Şagirdlərin suallarından qorxan hərbi hazırlıq müəllimi, məktəbə qalib zabit kimi qayıtdı
22:05 26.09.2021 (Yenilənib: 23:00 26.09.2021)
© Sputnik / Emin AlisahibRail Babayev
Abunə olmaq
Rail Babayev yaralı olmasına baxmayaraq, Şuşa istiqamətində gedən döyüşlərdən geri çəkilməyib. Onun fikrincə, Şuşa istiqamətində olan həmlə dünya hərb tarixinə yazılacaq bir taktika idi.
BAKI, 26 sentyabr — Sputnik. Rail Fazil oğlu Babayev 3 mart 1977-ci ildə Fuzuli rayonun Yuxarı Seyidəhmədli kəndində anadan olub. 44 günlük vətən müharibəsinə kimi ehtiyatda olan baş leytenant idi. Hazırda 44 günlük Vətən müharibəsinin qəhrəmanlarındandır, qazidir.
Mən xəcalət çəkirdim
Müsahibimizlə söhbətə döyüşün ilk günlərində olan xatirələrindən başlayırıq.
Məktəbdə hərbi hazırlıq fənnini tədris edən Rail Babayev deyir ki, hər dəfə dərsə girəndə doğulduğu torpaq erməni tapdağında olduğu üçün şagirdlərin qarşısında utanc hissi keçirib:
"Hər dəfə mən şagirdlərimlə görüşdə xəcalət çəkirdim. Ürəyimdə öz-özümə deyirdim: "Birdən uşaqlardan biri dönüb desə, müəllim sən hansı hərbi hazırlıqdan danışırsan, hansı üzlə dərs keçirsən ki, sənin öz doğulduğun torpaq yağı tapdağı altındadı?!". Müəllim işlədiyim 23 ildə inanın, bu fikir hər gün mənim beynimdən keçirdi. Bəzən dərsə girməkdən imtina edirdim. Amma şükürlər olsun ki, bu gün mən böyük fəxrlə, Vətən müharibəsinin qazisi kimi sinifə daxil olub şagidlərimə hərbi sirrləri qürurla öyrədə biləcəm. Bunun üçün Ali baş komandanım, İlham Əliyevə minnətdaram ki, bu fürsəti mənə tanıtdı. Mən və mənim kimi yüzlərlə oğullar öz torpağını işğaldan azad edib".
© Sputnik / Emin AlisahibRail Babayev hərbçi yoldaşı ilə birgə
Rail Babayev hərbçi yoldaşı ilə birgə
Hiss etdik ki, bu, müharibənin lk qığılcımlarıdır
Müsahibimizlə döyüşün ilk başladığı ana qayıdırıq. Hərbi hissədə Artilleriya Diviziyonunun Qərərgah Rəisinin Kəşfiyyat Üzrə Köməkçisi olan Rail Babayev bizə sentyabr ayının 27-də baş verənləri belə nəql edir.
"Bildiyiniz kimi müharibə düşmən təxribatı nəticəsində başladı. Mən özüm də Füzuli rayonunda, məcburi köçkünlər üçün salınmış Qayıdış qəsəbəsində yaşayıram. Döyüş başlamazdan əvvəl bunagətirib çıxaran amilin şəxsən şahidi olmuşam. 27 sentyabr səhər saat 07.30 radələrində bizim təyyarəmiz Qaraxanbəyli kəndi istiqamətində təlim uçuşu edərkən Ermənistan ordusu tərəfindən vuruldu. Biz nə baş verdiyini bilmirdik. Amma hiss etdik ki, bu, müharibənin ilk qığılcımlarıdır".
© Sputnik / Emin AlisahibVətən müharibəsi iştirakçısı Rail Babayev
Vətən müharibəsi iştirakçısı Rail Babayev
İlk həmlə
Sonra Rail Babayev Füzuli rayon Hərbi Komissarlığı tərəfindən döyüşə çağırılıb. Həmin günü sevincinin həddi-hüdudu olmayıb.
" Həmin günü uçmağa qanadım yox idi, inanın səmimiyyətimə. Mən və mənim kimi yoldaşları maşınlara yığaraq, N saylı hərbi hissəyə apardılar. Döyüşün başlandığını orda hiss etdim. Müəllim paltarımı hərbi rütbəli geyimi ilə əvəz edəndə, başa düşdüm ki, müharibə başlayıb və mənə uzun illər arzuladığım o fürsət verilib. Yalnız və yalnız qələbə arzusu ilə geyindim o paltarı və yollandım döyüşə.
Sonra bizi başqa-başqa bölmələrə ayırdılar və axşam saatlarında hərbi avtomobillərə mindirib müxtəlif istiqamətlərə göndərdilər. Mən hərbi hissədə Artilleriya Diviziyonunun Qərərgah Rəisinin Kəşfiyyat Üzrə Köməkçisi (Kəşfiyyat Rəisi) vəzifəsinə təyin olundum. Döyüş başladı. Bütün bunlara səbəb erməni təxribatı idi. Amma xoşbəxt idim ki, düşmən bu fürsəti özü bizə tanımışdı".
© Sputnik / Emin AlisahibVətən müharibəsi iştirakçısı Rail Babayev
Vətən müharibəsi iştirakçısı Rail Babayev
Müsahibimiz döyüşün başladığı anın xatirəsini də bizimlə bölüşür.
"Müharibənin başladığı komandanlıq tərəfindən bildirildi və biz Alxanlı kəndi istiqamətindən döyüşlərə başladıq. Bütün cəbhə xətti boyunca ağır döyüşlər gedirdi. Ermənilər ağır artilleriyalardan bizim mövqelərimizi atəşə tutsalar da, biz onları ağır itkilərə məruz qoyaraq, geri çəkilməyə məcbur edirdik".
Babayevin sözlərinə görə, ordumuzda çox böyük ruh yüksəkliyi olub. Artıq oktyabr ayının əvvəllərində düşmənin Qaraxanbəyli istiqamətindəki ön xəttini yararaq onları darmadağın ediblər.Babayev həmin döyüşdə sağ qolundan yaralanıb.Buna baxmayaraq, döyüşü davam etdirib.
Müsahibimiz ermənilərin hansı istiqamətdə daha ağır itkilər verdiyini də açıqlayıb:
"Ən ağır döyüşlərdən biri Qubadlı istiqamətində getdi. Mən yaralı olmağıma baxmayaraq, döyüşü davam etdirdim. Ermənilər ağır itkilərə məruz qaldı. Biz onları biçə-biçə gedirdik. Sanki mənə böyük güc gəlmişdi. Elə bilirdim ki, həmin an nə qədər qan itirsəm də ölməyəcəm. Buna inanırdım. Geri dönməyəcəyimi dedim. Bilirdim ki, əgər geri qayıtsam bütün ürəyim döyüşdə qalacaq. Ona görə də irəli deyib, hücuma keçdim. Həm də mənə məsuliyyətli vəzifə həvalə edilmişdi. Mən öz döyüş yoldaşlarımı qoyub, geri dönə bilməzdim".
© Sputnik / Emin AlisahibRail Babayev hərbçi yoldaşları ilə
Rail Babayev hərbçi yoldaşları ilə
Hərb tarixinin ensklopediyası
Rail Babayev Qubadlı döyüşlərindən sonra baş verən Hadrut və Tuğ kəndi istiqamətində gedən döyüşlərdən də bəhs edib:
"Sonra Hadrut istiqamətində xeyli irəlilədik. Tuğ və bir neçə digər kənddən keçərək, Topxana meşəsi istiqamətində döyüşü davam etdirdik. Burda yaxınlığıma raket düşdü və mən ölümün bir addımlığından döndüm. Amma amalım sona qədər döyüşü davam etdirmək idi. Çünki mənim yolumu "qəhrəman atamız düşməndən qisasımızı alır" deyə gözləyən 3 qız övladım vardı. Odur ki, dayanmadan döyüşü davam etdirdim. Oktyabr ayının sonlarında Çanaqçı kəndi istiamətində döyüşərək, Sığnaq, Daşaltı kəndlərinə qədər irəlilədik. Artıq Sığnaq, Daşaltı kəndləri də bizdə idi".
Müsahibimiz son həmləni belə xatırlayır:
"Möhtəşəm bir taktika idi. Silah səsi yox, amma biz irəliləyirdik. Şuşa istiqamətində olan həmləni deyirəm. Bu, dünya hərb tarixinə yazılacaq bir taktika idi. Bəlkə də bu hərb tarixinin ensklopediyası sayıla bilər. Bəli, noyabr ayında Şuşa şəhəri azad edildi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin. O oğulların sayəsində ordumuz Şuşaya Azərbaycanın şanlı bayrağını sancmağa nail oldu".
© Sputnik / Emin AlisahibVətən müharibəsi iştirakçısı Rail Babayev
Vətən müharibəsi iştirakçısı Rail Babayev
Ali Baş Komandan Rail Babayevi Füzuli, Qubadlı və Şuşa şəhərinin azad olunmasına görə medalları ilə təltif edib.O, həmçinin Vətən müharibəsi iştirakçısı medalını alıb.
Lakin o hesab edir ki,onun üçün ən böyük hədiyyə Qarabağın ürəyi olan Şuşanın azad edilməsidir.
"Biz arxamızda xalqın varlığını hiss edirdik. Ona görə də döyüş bizə asan gəlirdi. Bilirsiz, insan hiss edəndə ki, onun arxasında dayaq olan xalqı var, çox cəsarətli olur. O səbəbdən də bizim hər birimiz xalqımızın yolunda canımızı qurban verməyə hazır idik", – deyə Babayev əlavə edir.