“Azerspace-2” peykinin orbitə buraxılmasından 3 il ötür

© Photo : Facebook / AzercosmosСпутник "Azerspace-2"
Спутник Azerspace-2 - Sputnik Azərbaycan, 1920, 26.09.2021
İlham Əliyev həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadənin Azərbaycana çox böyük üstünlük qazandırdığını deyib.
BAKI, 26 sentyabr - Sputnik.  Azərbaycanın sayca üçüncü, təyinatına görə ikinci telekommunikasiya peyki “Azerspace-2”nin orbitə buraxılmasından 3 il ötür.
ABŞ-ın “Space Systems Loral” (SSL) şirkəti tərəfindən inşa olunan “Azerspace-2” 2018-ci il sentyabrın 26-da Fransız Qvineyasının (Cənubi Amerika) Kuru kosmodromundan orbitə buraxılıb. Peykinin əhatə zonasına Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və tropik Afrika ölkələri daxildir.
Azərbaycanın yeni kosmik dövrünün tarixi inkişaf yolu
Prezident İlham Əliyevin ölkəmizdə informasiya texnologiya-larının inkişafına xüsusi önəm verməsi və bu sahəyə göstərdiyi diqqət və qayğı ölkədə kosmik sənayenin yaradılması və sonrakı inkişaf yollarının müəyyənləşdirilməsi işinə güclü təkan verdi. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasda Prezidentin “Azərbaycan Respublikasında yeni və ən texnoloji sənaye sahəsi olan kosmik sənayenin yaradılması və süni telekommunikasiya peykinin orbitə çıxarılması” barədə verdiyi tapşırıq əsasında konkret fəaliyyət proqramının müəyyənləşdirilməsi istiqamətində işlərin görülməsinə başlandı. Ölkə iqtisadiyyatının şaxələndirilməsi və İKT-nin neft-qaz sənayesindən sonra iqtisadiyyatın ikinci mühüm sahəsi elan edilməsinə dair dövlət siyasəti çərçivəsində ölkə rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bu şərəfli vəzifənin həyata keçirilməsi üçün işlər görüldü. Bununla da ölkəmizdə çağdaş kosmik sahənin əsas tarixi inkişaf yolunun əsası qoyuldu.
Azərbaycanın ilk kosmik peyki layihəsinin gerçəkləşdirilməsi məqsədilə orbital mövqe əldə etmək üçün ilk olaraq Beynəlxalq Telekommunikasiya İttifaqına müraciət olundu. Buna paralel olaraq, 2009-cu ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalandı və qısa müddət sonra Azərbaycanın telekommunikasiya peyklərinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsini təmin etmək məqsədilə Prezident İlham Əliyevin 2010-cu il 3 may tarixli Sərəncamı ilə Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” təsis edildi.
İlk milli peykimiz – “Azerspace-1”
“Azərkosmos”un idarəçiliyində olan ilk milli peykimiz – “Azerspace-1” telekommunikasiya peyki 2013-cü il fevralın 8-də Fransız Qvianasında yerləşən Kuru kosmodromundan Fransanın “Arianespace” şirkətinə məxsus “Ariane-5” daşıyıcı raketi vasitəsilə 46° şərq uzunluğu orbital mövqeyinə çıxarıldı.
“Azerspace-1” peykinin qabaqcıl texnoloji dizaynı və çevik qoşulma imkanları sayəsində dünyada milyonlarla insan dayanıqlı informasiya və kommunikasiya xidmətlərinə çıxış imkanı əldə edə bilir. Şirkət “Azerspace-1” peyki vasitəsilə öz müştərilərinə yüksək etibarlı peyk əsaslı teleradio yayımı, DTH (Direct-to-Home), səs, video və məlumatların ötürülməsi xidmətlərini təqdim edir. Peyk Afrika, Avropa, Mərkəzi Asiya və Yaxın Şərqdə 50-dən artıq ölkəni birləşdirən ortaq məkanda mühüm informasiya ötürücüsü funksiyasını yerinə yetirir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder.
Növbəti uğurumuz kimi “Azərkosmos” 2014-cü ildə dekabr ayından etibarən Azərbaycan və Fransa arasındakı strateji əməkdaşlıq çərçivəsində imzalanan müqaviləyə əsasən Azərbaycanın sayca ikinci, təyinatına görə yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky” peykini təhvil aldı. Bununla da “Azərkosmos” Yer səthinin məsafədən müşahidəsi üzrə kommersiya fəaliyyətinə başladı.
Peyk xidmətlərinin etibarlılığını və rəqabətliliyini təmin etmək məqsədilə ikinci telekommunikasiya peyki - “Azerspace-2”
2018-ci il sentyabrın 26-da orbital mövqeyinə buraxılan “Azerspace-2” “Azərkosmos”un xidmət spektrinin və fəaliyyət coğrafiyasının genişləndirilməsi ilə yanaşı, həm də birinci telekommunikasiya peyki – “Azerspace-1” peykinin orbitdəki ehtiyatıdır. Bu da öz növbəsində “Azərkosmos”a ehtiyat peykin olmaması səbəbindən iştirak edə bilmədiyi irihəcmli beynəlxalq tenderlərdə iştirak etmək imkanı yaradıb.
Cari ilin yeddi ayına nəzər salsaq, “Azərkosmos” ASC tərəfindən dünyanın 31 ölkəsinə 28,7 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib. Bu da ötən ilin müvafiq dövrünə nisbətdə 2 faiz artım deməkdir. Belə ki, keçən il ASC 28,1 milyon dollar dəyərində xidmət ixrac edib. 8 ayda “Azərkosmos” ASC-nin xidmət ixrac etdiyi 5 əsas ölkə ABŞ (9,6 milyon dollar), Birləşmiş Krallıq (5,8 milyon dollar), Fransa (5,6 milyon dollar), Malayziya (3,7 milyon dollar), BƏƏ (1 milyon dollar) olub. ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 92 faizidir.
Bu ilin iyul ayında isə “Azərkosmos” dünyanın 24 ölkəsinə 6,7 milyon dollar dəyərində xidmət ixrac edib.
“Azerspace-2” peykinin orbitə buraxılması münasibəti ilə xalqımızı təbrik edən Prezident İlham Əliyev bu tarixi qələbəmizin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə, Azərbaycanın dövlət müstəqilliyinə həsr edildiyini bildirib.
Azərbaycan peykinin Vətən müharibəsindəki müstəsna rolu
Azərbaycan peyki 44 günlük Vətən müharibəsinə də öz töhfəsini verdi. Düşmənin məkrli planlarının, təxribatlarının üzə çıxarılmasında, Ermənistan rəhbərliyinin öz xalqına və dünyaya ötürdüyü yalan informasiyaların qarşısının alınmasında, həmçinin döyüş zamanı mövcud vəziyyət barədə daha dəqiq məlumatların alınmasında peyklərimizin rolu danılmazdır. Müharibə zamanı baş verən bütün hadisələri müntəzəm olaraq izləyə və onlara nəzarət edə bilirdik.
Prezident İlham Əliyev Azərbaycan peyklərinin əhəmiyyətini dəfələrlə diqqət çatdırıb: “Mən texnoloji inkişafla bağlı görülmüş işlər arasında peykləri qeyd etməliyəm. Biz peykləri orbitə çıxaranda bəziləri sual verirdilər ki, bu, nə üçün lazımdır. Ancaq həyat göstərdi ki, bu, bizə çox lazımdır. Həm müharibə dövründə, həm müharibədən sonrakı dövrdə peyklərdən istifadə bizə çox böyük üstünlük təmin etdi”.
Təbii ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə bağlı layihələrin reallaşdırılmasında da peyklərimizin böyük əhəmiyyəti var. Belə ki, azad olunmuş ərazilərimizin “Azersky” peykindən əldə edilən təsvirləri layihələrin hazırlanmasında böyük üstünlüklər yaradır.
Son olaraq, qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilib. Dövlətimizin başçısının göstərdiyi diqqət və qayğının nəticəsidir ki, Bakı 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək və Konqres Azərbaycanın kosmik arenadakı mövqeyində önəmli iz buraxacaq. Bu, ölkəmizdə kosmik sənayenin inkişafının təzahürü kimi qiymətləndirilməlidir. Bakıda keçiriləcək beynəlxalq tədbir Azərbaycanın qlobal kosmik sənayenin hərəkətverici qüvvələrindən biri olmasına təkan verəcək.
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала