Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan, 1920
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Üçüncü doza vaksin kimlərə vurulacaq?

CC BY 2.0 / Phil and Pam Gradwell / DripУкол пациенту в больнице. Архивное фото
Укол пациенту в больнице. Архивное фото - Sputnik Azərbaycan, 1920, 15.10.2021
Abunə olmaq
Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniyada, İsveçrədə də 3-cü gücləndirici doza vaksinasiyaya start verilib.
BAKI, 15 oktyabr — Sputnik. Son günlər koronavirus əleyhinə üçüncü doza vaksinin əhəmiyyəti Azərbaycanda da tez-tez vurğulanır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Milli Məclisin Səhiyyə komitəsində keçirilən “Koronavirus infeksiyası (COVİD-19) ilə bağlı ölkədəki mövcud vəziyyət, vaksinasiya və görülən digər tədbirlər barədə” dinləmədə bildirib ki, tədqiqatlara əsasən, koronavirusa qarşı peyvəndin 3-cü dozasını almış, yaşı 60-dan yuxarı olan şəxslərdə yoluxmadan qorunma 11, ağırlaşmadan qorunma isə 19 dəfə artıb:

"Üçüncü doza buster dozadır. 4-cü doza peyvənd vurdurmaq artıq revaksinasiyadır. Bütün dünyada artıq buster doza qəbul olunub. “SinoVac” şirkəti bizə rəsmi məktub göndərir və qeyd edir ki, yaşlı insanlarda buster dozanın 6 aydan sonra vurulması çox gözəl nəticə verir. Eyni şeyi “Pfizer” şirkəti də deyir”.

Y.Qarayeva kimlərin revaksinasiya ola biləcəyinə də aydınlıq gətirib: “Elə insanlar var ki, 2 doza “CoronaVac” vurdurur, heç bir nəticə ala bilmirlər. Yəni, bu o insanların immun sisteminin xüsusiyyətidir. O insanlar innovaktiv texnologiya ilə istehsal olunan vaksinə cavab vermirlər. Həkim olaraq həmin insanlara məsləhət görürəm ki, başqa platformanı yoxlasınlar. Bunun “Pfizer” olması mütləq deyil. O insanlar “Sputnik V” də vurdura bilər, digərlərini də... Vaksin kursunun tamamlanması lazımdır”.
Tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ilk doza vurulan zaman koronavirusa qarşı qanımızda antitel olmur:

"Vaksin olunduqdan sonra qanda yaranan antitellər 6 aydan sonra itir, miqdarı həddindən artıq aşağı düşür, qoruyuculuq qabiliyyəti olmur. Üçüncü doza vurulduqda isə əvvəldən immunitet formalaşdığına görə qanda antitellərin miqdarı az olsa da, qısa zamanda artır və qoruyuculuq qabiliyyəti sürətlənir".

İnfeksionist deyir ki, çox güman ki, 3-cü dozanın vurulmasına zərurət yaranacaq. Bu, ilk növbədə risk qrupuna daxil olan insanlara aiddir.
TƏBİB-in Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev isə bildirir ki, koronavirus infeksiyasına qarşı iki doza vaksin vurdurduqdan altı ay sonra qanda bu virusa qarşı qoruyuculuq azalır. Yenidən bu virusa qarşı anticisimləri yüksəltmək üçün isə mütləq üçüncü, yəni buster doza vaksin vurdurmaq lazımdır.
Onun sözlərinə görə, buster dozanın istifadəsi yüksək risk qrupuna daxil olanlar üçün məqsədəuyğundur və əhəmiyyəti daha çoxdur.
Vasif Əliyev bildirib ki, buster doza yüngül yoluxmaları önləyə və virusun yayılmasını, eləcə də COVID-19-la bağlı hospitalizasiya və ölümləri azalda bilər:

“Üçüncü doza virusla savaşan anticisimləri öncəki dozalardan üç dəfə daha çox gücləndirir. Bununla yanaşı, bu anticisimlər koronavirusun ştammlarına qarşı güclüdür”.

Qeyd edək ki, 2021-ci ilin iyul-avqust aylarında İsraildə 1 milyon 114 min insan arasında tədqiqat aparılıb. Müəyyən edilib ki, gücləndirici (buster) doza infeksiyanın yayılma riskini 11,4 dəfə azaldır, həmçinin xəstəliyin ağır keçməsinin qarşısını 10 dəfədən çox alır. Böyük Britaniya rəsmiləri 2021-ci il sentyabrın 14-də bütün həssas əhali qruplarının, “ön xətdə" çalışan səhiyyə işçilərinin və 50 yaşından yuxarı şəxslərin gücləndirici vaksin vurdurmasını tövsiyə ediblər.
Almaniyada isə ötən aydan yaşlılara və zəif immun sistemi olan şəxslərə 3-cü doza vaksin vurulmağa başlanılıb. Həmçinin Fransada da 65 yaşdan yuxarı şəxslərə, xüsusi sağlamlıq vəziyyəti olan şəxslərə, habelə qocalar evlərinin əməkdaşlarına 3-cü doza vaksinlər təklif edilməyə başlanılıb. Kanada isə immun zəifliyi olun şəxslərə 3-cü doza vaksinin vurulmasını təsdiqləyib.
Üçüncü gücləndirici doza vaksinasiyaya ən geniş şəkildə başlayan dövlətlərdən biri də ABŞ-dır. ABŞ-da yeni yoluxma dalğasının müşahidə olunması ilə əlaqədar sentyabrın 22-dən 65 yaşdan yuxarı şəxslər, ağır xəstəliklərlə bağlı risk qrupunu daxil olanlar və virusa yoluxma ehtimalı yüksək olan şəxslərə 3-cü doza vaksin təklif olunur.
Bundan əlavə, Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniyada, İsveçrədə də 3-cü gücləndirici doza vaksinasiyaya start verilib.
Onu da xatırladaq ki, hazırda ölkədə koronavirusa qarşı 4 növ vaksin tətbiq edilir. Bunlar "Pfizer", "AstraZeneca", "Sinovac" və "Sputnik V" vaksinləridir.
Xəbər lenti
0