Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Necə olur ki, narkotacirlər İran gömrükçülərinin nəzərindən yayınırlar?

© AP Photo / Matt Rourke Narkotiklə dolu paketlər, arxiv şəkli
 Narkotiklə dolu paketlər, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 28.09.2021
Abunə olmaq
Politoloqlar bu fikirdədirlər ki, qonşu ölkədən daşınan narkotik vasitələr Azərbaycanın milli genofondunun məhvini qarşısına məqsəd qoyub.
BAKI, 28 sentyabr — Sputnik. Azərbaycan Dövlət Gömrük Komitəsi və ölkəmizin müvafiq təhlükəsizlik strukturları mütəmadi olaraq İrandan Azərbaycana keçirilməyə çalışılan narkotik vasitələrin aşkarlanması ilə bağlı xəbərlər yayırlar. Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluğun sentyabrın 8-də yaydığı məlumatda deyilir ki, Füzuli rayonunun Böyük-Bəhmənli kəndi (Bakıdan 437 kilometr cənub-qərb) yaxınlığında İrandan Azərbaycan istiqamətində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması zamanı silah tətbiq olunub. Sərhəd pozucularından 1-i yaralanıb, digər 2 nəfəri havanın qaranlıq və ərazinin meşə massivi olmasından istifadə edərək ərazidən uzaqlaşmağa müvəffəq olub. Yaralı olaraq saxlanılan şəxs özünü İran vətəndaşı Zəmani Mirəsgər Mirağa kimi təqdim edib. Onun əlindəki çantaya baxış zamanı içərisindəki bağlamalardan təxmini çəkisi 11 kiloqram 770 qram olan narkotik vasitə aşkar edilib.
Sentyabrın 20-də isə Biləsuvar gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Latviyaya “kimyəvi maddə və quruducu qatqı” yükü aparan İran vətəndaşı Sıasatı Aşkan Bahmanın idarə etdiyi yük avtomobili saxlanılıb: Avtomobildə olan 105 şəffaf paketə qablaşdırılmış heroin aşkar edilib. Baxış zamanı paketlər elektron tərəzidə çəkilib və təqribi çəkisinin 527 kq 600 qram olduğu müəyyənləşib.
Bəs iki ölkə sərhədini narkotacirlər üçün cazibədar edən nədir? Azərbaycan gömrüyündə aşkarlana bilən bu narkotik vasitələr, necə olur ki, İran gömrüyündən sərbəst şəkildə keçə bilir?
Sputnik Azərbaycan bu suallarla Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, millət vəkili Elşad Mirbəşirə və politoloq Ramiyə Məmmədovaya müraciət edib.
Millət vəkili Elşad Mirbəşir bildirib ki, narkotik vasitələrin Azərbaycan ərazisinə qeyri-qanuni olaraq əsasən İran ərazisindən keçirilməsi təəssüfləndirici məqamdır və olduqca düşündürücüdür: “Azərbaycan tərəfi gömrükdə bunları aşkarlasa da, İran tərəfi nəzarəti tam olaraq həyata keçirə bilmir. Hesab edirəm ki, bu məsələni İran tərəfi ilə ciddi müzakirə etmək lazımdır. İndiki məqamda bu, həm də milli təhlükəsizlik məsələsidir”.
Onun sözlərinə görə, qonşu ölkədən narkotik vasitələrin ölkəmizə yol tapması cəmiyyətin sağlamlığına təhlükə yaradır və milli genofondumuz üçün də təhlükə mənbəyidir. Millət vəkili bildirib ki, İran bununla bağlı Azərbaycanın suallarına cavab verməlidir:
“Düşünürəm ki, bu baş verərsə, İran tərəfi də bu məsələyə daha diqqətli yanaşmağa çalışacaq. Azərbaycan və İranın birgə nəzarət sistemini formalaşdırması effektiv nəticələr verə bilər. İran tərəfi Azərbaycanı narahat edən məqamlara həssas yanaşmalıdır ki, iki ölkə arasındakı münasibətlərə xələl gəlməsin”.
Politoloq Ramiyə Məmmədova isə hesab edir ki, uzun illər Azərbaycanın işğal altında qalmış ərazilərinin narkotrafik üçün istifadə olunması və indi bu imkanın əldən çıxması bu işin arxasında dayananları daha da azğınlaşdırıb.
Politoloq bildirib ki, İran bütün dünyada narkotikin əsas tədarükçü dövləti kimi tanınır: “Biz bunun təsirlərini birbaşa olaraq öz ölkəmizdə də hiss edirik. Bu ölkədən daşınan narkotik vasitələr Azərbaycanın milli genofondunun məhvini qarşısına məqsəd qoyub. Artıq gənclər və yeniyetmələr arasında narkotik aludəçilərinin sayı artmaqdadır. Bu vasitələrin tədarükçüsü olan islam dövlətinin mənsubları dinin prinsiplərini, beynəlxalq hüququ pozaraq narkotik vasitələrin satışından külli miqdarda gəlir qazanırlar”.
Ekspert bildirib ki, narkoticarətin arxasında çox böyük biznes şəbəkəsi dayanır və bu səbəbdən onun qarşısının tamamilə alınması mümkün olmur. Ramiyə Məmmədova hesab edir ki, narkotik ticarətində dövriyyənin bu qədər yüksək olması təkcə biznes vasitəsi deyil, həm də bioloji müharibə silahıdır: “Bununla mübarizədə xüsusi xidmət orqanlarının üzərinə böyük vəzifə düşür. Ancaq mənim fikrimcə, İran Azərbaycan tərəfi ilə belə bir əməkdaşlıqdan boyun qaçıracaq. Çünki sanksiyalar şəraitində yaşayan İran bu yolla milyardlarla vəsait qazanır”.
Xəbər lenti
0