CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müharibədən sonra 102 şəhid övladı dünyaya gəlib

© AP Photo / Fernando AntonioYeni doğulmuş uşaq, arxiv şəkli
Yeni doğulmuş uşaq, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.10.2021
Abunə olmaq
"YAŞAT" fondunun rəhbəri Elvin Hüseynov deyib ki, gələcəkdə müxtəlif strukturkarda məhz şəhid övladlarını, qaziləri görmək istəyirlər.
BAKI, 8 oktyabr — Sputnik. Cari ildə şəhid ailələri və müharibə iştirakçılarına 3 min mənzilin təqdim edilməsi planlaşdırılıb və artıq 1600 mənzil təhvil verilib.
Post müharibə paketi isə 26 mindən artıq şəxsi əhatə edib.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi, YAŞAT Fondu və Bakı Konqres Mərkəzinin dəstəyi ilə 44 günlük Vətən Müharibəsinə həsr olunan "Hərə bir qəhrəman oldu" adlı tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, bu müddətdə məşğulluq marafonuna start verilib, vahid məşğulluq portalında 2100-dən artıq vakansiya yerləşdirilib, 600-dən artıq şəxs işlə təmin olunub. DOST Agentliyinin fəaliyyətindən danışan tədbir iştirakçısı bildirib ki, işğaldan azad edilən ərazilərdə də yaradılması nəzərdə tutulub və ilk belə mərkəz 2022-ci ildə Şuşada yaradılacaq.
DOST Agentliyinin İdarə heyətinin sədri Fərid Məmmədov isə çıxışında qeyd edib ki, layihə ərzində şəhid ailələrinə baş çəkiləcək, psixoloq dəstəyi göstəriləcək, şəhid övladlarının təhsil qayğıları diqqətə alınacaq.
"YAŞAT" fondunun rəhbəri Elvin Hüseynov bildirib ki, BMT-nin illərdir ki, icra olunmayan qətnamələri əsgərlərimizin, şəhidlərimizin canı-qanı bahasına icra olundu.
O bildirib ki, fondun əməkdaşları arasında şəhid övladları da var: "3 yaşında ikən - 1992-ci ildə atası Şuşada şəhid olan əməkdaşımız bir neçə gün öncə II Qarabağ müharibəsində şəhid olan əsgərlərimizin övladları ilə Şuşaya getdi. O ağrı-acını yaşayan biri üçün bugünkü şəhid övladlarının acısını başa düşmək çətin deyil".
E.Hüseynov deyib ki, fondun əsas fəaliyyət istiqamətlərindən biri də təhsildir: "Gələcəkdə müxtəlif strukturkarda məhz şəhid övladlarını, qaziləri görmək istəyirik. Bu mənada biz bu uşaqların təhsil almasını təşviq edirik".
O qeyd edib ki, müharibədən sonra 102 şəhid övladı dünyaya gəlib.
"Azərbaycanın yeraltı sərvətləri şəhidləri, yerüstü sərvətləri isə qaziləri oldu", - deyə E.Hüseynov bildirib.
Qeyd edək ki, layihə 2021-2022-ci illəri əhatə edəcək.
Xəbər lenti
0