CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan XİN dörd uşağın repatriasiyasını gerçəkləşdirib

© Sputnik / Murad OrujovHava limanında uşaq, arxiv şəkli
Hava limanında uşaq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 09.10.2021
Abunə olmaq
Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.
BAKI, 9 oktyabr - Sputnik. Türkiyənin Hatay vilayətinin İskəndərun uşaq evində saxlanılan Azərbaycan Respublikası vətəndaşı olan 4 nəfər uşağın vətənə repatriasiyası həyata keçirilib.
Sputnik Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Uşaqların ölkəmizə gətirilməsi Azərbaycan Respublikasının hökuməti tərəfindən görülmüş mərhələli tədbirlər nəticəsində baş tutub. Öncə Vətənə repatriasiyası nəzərdə tutulan uşaqların yeri, şəxsiyyəti və Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyən edilib. Daha sonra İraq və Suriya Ərəb Respublikalarından AR vətəndaşlarının repatriasiyasına məsul işçi qrupa daxil olan aidiyyəti dövlət qurumlarının nümayəndələri Türkiyə Respublikasına ezam ediliblər.
Türkiyə Respublikasına ezam edilmiş nümayəndə heyəti tərəfindən uşaqların ilkin tibbi və psixoloji müayinəsi həyata keçirilib və onlara zəruri yardım göstərilib. Bundan sonra Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri və uçuş biletləri ilə təmin ediliblər.

2021-ci ilin 9 oktyabr tarixində Azərbaycan Respublikası nümayəndə heyətinin müşayiəti ilə qeyd olunan vətəndaşların Ankara-Bakı reysi ilə Azərbaycan Respublikasına repatriasiyası təmin edilib.

Azərbaycan Respublikasının hökuməti tərəfindən müvafiq şəxslərin reinteqrasiyası və reabilitasiyası üçün bütün lazımi tədbirlərin görülməsi nəzərdə tutulub.

Repatriasiyanın həyata keçirilməsində Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının birgə və əlaqələndirilmiş fəaliyyəti həyata keçirilib. Bu prosesin reallaşmasında Türkiyə Respublikası tərəfindən göstərilmiş yardım xüsusilə qeyd olunmalıdır.

Azərbaycan Respublikasının Hökuməti milli qanunvericiliyə və ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq öz vətəndaşlarının hüquq və azadlıqlarının qorunması istiqamətində zəruri tədbirlərin görülməsini davam etdirəcəkdir.
Xəbər lenti
0