Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Xalq artisti Ramiz Mustafayevin doğum günüdür

CC0 / Jamal Yahya / notesЧеловек, сидящий перед сборником песен
Человек, сидящий перед сборником песен - Sputnik Azərbaycan, 1920, 16.10.2021
Abunə olmaq
Xalq artisti Azərbaycan bəstəkarlıq məktəbinin ənənələrini layiqincə davam etdirən və musiqi mədəniyyətimiz tarixində öz dəst-xət ilə seçilən sənətkarlardan olub.
BAKI, 16 oktyabr — Sputnik. Görkəmli bəstəkar, qayğıkeş pedaqoq, xalq artisti, professor Ramiz Mustafayev anadan olmasının 95-ci ildönümü tamam olur.
Sputnik Azərbaycan xəbər verir ki, Ramiz Mustafayev Azərbaycan bəstəkarlıq məktəbinin ənənələrini layiqincə davam etdirən və musiqi mədəniyyətimiz tarixində öz dəst-xət ilə seçilən sənətkarlardan olub.
1926-cı il oktyabrın 16-da Türkmənistanın Çərcou şəhərində anadan olan R.Mustafayev bir il sonra ailəsi ilə birlikdə Bakıya köçüb. O, 1940-cı ildə natamam orta təhsilini başa vuraraq, 1941-1943-cü illərdə Azərbaycan Dövlət Teatr Məktəbinin aktyorluq şöbəsində, 1948-1953-cü illərdə Azərbaycan Dövlət Konservatoriyasında vokal, 1953-1957-ci illərdə isə bəstəkarlıq ixtisasları üzrə ali təhsil alıb.
Əmək fəaliyyətinə 1942-ci ildə Gənc Tamaşaçılar Teatrında başlayan Ramiz Mustafayev 1943-1948-ci illərdə Azərbaycan Dövlət Dram Teatrının aktyoru olub, 1948-ci ildən ömrünün sonunadək "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin xor kollektivində xormeyster, baş redaktor və bədii rəhbər vəzifələrində çalışıb. O, 1968-1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi olub.
Bəstəkarın ümumən xalq sənətinin tükənməz xəzinəsindən qidalanan yaradıcılığına məzmun dolğunluğu və forma rəngarəngliyi xasdır. Vətən sevgisinin tərənnümü onun altmış ildən artıq bir dövr ərzində aktual mövzularla zəngin və çoxşaxəli fəaliyyətinin başlıca qayəsini təşkil edib. Sənətkarın tarixi keçmişimizə dərin maraq oyadan "Vaqif" operası Azərbaycan Dövlət Opera və Balet Teatrında uğurlu səhnə həyatı yaşayıb.
Ramiz Mustafayevin əsərləri – opera və musiqili komediyaları, oratoriya və kantataları, vokal-simfonik poemaları, simfonik və kamera musiqiləri, marş, mahnı və romansları müasir musiqi mədəniyyətimizin nailiyyətləri sırasındadır. Fitri istedadın məhsulu olan bu sənət nümunələri həmişə rəğbət və məhəbbətlə qarşılanıb və ölkəmizin hüdudlarından uzaqlarda da müvəffəqiyyətlə ifa edilərək, müəllifinə şöhrət gətirib. Bəstəkarın vokal əsərləri unudulmaz ifaçılarımızın repertuarında səslənərək populyarlıq qazanıb.
Ramiz Mustafayev milli musiqi mədəniyyətinin inkişafındakı xidmətlərinə görə ölkəmizin ali mükafatlarından olan "Şöhrət" ordeni ilə təltif edilib.
Ramiz Mustafayev 2008-ci il aprelin 10-da vəfat edib.
Xəbər lenti
0