilatların, ali təhsil müəssisələrinin dissertasiya və ya elmi şuralarının vəsatəti və ya fiziki şəxslərin müraciətləri əsasında baxır və qərar qəbul edir.
Həmçinin oxuyun:
* Fazil Mustafa: “Elm sahəsində plagiat baş alıb gedir”
Xəbər lenti
0