Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Lerikdə qaya uçqunu: Şükür ki, həmin vaxt yolda adam olmayıb

© Sputnik / Rahim MuradovLerik-Kəlvəz yolu
Lerik-Kəlvəz yolu - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Abunə olmaq
Lerik sakinlərinin sözlərinə görə, yolun uçması hadisəsi həmişə olmasa da, hər 3-5 ildən bir təkrarlanır.
BAKI, 12 oktyabr - Sputnik. Səhər saatlarında Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunda qaya uçması nəticəsində yol bağlanmışdı. Yola tökülən qaya parçaları avtomobillərin hərəkətini tamamilə dayandırmışdı.
Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hadisə Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun 12-ci kilometrliyində baş verib:
“Qaya uçması nəticəsində avtomobil yolunda fasilələr yaranmışdı. Lerik Rayon İcra Hakimiyyəti hadisəyə operativ müdaxilə etdi. 52 saylı Yol İstismar İdarəsinin ağır texnikaları hadisə yerinə cəlb edildi. Ağır texnikaların köməkliyi ilə yol tam açıldı və avtomobillərin hərəkətinin intensivliyi bərpa edildi”.
İcra nümayəndəsi bildirib ki, ərazidə qaya parçalarının yenidən uçma təhlükəsi var.
“Bununla əlaqədar biz müvafiq qurumlara müraciət etdik. Qarşıdakı günlərdə əraziyə mütəxəssislər cəlb ediləcək və baxış keçiriləcək. Növbəti uçqun təhlükəsinin aradan qaldırılması ümün lazımi tədbirlər görüləcək”, - deyə Məlikov bildirib.
Lerik rayonu Şonaçola kənd sakini Nəriman Abdullayev isə sözügedən yolda üzləşdikləri çətinliklər haqqında Sputnik Azərbaycanın bölgə müxbirinə bildirib:

“Səhər saat 7-8 radələrində gəlib gördük ki, maşınlar burada qalıb. Yol tamamilə kəsilib. Sonra rayona, kənd icra nümayəndəliyinə zəng elədik. Gəlib yolu açdılar və biz Lerikə gedə bildik”.

Onun sözlərinə görə, belə hadisə həmişə olmasa da, hər 3-5 ildən bir təkrarlanır.
“Belə sürüşmələr yağıntılarla bağlıdır. Yağıntılar vaxtı torpaq boşalır və sürüşür. Şükür ki, dağ çökən vaxt burada başqa maşınlar olmayıb.”, - Abdullayev deyib.
Lerik rayonu Ambudərə kənd sakini İlham Babayev də dağ uçması nəticəsində Lerik-Qosmalian-Kəlvəz avtomobil yolunun 3 saata yaxın bağlandığını və bu səbəbdən yoldan keçə bilmədiklərini deyib:
“Yol açılana qədər burada gözlədik, açdılar, sonra yolumuza davam etdik”.
***
14:35
Lerikdə qaya uçqunundan sonra bağlanmış yolda hərəkət bərpa edildi
Lerik-Kəlvəz yolunun 10-cu km-i qaya parçalarından təmizlənərək avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkəti təmin olunub.
Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Qeyd olunub ki, bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu km-də qaya uçqunu hadisəsi baş vermişdi və nəticədə qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırmışdı. AAYDA-dan bildirilib ki, hadisə baş verdikdən dərhal sonra agentliyin xüsusi texnikaları və canlı qüvvəsi hadisə yerinə cəlb olunub.
© Sputnik / Rahim MuradovLerik-Kəlvəz yolu
Lerik-Kəlvəz yolu - Sputnik Azərbaycan, 1920, 12.10.2021
Lerik-Kəlvəz yolu
--------
09:22
Bu gün səhər saatlarında Lerik-Kəlvəz yolunun təqribən 10-cu km-də qaya uçqunu hadisəsi baş verib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə APA məlumat yayıb. Qaya parçaları yolun hərəkət hissəsinə tökülərək avtonəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.
Dərhal hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin texnika və canlı qüvvəsi cəlb olunub. Hazırda yolun hərəkət hissəsinin qaya parçalarından təmizlənməsi və hərəkətin bərpası üçün addımlar atılır.
Xəbər lenti
0