Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Əlavə dərs vəsaitlərinin qiyməti bahalaşıb - DİM mətbəəni günahlandırır

© Sputnik / Murad OrujovDərs vəsaitləri
Dərs vəsaitləri - Sputnik Azərbaycan, 1920, 04.10.2021
Abunə olmaq
Rus dilində əlavə dərs vəsaitlərinin qiyməti ana dilində əlavə dərs vəsaitlərindən 1 manat civarında bahadır.
BAKI, 4 oktyabr — Sputnik. Dərsliklərin pulsuz olması valideynlərin məktəb qayğısını azaltsa da, onlar əlavə dərs vəsaitlərinə xeyli pul xərcləyirlər. Məktəblərdə əsas fənlər üzrə şagirdlərdən əlavə dərs vəsaitləri tələb olunur. Riyaziyyatdan M.B.Namazovun çalışmalar kitabı, Ana dilindən Aygün Məcidovanın müəllifi olduğu kitablar, eləcə də digər fənlərdən Dövlət İmtahan Mərkəzinin (DİM) hazırladığı qiymətləndirmə tapşırıqları məktəblərdə tələb olunan əsas əlavə dərs vəsaitləridir. Hətta bu gün Riyaziyyat və Ana dilindən əksər ev tapşırıqları bu çalışma kitablarından verilir. Valideynlər Sputnik Azərbaycan-a bildiriblər ki, onlar əlavə dərs vəsaitlərini almağa məcburdurlar. Çünki müəllimlərin verdiyi əksər ev tapşırıqları bu vəsaitlərdə yer alıb.
Valideyn Günel Salmanova deyir ki, Ana dili, Riyaziyyat, İngilis dili fənlərindən uşaqlarına hər il əlavə dərs vəsaitləri alır. Bu il isə bu siyahıya DİM-in qiymətləndirmə tapşırıqları da əlavə olunub. Valideyn bildirir ki, hər fəndən qiymətləndirmə tapşırıqlarının qiyməti minimum 7 manatdır. Bu isə bir uşaq üçün ən azı 56 manat edir: "Məcburuq ki, bu dərs vəsaitlərini alaq. Çünki müəllim Riyaziyyatdan, Ana dilindən evə bu vəsaitlərdən tapşırıqlar verir".
© Sputnik / Zullfiye GuluyevaƏlavə vəsait dərsləri
Əlavə vəsait dərsləri - Sputnik Azərbaycan, 1920, 04.10.2021
Əlavə vəsait dərsləri
Təhsil Nazirliyindən isə bildirilir ki, "Ümumi təhsil haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, dövlət və bələdiyyə ümumi təhsil müəssisələrində təhsilalanlar dərsliklərlə dövlət hesabına təmin olunurlar: "Dərsliklərdə kifayət qədər tapşırıq var ki, onların yazı dəftərində həll edilməsi ilə mövcud təhsil proqramının mənimsənilməsini həyata keçirmək mümkün olur. Lakin bununla belə, ümumi təhsil müəssisəsi təhsil proqramında nəzərdə tutulan standartların reallaşdırılması üçün dərslikdən başqa digər tədris vasitələrindən də istifadə edə bilər.
Valideynlər öz maddi vəziyyətlərinə uyğun olaraq övladlarının istifadə etməsi üçün digər vəsaitlər kimi (planşet, rəngli kağız, plastilin, flomaster, karandaş, albom, bloknot və s.) ümumi təhsil müəssisəsi tərəfindən tövsiyə edilən tədris vasitələrini də istədikləri halda ala bilərlər. Amma bununla yanaşı, onu da bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2020-ci il tarixli 67 nömrəli qərarı ilə təsdiqlənən "Ümumi təhsil müəssisələri üçün dərsliklərin, dərs vəsaitlərinin və digər tədris-metodik vasitələrin hazırlanması Qaydası”na əsasən, dövlət ümumi təhsil müəssisəsi dərslikdən başqa hər hansı tədris vasitəsini daxili istifadəyə tövsiyə etməzdən əvvəl onu pedaqoji şuranın qərarı ilə təsdiqləməlidir. Məktəbin pedaqoji şurası tərəfindən təsdiq edilməyən tədris vasitələri hətta valideynlərin öz istəkləri ilə könüllü alındığı təqdirdə belə tədris prosesinə buraxıla bilməz”.
Bu gün repetitorlar da şagirdlərdən əlavə dərs vəsaitləri tələb edirlər. DİM-in qiymətləndirmə tapşırıqları da bu siyahıya daxildir. Valideynlər son illər dərs vəsaitlərinə artan tələbatın qiymətə də təsir göstərdiyini söyləyirlər. Onların sözlərinə görə, əlavə dərs vəsaitlərinin qiyməti ildən-ilə bahalaşır.
© Sputnik / Zullfiye GuluyevaƏlavə vəsait dərsləri
Əlavə vəsait dərsləri - Sputnik Azərbaycan, 1920, 04.10.2021
Əlavə vəsait dərsləri
Sputnik Azərbaycan-ın kitab satışı mağazalarında apardığı araşdırma zamanı da bu, öz təsdiqini tapıb. Bu gün M.Namazovun müəllifi olduğu, demək olar ki, məktəblilərin ikinci Riyaziyyat dərsliyinə çevrilən “Riyaziyyatdan çalışmalar” kitabının qiyməti bahalaşaraq 7 manat 50 qəpik olub. Satıcılar əvvəlki illərdə Riyaziyyatdan çalışma və test kitablarının qiymətinin 6 manat olduğunu, bu il bütün əlavə dərs vəsaitlərinin qiymətində artım olduğunu söyləyirlər. A.Məcidovanın 3-cü sinif Azərbaycan dilindən testlər toplusu 4 manat 50 qəpiyə təklif olunur. DİM-in qiymətləndirmə tapşıqlarının qiyməti isə 7 manatdır.
Kitab satışı mağazasında söhbətləşdiyimiz valideyn Arzu Şabanova deyir ki, o, bu il 7-ci sinifdə oxuyan qızına 5 fəndən DİM-in qiymətləndirmə tapşırığı kitabını almalıdır. Bu isə 35 manat vəsait tələb edir. Valideyn Riyaziyyatdan çalışmalar, Ana dilindən tapşırıqlar üçün əlavə dərs vəsaitləri də almalı olduğunu bildirir. Onun sözlərinə görə, bir uşaq üçün valideyn ən azı 56 manat xərcləməlidir. Bir ailədə iki uşaq təhsil alırsa, bu xərc 100 manatdan çox olur. A.Şabanova deyir ki, əlavə vəsaitlərin hazırlanması ilə məşğul olan müəllif və nəşriyyatlar yaranmış mövcud vəziyyətdən istifadə edirlər: "Müəlliflər də görürlər ki, tələbat var, qiyməti artırırlar. Valideyni düşünən yoxdur ki, biz hər ay repetitor hazırlığına da pul ödəyirik".
Satıcılar deyirlər ki, rus dilində əlavə dərs vəsaitlərinin qiyməti ana dilində əlavə dərs vəsaitlərindən 1 manat civarında bahadır.
© Sputnik / Zullfiye GuluyevaƏlavə vəsait dərsləri
Əlavə vəsait dərsləri - Sputnik Azərbaycan, 1920, 04.10.2021
Əlavə vəsait dərsləri
DİM-in "Abituriyent Jurnalı" redaksiyasından Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirildi ki, DİM-in qiymətləndirmə tapşırıqları əlavə dərs vəsaitində 1 manata qədər qiymət artımı olub. Redaksiyadan bunu mətbəə xərclərinin bahalaşması ilə əlaqələndirdilər.
Təhsil üzrə ekspert İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əlavə dərs vəsaitlərinin bahalaşmasında artan tələbat rol oynayır. İ.Orucovun sözlərinə görə, əlavə dərs vəsaitlərini şagirdlərdən əsasən repetitorlar tələb edirlər.
"Müəllimlər özlərini əziyyətə salıb suallar hazırlamırlar. Onlar hazır əlavə dərs vəsaitlərinə üstünlük verirlər. DİM-in vəsaitlərindəki suallar isə imtahan suallarına yaxın olduğundan müəllimlər həmin kitabları şagirdlərdən tələb edirlər. DİM isə publik hüquqi şəxsdir. Onlar əlavə vəsait hazırlayaraq bundan pul qazanırlar. Buna görə onlara heç kəs irad tuta bilmir".
© Sputnik / Zullfiye GuluyevaƏlavə vəsait dərsləri
Əlavə vəsait dərsləri - Sputnik Azərbaycan, 1920, 04.10.2021
Əlavə vəsait dərsləri
İ.Orucov deyir ki, əslində dərsliklər öyrənmək üçün kifayətdir. Sadəcə olaraq repetitorlar əlavə dərs vəsaitlərilə işləməyə öyrəniblər. Bu onlar üçün daha asandır. Bu isə bazarda əlavə dərs vəsaitlərinə tələbatı artırır: "Proqram mövzuları dərsliklərdə var. Müəllimlər həmin dərslik üzrə hazırlıq keçsələr, dərs vəsaitlərinə ehtiyac qalmaz. Bu gün bazarda əlavə dərs vəsaitlərinə artan tələbat qiymətlərə də təsirsiz ötüşmür".
Xəbər lenti
0