CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

“Təmiz Şəhər” Şuşanı təmizləyir

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidŞuşada qədim qala divarları
Şuşada qədim qala divarları - Sputnik Azərbaycan, 1920, 16.10.2021
Abunə olmaq
Şəhər ərazisində təmizlik işlərinin aparılması üçün xüsusi texnika və işçi qüvvəsi cəlb olunub, küçələrə atılmış, yararsız nəqliyyat vasitələri kənarlaşdırılıb, müxtəlif təyinatlı binaların təmizlənməsi həyata keçirilib.
BAKI, 16 oktyabr - Sputnik. Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində ətraf mühitə mənfi təsirlərin azaldılması, bərk məişət tullantılarının müasir ekoloji və texnoloji idarəetmə sisteminin yaradılması istiqamətində işlərə artıq başlanılıb.
Bu barədə “Report”un sorğusuna cavab olaraq “Təmiz Şəhər” ASC-dən bildirilib.
Məlumata əsasən, ilkin mərhələdə şəhər ərazisində təmizlik işlərinin aparılması üçün xüsusi texnika və işçi qüvvəsi cəlb olunub, küçələrə atılmış, yararsız nəqliyyat vasitələri kənarlaşdırılıb, müxtəlif təyinatlı binaların təmizlənməsi həyata keçirilib:

“Tullantılar üçün 200 ədəd xüsusi konteyner gətirilərək, müəyyən olunmuş tullantı meydançalarına yerləşdirilib. İşğal altında olduğu zaman dağıdılan və tullantıların toplandığı tarixi binaların təmizlənməsi hazırda ASC-nin əməkdaşları tərəfindən davam etdirilir”.

Vurğulanıb ki, bərk məişət tullantılarının idarə olunması sahəsində müsbət təcrübəsi nəzərə alınan “Təmiz Şəhər” ASC-yə işğaldan azad olunan Şuşa şəhərində çox vacib missiya tapşırılıb. Prezident İlham Əliyev tərəfindən 2021-ci il 22 iyunda imzalanan Sərəncamla qurumun fəaliyyət dairəsi genişləndirilib və işğaldan azad edilən Şuşa şəhərinin ərazisində bütün bərk məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi və zərərsizləşdirilməsi ASC-yə həvalə edilib.
Qeyd edək ki, 12 mart 2009-cu ildə “Təmiz Şəhər” ASC dövlət qeydiyyatına alınmış və öz fəaliyyətinə başlayıb. Cəmiyyətə tullantıların yerləşdirilməsini və utilizasiyasını müasir standartlara cavab verən şəkildə qurmaq və idarə etmək, bu prosesi mütəşəkkil qaydada həyata keçirmək, həmçinin şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaq və qeyd olunan sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirmək həvalə olunub.
Xəbər lenti
0