DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

"Mixaylo şəhərdədir?" - Hazırda Gürcüstanda nə baş verir

© Sputnik / Aleksey VitvitskyMixail Saakaşvili
Mixail Saakaşvili - Sputnik Azərbaycan, 1920, 01.10.2021
Abunə olmaq
Qonşu ölkənin hakim partiyasının sədri İrakli Kobaxidze jurnalistlərlə söhbətində sabiq prezidentin vətənə qayıtması ilə bağlı xəbəri təkzib edərək deyib ki, əgər o, Gürcüstana gəlsəydi, çoxdan həbsxanada idi.
BAKI, 1 oktyabr — Sputnik. Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili oktyabrın 1-i, cümə günü bütün Gürcüstanda çaxnaşma yaratdı. Özü də təkcə Gürcüstanda deyil... O "Facebook" hesabında hamının sabahının xeyirliyə açılmasını diləyəndən sonra artıq Gürcüstanda olduğunu bəyan edib. Sabiq prezidentin "Vahid milli hərakat" partiyasındakı silahdaşları, eləcə də Ukrayna ofisi Saakaşvilinin qayıdış faktını təsdiqləyib. Ukrayna ofisinin rəhbəri Mariya Barabaş bəyan edib ki, o, ötən gecə Kiyevi tərk edib.

"Üç gün əvvəl öz komandasını toplayaraq bildirdi ki, Gürcüstana yola düşür, çünki hazırda ölkənin həyatında dönüş anı yaşanır, keçmişlə Avropa arasında seçim etməlidir. Bizə dedi ki, mütləq getməlidir, çünki çox vacib ümumxalq səsverməsi keçirilir və o, Gürcüstanda olmalıdır", - deyə Barabaş Gürcüstanın "Mtavari arxi" telekanalına müsahibəsində qeyd edib.

Rəsmi mövqe
Gürcüstan Daxili İşlər Nazirliyindən isə bildirilib ki, Saakaşvili rəsmi şəkildə sərhədi keçməyib.
Sabiq prezidentin ölkəyə gəliş xəbərini hakim "Gürcü arzusu – Demokratik Gürcüstan" partiyası da təkzib edib.
"Bunun növbəti məzhəkə oyunu olmasından başqa, bizdə heç bir informasiya yoxdur... Niyə yanlış informasiya yayırsınız? Mənə sübut edin ki, o Gürcüstandadır", - deyə "Gürcü arzusu – Demokratik Gürcüstan" partiyasından millət vəkili Givi Mikanadze jurnalistlərə bildirib.
Hakim partiyanın sədri İrakli Kobaxidze də jurnalistlərlə söhbətində Saakaşvilinin vətənə qayıtması ilə bağlı xəbəri təkzib edib: "Əgər o kloun Gürcüstana gəlsəydi, çoxdan həbsxanada idi. Amma o, Gürcüstanda deyil".
Ukrayna gəmisi Batumi limanına daxil olub
Maraqlıdır ki, Batumi limanından Sputnik Gürcüstan-a dənizdə fırtınaya rəğmən, Ukrayna və Rumıniyadan iki yük gəmisinin daxil olduğunu bildiriblər. Ancaq Ukrayna gəmisinin göyərtəsində Saakaşvilinin olub-olmadığı məlum deyil.
Saakaşvili nə istəyir?
Bu arada, Saakaşvili artıq sosial şəbəkədən etiraz aksiyalarına çağırış edərək hamını paytaxt Tbilisiyə gəlməyə səsləyib.
"Kütlələrdən xahişim odur, əhatəli və güclü olsunlar ki, onlar mənim qarşımı kəsə bilməsinlər. Əgər qəsbkar hakimiyyət məni daha əvvəl həbs etməyə imkan tapsa, bu bizim qüvvələrimizi bir az daha birləşdirməlidir. Hər iki halda geri çəkilməyəcəyəm və ümid edirəm ki, siz də", – deyə onun video-çarxında bildirilir.
Yeri gəlmişkən, Saakaşvili 2017-ci ildə Ukrayna ərazisinə keçən vaxt da məhz bu taktikadan istifadə etmişdi. O, artıq Ukrayna "vətəndaşlığından məhrum edilsə də", tərəfdaşlarının bir yerə toplaşması sayəsində Lvov yaxınlığında Polşa-Ukrayna quru sərhədini adlaya, hətta 2018-ci ilin fevral ayına kimi bu ölkədə qala bilmişdi. Ancaq sonra onu yenidən Ukraynadan göndərmişdilər.
Ümumilikdə, bütün bu baş verənlər barədə Saakaşvili hələ bir həftə bundan əvvəl xəbərdarlıq edərək bildirmişdi ki, mütləq seçki günü Tbilisidə olacaq. Düzdür, həmin vaxt çoxları ona inanmamışdı, çünki Saakaşvili artıq birinci dəfə deyil ki, qayıdacağı barədə vədlər verir.
Qeyd edək ki, Mixail Saakaşvili iki dəfə Gürcüstanın prezidenti vəzifəsinə seçilib. O, 2013-cü ilin noyabrında Gürcüstanı tərk edib və dəfələrlə qayıdacağını bildirsə də, bu baş verməyib.
Sabiq prezident ölkədaxili axtarışa verilib. 2015-ci ildə isə Saakaşvili Gürcüstan vətəndaşlığından məhrum edilib və artıq altı ildən çoxdur ki, Ukrayna vətəndaşıdır.
Xatırladaq ki, oktyabrın 2-də Gürcüstanda yerli idarəetmə orqanlarına seçki keçiriləcək.
Xəbər lenti
0