Mərkəzi Bank kredit və dividend faizləri arasındakı yüksək fərqi izah edib

© Sputnik / Murad OrujovAzərbaycan Mərkəzi Bankının binası, arxiv şəkli
Azərbaycan Mərkəzi Bankının binası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 08.10.2021
Abunə olmaq
Uçot dərəcəsi 2018-ci ilin əvvəlindən azaldılaraq mərhələlərlə 15%-dən 6.5%-ə endirilib. Bu dövrdə pul kütləsinin artımının davam etməsi də monetar şəraiti əhəmiyyətli dərəcədə yumşaldıb.
BAKI, 8 oktyabr — Sputnik. Millət vəkili Vüqar Bayramov bu yaxınlarda bankların cəlb etdikləri depozitləri 3 dəfə daha baha şəkildə kredit formasında təklif etdiklərini söyləmişdi. Sputnik Azərbaycan məsələ ilə bağlı Mərkəzi Banka sorğu göndərib.
Mərkəzi Bankdan sorğuya cavab olaraq bildirilib ki, bazar iqtisadiyyatında faiz dərəcəsi digər məhsullar kimi bazarda tələb və təklif amilləri əsasında formalaşır:

"Sektorda kreditlər üzrə faiz dərəcəsini formalaşdıran əsas amillər cəlb olunmuş vəsaitlərin dəyəri (maliyyələşmə xərcləri), əməliyyat/inzibati xərcləri, kredit riskləri və digər amillərdən ibarətdir. Makroiqtisadi mühit və ekosistem məsələləri bu amillərin formalaşmasını şərtləndirir. Ümumilikdə hökumət və Mərkəzi Bank tərəfindən son illərdə maliyyə infrastrukturunun inkişafı, bank sektorunun restrukturizasiyası və sağlamlaşdırılması, iqtisadiyyatın şəffaflaşması, məhkəmə-hüquq sistemində islahatlar, banklarda risklərin idarə edilməsi bacarıqlarının artması və maliyyə sektorunun dayanıqlığının möhkəmlənməsi, habelə rəqəmsal maliyyəyə keçidin sürətlənməsi fonunda həmin amillərin faiz dərəcələrinə artırıcı təsirləri tədricən azalmaqdadır".

Bundan əlavə son illər Mərkəzi Bank tərəfindən monetar şəraitin həm kəmiyyət, həm də dəyər baxımından yumşaldılması faiz dərəcələrinə azaldıcı təsir göstərdiyi də qeyd olunub:

"Məlum olduğu kimi, 2018-ci ilin əvvəlindən uçot dərəcəsi azaldılaraq mərhələlərlə 15%-dən 6.5%-ə endirilmişdir. Bu dövrdə pul kütləsinin artımının davam etməsi də monetar şəraiti əhəmiyyətli yumşaltmışdır. Monetar şəraitin yumşalması yeni kreditlər üzrə orta faizlərin azalmasına müəyyən qədər transmissiya olunmuşdur. Əlavə olaraq, hökumətin güzəştli kreditləşmə proqramlarının dəstəklənməsi istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən makroprudensial siyasət də faiz dərəcələrinə azaldıcı təsir edən faktorlardır".

"Mərkəzi Bank bu istiqamətdə hansısa inzibati metodlardan istifadə edə bilərmi" sualına Mərkəzi Bank belə cavab verib:

"Banklar haqqında Qanunun 36.1-ci maddəsinə əsasən banklarla onların müştəriləri arasında münasibətlər müqavilə əsasında həyata keçirilir. Yəni, hər hansı inzibati metoddan istifadə qanunvericiliklə müəyyən edilməyib. Kreditlər üzrə faiz dərəcələri bank sektorunda tələb-təklif əsasında formalaşır. Son dövrlərdə bank sektorunda kreditlər üzrə faiz dərəcələrinin həm biznes, həm də istehlak seqmentləri üzrə azalma trendləri müşahidə olunur".

Xatırladaq ki, millət vəkili Vüqar Bayramov deyib ki, Mərkəzi Bankın elan etdiyi statistikaya əsasən, bankların kredit faizləri ilə depozitlər üzrə dividend faizləri arasındakı yüksək fərq hələ qalmaqdadır.
O qeyd edib ki, Mərkəzi Bankın hesablamalarına görə, banklar xarici valyutada depozitlərə orta hesabla 1.76 faiz dividend ödədiyi halda dollar kreditlərini orta hesabla 5.18 faizlə təklif edirlər:

"Rəsmi statistika göstərir ki, xarici valyutada kreditlər ilə depozit dividendləri arasında 3 dəfə fərq var. Yəni, banklar cəlb etdikləri depozitləri 3 dəfə daha baha şəkildə kredit formasında təklif edilər. Rəsmi rəqəmlərin müqayisəsi göstərir ki, manatla orta kredit faizləri ilə depozitlər üzrə dividend faizləri arasında da fərq az deyil. Sistem əhəmiyyətli bankların əksəriyyətində manat üzrə depozit faizləri 6 faizdir, xarici valyutada əmanətlərə isə, demək olar, dividend ödənilmir. Aydındır ki, kredit faizlərinin optimallaşdırılması üçün inzibati deyil, daha çox təşviqedici metodlardan istifadə edilməsi məqsədəuyğundur. Mərkəzi Bank tərəfindən bank sektorunda rəqabətin gücləndirilməsi ilə bağlı sistemli və daha ünvanlı tədbirlərin genişləndirilməsinə ehtiyac var".

Xəbər lenti
0