Люди на Площади фонтанов в Баку - Sputnik Azərbaycan, 1920
CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir əldə daş, digərində çubuq - nə edəsən? İtdir, istəsə qapar, istəməsə...

© Sputnik / Irade JELILSahibsiz itlər
Sahibsiz itlər - Sputnik Azərbaycan, 1920, 30.09.2021
Avropa qanunları bunu deyir: it saxlayırsansa, qaydası budur, xərci də bu. Saxlaya bilirsən, saxla, bacarmırsan, bu yükü üstünə götürmə.
BAKI, 30 sentyabr — Sputnik. Zibilliyin yanından gecə vaxtı ötən bir çox Bakı sakini eyni bir qorxu hissini keçirir. Bu cür məkanlarda onlarla evsiz-eşiksiz, sahibsiz itlə qarşılaşmaq perspektivi heç kimi sevindirmir. Küçəyə atılan, yaşamağa yeri olmayan bu heyvanların zibillikdən başqa getməyə yeri olmur. Burada zibil qalıqları ilə birtəhər qidalanmaq, yağışlı-qarlı havada daldalanmaq üçün yer tapmaq mümkündür.
İt insan üçün problemə çevrilir
İt sosial varlıqdır, yəni canavar kimi sürü halında yaşamağa meyllidir. Küçəyə atıldıqda, mütləq hansısa dəstəyə qoşulub birgə həyat quracaq. Belə it sürülərinə Bakıətrafı kəndlərdə daha çox rast gəlinir. Burada həm nəqliyyatın hərəkəti intensiv deyil, həm də itə dəyib dolaşan yoxdur. Onların sayı da dayanmadan artır, çünki yayda istirahətə gələn sakinlər bir vaxt həvəslə, vəsait sərf edərək əldə etdikləri iti elə küçəyə atırlar. Nəticədə başağrısı yaradan problemin əsası qoyulur: it əlindən nə sakitcə gəzmək olur, nə də rahatlıq əldə etmək. Özbaşına buraxılmış it həm insan, həm də ev heyvanları üçün problemə çevrilir.
Baytar, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 31.08.2021
CƏMİYYƏT
Azərbaycanda heyvanlar çiplənəcəklər
Ölkədə nə qədər sahibsiz itin olduğunu dəqiq müəyyən etmək çətindir. Onların küçə və dalanlarda sayının gün-gündən artması açıq-aydın gözə çarpır. Səbəbi də məlumdur. Bir tərəfdən itindən bezən sahibləri onları küçəyə atır, digər tərəfdən it artırmaqla dolanan insanlar satış üçün uyğun olmayan, amma sağlam küçüklərdən bu yolla azad olurlar. Daha sonra isə dəstə halında toplaşan itlərin cütləşməsi nəticəsində təbii artım baş verir. Onların sayı artır, it “orduları” yaşamaq uğrunda mübarizə şəraitində başqa canlılar üçün təhlükə yaradırlar.
Küçədə sahibsiz itlərin sayı artır
Heyvanlara münasibətdə ölkədə qəribə bir yanaşma var: həm qəddarıq, həm mərhəmətli, həm heyvan saxlamaq istəyirik, həm də məsuliyyətsizik. Bu gün saxlayırıq, sabah küçəyə atırıq. İt saxlamaq isə ən çətin məsələdir. Həm şəraitin olmalıdır, həm özün təlim keçməlisən, həm də itin. Vaxtı-vaxtında itə dərman da vurulmalıdır. Amma qayda-qanunu gözləyən çoxmu insan var? Məsuliyyətsizlik baş alıb gedir. Küçədə sahibsiz itlərin sayı artır. 
Adətən sosial şəbəkədə it sürülərindən bezən, onlardan yaranan təhlükəni neytrallaşmağa çalışan insanların da xeyli maraqlı müdafiə təklifinə rast gəlinir. Kimi daşla, kimi çubuqla hərəkət etdiyini bildirir. Elələri var ki, internetdən xüsusi elektrikdə işləyən qoruyucu çubuq da sifariş ediblər. Bununla itləri qovduğunu qeyd edirlər. İtləri müdafiə edən, onları yedizdirənlər də az deyil. Elələri də var, deyir ki, itdən heç bir təhlükə yoxdur, insanı dişləməz, özünüzü mehriban göstərin.
Heyvan hüquqlarını müdafiə edən insanların da bəzən sosial şəbəkədə aqressiyasını müşahidə edirik. Yəni problemi necə həll etmək məsələsi bəzən qalır kənarda. Elə hey kiminsə üstünə gedirlər, bir sözlə, nə edirsiniz edin, bircə bu itlərə dəyməyin.
İtlərin hücumuna məruz qalmış hər 5 nəfərdən 4-ü uşaqdır
Əslində, yeni velosiped icad etməyə ehtiyac yoxdur. İt probleminin həlli öz əlimizdədir. İstəyir itləri sevən, istəyir iti təhlükə kimi görən hər bir insan sadə bir məntiqi anlamalıdır: it toyuq-cücə ya mal-qara deyil, sahibsiz qaldıqda, kifayət qədər vəhşi bir varlıqdır. Üstəlik, itlər bir sıra qorxulu infeksiyanın, həmçinin quduzluğun daşıyıcısıdır. Bəzi mənbələr dünyada 1 milyarda yaxın itin, onların 75 faizinin isə sahibsiz olduğunu bildirir. Sahibsiz itlər dəstə halında toplaşaraq vəhşi təbiətdə olan bir sıra heyvanı ovlamaqla qidalanır.
Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyinin məlumatına görə, dünyada 200-ə yaxın heyvan növü vəhşiləşmiş və sahibsiz itlərin fəaliyyəti nəticəsində yoxa çıxmaqdadır. Özü də 8 quş növünün artıq yoxa çıxmasının səbəbi kimi bu itlər göstərilir. Dünyada ən çox it ABŞ-da qeydə alınıb. Bəzi mənbələr bu ölkədə haradasa 80 milyona yaxın itin olduğunu bildirir. Hər il orta hesabla itlərin 5 milyon dəfə insana hücumu qeydə alınır. Nəticədə orta hesabla 10-20 insanın həyatına son qoyulur. Bəzi döyüşkən it növləri isə soyuq silaha bərabər tutulur. Kimisə qapdısa, salamat yaxa qurtarmaq çətin məsələdir. 
Hansısa başqa heyvan barədə danışmamaq da olar. Yəni kiminsə keçisi qaçıbsa, bu sadəcə maddi ziyandır, amma küçədə nəzarətsiz gəzən "bulteryer" və ya "doberman" artıq ciddi problemdir. Kimi istəsə dişləyə də bilər, yeri gəlsə, uşağa ölümcül xəsarət də yetirər. Elə ABŞ-da it hücumuna məruz qalmış hər 5 şəxsdən 4-ü uşaqdır. Bu səbəbdən ABŞ qanunları insana hücum edən itin dərhal öldürülməsinə icazə verir. Belə itin azadlığı məhdudlaşdırıla ya da onun insanlar arasında gəzdirilməsinə qadağa qoyula bilər. Belə itin sahibini isə cəza kimi cərimə, həbs və ya it saxlamağa qadağa gözləyir.
İti küçəyə atan insanı 25 min avro cərimə gözləyir
İtlərlə bağlı ən nümunəvi qayda çox yəqin, Almaniyada müşahidə olunur. Bu ölkədə sahibsiz it ola bilər, amma küçə itinə rast gəlmək mümkünsüzdür. Əgər sahibi olmadan küçədə gəzişən it aşkarlanarsa, polis o dəqiqə reaksiya göstərməlidir. İtin sahibini tapmaq problem deyil, çünki qanuna görə, itin boynundakı xaltaya yaşadığı ünvan və sahibinin adı qeyd olunmuş xüsusi kapsul yerləşdirilir. Bundan əlavə Almaniyada yaşayan hər bir itin dərisi altına xüsusi çip yeridilir. Onun barəsində hər bir məlumat bu çipdə var. İtmiş iti tapmaq problem təşkil etmir. Bu praktika artıq Avropa Birliyinin hər yerində tətbiq edilməyə başlanılıb.
Кошка лижет лицо собаке в приюте для животных, фото из архива - Sputnik Azərbaycan, 1920, 23.09.2021
CƏMİYYƏT
Oğurlanmış, itmiş heyvanları yeni sistemlə tapmaq mümkün olacaq
Hər bir it yiyəsinin həm sığortası, həm də vergi orqanında qeydiyyatı olmalıdır. Deyək, Berlində bütün it sahibləri ildə 120 avro ödəməlidir. İkinci iti saxlamaq qərarına gələn şəxs isə hər bir əlavə it üçün daha 180 avro ödəyəcək. İtlərin hüquqları Avropa Birliyində "Ev  heyvanlarının  mühafizəsi  haqqında" Avropa Konvensiyası ilə tənzimlənir. İti küçəyə atmaq olduqca çətindir. Almaniyada itini küçəyə atan insanı 25 min, Niderlandda isə 17 min avro cərimə gözləyir. Hələ 3 il həbs cəzası da ola bilər. Almaniyada it almaq, it satmaq da asan deyil. Kimsə Berlin küçəsində əlində it sata bilməz. Bunun üçün xüsusi məkanlar var, özü də iti gəzdirərkən mütləq xalta taxılmalıdır. Hansısa itin insana hücum etməsi də bu səbəbdən çətindir.
Britaniyada 750 min it və pişik məhv edilib
Almaniyada 500-dən yuxarı heyvan sığınacağı var. Sahibi ölmüş itləri bura təhvil vermək olar. Əgər hansısa səbəbdən heyvan saxlamaq imkanı yoxdursa, bu halda sığınacaq iti qəbul edəcək. Amma iti təhvil vermək də asan deyil, 60-400 avro arası məbləğ ödənilməlidir. Belə bir siyasət insanlarda məsuliyyət hissini artırmağa kömək edir. İt saxlamaq istəyən bütün şərtləri bilməli, çəkəcəyi xərci nəzərə almalıdır. Həm vergisi var, həm saxlamaq xərci, lazım olmasa küçəyə atmaq da olmaz. Sığınacaqdan it götürmək üçün isə 250 avro ödəməlisən. Bir sözlə, heyvan saxlayan bütün insanlar prosesdə iştirak edir. Vergi ödəyir, iti təhvil verən də və götürən də xərcə düşür, itdən yaranan nəcisi yığışdırır. Nəticədə küçədə heç bir sahibsiz it yoxdur, aşkarlansa sığınacağa ötürülür. Sığınacağın da saxlanılması həmin bu pullar və dövlət büdcəsinin hesabına formalaşır.
Bir sözlə, Avropa qanunları bunu deyir: it saxlayırsansa, qaydası budur, xərci də bu. Saxlaya bilirsən, saxla, bacarmırsan, bu yükü üstünə götürmə. Ev heyvanları ilə bağlı Avropa tarixində ağır durum da az olmayıb. Məsələn, İkinci Dünya Savaşı Böyük Britaniyada ev heyvanları ilə bağlı ciddi problemə səbəb olub. 1939-cu ilin sentyabr ayından başlayaraq 1 il boyu bu ölkədə 750 min it və pişik məhv edilib. Britaniya hökuməti qida çatışmazlığı və yarana biləcək qıtlığı nəzərə alaraq əhaliyə evdə saxlanılan it-pişikləri baytarlıq məntəqələrinə təhvil verməyi məsləhət bilib. Ev heyvanları iynə vurulmaqla öldürülüb. Hətta bu qədər heyvanın harada dəfn edilməsi də problemə çevrilib. Elə bu günün özündə də xəstə, qoca itləri adətən baytarlıq klinikalarında iynə vurmaqla öldürürlər.
Qayda-qanun yaradılmasa, ...
Azərbaycan da "Ev  heyvanlarının  mühafizəsi  haqqında" Avropa Konvensiyasına 2007-ci ildə qoşulub. Bu yöndə bəzi işlər də görülüb, bir neçə sığınacaq da var. Amma ciddi bir prosesin getdiyindən danışmaq olmaz. İt saxlayan saxlayır, amma it kimisə dişləsə və ya kiməsə xəsarət yetirsə, sahibi faktiki olaraq məsuliyyət daşımır. İtdən bezən şəxs onu sadəcə küçəyə atmaqla problemi həll edir. Ev heyvanlarının nə hesabatı aparılır, nə qeydiyyatı. İt yetişdirməklə dolananlar da heç bir qanuna riayət etmir, standarta uyğun gəlməyən itin taleyi elə küçədə yaşamaq olacaq. Nə cəmiyyət bir iş görür, nə də prosesi tənzimləyə biləcək qanunlar işlənib hazırlanır.
Konvensiyaya qoşulmuşuqsa, deməli buna uyğun qanunvericilik bazası hazırlanmalıdır. Qanunun icrasını nəzarət edən qurum da olmalıdır, hər bir heyvan sahibi də bu qanun çərçivəsində hərəkət etməlidir. Hətta küçədə ölüb gedən itlərin heç qalığını da yığan yoxdur. Bu da bir problemdir. Küçədə özbaşına və nəzarətsiz gəzən it dəstələrinin mövcudluğuna son qoyulmalıdır. Bu məsuliyyət Almaniyada olduğu kimi dövlətlə cəmiyyət arasında bölünməlidir. Vergisi də olmalıdır, xaltası da, çipi də. Saxlamaq imkanı yoxsa, iynə vurub yatızdırmaq gərəkdir. Sığınacaq varsa, deməli, bir tərəfdən dövlət vəsait ayırmalıdır, digər tərəfdən isə onlar fərdi şəxslərdən toplanan vergi hesabına fəaliyyət göstərməlidirlər. Qayda-qanun yaradılmasa, elə bir əldə daş, digərində çubuqla gəzməli olacağıq. İnsan deyil, söz deyəsən anlasın. İtdir, istəsə qapar, qapmaq istəməsə, qaçar.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала